Müstəqilliyin 20-ci ildönümü, inkaredilməz uğurlar, vətəndaşların müraciətlərinə artan diqqət və qayğı

 

 "Hər bir dövlət məmuru xalqa xidmət etməlidir. ...Mənim birinci tələbim xalqa xidmət etməkdir, problemləri həll etmək, şərait yaratmaq, insanları incitməmək, əsassız tələblər irəli sürməməkdir. Yəni, belə olmalıdır, ədalət olmalıdır. Birinci növbədə sosial ədalət".

 

İlham Əliyev,

 

 

Azərbaycan tarixinə yeni səhifələr yazmış, yeni izlər qoymuş 2011-ci ili xalqımız uğurla başa vurdu. Ötən il dövlət müstəqilliyimizin bərpasının 20-ci zirvəsində  ölkəmizin tarix üçün çox qısa zaman kəsiyində keçdiyi şərəfli yolda qazandığı böyük nailiyyətlərə yekun vuruldu və Azərbaycanın bu illər ərzində əldə etdiyi misilsiz nailiyyətlər nəinki doğma respublikamızda, eləcə də dünyanın bir çox ölkələrində böyük qürur hissi ilə qeyd olundu və sərgiləndi.

Ölkə Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda Azərbaycanda gedən uğurlu inkişafı Heydər Əliyev siyasətinin təntənəsi kimi səciyyələndirərək Azərbaycanın 20 il ərzində böyük yol - müstəqillik, suverenlik, azadlıq yolu keçdiyini, tarix üçün 20 il az müddət olsa da, bu illər ərzində nə qədər böyük işlər görüldüyünü, buna görə həmin qısa dövrün böyük müddət kimi qəbul edilməli olduğunu göstərərək demişdir: "Biz müasir dövlət qururuq. Möhkəm ənənələr, milli-mənəvi dəyərlər üzərində müasir dövlət qururuq. Bu gün Azərbaycanı artıq bəzi dairələrdə bir örnək ölkə kimi təqdim edirlər. Bu, bizi sevindirir... Azərbaycan xalqı bu illər ərzində nə qədər böyük xalq olduğunu göstəribdir. İyirmi ildə biz böyük nailiyyətlərə çatmışıq".

Azərbaycan xalqı inanır ki, müdrik və uzaqgörən Heydər Əliyev siyasəti hələ uzun illər ona yeni qələbələr bəxş edəcək, Azərbaycan Respublikası öz Prezidenti İlham Əliyevin uğurlu rəhbərliyi altında həm iqtisadi, həm də siyasi baxımdan daha da güclənəcək, gündən-günə möhkəmlənən müstəqilliyimizin əbədiliyi təmin olunacaqdır.

Ölkənin sürətli inkişafı, aparılan nəhəng quruculuq işləri, şəhər və kəndlərimizin gündən-günə abadlaşması, əhalinin sosial problemlərinin həllinə göstərilən böyük diqqət ölkə vətəndaşlarının öz dövlətinə, öz Prezidentinə inamını daha da artırır. Onlar görülən işlərə görə minnətdarlıq hisslərini bölüşür, arzu və istəkləri, eyni zamanda, gündəlik həyatda qarşılaşdıqları problemlər barədə öz hüquq və azadlıqlarının qarantı olan ölkə Prezidentinə və onun Administrasiyasına müraciət edirlər. Vətəndaşların bu müraciətləri onların Azərbaycan dövlətinə, Azərbaycan Prezidentinə böyük etimadından irəli gəlir. Vətəndaşlar yaxşı bilirlər ki, Prezident Administrasiyasında hər bir müraciət diqqətlə öyrənilir və onların haqlı tələbləri heç vaxt cavabsız qalmır.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında və ictimaiyyətin nümayəndələri ilə yerlərdə keçirdiyi görüşlərdə vətəndaşlara birbaşa müraciət edərək qarşılaşdıqları bütün problemlər və neqativ hallar barədə Prezident Administrasiyasına məlumat verməyi tövsiyə etməsi vətəndaşların fəallığını daha da artırmış, ictimai əhəmiyyət daşıyan müraciətlər daha çox olmuşdur.

Ötən illərdə vətəndaşların Prezident Administrasiyasına ən müxtəlif məsələlər barədə daxil olmuş müraciətləri dərindən təhlil edilmiş, qaldırılan məsələlərin həlli üçün tədbirlər görülmüş, bu barədə respublika mətbuatında vaxtaşırı məlumatlar verilmişdir. Ənənəvi olaraq Prezident Administrasiyasına 2011-ci ildə daxil olmuş vətəndaş müraciətləri barəsində də oxuculara ətraflı məlumat vermək istərdik.

 

Vətəndaşların mənafeyinə xidmət edən uğurlu dövlət siyasəti

 

Artıq tarixə dönmüş 2011-ci ili Azərbaycanın bütün sahələrdə hərtərəfli inkişafı və tərəqqisi, eyni zamanda, vətəndaşlara qayğı və diqqətin daha da artırılması, cəmiyyətin idarə olunmasında şəffaflığın gücləndirilməsi ili kimi səciyyələndirmək olar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvarında Davos İqtisadi Forumunda ölkəmizin 2011-ci ildə qazandığı nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "Son bir ildə iqtisadi inkişaf göstəriciləri, doğrudan da, heyranedicidir".

İqtisadiyyatın şaxələndirilməsi, ölkənin sənaye potensialının gücləndirilməsi, yeni iş yerlərinin yaradılması, dünyada davam edən iqtisadi böhran şəraitində Azərbaycanın sabit iqtisadi inkişafının təmin edilməsi, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi, ölkənin müdafiə qüdrətinin artırılması və beynəlxalq nüfuzunun daha da yüksəldilməsi üçün ciddi işlər görülmüşdür. Ölkə iqtisadiyyatında bütövlükdə ümumi yüksəliş əldə olunmuş, xüsusilə, qeyri-neft sektorunda 9,4 faiz, o cümlədən kənd təsərrüfatında 5,8 faiz artım əldə edilmiş, xidmətlərin həcmi isə 22,2 faiz artmışdır.

Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun həcmi 7 min ABŞ dollarını ötmüşdür. Ümumiyyətlə, son 8 ildə ümumi daxili məhsul 3 dəfə artmışdır ki, bu da dünya praktikasında nadir hadisədir və növbəti 10 ildə bunun ən azı, 2 dəfə artırılması nəzərdə tutulur.

2011-ci ildə ölkənin valyuta ehtiyatları 11 milyard dollardan çox artaraq 41 milyard dollara, Azərbaycan iqtisadiyyatına qoyulan daxili və xarici investisiyaların həcmi 20 milyard dollara çatmışdır. Bu investisiyaların 13 milyardı daxili, 7 milyardı isə  xarici investisiyalardır. Ölkə Prezidenti Davos İqtisadi Forumunda Azərbaycanın investisiya mühitini belə səciyyələndirmişdir: "Biz artıq özümüzü çox gözəl sərmayə mühiti olan ölkə kimi tanıtmışıq".

2011-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 22 milyard dollar həcminə çatmış və adambaşına düşən xərclərə görə ölkəmiz dünya miqyasında yüksək yerlərdən birini tutur. Azərbaycan şirkətlərinin beynəlxalq aləmə çıxışı genişlənir. Artıq ARDNŞ öz iqtisadi imkanlarına görə dünyanın dövlət şirkətləri arasında 16-cı yeri tutur.

Dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən "Standart & Poor`s", "Fitch Ratings" və "Moody`s" reytinq agentlikləri 2011-ci ildə inkişaf etmiş bir çox ölkələrin kredit reytinqlərini aşağı saldığı bir vaxtda ölkəmizin kredit reytinqini yüksək qiymətləndirmiş, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüşdür.  Bu, MDB üzrə birinci yer deməkdir.

Əvvəlki illərdə olduğu kimi, keçən il də dövlətin sosialyönümlü siyasəti davam etdirilmiş, insanları narahat edən problemlərin köklü surətdə aradan qaldırılmasında, onların həyat şəraitinin yaxşılaşdırılmasında böyük nailiyyətlər əldə olunmuşdur. Dövlətimizin başçısı İlham Əliyev bu il yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin bazar iqtisadiyyatı prinsiplərinə sadiqliyini təsdiq etməklə yanaşı, Azərbaycan dövlətinin əsas xüsusiyyətini səciyyələndirərək demişdir: "... biz sosial siyasətdə çox uğurlu addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq".

