Müstəqilliyin 20-ci ildönümü, inkaredilməz uğurlar, vətəndaşların müraciətlərinə artan diqqət və qayğı

 

"Ölkədə ictimai-siyasi vəziyyət çox müsbətdir. Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir.

 

Əslində, bizim siyasətimiz xalq siyasətidir".

 

 İlham ƏLİYEV

 

 

Bundan əlavə, "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli sərəncamı ilə məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması qərara alınmış, bununla əlaqədar müvafiq tapşırıqlar verilmiş, bu işin təşkili üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır.

Hələlik bu sahədə vətəndaşları narahat edən məsələlər tam aradan qaldırılmamışdır. Şəhərin bir çox yerlərində tullantılar vaxtında daşınmır, ətraf mühit çirkləndirilir. 2011-ci ildə Prezident Administrasiyasına həmin mövzuda fərdi və kollektiv müraciətlər daxil olmuşdur. Bu müraciətlərdə ticarət və iaşə obyektləri tərəfindən ətraf mühitin çirkləndirilməsindən, bəzi yerlərdə antisanitariya vəziyyətinin yaranmasından narazılıq bildirilir. Bu da bilavasitə müvafiq qurumların öz funksiyalarını lazımınca yerinə yetirməməsindən, onların fəaliyyətinə nəzarətin zəif olmasından irəli gəlir.

Kənd təsərrüfatına dair müraciətlərdə vətəndaşlar bu sahəyə göstərilən dövlət qayğısından razılıq bildirir, eyni zamanda, aqrolizinq və heyvandarlıqla bağlı kreditlərin daha çox verilməsi, respublikanın quş ətinə tələbatının daxili istehsal hesabına təmin edilməsi, xaricdən gətirilən geni modifikasiya olunmuş məhsulların, o cümlədən kartofun, tərəvəzin, üzümün miqdarının azaldılması, yerli və ekoloji cəhətdən təmiz sortlara üstünlük verilməsi, bu sortların seleksiyasına daha diqqətlə yanaşılması, Azərbaycanın ənənəvi məhsullarının istehsalının daha geniş miqyasda təşkil olunaraq onların Azərbaycan markası ilə dünya bazarlarına çıxarılması məsələləri barədə fikirlərini bildirirlər.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, respublika Prezidentinin kənd təsərrüfatına daimi qayğısı öz nəticəsini verir, ölkənin ərzaq təhlükəsizliyi uğurla təmin edilir, bu sahənin daha sürətli inkişafına zəmin yaradılır və dövlət başçısının göstərdiyi kimi, görülən tədbirlər kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir. Cənab Prezident Azərbaycanda istehsal olunan məhsulların təbiiliyini yüksək qiymətləndirərək deyir: "Bu bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Biz kənd təsərrüfatının inkişafını, xüsusilə meyvə-tərəvəz sahəsindəki inkişafını da keyfiyyəti itirmədən aparmalıyıq".

Torpaq məsələləri barədə müraciətlər əvvəlki ilə nisbətən artmışdır. Bu müraciətlərin çoxunda fərdi ev tikintisi, kənd təsərrüfatı, habelə sahibkarlıq fəaliyyəti üçün torpaq ayrılması və sair məsələlərin həllinə kömək göstərilməsi xahiş olunur. Lakin il ərzində bu mövzuda daxil olan müraciətlərin bir qismi pay torpaqlarının bölünməsində yol verilən nöqsanların ləng aradan qaldırılması, kadastr planlarında pay torpaq sahələrinin sürüşdürülməsi, vətəndaşların uzun illər istifadə etdikləri torpaq sahələrinin bəzi yerli icra orqanları və bələdiyyələr tərəfindən başqa şəxslərə verilməsi, kredit ayrılması üçün bu torpaqların girov kimi qəbul edilməməsi barədədir.

Torpaq məsələlərinə dair daha çox müraciət Bakı şəhərinin Sabunçu rayonundan, Yevlax, Astara, Balakən, Gədəbəy, Göyçay, Masallı, Samux, Şamaxı, Şəmkir şəhər və rayonlarından daxil olmuşdur. Onlardan əsaslı müraciətlərin əksəriyyəti müsbət həll olunmuş və vətəndaşlar buna görə öz minnətdarlıqlarını bildirmişlər.

Təhsil məsələlərinə dair müraciətlərin sayında ali məktəblərdə təhsil haqqı və orta təhsil məsələləri üstünlük təşkil edir. Test imtahanları və xaricdə təhsillə bağlı məsələlər üzrə müraciətlərin sayı isə xeyli azalmışdır. Eyni zamanda, vətəndaşlar məktəbəqədər təhsil müəssisələrinin, xüsusilə körpələr evlərinin, uşaq bağçalarının azlığından narazılıq bildirir, şəhər və rayonlardakı uşaq yaradıcılıq mərkəzlərinin maddi-texniki bazasının genişləndirilməsini xahiş edirlər. Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər uşaq müəssisələrinin inkişafı ilə bağlı 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla Təhsil Nazirliyinin tabeliyində olan bu müəssisələr yerli icra hakimiyyəti orqanlarının, Bakı və Gəncə şəhərlərində isə şəhər icra hakimiyyətlərinin tabeliyinə verilmiş, bununla əlaqədar təkliflər verilməsi respublika Nazirlər Kabinetinə tapşırılmışdır. Sözsüz ki, bu sahədə görülən tədbirlər vətəndaşları narahat edən məsələlərin yaxın vaxtlarda aradan qaldırılmasına kömək edəcəkdir.

Əhalinin böyük əksəriyyətinin vaxtaşırı rastlaşdığı səhiyyə məsələləri ilə əlaqədar müraciətlərdə əsasən pulsuz dərman preparatlarının verilməsinə, mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılmasına kömək göstərilməsi ilə yanaşı, bəzi tibb müəssisələrində yol verilən neqativ hallar barədə məlumat verilir, xüsusilə ayrı-ayrı özəl klinikalarda həkimlərin, o cümlədən xaricdən dəvət olunmuş həkimlərin günahı üzündən xoşagəlməz halların baş verməsindən şikayətlər də edilir. Belə müraciətlər ciddi araşdırılmış, bu cür hallara yol vermiş yerli və xarici həkimlərin lisenziya və müqavilələri ləğv edilmiş, hətta hüquq-mühafizə orqanları tərəfindən onlar barəsində cinayət işləri də qaldırılmışdır.

