İnsan hüquqlarına dair Milli Fəaliyyət Proqramının ictimai müzakirəsi davam edir

 

 İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında dövlət proqramları, strategiyalar və milli fəaliyyət planları böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq üçün Milli Fəaliyyət Proqramı təsdiq edilmiş və  bu proqram 2006-cı ildən uğurla həyata keçirilən İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq yeni istiqamətlər müəyyən etmişdir.

Cəmi 20 illik müstəqillik tarixinə malik olan ölkəmizdə insan hüquqları sahəsində sayca 3-cü belə bir dövlət əhəmiyyətli sənədin təsdiq edilməsi respublikada insan hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Milli Fəaliyyət Planlarının konsepsiyası və demokratik inkişafda əhəmiyyəti 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransının yekun tövsiyələrində də öz əksini tapmışdır. Həmin konfransda hər bir dövlətə insan hüquqlarının müdafiəsini və təşviq olunmasını daha da təkmilləşdirə biləcək addımları müəyyənləşdirən Fəaliyyət Planının hazırlanmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək tövsiyə olunmuşdur.

Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində müvafiq dövrün prioritetlərinə uyğun belə sənədlər qəbul olunmuşdur. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş mühüm əhəmiyyətə malik olan sənədlər sırasında ümummilli lider Heydər Əliyevin  22 fevral 1998-ci il tarixində imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı və 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" xüsusi yer tutur. Həmin sənəddə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi əksini tapmışdı. Eyni zamanda sənəddə bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuşdur. Sonralar həmin aktlarda təsbit olunmuş məsələlərin həlli istiqamətində mühüm islahatlar həyata keçirilmiş və qarşıya qoyulan məqsədlər yerinə yetirilmişdir.

Bu islahatların məntiqi davamı kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında ilk dəfə olaraq İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) təsdiq edilmişdir. Həmin Plan insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, beynəlxalq səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmiş, bununla da davamlı, köklü islahatların, ardıcıl, mütəşəkkil proseslərin bünövrəsi qoyulmuşdur.

MFP-nin həyata keçirilməsinin əlaqələndirilməsi, dəyərləndirilməsi funksiyasını daşıyan İşçi Qrupu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin rəhbərliyi ilə uğurla fəaliyyət göstərmişdir. MFP-nin icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası və nəticələrinin müzakirəsi üçün cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə ölkəmizin bütün rayon və şəhərlərində ictimai dinləmələr keçirilmişdir. Hər il MFP-də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti, ictimai dinləmələrin nəticələri təhlil olunmuş, irəli sürülmüş təkliflər ümumiləşdirilərək kitab şəklində nəşr edilmiş, ölkə rəhbərliyinə və ictimaiyyətə təqdim olunmuşdur. Bu nəşrlər müxtəlif qurumlar arasında təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin inkişafında dəyərli vasitə kimi istifadə olunmuşdur.

Lakin zaman dəyişdikcə hər yeni inkişaf mərhələsi insan hüquqlarının təmin olunması sahəsində yeni məqsədlər, prioritetlər, problemlər və onların həlli məsələlərini doğurur. Bu da islahatların zəruriliyini gündəmə gətirir. Odur ki, yeni prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir.  Avropa Şurasının baş katibi T.Yaqlandın ölkə başçısına ünvanladığı məktubda bu proqramın təsdiq edilməsi alqışlanır və mühüm əhəmiyyətli sənəd kimi dəyərləndirilir.

Ölkəmizdə səfərə gələn xarici nümayəndə heyətləri, o cümlədən bu günlərdə Azərbaycanda olmuş AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri C.Qrex və P.Aqramunt da Ombudsmanla görüşdə belə bir Proqramın qəbulunu yüksək qiymətləndirmişlər.

İnsan hüquqları üzrə yeni dövlət proqramı ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasını, sözün əsl mənasında, keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Çoxşaxəli problemləri özündə ehtiva edən bu proqram insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasının əsas istiqamətlərini də müəyyən etmişdir. Bunlar  normativ-hüquqi bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi; dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri; insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləridir. Bu sənəddə Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin icra mexanizminin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi də öz əksini tapmışdır.

Müstəqil monitorinq mexanizmi qismində isə Ombudsman təsisatı müəyyən edilmişdir. Həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin geniş əhatəliliyinə və öz praktiki əhəmiyyətinə görə bu qəbildən olan digər proqramlardan kifayət qədər fərqlənən belə bir Milli Fəaliyyət Proqramının səmərəli icrasına nail olmaq böyük təşkilatçılıq işi, dövlət qurumlarının, QHT-lərin və icmaların davamlı, mütəşəkkil və müntəzəm əməkdaşlığını tələb edir.

