Azərbaycanın «Eurovision-2012»yə hazırlıq işləri Avropa mediasında

 

Son günlər Azərbaycanda "Eurovision-2012"  müsabiqəsinə hazırlıq işləri Avropa mediasının, xüsusilə elektron KİV-nin aparıcı mövzularından birinə çevrilməkdədir.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, müsabiqə ərəfəsində Azərbaycana səfərlərindən aldıqları zəngin təəssüratları tamaşaçılar və oxucularla bölüşən avropalı jurnalistlər may ayında Bakıda fərqli bir "Eurovision" şousunun şahidi olacaqlarını əminliklə deyirlər.

Serbiyanın RTS televiziyasında Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə hazırlığı ilə bağlı daha bir veriliş yayımlanmışdır. Telekanalın əməkdaşı Tanya Şıkıç Bakıdakı "Buta Palace"da keçirilən müsabiqənin rəmzi açarının təqdim edilməsi mərasimindən növbəti reportajını təqdim etmişdir.

Bakı təəssüratlarını bölüşən telekanalın əməkdaşı Azərbaycan paytaxtında müsabiqəyə hazırlıq işlərindən söhbət açmışdır. O, İçərişəhərin, Qız qalasının, ümumilikdə paytaxtımızın yaddaşına həkk olunduğunu demişdir.

Verilişin gedişində Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçlə telefon bağlantısı olmuşdur. Səfir Azərbaycanda "Eurovision-2012"  mahnı müsabiqəsinə hazırlıq işlərinin gedişi barədə serbiyalı tamaşaçılara geniş məlumat vermişdir.

Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinə hazırlıq işləri barədə material Moldova televiziyası ilə də geniş yayımlanmışdır. Ölkənin aparıcı telekanalı olan "Moldova 1" televiziyasının təqdim etdiyi növbəti reportajda tamaşaçılara tanıtım videoçarxları üçün keçirilən ilk kastinqlər, Bakıda yaradılacaq "Eurovision" muzeyi, şounun keçiriləcəyi "Baku Crystal Hall" barədə ətraflı məlumat çatdırılmışdır.

Bakıda "Eurovision" şousunun müsabiqənin 57 illik tarixində  digər yarışmalardan həm də milli çalarların zənginliyi ilə seçiləcəyini deyən moldovalı telejurnalistlər may ayında bütün turistlərin qonaqpərvər Azərbaycanda unudulmaz anlar keçirəcəklərini bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 9 fevral.- S.  8.