Sosial müdafiə məsələlərinə dair müraciətlərin çox hissəsi sosial yardım və müavinətlərin verilməsi, işlə təmin olunma, əmək mübahisələri, qanunsuz işdən çıxarılma, əmək müqavilələrinin bağlanmaması, yaxud əməkhaqqının real məbləğdən az göstərilməsi, bunların da sonradan vətəndaşların pensiya təminatında, sosial müavinətlərin alınmasında çətinliklər törətməsi barədədir. Təkcə keçən il 2807 vergiödəyicisinin 5207 nəfər vətəndaşı şəxsi əmək müqaviləsi bağlamadan işlətməsi faktları aşkar edilmişdir. Bu şəxslər işdən azad edilərkən öz hüquqlarını qoruya bilmir, həmin müəssisələr vergidən yayınır, həmçinin işsizlik faizini artırırlar. Vətəndaşlar "Qaraqum Holdinq", "Rapid Soluşn", "Şabran-Broyler", "Azəri Retail" MMC-lərin, Şirvan Meyvəçilik Mərkəzinin, "Xuaşen" firmasının və digər müəssisələrin belə hallara yol verdiklərini bildirirlər.

Sosial müdafiə məsələlərinə dair müraciətlərin yaranmasının əsas səbəblərindən biri bu işlə məşğul olan yerli qurumların süründürməçiliyə yol verməsidir.

Elektrik enerjisi, qaz təchizatı mövzusunda müraciətlərə gəldikdə qeyd etməliyik ki, əvvəlki illərdən fərqli olaraq, elektrik sayğaclarının quraşdırılması barədə müraciətlər azalsa da, qaz sayğaclarının quraşdırılması və əsassız cərimələrin kəsilməsi ilə əlaqədar müraciətlərin sayı artmışdır. Bəzi yerlərdə məişət qazının aşağı təzyiqlə verildiyi və smart-kart tipli sayğaclara ödənişin həyata keçirilməsində problemlər olduğu bildirilir.

Keçən il Prezident Administrasiyasına kreditlərlə bağlı müraciətlərin də sayı az olmayıb. Bunların əksəriyyəti ticarət obyektlərinin tikilməsi və genişləndirilməsi, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsi, 25 faizdən çoxu isə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vətəndaşlara ipoteka kreditlərinin verilməsində olan problemlər barəsindədir. İl ərzində 2 min nəfərə 77 milyon manatdan artıq ipoteka krediti verilməsi müsbət qiymətləndirilsə də, vətəndaşlar bu kreditlərin faizinin  və ilkin ödəniş məbləğinin daha aşağı olmasını istəyirlər. Ümumiyyətlə, ipoteka kreditlərinin alınmasında əsas çətinlik ilkin ödəniş məbləğinin yüksək olmasıdır. Hazırda bəzi qurumlarda, məsələn, ARDNŞ-də işçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün daha güzəştli şərtlərlə kredit verilməsi praktikası tətbiq olunur.

Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin sahibkarlıq məsələlərinə böyük diqqət yetirməsi nəticəsində təkcə 2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit ayrılıb. Bunun 75 faizi regionlara, 25 faizi Bakıətrafı qəsəbələrə verilmiş və həmin kredit hesabına 5110 yeni iş yeri açılmışdır. 2010-cu ilə nisbətən güzəştli kreditlərin həcmi 31 faiz artmış, aqrar sektora, o cümlədən "Aqrolizinq" ASC-yə 35 milyon manat, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait ayrılmışdır. Əvvəllər verilmiş və geri qaytarılan 4 milyon manat da yenidən güzəştli şərtlərlə, yəni 5 illiyə 7 faizlə verilmişdir.

Ötən il kənd təsərrüfatının inkişafına ayrılan kreditlər xeyli artsa da, respublikanın bölgələrindən daxil olan müraciətlərdən məlum olur ki, sahibkarları narahat edən əsas məsələlər bu işdə süründürməçiliyə və bəzi banklar tərəfindən neqativ hallara yol verilməsidir.

Sahibkarların problemi təkcə kreditlərlə əlaqədar deyil. Dövlət başçısının sahibkarlar üçün normal şərait yaradılması barədə vaxtaşırı verdiyi tapşırıq və tövsiyələrə baxmayaraq, hələ də müxtəlif qurumlar tərəfindən onların işinə müdaxilələr edilməsi hallarına təsadüf olunur. Bilavasitə sahibkarlıq fəaliyyətinə törədilən maneələrlə əlaqədar Bakı şəhəri və onun rayonlarından, Gəncə, Lənkəran, Balakən, Lerik, Saatlı, Salyan, Şamaxı, Ucar şəhər və rayonlarından daxil olan müraciətlərin sayı az olmamışdır.

 

Vətəndaş müraciətlərinə baxılmasında şəffaflıq və nəzarət neqativ hallara qarşı  mübarizənin açarıdır

 

2011-ci il həm də vətəndaşların müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin artırılması, cəmiyyətdə neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ili kimi yadda qalacaqdır. Bu baxımdan vətəndaşların qaldırdıqları məsələlərə, onların ayrı-ayrı qurumlarda, idarə, təşkilat və müəssisələrdə yol verilən neqativ hallar barədə müraciətlərinə daha diqqətlə yanaşılmış, il ərzində müraciətlərə nəzarətlə baxılmasına xüsusi əhəmiyyət verilmişdir. Prezident Administrasiyasında müraciətlərə nəzarətlə baxılması əvvəlki ilə nisbətən xeyli artmış, xüsusilə şikayətlər daha çox nəzarətə alınmışdır.

İdarəetmənin digər sahələrində olduğu kimi, müraciətlərə baxılmasında da ən səmərəli vasitələrdən biri nəzarət işinin düzgün təşkilidir və əslində, müraciətlərin özü də  ictimai nəzarət formalarından biridir. Ölkə Prezidenti bütün sahələrdə ictimai nəzarətin artırılmasını tələb edərək Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında demişdir: "Mən həmişə insanlarla təmasda olan zaman müraciət edirəm ki, xoşagəlməz hallar haqqında məlumatlar versinlər. Azərbaycanda ümumiyyətlə, bütün sahələrdə ictimai nəzarət daha da güclü olmalıdır".