Milli Fəaliyyət Proqramının verəcəyi faydalar və yaradıcılıq potensialı aşkar göstərir ki, ən əvvəl, Proqram insan hüquqlarının daha səmərəli müdafiəsi, pozulmuş hüquqların bərpası, habelə hüquqların pozulmasının qarşısını almaq üçün münbit şərait yaradır. Proqramın tətbiqi nəticəsində hökumət rəsmiləri, hüquq-mühafizə orqanları, vətəndaş cəmiyyəti institutları və ictimaiyyət arasında insan hüquqları sahəsində məlumatlılıq artacaq, hər bir qurumun öz seçimi ilə tədbirlərin təşkil edilməsi isə əməkdaşlıq üçün real imkanlar yaradacaqdır.

 Proqramın həyata keçirilməsi sayəsində möhkəm hüquqi baza, o cümlədən beynəlxalq normalara daha böyük bağlılıq, insan hüquqlarının müxtəlif sahələrində beynəlxalq standartların daxili hüquqda daha səmərəli implementasiyası, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi və qanunun aliliyi daha səmərəli şəkildə təmin ediləcəkdir. Eyni zamanda Proqram insan hüquqlarının daha səmərəli müdafiəsini, insan hüquqları mədəniyyətinin inkişafını, insan hüquqları sahəsində fəaliyyət göstərən milli təsisatların öz fəaliyyətlərinin təkmilləşdirilməsini və daha da gücləndirilməsini təmin edəcəkdir.

Bu proqramın həyata keçirilməsi, hamının, xüsusən də əhalinin zəif qruplarının yaşayış səviyyəsinin yüksəlməsinə yönəlmiş ayrı-ayrı sahələr üzrə daha səmərəli sosial proqramların qəbul olunmasına, bütövlükdə isə milli həmrəyliyin güclənməsinə, daxili sabitliyin qorunub saxlanmasına, demokratik idarəetmənin təkmilləşməsinə, dövlətçiliyin möhkəmlənməsinə və ölkəmizin beynəlxalq aləmdə imicinin daha da artmasına zəmin yaradacaqdır.

Ümumilikdə Proqram mövcud prioritetlərə əsaslanaraq gələcəyə yönəlmişdir. Belə ki, həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərin həbsdə saxlanılmasının qanuniliyinin təmin edilməsi, tutulmuş şəxslərin ekstradisiya olunmaq üçün hüquqlarının təmin edilməsi məqsədilə cinayət-prosessual qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi, uşaqların cinsi istismarının qarşısının alınması üçün cinayət qanunvericiliyinin beynəlxalq hüquq standartlarına uyğunlaşdırılması, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə onların cinayət məsuliyyətinin müəyyən edilməsinə dair təkliflərin hazırlanması, diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, miqrantların hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi layihəsinin hazırlanması üzrə işin yekunlaşdırılması, işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları ilə əlaqədar əmək qanunvericiliyinin, valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi və digər vəzifələr də bu məqsədlərə xidmət edir.

Milli Fəaliyyət Proqramında həmçinin, müasir dövrün tələbləri, eyni zamanda mövcud vəziyyət təhlil olunmaqla dövlət qurumları qarşısında mühüm vəzifələr müəyyən edilmişdir. Belə ki, Proqramda işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, yeni peşələrin qazanılmasına yönəlmiş kursların təşkili, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması kimi tədbirlərin nəzərdə tutulması əmək hüquqlarının daha effektiv müdafiəsi baxımından əhəmiyyətlidir.

Proqramda əhalinin müxtəlif qruplarının, o cümlədən, qadınların, uşaqların, gənclərin, miqrantların, etnik azlıqların, ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə müvafiq dövlət orqanları üzərinə mühüm vəzifələr qoyulmuşdur. Bir sözlə, bu proqram ölkəmizdə insan hüquqlarının inkişafı sahəsində mühüm əhəmiyyətə malik olan bir sənəddir və konkret məqsədlərə yönəlmiş tədbirlər, onların icraçıları, müddətinin göstərilməsi, icraya nəzarətin təşkili üçün də imkan yaradır. Proqramın təhlili onun bütövlükdə dövlətimizin davamlı, uzunmüddətli inkişaf strategiyalarına sıx bağlılığını göstərir və əhalinin sosial rifahının, həyat səviyyəsinin daha da artmasına, yoxsulluğun, işsizliyin aradan qaldırılmasına yönəlmişdir. Proqramın fərqli cəhəti bir də ondan ibarətdir ki, nəinki dövlət qurumları, vətəndaş cəmiyyəti, əhalinin bütün qrupları qarşısında real, konkret, aydın şəkildə vəzifələr qoyulur, həm də onların  icra mexanizmləri göstərilir. Beləliklə, Proqramı oxuyanda hər bir kəsə aydın olur ki, qarşıya qoyulmuş məqsəd - ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmin edilməsi üçün nə etməliyik. Proqramın uğurla, mütəşəkkil, dinamik tərzdə həyata keçirilməsi üçün, ən əvvəl, yerlərdə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının bilavasitə iştirakı ilə bu proqramın tam şəkildə icrasına nail olmaq zəruridir, eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində birgə əməkdaşlıq daha da gücləndirilməli, yerli imkanlar səfərbər olunmalıdır.

