Elektron hökumət quruculuğunda
növbəti addım
Prezident İlham Əliyevin ötən il mayın 23-də imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr bütün dövlət qurumları, o cümlədən Vergilər Nazirliyi tərəfindən müntəzəm olaraq həyata keçirilir. Vergilər Nazirliyinin dünən təqdim etdiyi "Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı" da həmin vəzifələr çərçivəsində reallaşdırılan növbəti layihələrdən biridir.
Təqdimat mərasimini giriş sözü ilə açan vergilər nazirinin müavini Sahib Ələkbərov sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə məlumat vermişdir. Dövlət başçısının sözügedən fərmanının icrası ilə bağlı məsələlərə toxunan nazir müavini ölkədə əlverişli biznes mühitinin formalaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yüksəldilməsi məqsədilə nazirlik tərəfindən bir sıra mühüm layihələrin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, "bir pəncərə" prinsipinin, fiziki şəxslərin elektron qeydiyyatının ardınca yerli investisiyalı MMC-lərinin də e-qeydiyyatı üçün lazımi imkanlar yaradılmışdır və bu layihənin həyata keçirilməsi "elektron hökumət" quruculuğu baxımından mühüm hadisədir. Sahib Ələkbərov vurğulamışdır ki, həyata keçirilən tədbirlər ölkə başçısının dövlət orqanları qarşısında qoyduğu digər mühüm bir vəzifənin yerinə yetirilməsinə - məmur-vətəndaş təmaslarının minimuma endirilməsi ilə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə də öz müsbət təsirini göstərəcək.
Sonra nazirliyin Baş idarə rəisi Natiq Şirinov kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı haqqında təqdimatla çıxış edərək bildirmişdir ki, Prezidentin fərmanları ilə mövcud qanunvericiliyə olunan dayişikliklər nəticəsində e-qeydiyyatın tətbiqi üçün bütün hüquqi məsələlər tənzimlənmişdir. "Dövlət rüsumu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır, nizamnamə kapitalının əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiqlənməsi tələb olunmur. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı Vergilər Nazirliyinə yanlış məlumatların verilməsinin qarşısını almaq üçün isə İnzibati Xətalar Məcəlləsinə belə hallara yol vermiş fiziki şəxslərin 700, hüquqi şəxslərin 4000 manat miqdarında cərimə olunması ilə bağlı maddə daxil edilmişdir.
Məlumat üçün bildirək ki, elektron qeydiyyat iki üsulla - sürətli və adi qaydada həyata keçiriləcək. Sürətli elektron qeydiyyat təsisçi bir nəfər olduqda tətbiq edilir. Bu halda təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olacaq. Cəmiyyətin nizamnaməsi və digər qeydiyyat sənədləri insan müdaxiləsi olmadan proqram vasitəsilə işləniləcək və bu zaman qeydiyyat prosesi cəmi bir neçə dəqiqə çəkəcək.
Bundan əlavə, e-qeydiyyat tətbiqi ilə biznesə başlamaq üçün 6 əvəzinə cəmi 3 prosedur yerinə yetiriləcək. Tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə qədər azalacaq. Hüquqi ünvanın və sənədlərin notarial təsdiqinə, niazmnamə kapitalının ödənilməsi üçün müvəqqəti bank hesabının açılmasına sərf olunan vaxta qənaət ediləcək və beləliklə, qeydiyyat 3 gün deyil, cəmi bir neçə dəqiqəlik prosedura çevriləcək. Prosedurların sayı 3 vahid, qeydiyyata sərf edilən vaxt isə 5 gün azalacaq.
Təsisçilərin sayı 1-dən çox olduqda, habelə hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçiləcək. Bu zaman qeydiyyatın başa çatdırılması 20 dəqiqədən 3 günədək vaxt tələb edə bilər. E-qeydiyyata keçidlə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşlar tərəfindən yerinə yetirilən əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma endiriləcək.
Onu da qeyd edək ki, hüquqi şəxsin adının unikallığının yoxlanılması üçün sərbəst istifadə imkanı verən xüsusi məlumat köşkləri quraşdırılmış və bu imkan Vergilər Nazirliyinin rəsmi internet saytında da (www.taxes.gov.az) yaradılmışdır.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Bakı şəhəri Vergilər Departamentinin idarə rəisi Nigar Alimova, Amerika-Azərbaycan Ticarət Palatasının koordinatoru Şahid Şükürov, Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberger və tədbirdə iştirak edən özəl sektorun nümayəndələri Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sahibkarlığın inkişafı baxımından mütərəqqi üsul olduğunu qeyd etmiş, onun praktik əhəmiyyətindən danışmışlar.
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının katibi İnam Kərimov çıxış etmişdir.
Rüstəm KAMAL
Azərbaycan.- 2012.-8 fevral.- S. 6.