Cənab Prezidentin ardıcıl və qətiyyətli mövqeyi öz nəticələrini vermiş və bütün sahələrdə nizam-intizam xeyli möhkəmlənmiş, vətəndaşların müraciətlərinə nəzarət qaydasında baxılması nəticəsində bu müraciətlərin əksəriyyətində qaldırılan məsələlər müsbət həll edilmişdir. Bunlardan bir qismi vəzifəli şəxslərin fəaliyyətindən narazılıqlarla əlaqədar olmuşdur. Nəzarətə alınmış müraciətlərə baxılması nəticəsində Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Nəqliyyat, Kənd Təsərrüfatı, Təhsil, Səhiyyə nazirliklərində, "Azərenerji", "Bakıelektrikşəbəkə" ASC-lərdə və başqa təşkilatlarda 34  nəfər vəzifəli şəxs vətəndaşlarla münasibətdə etik davranış qaydalarını pozduqlarına, süründürməçiliyə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, müraciətlərin araşdırılmasında səhlənkarlığa yol verdiklərinə görə vəzifəsindən kənarlaşdırılmış, 35 nəfər barəsində inzibati tənbeh və ya intizam məsuliyyəti tədbirləri görülmüşdür.

2011-ci ildə vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələləri mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya və idarə heyəti iclaslarında, müşavirələrdə 344 dəfə müzakirə edilmiş, yol verilən nöqsanlara görə 1588 nəfərə intizam tənbehi tətbiq olunmuş, o cümlədən "Azərenerji" ASC-də 58 nəfər, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 28 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 15 nəfər, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2 nəfər, Gənclər və İdman Nazirliyində 1 nəfər, Əmlak Məsələləri Dövlət Komitəsində 2 nəfər olmaqla, ümumilikdə 106 nəfər işdən azad edilmişdir. Yerli icra hakimiyyəti orqanlarının şura iclaslarında isə bu məsələlər 525 dəfə müzakirə olunmuş, 251 nəfər barədə intizam tənbehi tətbiq edilmişdir. Bütövlükdə bu məsələlər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 869 dəfə müzakirə olunmuş, 1839 şəxs barəsində müxtəlif intizam tənbehi tədbirləri görülmüşdür.

Şöbə tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında nəzarətin ən müxtəlif formaları həyata keçirilir. Ayrı-ayrı vətəndaşların müxtəlif  problemlər və qarşılaşdığı maneələr barədə müraciətlərinə nəzarət qaydasında alınmış cavablar hərtərəfli təhlil olunur, əgər bu mövzuda verilən cavablar qaneedici olmursa, yaxud ziddiyyətli olursa, məsələ tam həll edilib cavab verilənədək nəzarətdə saxlanılır, bəzi hallarda yerində araşdırılır, lazım gəldikdə, vətəndaşlar fərdi qəbula dəvət edilir, yaxud onlarla əlaqə saxlanılır və ümumiləşdirmələr aparılır. Nəzarətə götürülmüş müraciətlərin 35 faizi müsbət həll olunmuş, 19 faizi icraya yönəldilmiş, 17 faizinə müvafiq izahatlar verilmiş, 10 faizi qismən həll edilmiş, 10 faizi əsassız sayılmış, 9 faizinin həlli dövlət proqramlarında nəzərdə tutulmuşdur.

Nəzarətin, ümumiyyətlə, müraciətlərə baxılmasının nəticəsi o zaman səmərəli olur ki, onların yaranma səbəbləri aradan qaldırılır. Bəzi hallarda müraciətlərin sayından asılı olmayaraq, qaldırılan problemin xarakterik olduğu nəzərə alınaraq bu müraciətlər əsasında həmin məsələ barədə müvafiq araşdırmalar aparılır. Bu, problemin əsaslı şəkildə həllinə şərait yaradır. Məsələn, keçən ilin əvvəllərində sürücülük vəsiqəsi almaq üçün tələb edilən sağlamlıq haqqında arayışın Bakı şəhərində yalnız bir poliklinikada verilməsi barədə müraciətləri göstərmək olar. Müraciətlərdə bunun böyük növbələrə səbəb olduğu, eyni zamanda, çoxsaylı avtomobillərin həmin poliklinikanın ətrafına yığışaraq şəhərdə tıxaclar yaratdığı, növbələrdən sui-istifadə edildiyi göstərilirdi. Həmin məsələ birdəfəlik həll olunmuş, Səhiyyə Nazirliyinin əmri ilə vətəndaşların belə arayışları yaşadıqları rayon üzrə müəyyən edilmiş poliklinikadan alması təmin edilmişdir. Yaxud avtomobillərin texniki baxışdan keçirilməsi ilə əlaqədar müraciətlərdə də bu sahədə müəyyən problemlərin olduğu bildirilirdi. Avtomobil sahiblərinin qarşılaşdıqları problemləri aradan qaldırmaq üçün artıq Zabrat qəsəbəsində müasir tələblərə cavab verən Avtomobillərə Texniki Baxış Mərkəzi yaradılmış, bu işin operativ həyata keçirilməsi təmin edilmişdir.

Vətəndaşları narahat edən məsələlərdən biri də istilik təchizatı ilə bağlıdır. Müəyyən edilmişdir ki, bir çox binaların istilik sisteminin "Azəristiliktəchizat" ASC və mənzil-istismar idarələri tərəfindən bərpa edilməsində yaranan problemlərdən biri də odur ki, vaxtilə ayrı-ayrı vətəndaşlar mənzillərin təmiri zamanı binadaxili istilik xətlərini ləğv etmiş, indi isə mənzillərin içindən keçən bu xətlərin bərpasına, bununla da başqa mərtəbələrdə yaşayan sakinlərin istiliklə təmin olunmasına maneçilik törədirlər. Dövlət tərəfindən qazanxanaların və köhnə istilik xətlərinin bərpası üçün xeyli vəsait ayrılmasına baxmayaraq, hələ də Bakıda, digər şəhər və rayonlarda bu problemin axıradək həll edilməməsi halları mövcuddur.

Prezident Administrasiyasına şəhər və rayon icra hakimiyyəti başçılarının yerli nümayəndələrinin fəaliyyəti haqqında daxil olan müraciətlərə baxılması göstərir ki, vətəndaşlar bəzi kənd və qəsəbə nümayəndələrindən, mənzil-istismar sahələrindən,  digər idarə, təşkilat və müəssisələrdən lazımi sənədlərin alınmasında laqeydlik, süründürməçilik və çətinliklərlə üzləşirlər. Belə müraciətlər Sabunçu rayonunun Maştağa, Suraxanı rayonunun Hövsan, Nizami rayonunun Keşlə qəsəbələrindən, Lənkəran rayonunun Biləsər, Biləsuvar rayonunun Bəydili, Amankənd, Cəlilabad rayonunun Boyxanlı, Sövtüklü, Tovuz rayonunun Dondar Quşçu, Gədəbəy rayonunun Arıqdam, Mormor, Söyüdlü, Lerik rayonunun Hamarat, Çayrud, Lərmərud, Saatlı rayonunun Məmmədabad, Daşkəsən rayonunun Bayan, Əmirvar, Zinzahal kəndlərindən daxil olmuşdur. Vətəndaşlar oxşar hallarla başqa şəhər və rayonlarda da rastlaşırlar.

