Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının medallarının təqdimatı olmuşdur

 

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Dövlət qulluğunda fərqlənməyə görə", "İgidliyə görə", "Hərbi xidmətlərə görə" və "Tərəqqi" medallarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik etmişdir.

İnsan amilinə, çəkilən zəhmətə, göstərilən səyə dövlətimizin yüksək qiymət verdiyini deyən Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, təltif olunanlar bundan sonra da uğurlu fəaliyyətlərini davam etdirəcək, çalışdıqları sahələrdə nümunə göstərəcək, ölkəmizin daha da çiçəklənməsi naminə  zəhmətlərini əsirgəməyəcəklər.

Ali Məclisin sədri təqdimat mərasiminin əlamətdar gündə - Naxçıvan Muxtar Respublikasının yaradılmasının 88-ci ildönümü ərəfəsində keçirildiyini bildirmiş, bu münasibətlə təltif olunanları təbrik etmiş, uğurlar arzulamışdır.

Sonra Ali Məclisin sədri təltif olunanlara medalları və onların vəsiqələrini təqdim etmişdir.

Təltif olunan şəxslər əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə etmiş, təqdimat mərasiminin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 88-ci ildönümü ərəfəsinə təsadüf etməsinin onlara ikiqat sevinc yaşatdığını bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 10 fevral.- S.6.