Dövlətin sosialyönümlü siyasəti nəticəsində aztəminatlı təbəqənin sosial müdafiəsi üçün konkret addımlar atılmış, 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artırılmış, orta pensiya səviyyəsi 190, orta maaş səviyyəsi isə 460 dollara çatdırılmışdır. Ünvanlı sosial  yardım proqramı ilə 120 min ailə əhatə olunmuşdur ki, bu da 500 mindən artıq insanın dövlətdən hər ay vəsait alması deməkdir. Təkcə 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, bunlardan 73 mini daimi iş yeridir. Son 8 ildə isə açılan yeni iş yerlərinin sayı 1 milyondan artıqdır. Respublikada işsizliyin səviyyəsi xeyli aşağı düşərək 5,4 faiz təşkil etmişdir. Bu da yoxsulluq səviyyəsinin 7,6 faizə enməsinə səbəb olmuşdur. Görülən işlər sayəsində Azərbaycan əhalisinin pul gəlirləri  artır və bu artım 2011-ci ildə 19,6 faiz təşkil edərək inflyasiyanı, demək olar, iki dəfə üstələmişdir.

Azərbaycanın iqtisadi inkişafını təmin edən cəhətlərdən biri də Azərbaycan Prezidentinin təşəbbüs və tövsiyəsi ilə hazırlanmış dövlət proqramlarıdır.  Hazırda konkret sahələri əhatə edən, eyni zamanda, konkret maliyyə mənbəyi, icra mexanizmi və icra müddəti müəyyən edilən 50-yə yaxın belə proqram uğurla yerinə yetirilməkdədir.

Ötən il həyata keçirilən böyük layihələr çərçivəsində Azərbaycanın enerji gücü 6,5 min meqavat səviyyəsinə çatdırılmışdır və bir çox yeni stansiyalar tikilməkdədir. Artıq Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac edir və eyni zamanda, müasir texnologiyalardan istifadə etməklə alternativ və bərpa olunan enerji mənbələrini yaradır. Bilavasitə əhalinin güzəranına təsir göstərən nəqliyyat infrastrukturu sürətlə yaxşılaşdırılır, respublikanın şəhər və kəndlərinin qazlaşdırılması davam etdirilir, Regionların İnkişafı Dövlət Proqramı əsasında respublikanın bölgələrində yeni emal müəssisələri yaradılır, kəndarası yollar abadlaşdırılır, kənd təsərrüfatının inkişafına təkan verən suvarma sistemləri qurulur, fermerlərə xaricdə və respublikanın özündə istehsal olunan kənd təsərrüfatı texnikası güzəştlə verilir.

Dövlət başçısı konkret proqramların icrası ilə yanaşı, ayrı-ayrı vacib məsələlərin həlli, bölgələrin inkişafı, mədəniyyət, tarix-memarlıq abidələrinin bərpası, müxtəlif kənd və qəsəbələrin abadlaşdırılması, yolların çəkilməsi, səhiyyə, elm və təhsil müəssisələrinin, idman qurğularının tikintisi və yenidən qurulması, müxtəlif bölgələrdə əhalinin su təminatında və başqa sahələrdə yaranmış problemlərin həlli üçün 2011-ci ildə verdiyi 61 sərəncamla təkcə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 209 milyon manatdan artıq vəsait ayırmış və bu vəsaitlə tikilən obyektlərin bir çoxunun təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

Ölkə başçısı keçən il regionlara mütəmadi səfərləri zamanı müxtəlif təyinatlı 300-dək obyektin işi ilə  tanış olmuş, o cümlədən yeni tikilən 110 müəssisədən 80-nin  açılışında iştirak etmişdir. İndi 200-dən çox müəssisə, o cümlədən 100-dək sənaye müəssisəsi tikilməkdədir. Belə müəssisələrdən birini - 2012-ci il yanvarın 21-də ölkə Prezidentinin iştirakı ilə açılış mərasimi keçirilmiş "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksini xüsusilə qeyd etməliyik. İlkin mərhələdə ildə 50 min ton alüminium istehsalına imkan verən bu komplekslə əslində, Azərbaycanda yeni metallurgiya sənayesinin əsası qoyuldu. Gələcəkdə istehsal gücü 200 min tona çatdırılacaq bu müəssisə təkcə Gəncə şəhəri üçün deyil, bütün Azərbaycan üçün böyük hadisədir.

Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsinə, ən müasir texnologiyaların ölkəyə gətirilməsinə, informasiya-kommunikasiya texnologiyalarının bütün sahələrdə geniş tətbiqinə, dünya bazarlarına ixrac oluna biləcək məhsulların istehsalına, ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına, turizmin ölkəyə böyük gəlir gətirən bir sahəyə, Azərbaycanın isə müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevrilməsinə, bunun üçün müvafiq infrastrukturun yaradılmasına, elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirilir. Bu gün neftdən əldə olunan gəlirlər düşünülmüş şəkildə belə sahələrin yaradılmasına və inkişafına yönəldilir. Azərbaycanın yeni kəşf edilən neft və qaz ehtiyatları, xüsusilə, hər biri təqribən 350 milyard kubmetr qaz ehtiyatına malik "Ümid", "Abşeron" yataqları hələ uzun müddət ölkənin hərtərəfli inkişafına və Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılmasına, bütövlükdə əhalinin güzəranının ən yüksək inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasına xidmət edəcəkdir. Ölkə Prezidentinin dediyi kimi, 2011-ci il tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacaqdır.

Azərbaycan Respublikasının Prezidenti ölkənin gələcəyini çox aydın təsəvvür edir və bu gələcəyə aparan yolları çox dəqiq müəyyənləşdirmişdir. Onun ötən ilin əvvəlində Qazax rayonunun ictimaiyyəti ilə görüşündə dediyi sözlər bunu bir daha təsdiq edir: "Azərbaycan, sözün əsl mənasında, inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni, inkişaf etmiş ölkələr, bax, bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur".

Azərbaycanın iqtisadi inkişafı və düzgün xarici siyasəti onun beynəlxalq nüfuzunu da xeyli artırmışdır. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, 2011-ci ildə yaddaqalan tarixi hadisə baş vermiş, ölkəmiz böyük siyasi qələbə qazanmış, BMT-də təmsil olunan dövlətlərin böyük əksəriyyətinin - 155-nin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu böyük qələbə Azərbaycanın öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirməsinə, haqq səsini BMT tribunasından dünya ictimaiyyətinə daha yaxşı çatdırmasına, uzun illərdən bəri Azərbaycanın daha sürətli inkişafına mane olan və bütün Qafqaz regionu üçün daimi təhlükə mənbəyi sayılan Qarabağ probleminin həllində irəliləyiş əldə etməsinə, sözsüz ki, müsbət təsir göstərəcəkdir.

Hər bir ölkəni, hər bir xalqı həmin ölkənin qazandığı nailiyyətlərə, onu təmsil edən, ona rəhbərlik edən liderinə görə tanıyır və qiymətləndirirlər. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq reytinqi gündən-günə artır, ən nüfuzlu siyasi xadimlərdən biri kimi tanınır. Doğrudan da, sevindirici haldır ki, Böyük Britaniyanın məşhur "The Times" qəzeti 2012-ci ildə dünyada diqqəti ən çox cəlb edən və nüfuz sahibi olan 100 nəfərin siyahısına Barak Obama, Angela Merkel, Devid Kemeron, Binyamin Netanyahu, Kraliça II Yelizaveta kimi dövlət xadimləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin də adını daxil etmişdir.

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə yüksəlməsində, onun müsbət imicinin formalaşmasında, etibarlı tərəfdaş kimi tanınmasında ölkə Prezidentinin yorulmaz səyləri, dünya liderləri ilə keçirdiyi çoxsaylı görüşləri ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, respublikanın birinci xanımı Mehriban Əliyevanın və bu mötəbər fondun vitse-prezidenti Leyla xanım Əliyevanın da əməyi az deyildir. Onların Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dünyaya tanıdılması, habelə Xocalı soyqırımı kimi faciələrimiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bu yaxınlarda London şəhərində keçirilən tədbirlər və orada "Bakı" jurnalının ingilis dilində versiyasının nəşrə başlaması Böyük Britaniya ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə, Azərbaycanın müstəqillik illərində, xüsusilə, son 8 ildə keçdiyi inkişaf yolundan,  dünyada özünü çox bacarıqlı və güclü siyasi xadim kimi təsdiq etmiş və xalqın bütün təbəqələri tərəfindən dəstəklənən Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlərdən çox geniş bəhs etmək olar. Bunu Azərbaycanın hər bir vətəndaşı görür və gündəlik həyatında hiss edir.

Hər gün Prezident Administrasiyasına istər respublika vətəndaşlarından, istərsə də xaricdə yaşayan soydaşlarımızdan, Azərbaycanda keçirilən müxtəlif beynəlxalq forumlarda, idman və incəsənət tədbirlərində iştirak edən, sadəcə respublikada qonaq olan xarici ölkə vətəndaşlarından Prezident Administrasiyasına daxil olan saysız-hesabsız minnətdarlıq məktublarında da bu öz əksini tapır. Belə minnətdarlıq və təşəkkür məktubları haqqında oxuculara bir qədər ətraflı məlumat verilməsi yerinə düşərdi.

