Albaniya
Respublikasının Baş naziri Sali Berişa Dövlət
Bayrağı Meydanı ilə tanış olmuşdur
Fevralın 9-da Albaniya Respublikasının Baş naziri
Sali Berişa Bakıya səfəri çərçivəsində
Dövlət Bayrağı Meydanı ilə tanış
olmuşdur.
Qonağa məlumat
verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci
il noyabrın 17-də Bakıda Dövlət Bayrağı
Meydanının yaradılması barədə sərəncam
imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda
Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bildirilmişdir ki, Dövlət
Bayrağı Meydanının təməli 2007-ci il
dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə
qoyulmuşdur. Meydan üçün seçilmiş yer
Dövlət Bayrağının paytaxtın müxtəlif
nöqtələrindən görünməsinə imkan
yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
iştirakı ilə Dövlət Bayrağı
Meydanının təntənəli açılış mərasimi
keçirilmişdir.
Diqqətə
çatdırılmışdır ki, ümumi ərazisi 60
hektar olan meydanda inşa olunmuş dayağın
hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi
220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi
sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən
350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı
2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı
dirəyinin dünyada ən hündür bayraq dirəyi
olduğunu təsdiq etmişdir.
Albaniya Respublikasının
Baş naziri Sali Berişa Prezident İlham Əliyevin təşəbbüsü
ilə meydanda səkkizguşəli ulduz formasında
yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də
tanış olmuşdur.
Bildirilmişdir ki, muzeydə
müxtəlif dövrlərdə Azərbaycan ərazisində
mövcud olmuş dövlətlərin, xanlıqların, o
cümlədən İrəvan xanlığının bərpa
olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə
aid bayraqların uc elementləri, gerblər, Azərbaycan
Respublikasının müxtəlif illərdə qəbul
olunmuş konstitusiyaları, poçt markaları, pul
nişanlarının nümunələri, orden və
medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə müstəqil Azərbaycan dövlətinin
yaranması, formalaşması və inkişafını,
Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə
bağlı fəaliyyətini əks etdirən
çoxsaylı fotolar və sənədlər, ulu öndər
Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident
seçildikdən sonra andiçmə mərasimlərində
öpdükləri dövlət bayraqları, Silahlı
Qüvvələrin Ali Baş Komandanının
bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin
döyüş bayraqları və mərasim geyimləri
nümayiş olunur.
Dünyada nadir muzeylərdən
biri olan Dövlət Bayrağı Muzeyində multimedia
qurğusu da vardır.
Albaniya Respublikasının
Baş naziri Sali Berişa muzeyin fəxri qonaqlar kitabına
ürək sözlərini yazmışdır.
Albaniya Respublikasının
Baş nazirinə xatirə hədiyyələri təqdim
olunmuşdur.
Dövlət Bayrağı Meydanı ilə
tanışlıq qonaqda xoş təəssürat
yaratmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 10 fevral.- S.2.