İdeyanı
reallığa çevirəcək sənəd
"Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli
Fəaliyyət Proqramı" ulu öndərin insan hüquq
və azadlıqlarının müdafiəsi sahəsində
ideyalarının reallığa çevrilməsinə
yönəlmiş sənəddir
Milli Fəaliyyət Proqramının
üçüncü fəsli dövlət orqanlarının
fəaliyyətinin təkmilləşdirilməsinə həsr
olunmuşdur. Bu fəsildə şəxsin tutulması, həbs
edilməsi, müvafiq saxlama yerlərində və istintaq təcridxanalarında
saxlanılması zamanı qanunvericiliyin tələblərinin,
insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən
sui-istifadə və digər bu kimi halların
araşdırılması və qanunvericiliklə nəzərdə
tutulmuş tədbirlərin yerinə yetirilməsi barədə
müddəalar məhkəmələrin fəaliyyəti ilə
də bağlıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi
plenumunun 30 mart 2006-cı il tarixli qərarında məhkəmələrə
tövsiyə edilmişdir ki, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı "Vətəndaş
və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt"ın
9-cu maddəsinin 3-cü bəndinə istinad edərək həbs
qətimkan tədbirinin tətbiqinin ümumi təcrübəyə
çevrilməsinə imkan verməsinlər. Şəxsin məhkəməyə
gəlməsinə təminatların mövcud olduğu təqdirdə
onun azadlıqda qalmasına üstünlük verilməlidir.
Həbs qətimkan tədbirinə müstəsna tədbir
kimi baxılmalı və başqa qətimkan tədbirinin tətbiqinin
qeyri-mümkün olduğu, son dərəcə zəruri
hallarda tətbiq olunmalıdır.
Məhkəmələr nəzərə
almalıdırlar ki, təqsirləndirilən şəxsin
uzunmüddətli həbsi üçün tutarlı əsaslar
yoxdursa, iş üzrə ehtimal həmişə şəxsin
azadlığa buraxılmasının xeyrinə
olmalıdır. Azadlığa buraxılmanın əsasları
məhkəməyəqədərki bütün müddət
ərzində istənilən vaxt tətbiq edilə bilər.
Məhkəmələrin
şəxsin tutulması, həbs edilməsi, müvafiq
saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması
zamanı qanunvericiliyin tələblərinin,
insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə
və digər bu kimi
halların araşdırılması və nəzərdə tutulmiş tədbirlərin
yerinə yetirilməsi ilə əlaqədar məhkəmələrin
fəaliyyətinin səmərəliliyinin təmini məqsədi
ilə məhkəmələrdə işlərə
baxılarkən aşkar olunan
neqativ faktlara dərhal
reaksiya verilməklə
araşdırmaların səmərəliliyinin təmini üçün tədbirlərin (müvafiq prokurorluq
orqanlarına məlumat verilməsi) görülməsinə
diqqət artırılmalıdır. Bu sahədə məhkəmələrin
fəaliyyətinin səmərəliliyinin təmini məqsədi
ilə həmin sahələrdə milli
qanunvericiliklə yanaşı, BMT-nin İnsan Hüquqları Komitəsinin,
İşgəncə Əleyhinə Komitəsinin, Avropa İşgəncə Əleyhinə Komitəsinin
qərar və hesabatlarının, xüsusən, Azərbaycanla
bağlı hesabatlarının, o
cümlədən İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun
öyrənilməsi və işlərə baxılarkən tətbiqi
zəruridir. Bu məqsədlə Bakı
şəhərində və bölgələrdə hakimlər
üçün seminarlar
keçirilmiş, Ali
Məhkəmənin hakimi tərəfindən
yazılmış kitab və digər zəruri
materiallar hakimlərə
paylanmışdır. Hesab edirik ki, bu
sahədəki fəaliyyət gələcəkdə də davam etdirilməlidir.
Korrupsiyaya qarşı
mübarizə sahəsində tədbirlərin
icrasının davam etdirilməsi ilə əlaqədar
Milli Fəaliyyət Proqramının
müddəaları ulu öndərin
ideyalarının həyata keçirilməsinin bariz nümunəsidir.