 

"Qəlbimiz dağa dönür, cənab Prezident!"

 

2011-ci ildə ölkə Prezidentinin ünvanına respublikadan və xarici ölkələrdən daxil olmuş müraciətlərin xeyli hissəsini minnətdarlıq məktubları təşkil edir. Bu müraciətlərdə Azərbaycanın uğurlarına və qələbələrinə sevinənlər, Azərbaycanı ürəkdən sevənlər və onun tərəqqisindən fərəh duyanlar öz hisslərini ölkə Prezidenti və Azərbaycan xalqı ilə bölüşməyi özlərinə borc bilirlər.

Respublika vətəndaşlarının ən müxtəlif kateqoriyaları - ziyalılar, elm və mədəniyyət xadimləri, ağsaqqallar və veteranlar, gənclər, öz daimi yaşayış yerlərindən müvəqqəti didərgin düşmüş məcburi köçkünlər və qaçqınlar, əlillər və aztəminatlı ailələr onlara göstərilən qayğı və diqqətə görə razılıq edirlər. Belə müraciətlərin sayı minlərlədir və respublikanın bütün guşələrini əhatə edir.

Ölkə Prezidentinə ünvanlanmış belə müraciətlərin bir qismində  keçən il korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə, bütün sahələrdə şəffaflığın artırılmasına, vətəndaşları narahat edən süründürməçilik hallarının və bürokratik maneələrin aradan qaldırılmasına  görə minnətdarlıq edilir. Dövlətimizin başçısı İlham Əliyev 2011-ci il yanvarın 15-də Nazirlər Kabinetinin geniş iclasında bu barədə tapşırıq verərək demişdir: "Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir".

Ölkə Prezidenti bu məsələləri il boyu keçirdiyi ən müxtəlif görüşlərdə diqqət mərkəzində saxlamış və bu barədə bütün vasitələrlə, o cümlədən müasir rabitə vasitələrindən istifadə etməklə Prezident Administrasiyasına məlumat verilməsini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, həmin müraciətlərdən sonra vətəndaşlar Prezident Administrasiyasına belə hallar barədə ərizə və şikayətlərlə yanaşı, müxtəlif dövlət orqanlarında, idarə və təşkilatlarda, o cümlədən yerli icra hakimiyyəti orqanlarında, hüquq-mühafizə, ədliyyə, məhkəmə, vergi, nəqliyyat, gömrük, əmlak qeydiyyatı orqanlarında, TSEK-larda və sosial müdafiə qurumlarında onların müraciətlərinə daha operativ və vaxtında baxılması, bürokratiya hallarının xeyli dərəcədə azalması barədə yazır, qətiyyətli mövqeyinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirir, bu sahədə işin müntəzəm və ardıcıl davam etdirilməsini bəyəndiklərini göstərirlər.

Bakı şəhərinin Binəqədi rayonundan əczaçı Etibar Nağıyev yazır: "Cənab Prezident, Sizin korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənizi dəstəkləyirəm və alqışlayıram. Doğrudan da, bəzi məmurlar biz sahibkarları çox incidirdilər. Sizin qərarınızdan sonra hər şey yaxşılığa doğru dəyişilib. Sizə tutduğunuz bu yolda uğurlar arzulayıram. Xalq Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyir. Apardığınız tikinti-abadlıq işləri hamının könlünü xoş edir. Allah yardımçınız olsun".

Minnətdarlıqların bir hissəsi 2010-cu ildə baş vermiş sel daşqınları nəticəsində zərər çəkmiş rayonların sakinlərindəndir. Onlar ölkə Prezidentinin göstərişləri ilə zərər çəkənlər üçün yeni evlərin tikilməsi və təsərrüfatlarına dəymiş ziyanın aradan qaldırılması sahəsində görülən tədbirlərə görə öz təşəkkürlərini ifadə edirlər. Demək olar ki, belə müraciətlər sel daşqınlarından zərər çəkən rayonların əksər qəsəbə və kəndlərindən daxil olmuşdur. Saatlı rayon sakinləri Rasim Vəliyev və başqaları (79 imza) 200-dən artıq evin təmir və bərpasının başa çatdırılmasına, Salyan rayonundan Yeni şəhərcik sakini Şahin Əliyev və başqaları yeni evlərlə təmin olunmalarına görə dövlət başçısından çox razı qaldıqlarını bildirirlər.

Sabirabad rayonunun Azadkənd ərazi vahidinin sakinləri Hafiz Xəlilov, Səbinə Əliyeva və başqaları kollektiv müraciətlərində bildirirlər: "Hörmətli Prezident, bizim ərazi nümayəndəliyinə aid olan Azadkənd, Poladtuğay, Xankeçən, Çığırğan kəndlərində 250-dən çox ev tikilib və yeniləri də tikilməkdədir... Hazırda yeni tikilmiş evlərimizdə rahat yaşayırıq. Bütün bunlara görə Sizə sonsuz minnətdarlığımızı bildiririk".

2011-ci ildə Azərbaycan ordusunun qüdrətini nümayiş etdirən hərbi parad ölkə vətəndaşları tərəfindən ruh yüksəkliyi ilə qarşılanmış və bundan irəli gələn qürur hissini minnətdarlıq məktublarında ifadə edən sıravi vətəndaşlar, ehtiyatda olan hərbiçilər Azərbaycan torpaqlarının tezliklə azad olunacağına öz inamlarını bildirmişlər.

Bakı şəhərinin Səbail rayonundan istefada olan polkovnik, Qarabağ müharibəsi veteranı və əlili Telman Mehtiyev yazır: "Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan dövlətimiz ordumuzu müasir tələblərə cavab verən səviyyəyə çatdırmışdır. Ordumuzun qüdrəti bizi sevindirir. Azərbaycan ordusunun yaranması və inkişafı gözümüz önündə baş verib. Bugünkü ordu bizim arzuladığımız və istədiyimiz ordudur. Bunun üçün Sizə minnətdarıq".

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bilavasitə əhalinin sosial müdafiəsini yaxşılaşdıran və sosial məsələlərin həllini tənzimləyən onlarla qanun, fərman və sərəncam imzalamışdır. Həmin aktlarla əlil uşaqların reabilitasiyası və sosial müdafiəsi daha da yaxşılaşdırılmış, "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilərək pensiyaların həcmi artırılmış, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının daha yüksək məbləği müəyyən olunmuşdur. 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, şəhid ailələrinə və müharibə əlillərinə verilən Prezident təqaüdlərinin həcmi artırılmış, Çernobıl qəzasının ləğvində iştirak etmiş şəxslərə maddi yardım göstərilmiş, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üçün yaranmış borcları silinmiş, məcburi köçkün ailələrinin, Müdafiə Nazirliyinin hərbi qulluqçularının, xüsusilə, 20 ildən artıq qüsursuz xidmət etmiş zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər müəyyənləşdirilmiş, dövlət büdcəsindən maliyyələşdirilən müxtəlif sahə və xidmət işçilərinin əməkhaqları, əhalinin minimum aylıq əməkhaqqı artırılmış və digər tədbirlər görülmüşdür. Bu qanun, fərman və sərəncamlar əhali tərəfindən böyük rəğbətlə qarşılanmış və onlar öz münasibətlərini cənab Prezidentə ünvanladıqları təşəkkür məktublarında ifadə etmişlər.

Bakı şəhərindən "20 Yanvar" Cəmiyyətinin sədri S.Əzimzadə, Nəsimi rayon sakini Əkbər Bağırov, Nərimanov rayon sakini, Qarabağ müharibəsi əlili Əbülfəz Səfərov və başqaları  cənab Prezidentə ünvanladıqları müraciətlərində ulu öndər Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələrinə əsl hüquqi, siyasi qiymət verilməsini yüksək dəyərləndirir, Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə böyük qayğı və diqqət göstərdiyini qeyd edir və bu şəxslər üçün təsis olunan Prezident təqaüdünə görə ürəkdən təşəkkür edirlər.

Bakı şəhərinin Yasamal rayonundan Qarabağ müharibəsi veteranı və əlili, pedaqoji elmlər namizədi, Avrasiya Yazarlar Birliyinin üzvü Eldəniz Abbasov yazır: "Cənab Prezident! Sizin fərmanınızla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bu Sizin Qarabağ müharibəsinin ağrı-acısını yaşayan hər bir müharibə əlilinə böyük qayğınızın təzahürüdür".

Ümumiyyətlə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, müharibə veteranları ölkə Prezidentinin qayğısı ilə geniş əhatə olunur. Respublikada 11 minə yaxın Qarabağ müharibəsi əlili və 13 mindən yuxarı şəhid ailəsi bu qayğını daim hiss edir. Bu günədək

5 minə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında, həmçinin kəndlərində fərdi ev və ya mənzillə təmin edilmişdir. Böyük Vətən və Əfqanıstan müharibəsi veteranları, Çernobıl əlilləri də diqqətdən kənarda qalmamışlar. Təkcə 2011-ci ildə belə şəxslərə 750-yə yaxın mənzil verilmişdir. Dövlət qayğısına həmişə ehtiyac duyan və bu qayğını görən insanlar təbiidir ki, ilk növbədə, ölkə Prezidentinə minnətdarlıq duyğularını çatdırmağı özlərinə borc bilmişlər.

