Milli Məclis daim
Türkiyənin haqlı mövqeyini dəstəkləyir
Fevralın
8-də Mill Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda
səfərdə olan Türkiyə Respublikası Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi Nejdət
Özəlin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb. Görüşdə
Azərbaycan ilə Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə,
o cümlədən hərbi sahədə uğurla inkişaf
etdiyi qeyd olunub. Milli Məclisin Sədri Oqtay Əsədov
Baş Qərargah rəisi Nejdət Özəlin ölkəmizə
səfərinin bu əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyini
vurğulayıb.
Spiker
Oqtay Əsədov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini
qazandıqdan sonra Türkiyə ilə qardaşlıq
münasibətlərinin, eləcə də bütün sahələrdə
əməkdaşlığın inkişafına
çalışıb. Onun sözlərinə görə,
iki ölkə arasında 170-dən artıq ikitərəfli sənəd
ratifikasiya edilib. Eyni zamanda "Azərbaycan və Türkiyə
arasında strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında" müqavilə
imzalanıb.
Oqtay
Əsədov bildirib ki, 1992-ci ildən bugünədək Azərbaycandan
5000 hərbçi Türkiyədə yüksək səviyyədə
təhsil alaraq geri qayıdıb. "Dahi liderimiz Heydər Əliyevin
"Biz bir millət, iki dövlətik" məşhur kəlamı
onu göstərir ki, bizim aramızdakı münasibətlərə
heç bir ölkə xələl gətrirə bilməz"
- deyə Oqtay Əsədov vurğulayıb.
Sədr
eyni zamanda Fransa Senatının qondarma "erməni
soyqırımı"nın inkarına görə cəza nəzərdə
tutan qanunu qəbul etməsini Azərbaycanda da ciddi
narazılıqla qarşılandığını
vurğulayıb. Oqtay Əsədov bildirib ki, Azərbaycan Milli
Məclisi daim Türkiyənin yanında olub və bundan sonra
da qardaş ölkəyə bu dəstək davam edəcək.
Bu məsələdə həm Prezident İlham Əliyev, həm
də Milli Məclis Azərbaycanın
qəti mövqeyini bəyan edib. Oqtay Əsədov ümidvar
olduğunu bildirib ki, Türkiyə və Azərbaycanın
birgə səyi nəticəsində bu qanunun təsdiqlənməsinin
qarşısı alınacaq.
Görüşdə
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah
rəisi Nejdət Özəl iki ölkə arasında olan
münasibətlərin getdikcə genişləndiyini diqqətə
çatdırıb. Türkiyə ilə Azərbaycanın
1992-ci ildən bəri davam edən hərbi sahədəki əməkdaşlığını
yüksək qiymətləndirən Nejdət Özəl
bildirib ki, ulu öndər Heydər Əliyevin və Mustafa
Kamal Atatürkün iki qardaş ölkə ilə
bağlı söylədikləri müdrik kəlamlar bizim
üçün nəsihət hesab olunur. Buna görə də
hər iki ölkə bu nəsihətləri gələcək
nəsillərə çatdırmaq üçün birlik
nümayiş etdirməlidirlər. Azərbaycanın problemi
Türkiyənin problemidir deyən Nejdət Özəlin
fikrincə, ölkələrimiz arasında münasibətlər
daim yüksələn xətlə inkişaf etməli və
daha da möhkəmlənməlidir.
Azərbaycan.- 2012.-9 fevral.- S. 2.