Bu müraciətlərin bir qismi müvafiq qurumlar tərəfindən araşdırılaraq həmin şəxslər barəsində intizam tənbehləri görülmüş və onların bir çoxuna sonuncu xəbərdarlıq edilmişdir.

2011-ci ildə daxil olan müraciətlərin kənd və qəsəbələr üzrə təhlili göstərir ki, bəzi şəhər və rayonların əksər qəsəbə və kəndlərindən, digərlərinin isə bir qisim yaşayış məntəqələrindən bilavasitə Prezident Administrasiyasına müraciətlər daha çox daxil olur. Bunlardan Lerik rayonunun Orand, Molalan, Şinəband, Küsəkəran,  Ağcabədi rayonunun Aşağı Avşar, Avşar, Hindarx, Zərdab rayonunun Bıçaqçı, Körpükənd, Kürdəmir rayonunun Axtaçı, Carlı, İmişli rayonunun Məzrəli, Cavadxanlı, Qaraqaşlı kəndlərini, Qaradağ rayonunun Qızıldaş, Sahil qəsəbələrini göstərmək olar.   Sabunçu rayonundan olan bütün müraciətlərin isə 32,6 faizi Bakıxanov qəsəbəsindəndir.

Şəhər və rayon İHB-lərinin qəsəbə və kəndlər üzrə nümayəndələri ilə bərabər, yerli bələdiyyələrin də vətəndaşların gündəlik qayğılarının və problemlərinin həllində rolu böyükdür. Lakin bu orqanların bir qismi hələ də öz işlərini müasir tələblər səviyyəsində qura bilmir, vətəndaşların bu barədə yuxarı orqanlara, o cümlədən Prezident Administrasiyasına müraciətləri daxil olur. Bələdiyyələrin fəaliyyəti haqqında müraciətlər Lənkəran, Bərdə, Binəqədi, Cəlilabad, Gədəbəy, Göyçay, Saatlı, Şamaxı, Tovuz şəhər və rayonlarından daha çox daxil olmuşdur. Xatırladaq ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə nəzarəti ildən-ilə gücləndirir və təkcə 2011-ci ildə 690 bələdiyyə sədri barəsində inzibati xəta protokolları tərtib edərək məhkəmələrə, 28 bələdiyyə sədri barəsində isə işləri prokurorluq orqanlarına göndərmiş, 4300 hektar torpağın qanunsuz ayrıldığını aşkar edərək onun geri qaytarılmasını təmin etmişdir.

Qeyd etmək lazımdır ki, bir çox hallarda mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaşların qaldırdıqları problemlərin kökünü axtarıb tapmağa çalışır və onları operativ aradan qaldırırlar. Məsələn, pensiya və təqaüdlərin bankomatlar vasitəsilə ödənməsinə başlandıqdan sonra respublikanın müxtəlif bölgələrində, hətta Bakı ətrafındakı bəzi yaşayış məntəqələrində bunun yaşlı və ahıl adamlar üçün müəyyən problemlər yaratdığı bildirilirdi. Əhalisi az olan ucqar kəndlərdə daimi bankomat qurulması məqsədəuyğun olmadığından son vaxtlar bunun üçün səyyar bankomatlardan istifadə olunmasını təqdirəlayiq hal hesab etmək olar. Burada əsas məsələ odur ki, vətəndaşları narahat edən problemin həlli üçün istək və məsuliyyət hissi olsun.

Nəzarət işinin əsas prinsiplərindən biri də odur ki, vətəndaşın müraciətinə laqeydlik göstərilməsin, qanuna zidd olaraq onun şikayəti hərəkətlərindən narazılıq bildirilən vəzifəli şəxsə göndərilməsin, qaldırılan məsələ sonadək obyektiv araşdırılıb müvafiq  tədbir görülsün, müraciətin baxılmasını nəzarətə götürən şəxsə və vətəndaşa əhatəli cavab verilsin. Bəzi hallarda daxil olan müraciətlər sübut edir ki, əvvəlki müraciət sonadək araşdırılmır, yaxud ona başdansovdu cavablar verilməklə iş bitmiş hesab olunur. Təbiidir ki, belə hallar məsələnin həllinə maneçilik törədir və vətəndaşların haqlı narazılığına səbəb olur.

Respublika Nazirlər Kabinetinin 2012-ci il yanvarın 16-da keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul olunmuş bütün proqramların və verilmiş tapşırıqların icrasına nəzarət məsələləri üzərində xüsusi olaraq dayanmışdır. O, Bakıətrafı qəsəbələrin sosial infrastrukturunun yaxşılaşdırılmasına dair qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsini tələb edərək demişdir: "Mən, ümumiyyətlə, hər bölgədə işlərin gedişatını yoxlayıram. Bəzi hallarda bölgələrə hər gün getmək mümkün deyildir, amma burada - Bakıda hər gün getmək olar. Həftədə bir dəfə özüm gedib yoxlayacağam və elə olmalıdır ki, mən razı qalım. Mən deyəndə, xalq razı qalsın. Xalq razı qalırsa, mən də razı qalacağam". Cənab Prezident görülən işlərə qiymət verərək bildirmişdir: "Bəzi hallarda tələskənliyə yol verilmişdir, biz keyfiyyətdə uduzmuşuq. Ancaq nəzarət çoxpilləli olmalıdır. Son nəzarəti mən özüm aparacağam. Ona görə indidən deyirəm ki, bu məsələ ilə məşğul olan bütün qurumlar və podratçılar, iş icraçıları məsuliyyətlə yanaşsınlar. Kim keyfiyyətsiz iş görəcəksə, əgər bu şirkətdirsə, gedib qüsurlarını öz hesabına bərpa edəcəkdir. Əgər dövlət qurumudursa, onda ciddi cəzalandırılacaqdır".