Ağcabədi rayon Çernobıl Əlilləri Cəmiyyətinin sədri Elman Rüstəmov, Bakı şəhərinin Yasamal rayon sakini, şəhid atası Kamil Rəcəbov, Cəlilabad rayon sakini Şakir Ağayev, Lənkəran şəhər sakini Səftər Rzayev, Masallı rayonundan şəhid ailələri adından Fərhad Zeynalov, Qarabağ müharibəsi əlilləri adından Nahid Rəhimov və başqaları, Zəngilan rayonundan şəhid ailəsi Şöhlə Novruzova, Qusar rayonundan II qrup Qarabağ müharibəsi əlili Nasir Rzaxanov və digər bölgələrdən olan bir çox insanlar bununla əlaqədar səmimi ürək sözlərini ifadə etmişlər.

Respublikanın demək olar ki, bütün bölgələrindən daxil olan belə minnətdarlıq məktublarının səmimiliyi  göz qabağındadır. Məsələn, Bakı şəhəri Səbail rayonundan Elşən Xudiyev yazır: "Möhtərəm Prezident, Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Bu gün dünyada iqtisadi böhran, inflyasiya olmasına baxmayaraq biz Qarabağ əlilləri və şəhid ailələrini yeni mənzillərlə təmin etməyiniz ulu öndər Heydər Əliyevin davamçısı kimi nail olduğunuz güclü iqtisadi inkişafımızın nəticəsidir. Buna görə Sizə çox sağ olun deyirik".

Gəncə şəhərindən Sevinc qəsəbə sakini, şəhid anası Əsli Həsənova, Biləsuvar rayonundan Qarabağ müharibəsi əlilləri və veteranları rayon təşkilatının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, Bərdə rayonundan Qarabağ müharibəsi əlili Çingiz Bəndəliyev, Tovuz rayonunun Aşağı Quşçu kəndindən Faiq Cəfərov, Zərdab rayon sakini, Böyük Vətən müharibəsi veteranı Tapdıq Dadaşov, Xaçmaz rayonundan II qrup Qarabağ müharibəsi əlili Gəray Abasov, Qaradağ rayonunda məskunlaşmış və hər iki valideyni şəhid olmuş Zakir və Nurəddin Paşayevlər və başqaları da belə təşəkkür məktubları göndərmişlər. Paşayev qardaşlarının məktubunda deyilir: "Biz hər iki valideynini itirmiş şəhid ailəsiyik. Qaradağ rayonunda inşa edilən evdə bizi mənzillə təmin etdiyiniz üçün Sizə minnətdarıq. Bizə arxa olan dövlət başçımız kimi Sizin yolunuzda, Vətən uğrunda həmişə əsgər olmağa hazırıq. Bizə yeni həyat bəxş etdiniz. Bizə ata qayğısı göstərdiyinizə görə Sizə baş əyirik".

Son illərdə xarici ölkələrdə ulu öndər Heydər Əliyevin, digər tanınmış xadimlərimizin abidələrinin qoyulması, eyni zamanda, respublikamızda dünyanın böyük şəxsiyyətlərinin heykəllərinin ucaldılması, onların adına park və xiyabanların salınması həmin ölkələrlə Azərbaycanın dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir. 2011-ci ildə ölkə Prezidentinin təşəbbüsü ilə böyük bəstəkarımız Üzeyir Hacıbəylinin Avstriyada və məşhur Avstriya bəstəkarı Motsartın Azərbaycanda heykəllərinin ucaldılması, Sloveniyanın Novo-Qoritsa şəhərində Azərbaycanın qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinin qoyulması və xatirə muzeyinin açılması böyük rəğbətlə qarşılanmışdır. Qəhrəmanın bacısı oğlu, Azərbaycanın xalq artisti, bəstəkar Aqşin Əlizadə bu münasibətlə cənab Prezidentə yazır: "Siz bütün fəaliyyətinizdə dahi insan Heydər Əliyevin yolunu davam etdirdiyiniz kimi, Mehdi Hüseynzadəyə münasibətdə də bizi riqqətə gətirən addımlar atdınız. Sloveniyada Mehdi Hüseynzadəyə həsr olunan xatirə muzeyinin yaradılması Sizin yalnız bizim ailəyə deyil, bütün Azərbaycan xalqına töhfənizdir. Bu, Azərbaycanın Vətəndən uzaqda yaranan daha bir daimi ünvanı deməkdir. Məhz dövlət və xalq naminə həyata keçirdiyiniz belə müstəsna əməllərlə Siz Azərbaycanı hər an dünyada daha da ucaldırsınız. Əlbəttə ki, dövləti və xalqı yüksəltdikcə özünüz də yüksəlirsiniz... Bu, həm də gənc nəslə verilən bir vətənpərvərlik dərsi, insanlarımızda Vətən sevgisini qat-qat artıran əlamətdar bir hadisə olub".  

Cənab Prezidentin tarixi şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi, tarix və mədəniyyət abidələrimizin bərpası üçün gördüyü işlər də çox yüksək qiymətləndirilir. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovdur. Ötən ilin mayında metronun "Nizami" stansiyasının yanında salınmış parkda onun abidəsinin qoyulması Azərbaycan memarlıq tarixinə verilən yüksək qiymət idi. Zivər bəy Əhmədbəyovun nəvəsi, hüquq elmləri doktoru Oqtay Əfəndiyev ölkə Prezidentinə dərin təşəkkür etməklə yanaşı, həm də Bakıda gedən böyük quruculuq işlərinə münasibət bildirir: "Azərbaycanın paytaxtı Bakı şəhəri hörmətli Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın öz xalqına ardıcıl  və davamlı qayğısı sayəsində, mübaliğəsiz demək olar ki, fantastik dərəcədə gözəlləşir. Yalnız qərəzli insanlar Prezidentimizin bu nəcib işlərini, bu möcüzəli dəyişiklikləri və ölkəmizin sivil dövlətə çevrilməsini görməyə bilərlər".

Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbə sakini Məzahir Niftiyev isə sanki bütün Bakı şəhəri sakinlərinin ürəyindən gələn minnətdarlıq hisslərini belə ifadə edir: "Cənab Prezident! Siz Bakıya su çəkdirməklə o qədər savab iş görmüsünüz ki, o, ölçüyə gəlmir. Bütün elədiyiniz işlər bir yana qalsın, təkcə bu su ilə tarixdə min illər yaşayacaqsınız. Arzum budur, tarixdə Siz Qarabağı xilas eləyən dövlət başçısı kimi də qalasınız. Siz Allahın seçilmiş bəndəsisiniz, Allah sevdiklərini həmişə qiymətləndirir".

Masallı rayonundan Mollahəsənli, Xoşçobanlı kəndlərinin sakinləri S.Əliyev, T.Məmmədov, Ç.İbrahimov və başqaları yazırlar: "Əziz və möhtərəm Prezident! Sizin Rusiya Prezidenti ilə apardığınız danışıqlar nəticəsində istehsal etdiyimiz kartofun Rusiya bazarlarında qəbul edilməsi bizə çox böyük kömək oldu. Buna görə hamımız Sizə minnətdarıq".

Xalq şairi Nəriman Həsənzadə cənab Prezidentə ürək sözlərini çatdıraraq bildirir: "Siz ölkəmizə dünya şöhrəti gətirdiniz. İnsani dəyərlərin intibahı yarandı. Ayağınız hansı yerə dəyirsə, orada yeni mədəniyyət sarayları, təhsil və sağlamlıq ocaqları, idman kompleksləri tikilir, göz baxdıqca uzanıb gedən şüşə yollar, tağlı körpülər, uzaq mənzilləri qısaldan işıqlı, yaraşıqlı tunellər, yerdən ucalan göydələnlər torpağımızı bəzəyir. Azərbaycanın və paytaxtımız Bakının yeni, XXI  əsrdəki tərcümeyi-halı Sizin əlinizlə, Sizin ilhamınızla yazılır. Sizin avtoqrafınızı dünya tanıyır və qiymətləndirir".

İl ərzində yüzlərlə elm və incəsənət xadimlərinə, müəllimlərə, həkimlərə və digər sahələrdə çalışan insanlara ölkə Prezidentinin sərəncamları ilə yüksək fəxri adlar, orden və medallar verilməsi ilə əlaqədar daxil olan təşəkkür və minnətdarlıq məktublarından da çoxlu nümunə göstərmək olar.

