«İRS-Herencia» ispandilli
jurnalının «Müstəqilliyə gedən yol: 20 ilə retrospektiv
baxış» adlı nömrəsi çap
olunmuşdur
Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin
məlumatına görə, "İRS" jurnalının
Buenos-Ayresdə nəşr edilən ispandilli "İRS-Herencia"
versiyasının "Müstəqilliyə gedən yol: 20 ilə
retrospektiv baxış" adlı növbəti nömrəsi
çapdan çıxmışdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, jurnalın əsas
mövzusu olan və "müstəqillik izləri" adlanan
hissəsində Qanlı Yanvar hadisələri, müstəqilliyin
ilk illərində ölkənin
qarşılaşdığı çətinliklər və
bayrağımızın tarixi barədə oxuculara maraqlı
məqalələr təqdim edilir. "Mədəni irsimiz" bölməsində isə
Qarabağ zərgərlik ənənələri və
xalçaçılıq məktəbi haqqında bəhs
olunur. Ötən ilin Azərbaycanda "Turizm ili" elan
olunduğunu nəzərə alaraq son iki - "Ənənələri
qoruyaq" və "Turizm" bölmələri turistlər
üçün maraqlı ola biləcək məqamları əhatə
edir. "Ənənələri qoruyaq" bölməsi
xalqımızın qonaqpərvərliyinə həsr
olunmuşdur. "Turizm" bölməsində isə Azərbaycanın
tarixi abidələrinə, təbiətinə, görməli
yerlərinə, ötən ildə turizm sektorundakı yeniliklərə,
"Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində
ölkəmizin parlaq qələbəsinə, müxtəlif
regionların turizm potensialına və tarix ilə
müasirliyi özündə birləşdirən
Bakının cazibəsinə geniş yer verilmişdir.
Argentinada nəşr olunan bu jurnal dünyanın
ispandilli ictimaiyyətini Azərbaycanın
tarixi-mədəni irsi və bugünkü reallıqları ilə
tanış etmək üçün əhəmiyyətli mənbədir.
Azərbaycan.- 2012.- 10 fevral.- S.2.