Ulu
öndər dövlət başçısı kimi cəmiyyətdəki neqativ
hallara, xüsusən də, korrupsiyaya qarşı mübarizəni həmişə
ön plana çəkərək
hesab edirdi ki, korrupsiya ölkəyə
həm maddi, həm də, mənəvi cəhətdən
ziyan vuran amildir: "Biz korrupsiyaya qarşı mübarizə
aparırıq, bütün vasitələrdən
istifadə edib bundan sonra da aparacağıq. Biz elan etmişik
ki, korrupsiya birinci növbədə mənəviyyatımıza
və sərbəst iqtisadiyyat, hüquqi dövlət yaratmaq
barədə prinsiplərimizə zidd olan bir ünsürdür.
Hazırda korrupsiyaya qarşı
mübarizə dövlət siyasətinin bir
istiqaməti kimi aktuallıq kəsb edir. Bu sahədə
müvəffəqiyyət qazanılması həm dövlətin,
həm cəmiyyətin, həm hüquq-mühafizə
orqanlarının, məhkəmə orqanlarının uğuru kimi
çıxış edəcəkdir. Məhkəmə
hakimiyyəti ölkə başçısının bu sahədəki fəaliyyətini dəstəkləyir,
korrupsiyanın qarşısının alınması üçün bütün
imkanlardan istifadə edərək, müstəqil,
demokratik Azərbaycan dövlətinə layiq mühit yaratmağı
qarşısına məqsəd qoymuşdur.
Milli Fəaliyyət
Proqramında dövlət orqanlarında elektron
xidmətlər göstərilməsinin təmin edilməsinin
nəzərdə tutulması insan hüquq və azadlıqlarının səmərəli
təminində mühüm rol oynayır. Hazırda ölkədə həyata
keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin gördüyü
tədbirlər xüsusi
vurğulanmalıdır. Belə ki, Ədliyyə
Nazirliyi tərəfindən həyata
keçirilən layihə çərçivəsində məhkəmələrin
Vahid İnformasiya İnfrastrukturu strategiyası
hazırlanmışdır. Strategiya ölkədə fəaliyyət göstərən bütün (100-dən çox)
müxtəlif instansiyalı məhkəmələri, məhkəmə
özünüidarə orqanları (Məhkəmə-Hüquq
Şurası) və Ədliyyə Nazirliyi
üçün əlverişli olan qarşılıqlı əlaqəli kommunikasiya sistemlərinin, avtomatlaşdırma
vasitələri komplekslərinin, informasiya
resurslarının yaradılmasını əhatə edir. Bu texnoloji sistem
qanunvericiliyə dair məlumat bankına,
məhkəmə təcrübəsinin, xüsusilə, hüququn yeni və inkişaf edən sahələrində
ümumiləşdirmə materiallarına çevik
çıxışı təmin etməklə, analitik tədqiqatların imkanlarını
artırır, məhkəmə
kargüzarlığının unifikasiyasına, məhkəmə
sənədlərinin icrasının yüksək keyfiyyətini
təmin etməyə imkan yaradır.
Strategiyanın həyata keçirilməsində artıq
müəyyən nailiyyətlər də var.
Belə ki, ölkə qanunvericiliyinin
ən dolğun, dəqiq və daim yeniləşən internet-bazası
yaradılmışdır (www.e-qanun.az). Bundan əlavə,
qanunvericilik aktlarına
çıxışın əldə olunmasının
yalnız hakimlər, prokurorlar, vəkillər
və digər hüquqşünaslar üçün deyil, həmçinin
sadə vətəndaşlar üçün
zəruriliyi nəzərə alınaraq, bütün
əhalinin bazaya pulsuz
çıxışına imkan
yaradılmışdır. Biz həmin
tədbirlərin daha da
inkişaf etdiriləcəyinə əminik.
Azərbaycan Respublikası Ali Məhkəməsində
də bu sahədə əhəmiyyətli
işlər görülmüşdür.
Tərəflərin, ictimaiyyətin, kütləvi
informasiya vasitələrinin məhkəmə
baxışının vaxtı və yeri
barədə məlumatlandırılması üçün
müasir texniki vasitələrdən
istifadə olunur, Ali Məhkəmənin
xüsusi internet səhifəsində
işlərə baxılması vaxtı barədə məlumatlar
verilir. Ali Məhkəmənin
qərarları bütünlüklə internet
səhifəsində dərc olunur. Ali Məhkəmədə elektron
sənəd dövriyyəsi tətbiq olunmuş,
iclasların video yazısı
aparılır, iclas zallarında tərcümə
xidmətini təmin edən sistem fəaliyyət
göstərir. Ali Məhkəmədə
yaradılmış kommunikasiya sistemi müxtəlif idarələrlə
video-konfransların keçirilməsinə imkan
yaradır.