Bundan başqa, minnətdarlıq məktublarının böyük bir qismi əfv olunmuş məhkumların özləri və valideynləri tərəfindən göndərilmişdir. 2011-ci il  ərzində dövlət başçısının 2 sərəncamı əsasında 182 nəfər əfv edilmişdir.

Ümumiyyətlə, minnətdarlıq məktublarının mövzuları, coğrafiyası, müəlliflərin sosial kateqoriyası olduqca müxtəlifdir. Bu minnətdarlıq məktubları dövlətimizin başçısının gördüyü böyük və xeyirxah işlərin bütün spektrini əks etdirən güzgüdür. Əgər Quba rayonunun yüzlərlə sakini rayonda su və kanalizasiya sisteminin bərpasına, yeni qaz xətlərinin çəkilməsinə, 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların xatirəsini əbədiləşdirən "Soyqırımı abidə-muzeyi kompleksi"nin yaradılmasına, Sumqayıt şəhər sakinləri dənizkənarı parkın tamamilə yenidən qurulmasına, Gəncə şəhərinin ziyalıları və digər sakinləri böyük Nizami Gəncəvinin 870 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasına və onun məqbərəsi ətrafında aparılan abadlıq işlərinə, xarici ölkələrdə təhsil alan onlarla azərbaycanlı tələbə müvafiq dövlət proqramı əsasında xaricdə təhsil almaq imkanı əldə etdiklərinə görə minnətdarlıq edirlərsə, Qarabağ bölgəsində və respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış yüzlərlə məcburi köçkün cənab Prezidentin öz 50 illik yubileyi günündə ailə üzvləri ilə birlikdə onlarla görüşə gəlməsinə görə ən səmimi ürək sözlərini bildirməyi unutmurlar.

Minnətdarlıq məktubları respublikanın bütün bölgələrindən, o cümlədən Naxçıvan Muxtar Respublikasından, Abşeron, Ağdam, Ağsu, Daşkəsən, Goranboy, Hacıqabul, Xəzər, Xətai, Laçın, Nizami, Şabran, Şəmkir, habelə digər şəhər və rayonlardan da daxil olmuşdur.

Ölkə Prezidentinin gördüyü böyük işlərə yalnız Azərbaycan vətəndaşları deyil, xarici ölkələrin tanınmış insanları da yüksək qiymət verirlər. Türkiyənin Ankara şəhərindən İhsan Doğramacı adına Bilkənd Universitetinin rəhbəri Əli Doğramacı yazır: "Hörmətli cənab Prezident, əzm və fədakarlıqla göstərdiyiniz nəcib xidmətləriniz hər zaman tarix qarşısında minnətdarlıqla yad ediləcəkdir".

Moskva şəhərindən Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, "Elm aləmində" jurnalının baş redaktoru, bu ilin oktyabrında Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı Sergey Kapitsa Azərbaycanda olmağından aldığı təəssüratı bölüşərək yazır: "Bakı şəhərindəki Beynəlxalq Humanitar Forumun keçirilməsi zamanı gördüyümüz böyük qonaqpərvərliyə görə dərindən təşəkkür edirik. Biz Bakı şəhərindən unudulmaz təəssüratla ayrıldıq və forumun işi zamanı bizdə böyük və dərin fikirlər yarandı".

Moskva şəhərindən N.K.Baybakov adına İqtisadi İnkişafa Yardım Fondunun idarə heyətinin sədri, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin vitse-prezidenti Aleksandr Romaşin Bakı şəhərində - Nikolay Baybakovun vətənində onun xatirəsinin əbədiləşdirilməsinə görə dövlət başçısı İlham Əliyevə səmimi təşəkkürünü bildirərək yazır: "Sizi əmin edirəm ki, N.K.Baybakov adına Fond Rusiya alimlərinin ən yeni texniki nailiyyətlərinin Azərbaycana gətirilməsi və Azərbaycan alimlərinin nailiyyətlərinin Rusiyada tətbiqi üçün maksimum səy göstərəcəkdir".

Türkiyənin Ankara, Konya və digər şəhərlərindən  çoxsaylı insanlar Van şəhərində zəlzələdən zərər çəkənlərə ilk yardımı məhz Azərbaycanın göstərdiyinə görə, Yaponiyanın Nagarayama-şi şəhərindən Hiroşi Hara zəlzələ zamanı ölkəsinə edilən yardıma görə minnətdarlıq edirlər.

Respublika Prezidentinə ünvanlanan minnətdarlıq məktublarının böyük bir qismi xarici ölkələrdə yaşayan soydaşlarımızdan daxil olmuşdur. Onlar Azərbaycanda gedən inkişaf və quruculuq işlərini diqqətlə izləyir, ölkəmizin müsbət imicinin formalaşmasında, Azərbaycan xalqının rifahının gündən-günə yaxşılaşdırılmasında böyük xidmətləri olan dövlət başçısı İlham Əliyevə öz təşəkkür və minnətdarlıqlarını ifadə edir, onun beynəlxalq aləmdə Azərbaycan dövlətini çox yüksək səviyyədə təmsil etməsindən, ölkədə həyata keçirilən böyük sosial infrastruktur layihələrindən qürur duyduqlarını bildirirlər.

Rusiyanın Novosibirsk şəhərindən Ərrəhman Nuriyev yazır: "Hörmətli və sevimli Prezidentimiz, Rusiya vətəndaşı olsam da, qəlbim Azərbaycanla döyünür. Mən internet və peyk televiziyası vasitəsilə Sizin siyasi fəaliyyətinizi müntəzəm izləyirəm. Sizin əməyiniz və uğurlarınız kənardan daha yaxşı görünür. Öz atanızın yolunu davam etdirdiyinizə görə Sizə minnətdarıq".

Azərbaycanın uğurlarından yaranan sevincini ifadə edən həmvətənlərimizin belə müraciətlərini çox göstərmək olar. Böyük Britaniyanın Lester şəhərindən Fərid Həsənov və başqaları, Almaniyadan bəstəkar Arif Mirzəyev, Rusiyanın Peçora şəhərindən Aytel Sadıqova, Moskva şəhərindən Ramil Qocayev, əslən Gədəbəy rayonundan olan, Latviyada doğulmuş Medeya Yunusova və başqaları Azərbaycanın nailiyyətlərindən, burada müşahidə etdikləri böyük yeniliklərdən fərəhləndiklərini bildirir, keçirdikləri sevinc hisslərini ifadə edərək deyirlər: "Qəlbimiz dağa dönür, cənab Prezident!"

Əfsuslar ki, respublikada gedən böyük quruculuq işlərini, qazanılan uğurları görmək istəməyənlər və onu danmaq arzusunda olanlar, hər şeyi qara rəngdə görən bəzi müxalifətçilər Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük tarixi uğurlarından birinə - BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə də qulp qoymağa cəhd etdilər, Azərbaycanın dünyada tanınmasında misilsiz rol oynayan "Eurovision" qələbəsinə və həmin müsabiqənin Bakıda keçirilməsinə münasibətdə də belə yanlış mövqelərini  büruzə verdilər. Onlar bir şeyi unudurlar ki, ümumi mənafelər, dövlətin və Vətənin mənafeyi olan yerdə qazanılan uğurlara sevinməmək ən azı, nankorluqdur. Ümumiyyətlə, bəzi müxalifət qəzetlərinin onlar üçün yaradılmış söz azadlığından sui-istifadə edərək apardıqları qarayaxma kampaniyası təəssüf doğurur. Amma unutmaq lazım deyil ki, Azərbaycan xalqı ağı qaradan yaxşı seçir və öz seçimində heç vaxt səhv etməyib, ölkəsinin və dövlətinin gündən-günə artan uğurlarına sevinir, gözəl gələcəyinə inanır. Xalqımız inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da Azərbaycan tarixinə neçə-neçə uğurlu səhifələr yazılacaqdır.

 

Müraciətlər problemlərin həllinə yol açır

 

Əvvəldə qeyd etdiyimiz kimi, Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətləri həmin gün qeydiyyata alınır, hərtərəfli araşdırılır, ilk növbədə, müraciətlərin yaranma səbəbləri təhlil edilir, onlarda qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində tətbiq olunan yeni proqram əsasında müraciətlərin dinamikasının, mövzularının və onlarda qaldırılan problemlərin öyrənilməsi müntəzəm və ardıcıl davam etdirilir.

Ölkə Prezidenti İlham Əliyev cəmiyyətdəki problemlərin həll edilməsində vətəndaşların müraciətlərinə böyük əhəmiyyət verərək, 2011-ci ilin fevralında Qazax rayonunun ictimaiyyəti ilə görüşündə demişdir: "Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".

Dövlət başçısının bu müraciətindən sonra Prezident Administrasiyasının ünvanına daxil olan müraciətlərin sayında müəyyən artım müşahidə olunmuş, vətəndaşlar təkcə qarşılaşdıqları problemlər barədə deyil, həm də onların aradan qaldırılması yolları haqqında öz təklif və mülahizələrini bildirmişlər.