 

Elektron müraciətlər və elektron xidmətlər dövlət-vətəndaş ünsiyyətinin müasir formasıdır

 

Vətəndaşların dövlətlə ünsiyyətinin müasir formaları getdikcə təkmilləşir, dünyada tətbiq olunan innovasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. İndiki dövrün əsas ünsiyyət forması olan elektron informasiya vasitələri insanların gündəlik həyatının tənzimlənməsində getdikcə daha böyük rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən birini ən yeni texnologiyaların tətbiqində görərək hələ ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə təsdiq olunmuş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli strategiya"nın və ondan sonra qəbul edilmiş "Elektron Azərbaycan" proqramlarının müddəaları çərçivəsində bu sahəyə böyük diqqət yetirir və onun daha sürətlə tətbiqini tələb edir.

Artıq bir neçə ildir ki, Azərbaycanda elektron hökumət prinsiplərinin həyata keçirilməsi üçün ciddi işlər görülür, respublikada ən müasir rabitə və informasiya texnologiyalarının tətbiqinə geniş meydan verilir. Dünyanın qabaqcıl ölkələrində tətbiq olunan ən müasir texnologiya və avadanlıqlar gətirilərək respublikanın bütün şəhərləri, əksər qəsəbə və kəndləri internet şəbəkəsi ilə əhatə olunmuş və bu iş gündən-günə genişləndirilir.

Son məlumatlara görə, ölkədə internet istifadəçilərinin sıxlığı 65 faizi, genişzolaqlı şəbəkə isə 30 faizi ötmüşdür. Bu, ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Artıq Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanmasına başlanılıb. Bu iş cari ilin oktyabr ayında başa çatdırılacaq və növbəti 3 ay ərzində peyk orbitə çıxarılacaq ki, bu da Azərbaycanın imkanlarını daha da genişləndirəcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti bu məsələni xüsusi vurğulayaraq demişdir: "Elektron hökumət prinsiplərinə keçməyimiz korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi fərmanda bütün bu məsələlər göstərilibdir. Hər bir nazirlik və dövlət qurumu həmin fərmana uyğun olaraq təkliflər verməlidir ki, onların nəzdində hansı xidmətlər elektron variantda aparılmalıdır. Bunu heç kim yubatmasın və uzatmasın. Bu fərman və onun icrası bilavasitə mənim nəzarətim altındadır. Tezliklə təkliflər verilməlidir. Ondan sonra daha da ciddi addımlar atılacaqdır".

Dövlət başçısının  qeyd etdiyi həmin sənəd onun 2011-ci il mayın 23-də imzaladığı "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmandır. Bu fərmanda qeyd olunur ki, Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafını təmin etmək, dövlət idarəçiliyini müasir prinsiplər əsasında həyata keçirmək məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. Burada əsas məqsəd odur ki, modern və çevik idarəetmə təmin edilsin, dövlət orqanlarının fəaliyyətində şəffaflıq artırılsın və korrupsiyaya şərait yaradan hallar aradan qaldırılsın. Respublika Nazirlər Kabineti 2011-ci il noyabrın 24-də "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nı və "Elektron xidmət növlərinin Siyahısı"nı təsdiq etmişdir. Siyahıda müxtəlif qurumların vətəndaşlara göstərməli olduğu 286 elektron xidmət növü təsdiq edilmişdir.

Bu fərmanın icrası ilə əlaqədar Vergilər Nazirliyində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, İnternet Vergi İdarəsi, 27 bölgədə vergi ödəyicilərinə xidmət edən terminallar yaradılmış, daha 10 terminal tikilməkdədir.

Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq. vətəndaşların ölkə rəhbərinə müraciət etməsini daha da asanlaşdırmaq üçün Prezidentin rəsmi internet saytı da xeyli təkmilləşdirilmiş, saytda ən müasir dizaynla respublikanın interaktiv xəritəsi yerləşdirilmiş, saytın "Müraciətlər" xanasında "Dövlət orqanlarına müraciət etmək" bölməsi açılmış, linklər vasitəsilə hər bir dövlət orqanının rəsmi saytının "Müraciətlər" səhifəsinə keçid imkanı yaradılmışdır.

Vətəndaşlar bu bölmə vasitəsilə indi istədiyi dövlət orqanına birbaşa müraciət etmək, eyni zamanda, həmin orqanların vəzifəli şəxslərinin qəbul günlərini öyrənmək imkanı əldə etmişlər. Bundan əlavə, saytda vətəndaşların müraciətlərinə baxılması məsələlərinə dair respublika Konstitusiyasının 57-ci maddəsindən başlayaraq bütün qanunvericilik aktlarının mətni yerləşdirilmişdir. Hazırda vətəndaşların uzaq məsafə qət etmədən Prezident Administrasiyasının struktur bölmələrinin qəbuluna yazılması üçün saytda "Elektron qəbul" bölməsi yaradılır və bunun vasitəsilə hər bir vətəndaş müəyyən olunmuş qrafik üzrə qəbula elektron poçt vasitəsilə yazılmaq imkanı əldə edəcəkdir.

2011-ci ildə vətəndaşlar Prezidentin rəsmi internet saytında yaradılmış imkanlardan istifadə edərək həmin sayt vasitəsilə xeyli müraciət göndərmişlər. Prezidentin saytına gənclərdən daxil olan müraciətlərin sayı daha çoxdur. 2010-cu ildə vətəndaşlar daha çox poçt rabitəsindən və faksdan istifadə edirdilərsə, indi elektron məktub formasından istifadəyə üstünlük verirlər.

Bu yaxınlarda Bakıda keçirilən "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransında 29 ölkənin 250-yə yaxın şirkətinin iştirak etməsi Azərbaycanda bu sahəyə çox yüksək əhəmiyyət verildiyini və onun əldə etdiyi nailiyyətlərin yüksək qiymətləndirildiyini sübut edir. Konfransda bir daha qeyd olunmuşdur ki, son 10 ildə Azərbaycan İKT-nin ən çox inkişaf etdiyi ölkələr sırasındadır. Bu, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da elektron hökumətin geniş tətbiqinə imkan yaradır. Artıq Azərbaycanda yaradılmış "Elektron hökumət" portalına 15-dən çox dövlət idarəsi qoşulmuş və göstəriləcək elektron xidmətlərin sayı 60-a çatdırılmışdır. 2012-ci ilin birinci yarısında "Elektron hökumət" portalının işə salınması gözlənilir. Gələcəkdə yaradılacaq vahid sistem bütün informasiya bazalarına və müxtəlif qurumlara məxsus belə sistemlərin birləşdirilməsinə, əhaliyə daha geniş elektron xidmətlər göstərilməsinə, vətəndaşların bu sistem vasitəsilə heç bir idarəyə getmədən lazım olan vacib sənədləri almasına imkan verəcəkdir.

