Dünyanın
zülməti, qəlbin işığı
Ötən
əsrin 70-ci illərində Azərbaycan mətbuatında -
xüsusilə "Ədəbiyyat və incəsənət"
qəzetində imzası müntəzəm görünən
Telman Qarayev cəfakeş qələm sahiblərindən
biridir. Jurnalist kimi fəaliyyətə "Ədəbiyyat və
incəsənət" qəzetindən başlasa da, sonralar
uzun müddət radio və televiziyada çalışdı.
Ömrünün 50 ilini məhz bu sahəyə
bağladı. Telman Qarayevin Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə işıq üzü
görmüş "Sənətin keçdiyi yollar"
kitabı da məhz illər boyu yazdığı məqalələrin,
reportajların toplusudur.
Gözlərinin
nurunu, ürəyinin istisini bağışladığı
bu yazılarda Telman Qarayev ömrünün
acılı-şirinli xatirələri boylanır.
Yaradıcılığına, həyatına güzgü
tutduğu insanların - sənət adamlarının
işıqlı portretlərini görürük. Kitabı
milli radiomuzun keçdiyi şərəfli yola ithaf edən
müəllif oxuculara üz tutaraq bir niskilini
çatdırır: "İşıqlı dünyada
yazdıqlarımı qaranlıq dünyada oxuyası
oldum". Bu kədər və xiffət dolu fikrin məna
ağırlığı insanı riqqətə gətirir.
Telman Qarayev qəlbinin işığı ilə hər şeyə qalib gəlib, yaddaşının sədaqətinə sığınıb. İllər boyu minbir həvəslə yazdığı məqalələrini, reportajlarını bir yerə toplayaraq sanballı bir kitab şəklində oxuculara ürəklə, cəsarətlə, məhəbbət və ehtiramla ərmağan edib. Min dəfə gözdən keçirsək də, unutduğumuz söz, cümlə, abzas ola bilər və bu, o qədərdir ki... Telman Qarayev isə bütün yazılarını əzbər bilir. Hətta hansı cümlədən sonra hansı fikir var, bir sözlə, nöqtəsindən vergülünə kimi Telman Qarayevin yaddaşında əbədi möhkəmlənib. Sınamaq üçün arada bircə sözü buraxsan, dərhal dillənər - düz oxumadın. Qəlbinin işığı, yaddaşının möhkəmliyi birləşərək ən qatı zülməti də heçə döndərir. Duyğuları heç vaxt onu aldatmaz. Jurnalistikada yolunu, izini aydın seçdiyindən onu bir söz döngəsində belə çaşdırmaq olmaz.
Kitaba ön söz yazan sənətşünaslıq elmləri doktoru, professor Ramiz Zöhrabov uzun illər dostluq etdiyi, yaradıcılığına yaxından bələd olduğu müəllif haqqında öz fikrini belə bildirib: "Telman Qarayevin həm səs dəryasında, həm də 50 illik fəaliyyəti dövründə mətbuatda dərc olunan yazılarında dövrün mədəniyyət salnaməsi toplanıb. Orada onlarla namizədlik və doktorluq elmi işlərinin məhsulu var. Tədqiqatçı alimlər, musiqi nəzəriyyəsi və elmi işlə məşğul olan gənclər bu xəzinədən heç olmasa bir damla götürməlidir. Onun qapısı hər kəsin üzünə açıqdır. Telman Qarayev radio, televiziya çıxışlarında, müsahibələrində dəfələrlə deyib ki, bu sərvəti xalqı üçün toplayıb". Həqiqətən də Telman müəllimin səs xəzinəsində elə sənətkarların, sənət xiridarlarının səslərini eşitmək mümkündür ki, bu qənimət və nadir inciləri qoruyub saxladığı üçün biz ağsaqqal jurnalistimizə, mətbuat cəfakeşinə minnətdarlıq duyğuları ilə yanaşmalı oluruq. Lent yazılarından sənət korifeylərinin - Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Fatma Mehrəliyevanın və onlarca başqalarının səslərini eşitmək mümkündür. Telman Qarayev bir tərəfdən radio üçün bu şəxsiyyətlərdən müsahibə alırdı, digər tərəfdən də onlar haqqında mətbuatda çıxış edirdi. Xalq yazıçısı Elçin Telman Qarayevin bu sahədəki əməyini yüksək dəyərləndirərək onu "sənət fədaisi" adlandırır.