Bu müraciətdən sonra xüsusilə, süründürməçilik halları xeyli dərəcədə azalmış, dövlət məmurları vətəndaşların gündəlik qayğılarına daha həssas yanaşmış, onların əksər haqlı tələblərini müsbət həll etmişlər.

Müraciətlərin ümumi sayından və dinamikasından bəhs etsək, qeyd etməliyik ki, bütövlükdə müraciətlərin sayı artsa da, bu artım əsasən minnətdarlıq məktubları, ərizələr və təkliflər hesabına olmuş, şikayətlərin sayı əvvəlki ilə nisbətən azalmışdır.

2011-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 67,1 faizini ərizələr, 31,5 faizini şikayətlər və 1,4 faizini təkliflər təşkil etmişdir.

2010-cu illə müqayisədə 2011-ci ildə müraciətlərin sayının regionlar üzrə  artımı daha çox Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan iqtisadi rayonlarında, o cümlədən  Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən, Aran iqtisadi rayonunda Beyləqan, Bərdə,  Saatlı, Dağlıq Şirvan iqtisadi rayonunda Qobustan rayonlarında müşahidə edilmişdir. Bundan başqa, Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər, Gəncə-Qazax iqtisadi rayonunda Göygöl və Qazax, Bakı şəhəri üzrə Binəqədi, Qaradağ rayonlarında da artım olmuşdur.

Elə şəhər və rayonlar vardır ki, son 3 ildə onlardan Prezident Administrasiyasına göndərilən müraciətlərin sayı mütəmadi artır. Sel daşqınlarından zərər çəkən  rayonlarda bu artımın obyektiv səbəblərini başa düşmək olar, lakin Lənkəran, Şəki, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Qax, Qazax, Lerik, Siyəzən, Zaqatala şəhər və rayonlarında bunun səbəbləri araşdırılmalı və lazımi  tədbirlər görülməlidir.

Əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayı da təhlildə əsas göstəricilərdən biridir. 2011-ci ildə bu göstərici Bakı şəhəri və onun bəzi rayonlarında, Naftalan, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Göygöl, İmişli, Kəlbəcər, Lerik, Saatlı, Yardımlı və digər şəhər və rayonlarda daha yüksək olmuşdur.

Ayrı-ayrı şəhər və rayonlardan daxil olmuş müraciətlərin ümumi sayına və mövzularına nəzər saldıqda, həmin şəhər və rayonlarda vətəndaşları daha çox hansı məsələlərin narahat etməsi, eyni zamanda, yerli qurumlarda vətəndaşlara nə dərəcədə qayğı göstərilməsi, onların müraciətlərinə əsaslandırılmış cavablar verilməsi, yaxud bəzi tələblərin hüquqi cəhətdən əsassız olmasının vətəndaşa izah edilməsi, bütövlükdə vətəndaş müraciətlərinə necə yanaşılması haqqında kifayət qədər aydın təsəvvür yaranır.

Qeyd etmək lazımdır ki, 2011-ci ildə şəhər və rayon icra hakimiyyətlərində müraciətlərin 55,6 faizi vətəndaşlardan bilavasitə daxil olmuş, qalanları Prezident Administrasiyasından və digər qurumlardan göndərilmişdir.  Bu müraciətlərin 38,5 faizi müsbət, 7 faizi qismən həll edilmiş, 33,8 faizinə müvafiq izahat verilmiş, 7,2 faizi əsassız sayılmış, qalanlarının isə icrası davam etdirilir və ya nəzərdə tutulur.

Bakı şəhəri və onun bəzi rayonlarında, Beyləqan, Cəlilabad, Gədəbəy, Kəlbəcər, Laçın, Masallı, Salyan rayonlarında isə daxil olan vətəndaş müraciətlərinin çox hissəsi baxılmaq üçün respublikanın dövlət hakimiyyəti orqanlarından göndərilmiş müraciətlərdir.

Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında və qurumlarda daxil olan müraciətlərin sayında da bu hal özünü göstərir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Sığorta-Kommersiya Şirkətində, "Azərenerji" və "Bakıelektrikşəbəkə" ASC-lərdə, "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatında başqa dövlət qurumlarından baxılmaq üçün göndərilən müraciətlərin sayı onların özlərinə bilavasitə daxil olan müraciətlərin sayından çoxdur.

2011-ci ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarına daxil olan müraciətlərin 63,1 faizi ərizə, 36,5 faizi şikayət, 0,4 faizi təklif olmuşdur. Müraciətlərin 35,5 faizi müsbət, 3,2 faizi qismən həll olunmuş, 12,5 faizi əsassız sayılmış, 21,4 faizində qaldırılan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahat verilmiş, qalanlarının isə icrası davam etdirilir və ya nəzərdə tutulur.

Müraciətləri təhlil edərkən vətəndaşları öz şəxsi problemlərindən daha çox ictimai problemlərin düşündürdüyünü görürük. Bu baxımdan Prezident Administrasiyasına daxil olan çoxsaylı təkliflər də maraq doğurur. İl ərzində daxil olmuş bu təkliflərdə vətəndaşlar respublikanın iqtisadi və müdafiə qüdrətinin artırılması, yeni sənaye sahələrinin və müəssisələrinin yaradılması, daha müasir texnologiyaların alınıb tətbiq edilməsi, kənd təsərrüfatının və  emal sənayesinin, elm və mədəniyyətin, turizmin  inkişafına daha çox diqqət yetirilməsi, səhiyyənin daha da müasirləşdirilməsi, tibbi sığortanın tətbiq olunması, təhsilin, xüsusilə, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi barədə fikir və mülahizələrini bildirirlər. Bir sıra müraciətlərdə isə ulu öndər Heydər Əliyevin xatirəsinin daha geniş əbədiləşdirilməsi təklif olunur.

İndi respublikada gedən böyük abadlıq və quruculuq işlərindən hər bir kəndin, hər bir qəsəbənin əhalisi bəhrələnmək istəyir. Əlbəttə, bu xarakterli müraciətlər aidiyyəti qurumlarda hərtərəfli öyrənilir, həll edilməsi mümkün olan xahiş və təkliflər Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində həllini tapır, yaxud perspektiv planlara salınır. Bu baxımdan ölkə Prezidentinin Azərbaycanın hər bir rayonunda, bir çox kənd və qəsəbələrində olması, vəziyyətlə bilavasitə tanış olaraq lazımi tədbirlər görməsi öz səmərəsini verir. Diqqəti cəlb edən əsas cəhət odur ki, ərizə və ya şikayət olmasından asılı olmayaraq vətəndaşlar bütün müraciətlərində dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir, ölkədə görülən işlərə görə minnətdarlıq hisslərini ifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti 2011-ci ilin aprelində Binəqədi rayonunda  Biləcəri qəsəbəsi sakinləri ilə görüşündə yerlərdə vəziyyətlə tanışlığın əhəmiyyəti barədə danışaraq bildirmişdir: "İndi ölkəmizdə, doğrudan da, işlər yaxşı gedir. Hər bir bölgədə, hər bir yerdə quruculuq, abadlıq işləri aparılır. Ölkə iqtisadiyyatı artır, sənaye müəssisələri yaradılır, işsizlik aradan qaldırılır. Sadəcə olaraq, mən istəyirəm ki, bu proseslər daha da sürətlə getsin və hər bir kəndi, hər bir qəsəbəni əhatə etsin. Mənim məqsədim budur, vəzifəm də budur. Ona görə indi Azərbaycanda elə bir rayon yoxdur ki, orada olmayım. Bəzilərində dəfələrlə olmuşam. Eyni zamanda, kəndlərdə də tez-tez oluram. Bu gəlişimin səbəbi məhz odur ki, sizdən eşidim, əlavə nə etmək lazımdır. Əlbəttə ki, məndə məlumat var, ölkədə mövcud olan problemlər haqqında da bilirəm. Sadəcə olaraq, problemlərin həlli üçün biz elə etməliyik ki, qısa müddət ərzində yaxşı nailiyyətlərə çata bilək. Bunu etmək üçün əlbəttə, problem düzgün təhlil edilməlidir, araşdırılmalıdır və düzgün qərarlar qəbul edilməlidir".

Dövlət başçısı dəfələrlə qeyd etmişdir ki, hər bir qəsəbənin, hər bir kəndin problemi həll olunursa, deməli, bütün ölkənin problemi həll olunur. Ölkə Prezidenti vətəndaşların müraciətlərində qaldırılan məsələlərin həllinə də bu mövqedən yanaşılmasını tələb edir və bunun üçün lazımi tədbirlər görür.