Respublikanın bir sıra nazirliklərində bu xidmətlərin təşkili və reallaşdırılması üçün tədbirlər görülür, texniki imkanlar yaradılır. Məsələn, Ədliyyə Nazirliyi üzərinə düşən çoxsaylı, müxtəlif xarakterli elektron xidmətlərin təşkili üçün bəzi ədliyyə orqanlarında universal elektron köşklər quraşdırmışdır ki, həmin köşklər vasitəsilə vətəndaşlar bir çox xidmətlərlə yanaşı, dövlət rüsumlarını da ödəmək imkanı əldə etmişlər.

İnformasiya və kommunikasiya texnologiyalarından təkcə elektron xidmətlər göstərilməsi üçün deyil, eyni zamanda, idarəetmənin tərkib hissələrindən biri olan sənədlərlə işin yaxşılaşdırılması üçün də geniş istifadə edilməsi bu gün aktual məsələdir.

Bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarında artıq uğurlu elektron proqramlar hazırlanıb tətbiq edilmişdir. Bu cəhətdən Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət işini qeyd etmək lazımdır. Burada yaradılan "Elektron icraçı" Avtomatlaşdırılmış İdarəetmə Sisteminin tətbiqi sənədlərin dövriyyəsini, ən başlıcası, vətəndaşların müraciətlərinə baxılmasını xeyli yaxşılaşdırmışdır. İl ərzində rayon icra hakimiyyətinə daxil olan 5 minə yaxın müraciətin və digər sənədlərin həmin sistemdə işlənməsi və dövriyyəsi keçən ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" Beynəlxalq Konfransının iştirakçıları tərəfindən də böyük maraqla qarşılanmışdır.

Ötən ilin əvvəlində bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılmasının səmərəliliyinin artırılması üçün onların rəsmi internet saytlarının yaradılmasını və təkmilləşdirilməsini başa çatdırmaq barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzası ilə müvafiq tövsiyə məktubu göndərilmişdir. Məktubda hər bir dövlət orqanının rəsmi internet saytının yaradılması və həmin saytların daim işlək vəziyyətdə olması, "İnformasiya əldə etmək haqqında" qanuna uyğun olaraq, əhalini maraqlandıran ən vacib məlumatların həmin saytlarda yerləşdirilməsi tövsiyə edilmişdir. 2011-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının əksəriyyətində bu sahədə kifayət qədər işlər görülmüş, şəhər və rayon icra hakimiyyətlərinin də rəsmi internet saytları yaradılmış və təkmilləşdirilmişdir. 

Lakin bəzi rayonlarda, o cümlədən Ağstafa, Daşkəsən, Göygöl, Qazax, Samux, Şabran və Zəngilan rayonlarında hələ indiyədək rəsmi internet saytı yaradılmamış, Yevlax, İsmayıllı, Kürdəmir şəhər və rayonlarında isə rəsmi internet saytları yaradılsa da, həmin saytlara bir çox məlumatlar yerləşdirilməmiş, o cümlədən vətəndaşların qəbulu cədvəlləri əlavə edilməmişdir.

 

Dövlət - vətəndaş əlaqələri birtərəfli cığır deyil, ikitərəfli yoldur

 

Rəhbər şəxslərin vətəndaşlarla ünsiyyətinin ən səmərəli forması onları qəbul edərək sonadək dinləmək, gündəlik problemlərini və məişət qayğılarını həll etmək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin respublikanın bölgələrində olduğu zaman vətəndaşlara göstərdiyi qayğı və diqqətdən nümunə götürərək vaxtaşırı hər bir kənddə, hər bir qəsəbədə, hər bir məhəllədə onlarla görüşlər keçirmək, bütövlükdə əhalini narahat edən problemlərin səbəblərini aradan qaldırmaqdır. Burada əsas prinsip bundan ibarət olmalıdır ki, vətəndaş, ilk növbədə, öz yaşadığı kənd və qəsəbənin, rayonun və şəhərin rəhbərliyinə inansın, onun problemlərinə laqeyd yanaşılmayacağına əmin olsun.

Son illərdə istər Prezident Administrasiyasında, istərsə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulunu yaxşılaşdırmaq, onların şifahi müraciətlərini diqqətlə öyrənərək operativ tədbirlər həyata keçirmək üçün xeyli iş görülmüşdür. Bu barədə yuxarıda verilmiş məlumatlara onu əlavə etmək olar ki, vətəndaşlar indi müraciət etdikləri dövlət orqanlarında daha tez qəbula düşə, öz müraciətlərinə daha tez cavab ala bilirlər. Artıq İqtisadi İnkişaf, Fövqəladə Hallar, Vergilər nazirliklərində və digər qurumlarda hətta vətəndaşların birbaşa videogörüntü vasitəsilə qəbulu həyata keçirilir. Gələcəkdə bu şəbəkə daha geniş tətbiq ediləcəkdir.

Prezident Administrasiyasının Vətəndaşların qəbulu otağına müraciət etmiş vətəndaşları narahat edən məsələlərə gəldikdə isə demək olar ki, bunların əksəriyyəti  yazılı müraciətlərdəki məsələlərlə eynidir.

Yerlərdə vətəndaşların qəbulunu yaxşılaşdırmaq üçün hər il mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qəbul məsələləri öyrənilir və bu məsələlər barəsində vaxtaşırı tövsiyələr verilir. Təhlillər göstərir ki, əksər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbulu həftənin bütün iş günləri, vaxt məhdudiyyəti qoyulmadan keçirilir, imtiyazlı şəxslərin, o cümlədən güzəştli kateqoriyadan olan insanların növbədənkənar qəbulu təmin edilir, bir qayda olaraq, qrafiklər əsasında yerlərdə müntəzəm səyyar qəbullar təşkil edilir.

Respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, idarə, müəssisə və təşkilatlarına qəbul üçün müraciət etmiş vətəndaşların 38,6 faizi həmin qurumların rəhbərləri tərəfindən qəbul edilmişdir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının demək olar ki, hamısının rəsmi saytlarında verilən qəbul cədvəllərinin, habelə bununla əlaqədar Prezident Administrasiyasına daxil olan yazılı müraciətlərin öyrənilməsi göstərir ki, bu işdə müsbət irəliləyişlər olmasına baxmayaraq, nöqsanlar da mövcuddur.

