«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı  

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli qanununun 2014-cü il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 3-cü hissəsində göstərilən məlumatlardan başqa şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil ediləcək məlumatlar barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatlardan fizikihüquqi şəxslər üçün oxunuşu açıq və ya bağlı olanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına məlumatların daxil edilməsi, dəyişdirilməsi (hansı orqanların buya digər məlumatları daxil etməsi və ya dəyişdirməsi və hansı orqanlar üçün buya digər məlumatların açıq və ya bağlı olması göstərilməklə), həmin məlumatların aktuallığının təmin edilməsi, vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş özü haqqında məlumatların düzgünlüyünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəsiqəni verən yerli orqanlarının binalarında quraşdırılmış elektron avadanlıqlardan istifadə etməklə yoxlaması və bununla əlaqədar zəruri olan digər məsələlər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin ləğv edilməsi barədə təkliflərini və bu fərmanın 1.2 - 1.4-cü bəndlərində nəzərdə tutulan məsələləri də əks etdirən yeni Əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına onların qanuni nümayəndələrinin müraciəti əsasında elektron daşıyıcısı (çip) olan fərdi identifikasiya kartının verilməsini təmin etmək məqsədi ilə müvafiq normativ hüquqi aktların layihələrini, həmin kartın təsvirini, spesifikasiyasını və nümunəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. 2014-cü il yanvarın 1-dən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsini təmin etsin;

1.10. Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması və müvafiq texniki vasitələrin alınması ilə bağlı maliyyələşdirmə məsələlərini həll etmək məqsədi ilə zəruri tədbirlər görülməsini təmin etsin;

1.11. bu fərmanın 1.9-cu və 1.10-cu bəndlərinin icrasının gedişi haqqında altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.12. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə bu sahədə beynəlxalq təcrübəyə malik olan hüquqi şəxsin seçilməsini və onunla müvafiq müqavilənin imzalanmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqəsindən ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə olunması məqsədi ilə xarici dövlətlərin aidiyyəti orqanları ilə danışıqlar aparılmasını təmin etsin və həmin dövlətlərlə beynəlxalq müqavilələrin imzalanmasına dair təkliflərini 2014-cü il martın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Müəyyən edilsin ki:

5.1. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

5.2. həmin qanunun 4-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.

6. Bu fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqinormativ xarakterli aktlar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.-11 fevral.- S.  4.