Qeyd etmək lazımdır ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin bir qismi bilavasitə şəhər və rayon icra hakimiyyətlərinin, yerli idarə, müəssisə və təşkilatların səlahiyyətlərinə aid olan məsələlər barəsindədir. Bu məsələlər ya yerində operativ həll edilməli, ya da vətəndaşlara əsaslandırılmış cavablar və dolğun izahatlar verilməli idi. Məsələn, Prezident Administrasiyasına Şəki, Ağstafa, Astara, Balakən, Hacıqabul, İsmayıllı, Qax, Neftçala, Oğuz, Sabirabad, Şamaxı, Tərtər şəhər və rayonlarından belə müraciətlərin daxil olduğunu göstərmək olar.

Vətəndaşların gündəlik həyatlarında qarşılaşdıqları çatışmazlıqlar barədə Prezident Administrasiyasına daxil olan şikayətlərdən danışarkən qeyd etməliyik ki, bu şikayətlərin əsas mənbəyi bəzi qurumlarda yol verilən laqeydlik, süründürməçilik və bürokratiya halları, ayrı-ayrı məmurların bəzən öz vəzifə borclarına vicdanla yanaşmamaları, vətəndaşların qanuni hüquqlarının təmin edilməməsidir.

Təhlillər göstərir ki, vətəndaşlardan Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı əvvəlki illərlə müqayisədə azalmışdır. 2011-ci ildə daxil olmuş müraciətlərin tərkibində şikayətlərin faizinin 2010-cu ilə nisbətən azaldığı şəhər və rayonlar sırasında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını, respublikanın Naftalan, Şirvan, Yevlax, Ağstafa, Daşkəsən, Füzuli, Goranboy, Hacıqabul, Xaçmaz, Kürdəmir, Laçın, Masallı,  Sabirabad, Samux, Zərdab şəhər və rayonlarını göstərmək olar.

Bunun əksinə olaraq daxil olan müraciətlərdə şikayətlərin faizinin daha çox artması Bakı şəhəri və onun bəzi rayonlarında, Lənkəran, Şəki, Ağdaş, Bərdə, Biləsuvar, Gədəbəy, Göyçay, Göygöl, İmişli, İsmayıllı, Qobustan, Lerik, Neftçala, Siyəzən, Tərtər şəhər və rayonlarında müşahidə olunmuşdur.

Şikayətlərin artdığı şəhər və rayon icra hakimiyyətləri onların yaranma səbəblərini araşdırmalı və bu səbəbləri aradan qaldırmaq üçün lazımi tədbirlər görməli, hər bir vəzifəli şəxsin öz vəzifə borcuna daha böyük məsuliyyətlə yanaşmasına, "Dövlət qulluğu haqqında" qanunun tələblərinə tam əməl etməsinə nail olmalıdırlar. Ölkə Prezidenti 2011-ci ilin sentyabrında Şamaxı rayonunda olarkən qeyd etmişdir: "Dövlət işində işləyən hər bir məmur öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir. Bunu etmək üçün başqa keyfiyyətlərlə bərabər, əlbəttə ki, peşəkarlıq səviyyəsi də yüksək olmalıdır".

Qeyd etmək lazımdır ki, bir sıra şəhər və rayonlardan daxil olan təkrar   çoxsaylı müraciətlərin də sayı az deyildir. Belə müraciətlərin çox olduğu rayonlardan Ağcabədi, Göyçay, Xocavənd, Qobustan, Qubadlı, Saatlı, Yardımlı və Zaqatalanı göstərmək olar.

Əlbəttə, təkrar müraciətlərin yaranmasının səbəbləri müxtəlifdir. Əsas səbəblərdən biri isə müvafiq qurumlar tərəfindən vətəndaşlara vaxtında və əsaslandırılmış cavabların, yaxud tələblərinin hüquqa zidd olması barədə lazımi izahatların verilməməsidir.

Bəzi vətəndaşlar isə müraciət etmək hüququndan sui-istifadə edir və eyni məzmunlu çoxsaylı əsassız müraciətləri müxtəlif ünvanlara göndərməklə məsələsinin daha tez həll olunmasında təkid edirlər.

Ötən illərdə vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə mətbuatda verdiyimiz məlumatlarda Prezident Administrasiyasına müntəzəm müraciət edən  vətəndaşların bəzilərinin adları çəkilmiş və onların çoxsaylı müraciətlərinin yaranma səbəbləri araşdırılmış, bu səbəblərin aradan qaldırılması üçün müvafiq tədbir görülmüşdür. Ancaq təəssüf ki, hələ də müxtəlif təşkilatlara, o cümlədən Prezident Administrasiyasına çoxsaylı müraciətlər göndərən vətəndaşlar vardır.

Belə şəxslərdən İmişlidən İsməli Abbasovu, Məcnun Şükürovu, Siyəzəndən Valeh Zeynalovu, Mingəçevirdən Vaqif Hüseynovu, Ağcabədidən Zahid Musayevi, Füzuli və Mansur Rüstəmovları, Sabunçudan Vüqar Əhmədovu, Əli və Nizami Musayevləri, Olqa Smolyaninovanı, Səbaildən Səidə Useynovanı, Cəlilabaddan Hafiz Ağamalıyevi, Gədəbəydən Səlfinaz Xudaverdiyevanı, Lerikdən İlham İbadovu, Masallıdan Əkbər Rəhimovu və başqalarını göstərmək olar. Həmin insanlara tələblərinin əsassız olması barədə dəfələrlə izahat verilsə də, onlar öz vərdişlərindən əl çəkə bilmirlər.

Prezident Administrasiyasına daxil olan müraciətlərin müəlliflərinin sosial tərkibinə nəzər saldıqda, burada daha çox təqaüdçülərin, tələbələrin, evdar qadınların, təhsil işçilərinin, fəhlə və qulluqçuların, şəhid ailələri üzvlərinin, Qarabağ müharibəsi əlilləri və veteranlarının, əmək və xəstəlik üzrə əlillərin, məcburi köçkün və qaçqınların, əmək veteranlarının müraciət etdiyini görürük. Bu müraciətlərin əksəriyyəti müxtəlif məişət-kommunal xarakterli xahişlərdən ibarətdir. Təbiidir ki, onların problemlərinə xüsusi diqqət yetirilir. Əksər hallarda mənzil-məişət şəraitinin, maddi vəziyyətinin yaxşılaşdırılmasını və digər məsələlərin həllini xahiş edən bu insanlar həm ölkə rəhbərliyi, həm də yerli icra hakimiyyəti orqanları tərəfindən kifayət qədər qayğı ilə əhatə olunur, bu diqqət və qayğı gündən-günə daha da artırılır və onların heç bir müraciəti cavabsız qalmır.

Müraciətlərin kim tərəfindən və hansı mövzuda yazılmasından asılı olmayaraq bu, bir həqiqətdir ki, onlar cəmiyyətin döyünən nəbzidir və hər bir müraciətin arxasında bir insanın düşüncəsi, sevinci, yaxud narahatlığı dayanır, eyni zamanda müraciətlər yaranan problemlərin vaxtında aşkar edilərək aradan qaldırılmasına yol açır. Buna görə də müraciətlərə baxılmasına artan diqqət vətəndaşlara qayğı kimi qiymətləndirilməli, xüsusilə, neqativ hallar barədə müraciətlərə daha tələbkarlıqla yanaşılmalıdır. Dövlət başçısı bunu vacib məsələ kimi irəli sürərək demişdir: "Ölkəmizdə xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Bu mübarizə gözəl nəticələrini verməkdədir. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə bəhrəsini verir. Addımlarımız xalq tərəfindən dəstəklənir. Bir daha bəyan etmək istəyirəm ki, biz bu yoldan dönməyəcəyik".

 

Vətəndaş nədən yazır: mövzular, problemlər

 

Prezident Administrasiyasına vətəndaşlardan daxil olan müraciətlərin mövzularına gəldikdə, qeyd etməliyik ki, 2011-ci ildə əvvəlki ilə nisbətən ictimai-siyasi məsələlər, xarici siyasət, gənclik və idman, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyaları, vergi orqanlarının fəaliyyəti və başqa məsələlər barədə müraciətlərin sayı azalsa da, onların tərkibində hüquq-mühafizə, məhkəmə, yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti, tikinti, mənzil, torpaq, sel daşqınları, bank və kredit,  özəlləşdirmə ilə bağlı məsələlərə dair müraciətlərin faizi bir qədər artmışdır.

Məhkəmələrin fəaliyyəti ilə əlaqədar müraciətlərin sayının artması indi vətəndaşların öz hüquqlarını məhkəmə yolu ilə qorumağa üstünlük verməsi, il ərzində xüsusilə mülki işlərin xeyli artması, yəni, insanların vərəsəlik, mülkiyyət, ailə məsələləri, habelə iqtisadi məsələlərlə bağlı məhkəmə orqanlarına daha çox müraciət etməsi ilə izah oluna bilər. Eyni zamanda, qeyd etməliyik ki, məhkəmə orqanlarının fəaliyyətində vətəndaşları narazı salan hallar hələ də tam aradan qaldırılmayıb. Məhkəmə qərarlarının bəzi dövlət qurumları tərəfindən icra edilməməsi də vətəndaşları narahat edən məsələlərdəndir. Prokurorluq orqanlarının fəaliyyətinə dair müraciətlər isə əsasən onların ayrı-ayrı yerli qurumlarının işindəki nöqsanlar barədədir.