Hələ də bəzi qurumların qəbul cədvəllərində qəbul saatları, əlaqə telefonlarının nömrələri göstərilmir, həftənin bütün iş günləri qəbul təşkil edilmir, qəbul 2-3 saatla məhdudlaşdırılır, qəbul cədvəlləri saytlara yerləşdirilmir, yaxud saytda yerləşdirilmiş qəbul cədvəli ilə rəsmi təsdiq olunmuş cədvəl bir-birinə uyğun gəlmir. Bu çatışmazlıqların heç olmasa birinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada, "Azərbaycan Hava Yolları" QSC-də, "Azərsu", "Azneftkimyamaş" ASC-lərdə, Astara, Bərdə, Binəqədi, Cəbrayıl, Xızı, Gədəbəy, Kəlbəcər, Qazax, Sabirabad RİH-lərində rast gəlmək olar.

Vətəndaşların müraciətlərindən göründüyü kimi, ən böyük qüsur ondan ibarətdir ki, müəyyən yerlərdə qəbul cədvəllərinə tam əməl olunmur, vətəndaşları qəbuluna yazıldıqları qurum rəhbərlərinin əvəzinə başqaları qəbul edir və nəticədə onlar öz yaşadıqları şəhər və rayon rəhbərinin, yaxud mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin qəbuluna düşmək üçün Prezident Administrasiyasına müraciət edirlər.

İnanırıq ki, 2012-ci ildə hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında vətəndaşların müəyyən edilmiş cədvəllər üzrə və bilavasitə müvafiq şəxslər tərəfindən qəbulu təşkil ediləcək, onların əsaslı tələbləri həll olunacaq, heç kəs ümidsiz yola salınmayacaq və vətəndaşlar vəzifəli şəxslərlə getdikcə daha asan ünsiyyət yarada biləcək, vəzifəli şəxslərin vətəndaşla əlaqəsi birtərəfli cığıra deyil, ikitərəfli yola çevriləcəkdir.

 

 Sənədlər yaşanan tariximizdir, elektron arxivlər onu daha yaxşı qoruyar

 

 Dövlət idarəetməsinin tərkib hissələrindən olan sənədlərlə işin elektron və ya yazılı formada aparılmasından asılı olmayaraq, onların düzgün tərtib edilməsi, icrasına və dövriyyəsinə nəzarət edilməsi, son nəticədə dövlətin və vətəndaşların yaşanan tarixi olan hər bir sənədin tariximiz və gələcəyimiz üçün qorunub saxlanılması vacib məsələlərdən biridir. Sənədlərin qorunması, eyni zamanda, vətəndaşların müəyyən sosial məsələlərinin, o cümlədən gələcəkdə pensiya təminatı üçün tələb olunan sənədlərin alınmasında, müxtəlif əmlak və torpaq mübahisələrinin həllində və sair məsələlərdə böyük əhəmiyyətə malikdir.

Şəhər və rayon icra hakimiyyətlərində sənədlərin qorunması və onların Dövlət Arxivinə təhvil verilməsi üçün son illər çox iş görülmüş və bu məsələlərə müntəzəm nəzarət edilir. Vəziyyətin öyrənilməsi göstərir ki, əksər şəhər və rayonlarda 2005-2006-cı illərə aid sənədlərin Dövlət Arxivinə verilməsi, bu işin Milli arxiv fondu haqqında qanunvericiliyə uyğun təşkili təmin edilmişdir. Buna misal olaraq, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını, Naftalan, Şirvan şəhərlərini, Bakı şəhərinin Nizami, Suraxanı rayonlarını, Ağdaş, Ağsu, Astara, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qubadlı, Qusar, Lerik, Neftçala, Oğuz, Saatlı, Samux  rayonlarını göstərmək olar. Lakin Bakı şəhərinin Binəqədi, Xəzər, Qaradağ, Yasamal rayonlarında, Gəncə, Mingəçevir və Yevlax şəhərlərində, Beyləqan, Xızı və Qazax rayonlarında bu sahədə bəzi qüsurların olduğu, məlumatların tam olmadığı müəyyən edilmişdir.

Şəhər və rayon icra hakimiyyətləri öz ərazilərində fəaliyyət göstərən ikili tabeli dövlət idarə və təşkilatlarında da sənədlərin Dövlət Arxivinə vaxtında təhvil verilməsinə  nəzarət etməlidirlər. Bu iş bəzi şəhər və rayonlarda daha yaxşı təşkil olunub. Düşünürük ki, hər yerdə bu məsələlərə diqqət artırılacaqdır.

Qeyd etmək lazımdır ki, hələ də Prezident Administrasiyasına daxil olan bəzi müraciətlərdə Böyük Vətən müharibəsi iştirakçılarının və arxa cəbhədə çalışanların təltiflərini və əmək fəaliyyətlərini, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslərin döyüş bölgəsində xidmətini təsdiq edən sənədlərin, şəhər və rayon, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətindən vaxtilə verilmiş qərar və sərəncamların surətlərinin, müəyyən mülkiyyət mübahisələri zamanı tələb olunan əmlak və torpaq sənədlərinin, yaxud sovet dövründə əmək stajlarını təsdiq edən arayışların alınması zamanı vətəndaşların çətinliklərlə üzləşdikləri göstərilir. Burada ən çox müstəqillik illərində ləğv olunmuş, yaxud özəlləşdirilmiş idarə və müəssisələrin keçmiş fəhlə və qulluqçularının müraciətləri narahatlıq doğurur. Həmin şəxslər pensiya və müavinətlər almaq üçün sənədlər təqdim edərkən bəzi hallarda əmək kitabçalarının, yaxud digər sənədlərinin alınması barədə müraciət etdikdə, belə idarə və müəssisələrin sənədlərinin nə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, nə də yerli arxivlərə təhvil verilmədiyi aşkar olunur.

Məsələn, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin sakini Sofiya Maqiyeva (Quliyeva) əmək kitabçasını itirdiyini, 1983-1990-cı illərdə işlədiyi "Naxçıvan" mehmanxanasının sənədləri Dövlət Arxivinə təhvil verilmədiyinə görə arayış ala bilmədiyini, bu səbəbdən ona pensiya təyin edilmədiyini yazır, Milli Arxiv İdarəsində və digər dövlət orqanlarında müraciətinə baxılmamasından narazılıq edir. Bununla əlaqədar Milli Arxiv İdarəsindən alınan cavabda müəllifin işlədiyi "Naxçıvan" mehmanxanasının sənədlərinin nə Milli Arxiv İdarəsinə, nə Bakı ŞİH-in Mənzil-Kommunal Təsərrüfatı İdarəsinə, nə də Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilmədiyi, hüquqi varisi olan "Hyatt Regency" otelində isə əvvəlki işçilər barədə hər hansı yazılı və digər formada məlumatın mövcud olmadığı bildirilir. Təəssüf ki, belə nümunələr çoxdur və vətəndaşları haqlı narahat edir.

