Azərbaycan
Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Sali
Berişanı qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da
Albaniyanın Baş naziri Sali Berişanı qəbul
etmişdir.
Baş nazir Sali Berişa ilə
müxtəlif beynəlxalq tədbirlərdə
görüşlərini məmnunluqla xatırlayan dövlət
başçısı onun ölkəmizə ilk səfərinin
ikitərəfli münasibətlərimizin genişləndirilməsi
baxımından önəmli olduğunu qeyd etdi. Azərbaycan
ilə Albaniya arasında əməkdaşlığın
bundan sonra da uğurla davam edəcəyinə ümidvar
olduğunu bildirən Prezident İlham Əliyev səfər
zamanı əlaqələrimizin genişləndirilməsinə
dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların
ölkələrimizin bir-birinə daha da
yaxınlaşması baxımından əhəmiyyətini
qeyd etdi.
Albaniyanın Baş naziri Sali
Berişa Azərbaycana səfər etməsindən
böyük şərəf duyduğunu dedi. Albaniyalılar
üçün Azərbaycanın dost ölkə olduğunu
vurğulayan Baş nazir bildirdi ki, səfərinin əsas məqsədi
ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini
daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində
yüksək səviyyəli qarşılıqlı səfərlərin
əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin
gələcəkdə də davam edəcəyinə
ümidvar olduğunu bildirdi.
Görüşdən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
Albaniyanın Baş naziri Sali Berişa Albaniya İctimai
Televiziyasının müxbirinin sualına cavab verdilər.
Prezident İlham ƏLİYEV:
Bizim çox yaxşı münasibətlərimiz, möhkəm
əlaqələrimiz vardır. Biz cənab Baş nazir ilə
müxtəlif beynəlxalq tədbirlərdə
çox tez-tez görüşürük. Lakin biz ilk dəfədir
ki, Azərbaycanda görüşdük. Mən cənab
Baş naziri bir neçə dəfə səfərə dəvət
etmişəm və onu burada görməyimdən şadam.
Bu gün biz bir çox məsələlərə
- siyasi əməkdaşlıq,
iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığa
dair geniş müzakirələr apardıq. Bütün bu məsələlərə
dair fikirlərimiz üst-üstə düşür.
Şübhəm yoxdur ki, bu səfərdən sonra biz ölkələrimiz
arasında əlaqələrin daha sürətli
inkişafının şahidi olacağıq və çox
gözəl nəticələr əldə edəcəyik.
Baş nazir Sali BERİŞA:
Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə
görə dərin minnətdarlığımı bildirirəm.
Səfərimin əsas məqsədi iki ölkə
arasında dostluq əlaqələrini və münasibətləri
daha da möhkəmləndirməkdir. Mənim
üçün, Albaniya xalqı üçün Azərbaycan
yaxın dost ölkədir. Mən cənab Prezident İlham Əliyev
ilə əvvəllər olduğu kimi, bu dəfə
keçirdiyim səmimi görüşdə də eyni
mühitin, isti münasibətin və iradənin şahidi
oldum. Mən cənab Prezidenti Albaniyaya səfərə dəvət
etmişəm və onunla tamamilə razıyam ki, bundan sonra da
iki ölkə arasında münasibətlərdə yeni səhifələrin
açılması üçün daha da sıx işləyəcəyik.
Sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali
Berişa birgə nahar etdilər.
AzərTAc
Azərbaycan.- 2012.- 10 fevral.- S. 1.