Azərbaycanlı
rejissora «Kaliforniya film mükafatları – 2011»in «Qızıl
mükafatı» təqdim edilmişdir
Xəbər verdiyimiz kimi, Azərbaycanın "Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi ABŞ-da keçiriləcək "Kaliforniya film mükafatları - 2011" (2011 California Film Awards) müsabiqəsinin nominantları sırasına daxil edilmişdir.
Kinostudiyadan AzərTAc-a bildirmişlər ki, bu günlərdə ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində müsabiqənin təntənəli mükafatlandırma mərasimi təşkil edilmişdir. Mərasimdə qaliblərin adları geniş ictimaiyyətə açıqlanmışdır. Mükafat alanlar sırasında azərbaycanlı rejissor, "Sahə" filminin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat da vardır. Həmyerlimizə "Kaliforniya film mükafatları - 2011"in "Qızıl mükafatı" təqdim edilmişdir.
Fransa, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Argentina kimi ölkələri əhatə edən bu mötəbər sənət yarışmasında gənc rejissorların filmləri kino sənayesinin tanınmış ustadlarından ibarət mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Müsabiqənin əsas məqsədi kino istehsalının inkişafına və tərəqqisinə kömək göstərmək, mədəniyyət xadimlərinə, həmçinin rejissorlara dəstək olmaq, kino sənayesinin təşəkkül tapmasına çalışmaqdır.
"Sahə" bədii filmi məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən bəhs edir.
"Narimanfilm" (Azərbaycan), "Georgianfilm" və "Bagira Films" (Gürcüstan) studiyalarının müştərək istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "PAŞA Bank"ın iştirakı ilə ekranlaşdırılmışdır.
Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkilmişlər.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat, operatorları Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamları Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkarı Andrey Doynikov, bədii rəhbəri Cəmil Quliyev, prodüseri Nəriman Məmmədovdur.
Azərbaycan.-
2012.- 10 fevral.- S.7.