Məhkəməyə
müraciətin əlçatan olması, əhalinin müraciətinin
asanlaşdırılması məqsədilə Ali Məhkəmədə internet
portal fəaliyyət göstərir. İnternet portalda məhkəmədə
baxılan işlər, çıxarılan qərarlar, qəbul
günləri və sair barədə məlumatlar öz əksini tapır.
Görülən işlər nəticəsində
əhalinin məhkəməyə inamı
artmışdır. Bu, hər şeydən
əvvəl, məhkəməyə müraciətlərin
sayının artmasında öz ifadəsini
tapır. Məhkəmələrə müraciətlərin
sayının artmasının göstəricisi kimi qeyd etmək olar ki, 2007-ci ildə Azərbaycan
Respublikasının Ali Məhkəməsinin
Mülki Kollegiyasında 2754 işə,
2010-cu ildə 3924 işə, 2011-ci ildə isə 4023 işə
baxılmışdır. Ali Məhkəmənin
məhkəmə kollegiyalarında və plenumunda
2007-ci ildə cəmi 3629 işə, 2010-cu ildə 5354 işə,
2011-ci ildə 5789 işə baxiımışdır.
Milli Fəaliyyət
Proqramında məhkəmə qərarlarının icrası
ilə əlaqədar müddəaların nəzərdə
tutulması məhkəmə hakimiyyətinin nüfuzunun
təminində əhəmiyyət kəsb edir.
Qanunvericiliyə
müvafiq olaraq məhkəmə
qərarları bütün dövlət
hakimiyyəti, yerli özünüidarə
orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli
şəxsləri, həmçinin fiziki
və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan
Respublikasının
bütün ərazisində hökmən
icra olunmalıdır.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi
"Hornsbi Yunanıstana qarşı
iş"də (19 mart 1997-ci il) qeyd etmişdir
ki, iştirakçı dövlətlərin
məhkəmə sistemi məhkəmənin
məcburi və yekun qərarının icra olunmamasına və beləliklə, tərəflərin
birinin maraqlarına zərər
vurulmasına imkan verirsə, deməli,
konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "ədalətli məhkəmə
baxışına hüquq" xəyali xatakter alacaqdır. Məhkəmə qərarlarının
vaxtında icra olunması bir
tərəfdən pozulmuş
hüquqların vaxtında bərpa olunmasını təmin
edirsə, digər tərəfdən məhkəmə hakimiyyətinin
nüfuzunun yüksəlməsinə səbəb
olur. Biz hesab edirik ki,
məhkəmə qərarlarının vaxtında icra olunması məhkəmə hakimiyyətinə
inamdan və hüquq
mədəniyyətinin yüksək səviyyəsindən xəbər
verir.
Hakimlərin
və hakimliyə namizədlərin, hüquq-mühafizə
orqanları əməkdaşlarının və vəkillərin
tədrisində insan hüquqları sahəsində
beynəlxalq konvensiyalarla bağlı
mövzuların geniş istifadə edilməsi,
insan hüquqlarının müdafiəsini
tənzimləyən beynəlxalq sənədlərin müddəalarının
Azərbaycan Respublikasının məhkəmələri tərəfindən
tətbiqi ilə bağlı müddəaların Milli Fəaliyyət Proqramında nəzərdə
tutulması məhkəmə hakimiyyəti üçün
önəmlidir.
Azərbaycan Respublikası 25 yanvar 2001-ci il tarixdə Avropa Şurasına daxil olmaqla özünün qanunvericiliyi və onun tətbiqi
təcrübəsini Avropa standartlarına
uyğunlaşdırmaq barədə öhdəlik götürmüşdür. Dövlətin
Avropa Şurasının üzvü
olması və İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin
yurisdiksiyasını tanımasından ilkin
olaraq Azərbaycan vətəndaşı
faydalanacaqdır: vətəndaşlar İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinə
çıxış əldə etmiş,
məhkəmə və hüquq-mühafizə
orqanlarının iş
fəaliyyətinə olan tələblər
daha da yüksəlmişdir.
Məhkəmə-hüquq sistemində ardıcıl
olaraq həyata keçirilən islahatlar da insan
hüquqlarının təmini, ədalət mühakiməsinin
müasir standartlara
uyğunlaşdırılması - məhkəmə hakimiyyətinin
müstəqilliyinin təmin olunması və səmərəliliyinin
artırılması ilə bağlıdır.