Bəzi hallarda sənədlərin vaxtında Dövlət Arxivinə təhvil verilməməsindən müəyyən neqativ məqsədlər üçün istifadə edildiyini, hətta onların itirilməsinə yol verildiyini nəzərə alaraq həm Milli Arxiv İdarəsi, həm də yerli icra hakimiyyəti orqanları bu məsələlərə daha ciddi yanaşmalıdırlar.

Hazırda sənədləşmə işində elektron vasitələrin geniş tətbiq olunması üçün böyük imkanlar yarandığına görə elektron arxivlərin yaradılması aktual məsələyə çevrilir. Bu, sənədlərin qorunmasını və onlardan istifadəni xeyli asanlaşdıracaqdır.

 

 Azərbaycanın yeni inkişaf konsepsiyası qüdrətli və demokratik dövlət, insanların xoş güzəranı deməkdir

 

 2011-ci ildə ölkəmizin qazandığı böyük uğurlar və bu uğurların Azərbaycan xalqının həyatında yaratdığı müsbət dəyişikliklər, ölkənin yaxın gələcəkdə sürətli və dinamik inkişafı üçün təməli qoyulan böyük layihələr yaşadığımız 2012-ci ilin də yeni qələbələrlə zəngin olacağına, ölkə iqtisadiyyatının və vətəndaşların həyat səviyyəsinin daha da yüksələcəyinə dərin inam yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci ildə qarşıya qoyduğu vəzifələr ulu öndər Heydər Əliyevin müstəqilliyimizi əbədiləşdirmək amalını qətiyyətlə həyata keçirmək, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq, onu modernləşdirmək və ən müasir bir dövlətə çevirmək, ən başlıcası isə Azərbaycan vətəndaşlarının yüksək həyat şəraitini təmin etmək qətiyyətindən irəli gəlir. Ölkə Prezidentinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" 2011-ci il 29 noyabr tarixli sərəncamı bunu bir daha təsdiq edir. Hazırda ayrı-ayrı sahələr üzrə həyata keçirilən çoxsaylı proqramlarla yanaşı, bu Konsepsiya 2020-ci ilədək Azərbaycanın qarşısına qoyduğu əsas hədəfləri müəyyənləşdirəcəkdir.

Bu əsas hədəflərin konturları isə respublika Prezidentinin ölkə ictimaiyyəti qarşısında vaxtaşırı etdiyi çıxışlarında öz əksini tapmışdır. Bunlar ölkəmizdə demokratiyanın, şəffaflığın daha da artırılması, qanunun aliliyini təmin edən mükəmməl mexanizmlərin yaradılması, ölkənin müdafiə qüdrətinin, iqtisadi, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsi, innovasiyaların geniş tətbiqi, qeyri-neft sektorunun inkişafı, yeni sənaye sahələrinin yaradılması ilə iqtisadiyyatın şaxələndirilməsi, istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, yoxsulluq həddinin minimuma endirilməsi, orta təbəqənin genişləndirilməsi, insan amilinin ön plana çəkilməsi, elm, mədəniyyət, təhsil və səhiyyənin durmadan inkişaf etdirilməsi və digər vacib məsələlərdən ibarətdir.

Artıq respublikanın bütün ziyalı və mütəxəssis elitasının bu Konsepsiyanın hazırlanmasına cəlb edilməsinə başlanmış və ilin sonuna kimi mükəmməl, eyni zamanda, real bir Konsepsiyanın hazırlanacağı heç bir şübhə doğurmur.

Ölkə Prezidenti respublika Nazirlər Kabinetinin bu ilin yanvarında keçirilən iclasında 2012-ci ildə dövlət orqanlarının qarşısında duran vəzifələri müəyyənləşdirmiş, əhalinin, o cümlədən sıravi vətəndaşların, güzəştli təbəqənin, elm və təhsil işçilərinin, hərbi qulluqçuların, qaçqınların, məcburi köçkünlərin və başqalarının sosial rifahının daha da yaxşılaşdırılması, ölkənin beynəlxalq əlaqələrinin gücləndirilməsi, respublikanın ərazi bütövlüyünün bərpası üçün görülən işlərin daha qətiyyətlə davam etdirilməsi, bir sözlə, bütün məsələlər barəsində konkret tapşırıqlarını vermişdir.

Respublika Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində demişdir: "Mən tam əminəm ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir. Bizim gördüyümüz bütün işlərin məqsədində, bir daha demək istəyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi dayanır".

2012-ci ildə Azərbaycan bir sıra əlamətdar hadisələrlə bütün dünyanın diqqət mərkəzində olacaqdır. Bu ilin artıq ilk günlərindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi onun məsləhətləşmələrində iştirak edən ölkəmiz may ayında dünyanın ən mötəbər beynəlxalq təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edəcəkdir. Həmçinin Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi bütün dünyanın nəzərlərini ölkəmizə cəlb edəcəkdir. Bundan başqa, 2020-ci ilin Yay Olimpiya Oyunlarını və Paraolimpiya Oyunlarını keçirmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar olaraq bu il bir sıra tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Ölkə Prezidenti 2012-ci ildə böyük quruculuq işləri ilə yanaşı, eyni zamanda, ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin davam etdiriləcəyini, bu sahədə daha böyük işlər görüləcəyini bildirərək demişdir: "Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır. Bu mübarizənin yaxşı nəticələri vardır, daha da yaxşı nəticələr ola bilər. Burada həm cəza tədbirləri, inzibati tədbirlər və həm də institusional tədbirlər olacaq, sistem xarakterli dəyişikliklər ediləcəkdir".

Təbiidir ki, görülən bütün işlər respublika əhalisinin, ilk növbədə, sıravi vətəndaşların daha yaxşı yaşamasına, ölkənin inkişafına daha böyük töhfələr verməsinə, bütün dövlət orqanlarında vətəndaşların müraciətlərinə daha diqqətlə yanaşılmasına, gündəlik həyatda onlar üçün, ümumiyyətlə, problemlərin yaranmamasına  xidmət edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözlərini heç bir dövlət qulluqçusu, heç bir vəzifəli şəxs və heç bir vətəndaş unutmamalıdır: "2012-ci il başlayır. 2012-ci ildə görüləcək işlər çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm".

 

 

Süleyman İsmayılov

 

Azərbaycan.- 2012.- 10 fevral.- S.4-5.