Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin SPESİFİKASİYASI

 

Əlavə II

 

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il "7" fevral tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbaycan Respublikası vətəndaşının elektron daşıyıcısı (çip) olan şəxsiyyət vəsiqəsi (bundan sonra - vəsiqə) beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli polikarbonat materialından hazırlanır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, fotoşəkli keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

2. Vəsiqənin elektron daşıyıcısı məlumatların yazılmasını, dəyişdirilməsini və oxunmasını təmin edir.

3. Vəsiqədə ölkənin kodu - "AZE" hərfləri yazılmış kineqramdan, "göy qurşağı" üsulu ilə hazırlanmış qilyoşdan, ultrabənövşəyi çap və lazer həkketmə texnologiyasından, mikromətndən və digər qoruyucu elementlərdən istifadə olunur.

4. Vəsiqə üzərində Azərbaycan Respublikasının dövlət rəmzləri ultrabənövşəyi işıq altında görünən formada da verilir.

5. Vəsiqənin qalınlığı 0,76 mm-dir, küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilmişdir.

6. Vəsiqədə yerləşdirilmiş dual interfeysli elektron daşıyıcının yaddaşı azı 80 kilobayt olmalıdır.

7. Elektron daşıyıcı ən azı Basic Access Control, Passiv Authentication, Extended Access Control kimi mexanizmləri dəstəkləməli və CC EAL 5+ səviyyəsində uyğunluq sertifikatına malik olmalıdır.

8. Elektron daşıyıcıdakı məlumatların təhlükəsizliyini təmin etmək üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmlərdən istifadə olunur.

 

 

Azərbaycan.- 2012.- 10 fevral.- S.3.