Bu məqsədlə
məhkəmə hakimiyyətinin özünüidarə
orqanı olan Məhkəmə-Hüquq
Şurası səmərəli fəaliyyət göstərir.
Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin
olunmasında hakimlərin şəffaf və obyektiv
seçiminin müstəsna rolu vardır. Avropa Şurası
ilə birgə aparılmış iş
nəticəsində hakimliyə namizədlərin ən
mütərəqqi və şəffaf üsullarla
seçilməsi qaydası müəyyən edilmişdir.
Azərbaycan hakimlərinin seçimi
prosedurlarına yaxşı təcrübə kimi
maraq göstərən Avropa
Şurasının Ədalət mühakiməsinin səmərəliliyi
üzrə Komissiyasının (CEPEJ) nümayəndələri
sonuncu imtahanda iştirak edərək onu
müşayiət etmiş və öz müsbət rəyini bildirmişlər.
Avropa
İttifaqı və Avropa Şurası tərəfindən
həyata keçirilən Şərq Tərəfdaşlığı
ölkələrində məhkəmə islahatlarının
gücləndirilməsi layihəsi üzrə hesabatda
ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduru üzrə
fəaliyyət metodunu (modus
operandi) müsbət nümunə kimi qiymətləndirmiş və digər
üzv-dövlətlərə bu təcrübəyə
əsaslanmağı tövsiyə etmişdir.
Məhkəmə-hüquq
islahatlarının bir istiqamətini də
ədalət mühakiməsini həyata keçirən hakimlərin
beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq
standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri
təşkil edir.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedentləri ilə tanışlıq, onların mənimsənilməsi
və gündəlik təcrübədə onlardan
istifadə olunması hakimlərin qarşısında duran vəzifələrdən biridir.
Təsadüfi deyildir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
2006-cı ildə imzalanmış iki mühüm sənəddə həmin məsələlərə
məhkəmələrin diqqətini cəlb etmişdir.
"Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və
"Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli fərmanı insan və
vətəndaş hüquq və
azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə
sisteminin müasirləşdirilməsinə,
məhkəmə hakimiyyətinin möhkəmlənməsinə
yönəlmişdir. Fərmanda Azərbaycan
Respublikasının Ali Məhkəməsinə
və digər yuxarı instansiya məhkəmələrinə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent
hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində
nəzərə almaları tövsiyə edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət
Planının təsdiq edilməsi haqqında" sərəncamında
isə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi və Ali Məhkəməsinə
insan hüquqlarının müdafiəsini
tənzimləyən beynəlxalq sənədlərin müddəalarının
məhkəmə təcrübəsində tətbiqini təmin
etmək tövsiyə edilmişdir.
Həmin fərman və sərəncamın
icrası ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən
ardıcıl işlər görülmüşdür.
Belə ki, 30 mart 2006-cı il tarixdə
Azərbaycan Respublikasının Ali Məhkəməsinin
Plenumu "Ədalət mühakiməsinin
həyata keçirilməsi zamanı "İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında" Avropa
Konvensiyası müddəalarının və İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedentlərinin tətbiqi haqqında" qərar qəbul etmişdir. Həmin qərarda qeyd olunur ki,
"Azərbaycan Respublikası "İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında" Avropa
Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi
2002-ci ilin aprel
ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi
məsələləri üzrə İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası konvensiyanı ratifikasiya etdiyi dövrdən
sonra yurisdiksiyası altında olan insanların konvensiyada
nəzərdə tutulan
hüquqlarını təmin etməlidir. İnsan
və vətəndaş hüquqlarını və
azadlıqlarını gözləmək və qorumaq, o cümlədən
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların
təmininə yönəlmiş qərarlarının
icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur.
