Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyətinin verilməsi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsilli kadrlara olan tələbatın daha dolğun ödənilməsi məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsili müəssisələrinin, o cümlədən xüsusi təyinatlı (müdafiə, milli təhlükəsizlik və sərhəd xidməti istisna olmaqla) orta ixtisas təhsili müəssisələri yaratmaq səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 9 fevral.- S. 1.