Polis orqanlarının ictimai asayişin qorunmasında, cinayətkarlığın qarşısının alınmasında öz fəaliyyətini ildən-ilə gücləndirməsinə, həmçinin pasport qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi, avtomobillərin texniki baxışdan keçirilməsi sahəsində lazımi qayda-qanun yaratmasına baxmayaraq, bu orqanların işi ilə bağlı müraciətlər əhalinin sayına nisbətdə Bakı şəhəri və onun bəzi rayonlarından, Ağcabədi, Biləsuvar, Daşkəsən, Göygöl, İsmayıllı, Kəlbəcər, Qobustan, Qubadlı və Ucar rayonlarından çox daxil olmuşdur. Lakin Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Xaçmaz, Xızı, Xocavənd, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Sabirabad, Şamaxı, Şuşa, Tovuz, Zaqatala rayonları üzrə bu göstərici aşağı olmuşdur.

Hüquq-mühafizə orqanları ilə əlaqədar müraciətlərin bir qismi dələduzluq faktları ilə bağlıdır. Müraciətlərdən göründüyü kimi, bu hallar çox vaxt vətəndaşların öz sadəlövhlüyündən irəli gəlsə də, təəssüf ki, belə faktlar artır. Qeyd etməliyik ki, ötən il Prezident Administrasiyasına daxil olan yazılı və şifahi müraciətlərin bir qismi müxtəlif dələduz insanların işə düzəltmə, sahibkarlıq fəaliyyətinə və kredit almağa kömək göstərmək adı ilə vətəndaşları aldatması barədə olmuşdur. Vətəndaşlar rüşvət və korrupsiya halları ilə yanaşı, belə hallara qarşı da mübarizənin gücləndirilməsini, dələduzluğa görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsini istəyirlər.

Şəhər və rayon icra hakimiyyətlərinin fəaliyyəti vətəndaşların gündəlik həyatı ilə bilavasitə bağlı olduğundan onların işi daim insanların diqqət mərkəzindədir. Respublikanın hər yerində ölkə Prezidentinin təşəbbüsü ilə aparılan böyük abadlıq və quruculuq işlərində fəal iştirak edən İHB-lər haqqında müxtəlif razılıq məktubları ilə yanaşı, müəyyən məsələlərdə onların işindən narazılıq da bildirilir. Xüsusilə, Bakı şəhəri və onun bəzi rayonlarından daxil olan şifahi və yazılı müraciətlərdə vətəndaşlar icra hakimiyyətləri tərəfindən yaşayış binalarının qarşısındakı ərazilərin, o cümlədən istirahət yerlərinin, müxtəlif idman, futbol və uşaq meydançalarının, kiçik boş sahələrin iş adamlarına verilməsindən, onların yerində yaşayış binalarının, ticarət obyektlərinin tikilməsindən, bu barədə edilən müraciətlərə biganə yanaşılmasından narazılıq edirlər.

Məhz vətəndaşların Prezident Administrasiyasına belə müraciətləri əsasında bəzi qanunsuz obyektlərin tikintisi dayandırılmış, ərazinin əvvəlki vəziyyəti bərpa edilmişdir.

Hazırda respublikanın bir çox rayon və şəhərlərində Olimpiya idman kompleksləri tikilmiş, daha 10 belə kompleks, həmçinin Bakı şəhərində 65 min nəfərlik Bakı Olimpiya stadionu tikilməkdədir. Azərbaycanda bu il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi respublikamıza göstərilən böyük etimaddır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 16 yanvar tarixli sərəncamı ilə yaşadığımız il "İdman ili" elan edilmiş və Azərbaycanı əsl idman ölkəsinə çevirmək üçün ciddi işlər davam etdirilir. Xüsusilə, kiçik idman və futbol meydançalarını ləğv edərək onları tikinti meydançalarına çevirmək istəyən məmur və sahibkarlar unutmamalıdırlar ki, böyük idmana gedən yol məhz bu kiçik idman meydançalarından başlayır.

Müraciətlərdə həmçinin çoxmərtəbəli binaların tikintisində olan problemlərin həlli, yeni binaların dövlət komissiyası tərəfindən qəbulu, bu binalara qaz, su, istilik verilməsi, fərdi yaşayış evlərinin və kommersiya obyektlərinin sökülməsi zamanı kompensasiya ödənilməsi, evlərin və torpaq sahələrinin sənədləşdirilməsi, təbii fəlakətlər zamanı zərər çəkmiş şəxslər üçün mənzillərin tikilməsi, təmir üçün yardımların göstərilməsi və sair məsələlərdən bəhs olunur. Bu müraciətlərin böyük bir qismi Bakı şəhərində aparılan yenidənqurma işləri nəticəsində ortaya çıxan problemlərlə əlaqədardır. Vaxtilə ayrı-ayrı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində özünə neft mədənləri və nəqliyyat qovşaqları ərazisində qeyri-qanuni evlər tikmiş vətəndaşlar indi çətin durumda qalıblar.

Şəhərin abadlaşmasında xüsusi əhəmiyyət kəsb edən yeni yaşayış binalarının tikintisində müsbət cəhətlərlə yanaşı, əhalini narahat edən məsələlər də vardır. Bakı şəhərində bəzi tikinti şirkətlərinin, o cümlədən bədnam "Mur-ay" və "Birlik-İnşaat", həmçinin "Şərur-İnşaat", "Safari-N", "Şahbulaq", "Badu-Kubə", "Oskar", "Xəmsə-İnşaat", "Şəfəq", "Kosmos", "Elita-R", "Günəş Holdinq", "Şaiq", "Fuad Ltd", "Vedi-E", "Kamran B.Ə.", "Olimpus-Az", "Qafqaz MTZ", "İn Eksklyuziv Servis", "Ələsgəroğlu-K" MMC və MTK-ların yaşayış binası inşa etmək adı ilə gördüyü işlər şəhərin abadlığından çox vətəndaşların əsəblərinin korlanmasına xidmət etmişdir. Bu şirkətlərdən bəzilərinin rəhbərləri yüzlərlə vətəndaşın vəsaitini mənimsəmiş, onlar üçün nəzərdə tutulmuş mənzilləri bir neçə şəxsə sataraq vətəndaşları aldatmışlar. Görülmüş tədbirlər nəticəsində respublikanın Baş Prokurorluğu tərəfindən bəzi şirkətlərin rəhbərləri barəsində cinayət işi qaldırılmışdır. 

Ümumiyyətlə, Bakı şəhərində tikinti işləri aparılarkən onun tarixi simasının qorunması çox vacib məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ilin 9 ayının yekunlarına həsr olunmuş iclasda bu barədə demişdir: "Bakı kimi ikinci şəhər yoxdur. Burada həm tarix, həm mədəniyyət, həm müasirlik, həm infrastruktur, həm zövq, həm də yüksək stil, yəni, bütün bu amillər cəmləşir. Ona görə biz bu gözəl, doğma şəhərimizə çox böyük diqqətlə yanaşmalıyıq. Tarixi keçmişimizi, yaxud da ki, müasir meyilləri əks etdirməyən heç bir addım atılmamalıdır, zövqsüz bir dənə də iş görülməməlidir... Ona görə Bakının inkişafı ilə məşğul olan hər bir vəzifəli şəxsdən tələb edirəm ki, biz bu məsələyə maksimum ehtiyatlı yanaşmalıyıq... Biz elə etməliyik ki, Bakı həmişə qədim və həmişə cavan şəhər kimi bütün qonaqları heyran etsin. Şəhərdə həm infrastruktur, həm də abadlıq işləri bundan sonra da davam etdiriləcəkdir".

Artıq böyük bir meqapolisə çevrilmiş Bakı şəhərində mənzil-kommunal təsərrüfatının yaxşılaşdırılması üçün hələ 2007-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamı verilmiş, bu məqsədlə Bakı Şəhəri İcra Hakimiyyətinə 25 milyon manat vəsait ayrılmış, xarici şirkətin iştirakı ilə dünya standartlarına cavab verən bərk məişət tullantıları zavodunun inşasına başlanılmışdır. Hazırda dövlətin ayırdığı 346 milyon manat vəsait hesabına ildə 50 min ton bərk tullantı emal edən və bu zaman xeyli elektrik enerjisi istehsal edən zavodun inşası tamamlanmaq üzrədir.

 

(Ardı var)

 

 

Süleyman İsmayılov,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri

 

Azərbaycan.- 2012.- 9 fevral.- S.  3,4,5.