İnsan
və vətəndaş hüquqlarının və
azadlıqlarının pozulması ilə bağlı məhkəmələr
konvensiya müddəalarını rəhbər
tutmalı və bu zaman
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə
istinad etməlidirlər". Bu sahədə əlbəttə ki, ardıcıl olaraq iş aparılır.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
təcrübəsinin öyrənilməsi və presedentlərinin
tətbiqi vərdişlərinə yiyələnmək məqsədilə
Ali Məhkəmənin hakimləri tərəfindən
birinci və apelyasiya
instansiyası məhkəmələrinin hakimləri üçün Bakı şəhəri və
regionlarda seminar və
treninqlər, zona məşğələləri
keçirilmiş, Ali
Məhkəmədə mütəmadi olaraq
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının
öyrənilməsi və müzakirəsi təşkil olunmuşdur. Bu sahədə Ali Məhkəmə
bir sıra beynəlxalq təsisatlarla - Avropa Şurası, ATƏT-in Bakı ofisi, Almaniya Beynəlxalq Əməkdaşlıq
Təşkilatı ilə əməkdaşlıq edir. İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
təcrübəsinin öyrənilməsinin bir
istiqamətini də hakimlərin müvafiq
qərarlar və ədəbiyyat ilə təmin
olunmasıdır. Ali Məhkəmənin hakimi tərəfindən
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququ, sərbəst toplaşmaq
və birləşmək azadlığı ilə
bağlı presedentlərinə həsr olunmuş
iki kitab yazılaraq
hakimlər arasında paylanmış, bu
sahədə müxtəlif məqalələrin
yazılması davam edir.
Avropa Məhkəməsinin qərarları
Azərbaycan dilinə tərcümə edilərək öyrənilməklə
yanaşı, məhkəmələr arasında
yayılması təşkil olunur.
18 iyun 2011-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin və
Məhkəmə Hüququ
Şurasının birgə təşkilatçılığı
ilə Bakı Apelyasiya Məhkəməsində
respublikanın bütün rayon, şəhər və apelyasiya
məhkəmələrinin hakimlərinin iştirakı ilə
geniş seminar-müşavirə keçirilmişdir. Müşavirədə
"İnsan hüquqları və əsas
azadlıqları haqqında" Avropa
Konvensiyasının tələbləri, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedentlərinin tətbiqi vəziyyəti və mövcud problemlər ətraflı müzakirə
edilmişdir. 2011-ci ildə bu cür seminarlar
Şirvan və Şəki apelyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan hakimlərlə də keçirilmiş,
bölgələrdə işləyən hakimlərin fəaliyyətində
insan hüquq və
azadlıqlarının müdafiəsi məsələləri
müzakirə edilmiş, bu
sahədə işlərin səmərəliliyinin artırılması
üçün tövsiyələr
verilmişdir.
Görülən
işlərin nəticəsi kimi demək olar ki, milli
məhkəmələr İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin
presedentlərinə istinad edir
və insan hüquq və
azadlıqlarının bərpası məqsədilə milli qanunvericiliyi məhz həmin
presedentlər prizmasından şərh edir, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə
müvafiq qaydada tətbiq
edilir.
Azərbaycan
Respublikasının Ali Məhkəməsi
qanunvericiliyin məhkəmələr tərəfindən
tətbiqinin vahid təcrübəsinin
yaradılması üçün mütəmadi
tədbirlər həyata keçirir. Bu məqsədlə
ayrı-ayrı sahələr üzrə məhkəmələr
tərəfindən baxılan işlər ümumiləşdirilir,
işlərə baxılarkən yol verilmiş nöqsanlar
üzə çıxarılmaqla ümumiləşdirmənin
nəticələri Azərbaycan Respublikası Ali
Məhkəməsinin plenumunda hakimlərin,
o cümlədən pozuntuya yol vermiş
hakimlərin iştirakı ilə müzakirə olunur. 2011-ci ildə keçirilmiş
müzakirələr nəticəsində Azərbaycan
Respublikası Ali Məhkəməsinin plenumu 31 mart 2011-ci il tarixdə "Ərizənin
baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən
tətbiq edilməsi təcrübəsi
haqqında", 28 oktyabr 2011-ci il tarixdə "Valideynlərin və digər
qohumların uşaqla ünsiyyətdə
olmaq hüquqları ilə əlaqədar
qanunvericiliyin məhkəmələr tərəfindən
tətbiqi təcrübəsi haqqında" qərarlar qəbul
etmişdir.