Azərbaycan musiqisinin təbliğində çox böyük xidmətləri olan müəllifin yeni kitabı dörd fəsildən ibarətdir. Birinci fəsildə Üzeyir dünyasına işıq salaraq "Leyli və Məcnun"dan "Koroğlu"yadək gələn bir musiqi karvanının sənət yükündən söz açır. Üzeyir Hacıbəyli yaradıcılığına dərin məhəbbətlə yanaşan müəllif yazır: "Üzeyir Hacıbəyov varlığı, ölməzliyi həyatımıza, məişətimizə elə daxil olub ki, əsrlər, qərinələr ötsə də onu iftixarla yad edəcək, əzəmətli sənəti qarşısında ehtiramla baş əyəcəyik". Telman Qarayev bir jurnalist məharəti ilə vaxtilə Tbilisidə keçirilən "Musiqi baharı" festivalında keçmiş sovetlər birliyinin görkəmli incəsənət xadimlərinə "Ü.Hacıbəyovun yaradıcılığı və şəxsiyyəti barədə nə deyə bilərsiniz" sualı ilə müraciət edib. Aldığı cavablar əsasında dahi bəstəkarın işıqlı və orijinal portretini ustalıqla yaradıb. Bütün fikirlərin cəmində deyil, ayrı-ayrı rəylərdə belə Üzeyir Hacıbəylinin əzəməti dayanır. Məsələn, qazaxıstanlı bəstəkar L.Kuyanmyarov söyləyib: "...O, həm Azərbaycanda, həm də bütün Şərqdə professional elementlərlə milli musiqinin vəhdətini yaratmaq yolunda bizim hamımıza nümunədir. Elə buna görə də Üzeyir musiqisini bütün sənətsevərlər dərin məhəbbət və rəğbətlə qarşılayır". Müəllif Üzeyirşünaslığın səhifələrini demək olar ki, ardıcıllıqla vərəqləyərək bu dahi bəstəkar haqqında onlarla reportaj hazırlayıb, məqalə yazıb.
Kitabın ikinci fəslində isə müxtəlif mövzulara toxunan müəllif incəsənətimizin problemlərindən, rəqs sənətimizin özəllik və gözəlliklərindən, Azərbaycan musiqisinin şöhrətindən, tarzən Əhsən Dadaşovun, bəstəkar Ağabacı Rzayevanın, müğənni Şövkət Ələkbərovanın, xalq artisti Lütfiyar İmanovun, unudulmaz bəstəkarımız Tofiq Quliyevin və başqalarının yaradıcılığından söz açır. Səsi ilə qəlbləri oxşayan Şahmalı Kürdoğlu ilə apardığı söhbət diqqəti çəkir. Müsahibədə vokal sənətimizin inkişaf yoluna nəzər salınır.
Telman Qarayev düşündürməyi bacaran qələm sahibidir. Mahnı janrımızın taleyi ilə bağlı "Bizdən də çox şey asılıdır" yazısında məhz bəstəkarlarımızın yaradıcılığından, yaranan mahnıların keyfiyyətindən, musiqi kollektivlərindən, xalq yaradıcılığından geniş söhbət açaraq bir məsələni diqqətə çəkməyə çalışır ki, bəstəkarlar məhz bədii və sənətkarlıq baxımından dəyərli olan mətnlərə, şeirlərə müraciət etməlidirlər. Eləcə də xalq mahnılarımızın təbliğində yaranan problemləri aradan qaldırmaq üçün musiqişünaslarla apardığı söhbətlər də oxucunun diqqətini çəkir. Maraqlıdır ki, Telman Qarayev bu cür müzakirələri məhz 1973-cü ildə radioda səsləndirib. Sovet dövrünün kəskin vaxtlarında xalq mahnılarından, xalq yaradıcılığından belə məhəbbətlə danışmaq, bu melodiyaların zənginliyindən, əbədiliyindən söz açmaq, bəzən də xalq mahnılarında quruluşdan gəlmə təzyiqlərə yol verməyi tənqid etmək jurnalist məharəti və cəsarətidir.
