Konstitusiya
Şurası Fransa Əsas Qanununun
tələblərindən çıxış edərək
qondarma «erməni soyqırımı»nın inkarına görə
cəza nəzərdə tutan qanunu təsdiqləməyəcəkdir
Xəbər verdiyimiz kimi, Fransa-Qafqaz
dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan
işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin
başçılıq etdiyi parlament nümayəndə heyəti
Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin
rəhbəri və üzvləri Azərbaycan Dövlət
Teleqraf Agentliyinə (AzərTAc) məxsusi müsahibə
vermişlər. Həmin müsahibəni oxuculara təqdim
edirik.
- Azərbaycana
səfərinizin, keçirdiyiniz çoxsaylı
görüşlərin nəticələrini necə qiymətləndirirsiniz?
Senator Natali Qule: İlk növbədə
qeyd etmək istərdim ki, mən artıq Azərbaycanda bir
neçə dəfə olmuşam. Həmkarlarımın isə
ölkənizə ilk səfəridir. Hesab edirəm ki, onlar
fikirlərini bildirsələr daha yaxşı olar.
Bildiyiniz kimi, səfərimizin
proqramı çox sıx idi. Biz bir çox maraqlı məsələlərin
müzakirə edildiyi olduqca məhsuldar görüşlər
keçirdik.
Senator Cani Lorju: Azərbaycanda yüksək
qonaqpərvərliyin şahidi olduq. Görüşlərimiz
olduqca səmimi şəraitdə keçdi. Biz həmçinin
ölkənizdə tolerantlığın nə dərəcədə
yüksək olduğunu gördük.
Senator xanım Silvi Qo-Şavan: Bu, mənim
də Azərbaycana ilk səfərimdir. Çox şadam ki,
yüksək mədəniyyətə, sivilizasiyaya malik bir
xalqı yaxından tanıdım. Mən Bakıdan Parisə
xoş təəssüratlarla qayıdacağam.
Səfər çərçivəsində
qaçqın və məcburi köçkünlərlə
görüşdük, onların vəziyyəti ilə
tanış olduq. Şəxsən mən bu
görüşü heç vaxt unutmayacağam. Hesab edirəm
ki, Azərbaycanın üzləşdiyi əsas problemlərdən
biri məhz qaçqın və məcburi köçkünlərlə
bağlıdır. Bu sahədə bir çox işlərin
görülməsinə ehtiyac vardır. Mən və
buradakı senatorların hər biri Azərbaycanın problemlərini
yaxşı başa düşürük və bu problemlərin
həlli istiqamətində töhfəmizi verməyə hər
zaman hazırıq.
Senator Erve More: Azərbaycana səfərimiz
zamanı mən zəngin mədəniyyətə malik bir
ölkə kəşf etdim. Ölkənizin siyasi, iqtisadi, mədəni
həyatına dair çoxlu informasiya əldə etdim.
Biz azərbaycanlı qaçqın və
məcburi köçkünlərin yaşayış şəraiti
ilə tanış olduq. Hesab edirəm ki, Fransa ictimaiyyətinin
onların vəziyyəti haqqında daha geniş məlumatı
olmalıdır və biz bu istiqamətdə səylə
çalışacağıq.
Senator Andre Rexar: Yüksək mədəniyyət,
qonaqpərvərlik, məhsuldar görüşlər,
faydalı fikir mübadiləsi - Azərbaycana səfərimizlə
bağlı təəssüratlarım bundan ibarətdir. Bu səfər
mənim üçün Azərbaycanın regional məsələlərə
həssas münasibətini daha dərindən anlamaq
baxımından faydalı oldu.
-
Qondarma "erməni soyqırımı"nın inkarına
görə cəza nəzərdə tutan qanunla bağlı
Konstitusiya Şurasının çıxaracağı qərar
haqqında nə deyə bilərsiniz?
Xanım Natali Qule: Fransa Senatında bir
çox senatorlar bu qanunla bağlı Konstitusiya
Şurasına şikayət ərizəsinə imza
atmışlar. Çünki hesab edirik ki, parlamentarilər
tarix yazmamalı, yalnız qanunverici fəaliyyətlə məşğul
olmalıdırlar. Bu məsələ Fransa
Konstitusiyasının 34-cü maddəsində də öz əksini
tapmışdır. Ona görə də biz çox
böyük ümidlə və inamla gözləyirik ki,
Konstitusiya Şurası Fransa Konstitusiyasının tələblərini
rəhbər tutaraq bu qanunu təsdiq etməyəcəkdir.
Qanunla bağlı Senatda gedən
müzakirələr Azərbaycanın da diqqət mərkəzində
olmuşdur. Azərbaycan cəmiyyətində bununla
bağlı narazılıqlar başa düşüləndir.
Səfər zamanı keçirdiyimiz görüşlərdə
də bunun tam şahidi olduq.
Cani Lorju: Mən bir məsələni
qeyd etmək istəyirəm. Fransa Prezidenti Nikola Sarkozi
Konstitusiya Şurasının sözügedən qanunu təsdiqləməyəcəyi
təqdirdə, onu ikinci dəfə quruma təqdim edəcəyini
bildirmişdir. Əgər belə bir hal baş verərsə,
bu, hakimiyyətlərin bölünməsi prinsipinə zidd
olaraq Konstitusiya Şurasına təzyiq kimi qəbul ediləcəkdir.
Ancaq mən hesab edirəm ki, Konstitusiya Şurası elə
birinci dəfədən bu qanunu təsdiq etməyəcəkdir.
- Fransa ATƏT-in Minsk qrupunun
həmsədridir. Senatın
qəbul etdiyi qanun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
prosesində bu ölkənin tərəfsizliyini
şübhə altında
qoyur. Bu məsələyə
münasibət bildirmənizi
xahiş edirəm.
Cani Lorju:
Senatda qəbul edilən qanunun bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətində
narahatlıq yaratdığını
yaxşı başa düşürük. Bu barədə keçirdiyimiz
görüşlərdə də müzakirələr
aparıldı. Əlbəttə, səhv addımın qarşısı alınmalıdır.
Biz əminik ki,
Fransa ATƏT-in Minsk qrupu
çərçivəsində obyektivliyini qoruyub saxlayacaqdır.
Xanım Natali Qule: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı Fransanın
mövqeyi qətidir. Fransa Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir. Biz hesab edirik ki,
işğal edilmiş
torpaqlar geri qaytarılmalı, qaçqın
və məcburi köçkünlər doğma
yurdlarına dönməlidirlər.
Bir daha vurğulamaq istəyirəm ki, Fransanın bu mövqeyi dəyişməyəcəkdir.
Andre Rexar: Mən də tam əminliklə deyə bilərəm ki, sağlam düşüncə
qalib gələcəkdir.
Fransanın Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı mövqeyi
dəyişməz olaraq
qalacaqdır.
Azərbaycan.- 2012.- 10 fevral.- S.3.