Milli
Fəaliyyət Proqramında şəxslərin təqsirsizlik
prezumpsiyasının təmin edilməsi məqsədilə
hüquq-mühafizə orqanlarının əməkdaşları,
habelə kütləvi informasiya vasitələrinin
əməkdaşları üçün
təlimlərin keçirilməsi zəruri hesab
olunmuşdur. Məhkəmələr təqsirsizlik
prezumpsiyasına riayət olunması ilə əlaqədar Ali Məhkəmə plenumunun
30 mart 2006-cı il tarixli qərarındakı tövsiyəsini daim yadda
saxlamalıdırlar. Məhkəmələrə izah edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə
tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara
verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin
sübut edilməsinə aid
tələb təqsirləndirilən şəxsin təqsirliliyinə
inam olmadığı hallarda
məhkəmənin bəraət hökmü
çıxarmasını nəzərdə tutur.
Milli Fəaliyyət
Proqramında seçki komissiyası
üzvləri üçün seçki hüququ üzrə
kursların davam etdirilməsi nəzərdə
tutulmuşdur.
Ulu öndər
seçkiləri Azərbaycanda demokratiyanın
inkişafının göstəricisi hesab
edərək qeyd edirdi:
"Bu o vaxt həqiqi göstərici ola
bilər ki, seçkilər tam demokratik şəraitdə,
sərbəst şəraitdə keçirilsin,
insanlar öz
arzularını, istəklərini sərbəst ifadə edə
bilsinlər və bunlar səsvermədə
öz ifadəsini tapa
bilsin".
Vətəndaşların seçki hüquqlarının təmin
olunması sahəsində işin səmərəliliyinə
nail olunması üçün
beynəlxalq təcrübənin öyrənilməsinə də
önəm verilir. Bu
məqsədlə müxtəlif beynəlxalq qurumlarla
keçirilən konfransların xüsusi əhəmiyyəti
var. Seçkilərin keçirilməsi
ilə əlaqədar meydana çıxan
mübahisələrin həllində beynəlxalq
standartların tətbiqinə nail
olunması üçün Ali Məhkəmədə Venesiya
Komissiyası ilə birlikdə keçirilən konfrans xüsusi əhəmiyyət
kəsb edir. Konfransda seçkilərə dair
şikayətlərə baxılması sahəsində Avropa standartları, bu sahədə
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri, MDB
ölkələrində seçkilərə dair
şikayətlərə baxılması sahəsində ortaya çıxan məsələlərlə
bağlı beynəlxalq ekspertlərin məruzələri,
məruzə ətrafındakı müzakirələr, milli hakimlərin həmin məsələlərlə
bağlı fikir mübadiləsi çox faydalı olmuşdur.
Bu sahədə
təcrübənin səmərəliliyinə nail olmaq üçün
2011-ci ilin sentyabr
ayının 7-də Ali Məhkəmədə
Mərkəzi Seçki
Komissiyasının dairə seçki
komissiyalarının sədrləri üçün
təşkil etdiyi seçki
hüququ üzrə ixtisaslaşmış
kursların dinləyiciləri ilə görüş
keçirilmişdir. Görüşdə
Ali Məhkəmənin hakimləri
seçkilərin keçirilməsi zamanı meydana
çıxan problemlərin həllinin hüquqi
yolları barədə dinləyiciləri məlumatlandırmışlar.
Hesab edirik ki, bu sahədə mövcud təcrübə davam
və inkişaf etdirilməlidir.
Milli
Fəaliyyət Proqramında "İşgəncə və
digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan
rəftar və ya cəza əleyhinə
Konvensiya"nın və onun Fakültativ Protokolunun
öyrənilməsi, "İşgəncə və digər
qəddar, qeyri-insani və ya
ləyaqəti alçaldan rəftar və
ya cəza əleyhinə
Konvensiya"nın və onun Fakültativ Protokoluna uyğun olaraq Milli preventiv mexanizmin funksiyalarının təmin edilməsi
məqsədilə maarifləndirmə və digər tədbirlərin
həyata keçirilməsi barədə müddəaların
nəzərdə tutulması mühüm
əhəmiyyətə malikdir.
Məhkəmələr
heç kəsin işgəncələrə
və digər qəddar insan ləyaqətini
alçaldan rəftar və cəzaya məruz
qoyulmaması ilə bağlı tələblərə riayət
edilib-edilməməsini daim diqqət mərkəzində
saxlamalıdırlar.
İşgəncələrin qadağan olunması ilə bağlı insanlara təqdim olunan
müdafiə demokratik cəmiyyətin əsas
dəyərlərindən birini əks etdirir. İşgəncələrin qadağan olunması ilk
növbədə şəxsin fiziki
toxunulmazlığını qorumaq üçün nəzərdə tutulub. Bundan əlavə, o, ciddi ruhi
sarsıntılara səbəb olan əzab
vermə hallarına qarşı insanı müdafiə edən
müddəa kimi də şərh oluna bilər.