Kitabın üçüncü fəslində tanınmış bəstəkarlarla müəllifin apardığı müsahibələrə yer verilmişdir. Xüsusilə də unudulmaz Adil Gərayın yaradıcılığı ilə bağlı qələmə alınan "Mənalı ömür yolu" məqaləsində yer verilmiş, onun dilindən bir sıra sənətkarların iş üsulundan, insanı valeh edən tələbkarlığından xəbərdar oluruq.
Kitabın dördüncü fəslində müəllifin tanınmış musiqi xadimlərinin yubileyləri ilə əlaqədar qələmə aldığı xatirələr, təəssüratlar və esselər toplanıb. Bu bölmə kitabın həcmcə ən böyük hissəsidir. Burada təqribən 100-dən artıq məqalə var. Kimlərin haqqında oxumursan? Bülbül avazının şirinliyindən, Niyazinin dirijorluq məharətindən, Fikrət Əmirovun, Qara Qarayevin dünyanı dolaşan şöhrətlərindən, Süleyman Ələsgərovun xeyirxahlığından, Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan baletinin müəllifi olmasından, Cahangir Cahangirovun mahnılarından, Rəşid Behbudovun ürəkləri oxşayan nəğmələrindən, Sara Qədimovanın sönməyən ulduzluğundan, Fatma Mehrəliyevanın "Kəsmə şikəstəsi"ndən, Rübabə Muradovanın yanıqlı səsindən, "Qaya"nın fəaliyyətindən və onlarca başqalarından məharətlə, özünəməxsus yazı üslubu ilə söz açan Telman Qarayev oxucu qəlbinə yol tapan müəllifdir. Bəstəkarlardan Emin Sabitoğlu, Səid Rüstəmov, Vasif Adıgözəlov, Şəfiqə Axundova, müğənnilərdən Nəzakət Məmmədova, Flora Kərimova, Müslüm Maqomayev, İslam Rzayev, Arif Babayev... kimi sənətkarlarla apardığı müsahibələrdə də musiqiyə olan maraqdan, diqqətdən danışılır.
Kitabın sonunda müəllif oxucuya üz tutaraq yazır: "Bu da sənətin keçdiyi yollar...". Böyük sevgi ilə, məhəbbətlə üz tutduğu oxucudan elə gözlədiyi cavab da yəqin bu olar: "Hələlik son deyil". Çünki Telman Qarayev də bir müəllif kimi bildirir ki, hələ çox kitablar hazırlayacaq. Onun arxivində cildlərə sığmayan materiallar çoxdur. İllər boyu cəfakeşliklə, fədakarlıqla yazıb yaradıb həmkarımız. Bəzən bu kitabdakı yazıları vərəqləyəndə belə təəccüb və heyrətlənirsən. Müəllif bir insan haqqında bir neçə dəfə yazıb. Bütün yazıları da fərqli, yeni və təsirli, özünü heç vaxt təkrarlamayıb. Demək olar ki, Azərbaycan mədəniyyətinin elə bir tanınmış siması, nümayəndəsi yoxdur ki, Telman Qarayev onun yaradıcılığı barədə yazmamış olsun. Bu kitab əslində gənclər üçün daha gərəklidir. Xüsusilə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan tələbələr ondan dərslik kimi faydalana bilərlər. Burada təkcə sənətkarların adları ilə tanış olmuruq. Ən vacibi odur ki, hər bir sənət adamının yaradıcılıq xüsusiyyəti də mükəmməl təhlil olunub. Onların fərqli və oxşar cəhətləri ustalıqla şərh edilib. İnanırıq ki, qəlbinin işığını bağışladığı bu yazılar bütün oxucular tərəfindən maraqla qarşılanacaq. Ürəyə yol tapan bir xoş sözün, bir dəyərli kəlmənin, müdrik bir fikrin hansı şəraitdə yazılması önəmli deyil. Əsas odur ki, müəllifin qələmindən süzülən bu incilərin özü nurludur, könlümüzə əbədi işıq salır. Bu işığın izləri isə pozulmazdır...
Flora XƏLİLZADƏ
Azərbaycan.-
2012.- 10 fevral.- S.7.