Əhməd
Cavadın 120 illik yubileyinin
keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin may ayında müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri,
böyük şair və maarifçi, tanınmış
ictimai xadim, Azərbaycanın Dövlət himninin sözlərinin
müəllifi Əhməd Cavadın (Cavad Məhəmmədəli
oğlu Axundzadənin) anadan olmasının 120 illiyi tamam olur.
Xalqımızın müstəqillik ideallarına
bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan
poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini
qoymuşdur. Şairin zəngin yaradıcılığı
milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin
aparıcı mövqeyi ilə səciyyələnərək
dövrün ictimai-siyasi mənzərəsini dolğun əks
etdirir.
Azərbaycan ədəbiyyatına dəyərli
töhfələr vermiş Əhməd Cavadın 120 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi
ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qərara
alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə
birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, Əhməd Cavadın 120 illik yubileyinə
həsr olunmuş tədbirlər planı hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 fevral 2012-ci
il
Azərbaycan.- 2012.- 10 fevral.- S. 1.