Məhkəmə
nəzarəti qaydasında işlərə baxılarkən məhkəmələr
tutulmuş şəxslərin tutulduğu andan vəkillə
təmin olunması, onlara tutulmaları barədə
yaxın adamlarına məlumat verilməsi imkanı
yaradılması və onların dərhal tibbi
müayinədən keçirilməsi faktlarını
yoxlamalı, bu hüquqların pozulduğu hallarda
onların bərpası üçün
tədbirlər görməlidirlər. Diqqət
yetirilməlidir ki, şəxsin polis məntəqəsinə gətirilərkən
sağlam vəziyyətdə olduğu, oradan
buraxılarkən isə bədəni üzərində xəsarət
olması, bunun səbəblərinin həqiqətəuyğun
izahını tələb edir.
Şəxsin
işgəncəyə məruz qalması barədə tələb
irəli sürməsi hakimiyyət orqanları tərəfindən
cavabdeh şəxslərin müəyyən
edilməsi və cəzalandırılması ilə nəticələnən
hərtərəfli və səmərəli təhqiqatın
aparılmasını tələb edir.
Lakin bu müddəa heç də
pis rəftarda ittiham olunan şəxsin nəyin bahasına olursa-olsun cəzalandırılmasını deyil, cavabdeh şəxslərin
müəyyən edilməsi və cəzalandırılmaq iqtidarında
olan təhqiqatın aparılması kimi başa
düşülməlidir.
Ləyaqəti alçaldan
rəftar ifadəsi ona dəlalət edir ki, bu
norma insan ləyaqətinə
ağır qəsdə mane olmaq kimi ümumi
maraqları müdafiə edir. Ona görə
də şəxsin vəziyyət və ya
reputasiyasını alçaldan tədbirlər
müəyyən kəskinlik səviyyəsinə
çatdıqda ləyaqəti alçaldan
rəftar kimi qiymətləndirilə bilər.
İnsanda qorxu, həyəcan,
özünə natamamlıq hissini yaradan rəftar ləyaqəti alçaldan
rəftar kimi qiymətləndirilir. Ona görə də şəxsin azadlıqdan
məhrum edilməsi zamanı ona
azadlıqdan məhrum edilmə üçün
zəruri olandan artıq məhrumiyyətə
məruz qalması yolverilməz hesab
olunmalıdır.
Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
işgəncələrin qadağan
olunması sahəsində milli preventiv mexanizm kimi müəyyənləşdirilməsi məhkəmə
orqanları ilə ombudsman arasında
qarşılıqlı əlaqələr üçün
geniş perspektivlər açır.
Milli Fəaliyyət
Proqramının beşinci fəsli insan hüquqları sahəsində beynəlxalq
təşkilatlarla əməkdaşlığa həsr olunmuşdur. Azərbaycan dövlətinin, o cümlədən dövlətin
ayrı-ayrı hakimiyyət qollarının beynəlxalq təşkilatlarla
əməkdaşlığı ölkənin Beynəlxalq Birliyin tamhüquqlu üzvü kimi nüfuzundan xəbər verir.
Azərbaycan dövləti ulu
öndər Heydər Əliyevin böyük
zəhməti hesabına müstəqilliyini qoruyub
saxlamış, ölkədə demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu bu günkü zirvəyə çatmış və
bu yolda inamla irəliləməkdə davam
edir. Artıq Azərbaycan
dövləti beynəlxalq təşkilatlarda öz
sözü, imici ilə
dünya siyasətinə təsir göstərmək
imkanına malikdir. 2011-ci ildə Azərbaycan
Respublikasının BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi də bunu sübut edir. Ona görə məhkəmə hakimiyyəti BMT-nin ixtisaslaşmış təsisatları,
beynəlxalq regional təşkilatlar ilə
birgə layihələrdə, həmçinin 2012-2013-cü
illərdə Avropa Şurası ilə
birgə Fəaliyyət Planının həyata keçirilməsində
iştirak etməli, Azərbaycan dövlətinin
nüfuzunun daim
yüksəkdə qalmasına töhfəsini verməlidir.
əvvəli var
Ramiz RZAYEV,
Azərbaycan Respublikası
Ali Məhkəməsinin sədri
Azərbaycan.- 2012.- 9 fevral.- S.6.