Milli Fəaliyyət Proqramının təhlili göstərir ki, burada insan hüquqlarının müdafiəsi istiqamətində daha geniş və məqsədyönlü tədbirlər nəzərdə tutulmuş, Milli Fəaliyyət Planından fərqli olaraq Proqramın icrasına daha çox dövlət qurumları cəlb olunmuşdur. Belə ki, Milli Fəaliyyət Planının icrasında 31 dövlət qurumu iştirak etdiyi halda, Milli Fəaliyyət Proqramının icrasına 43 dövlət qurumunun, o cümlədən, Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanlarının cəlb olunması bu sənədin icra mexanizminin effektivliyinə yönəlmişdir.

"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" ölkə Prezidentinin müvafiq sərəncamında Azərbaycan Respublikasının Milli Məclisinə, Ali Məhkəməyə, Baş Prokurorluğa, İnsan hüquqları üzrə müvəkkilə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Vəkillər Kollegiyasına, Milli Televiziya və Radio Şurasına, Mətbuat Şurasına Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirakın tapşırılması dövlətin insan hüquqlarının müdafiəsinə verdiyi önəmi bir daha sübut edir.

Sərəncamda ictimai rəyi nəzərə almaq məqsədilə belə bir xüsusi bənd var: "Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının  həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər".

Proqramın həyata keçirilməsinin monitorinqi, dəyərləndirilməsi və əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərliyin müstəqil, məhkəmədənkənar mexanizm olan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) tövsiyə olunması, bir çox dövlət qurumlarını və vətəndaş cəmiyyəti təsisatlarını özündə birləşdirən şəbəkə şəklində fəaliyyət göstərəcək İşçi qrupuna göstərilən etimadla yanaşı, üzərimizə böyük vəzifələr və məsuliyyət qoyur. Proqramın icra mexanizminin çevik və işlək tərzdə fəaliyyət göstərməsi üçün bir sıra tədbirlər də nəzərdə tutulmuşdur və onlar artıq həyata keçirilir. Proqramın həyata keçirilməsinin monitorinqi və əlaqələndirilməsi məqsədilə bu sənədin icrasına məsul olan dövlət qurumlarının, habelə, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət yeni tərkibdə İşçi qrupu və onun  nəzdində bir neçə altqrupları yaradılacaqdır.

İşçi qrupunun Əsasnaməsinin layihəsi hazırlanaraq onun fəaliyyəti mütəmadi olaraq təhlil ediləcək, vaxtaşırı həm tərkibi, həm də işi təkmilləşdiriləcək. Proqramın təbliği və səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti, bələdiyyələr, məhkəmə, daxili işlər və prokurorluq orqanlarının, QHT-lərin, KİV-in, icmaların və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr, seminarlar, "dəyirmi masa"lar, konfranslar, habelə həm mərkəzi, həm də regional televiziya və radio ilə verilişlər təşkil olunacaqdır.

Müntəzəm olaraq dövlət qurumları tərəfindən Proqramın icrası istiqamətində görülmüş işlər təhlil olunub ümumiləşdirilərək Azərbaycan Respublikasının Prezidentinə və ictimaiyyətə təqdim olunacaqdır. Aşkarlığı təmin etmək üçün Proqramın icrası üzrə məlumatlar müntəzəm olaraq xüsusi internet səhifəsində (mfp.ombudsman.gov.az) yerləşdiriləcəkdir. Artıq həmin saytdan müvafiq məlumatları əldə etmək olar.

Ötən dövrdə qazanılmış müsbət təcrübələrdən biri kimi, Ombudsmanın təşəbbüsü ilə hər il ənənəvi olaraq "18 iyun Milli İnsan Hüquqları Günü" ərəfəsində - mayın 18-dən iyunun 18-dək respublikamızda keçirilən "İnsan hüquqları aylığı" çərçivəsində yerli və mərkəzi icra hakimiyyəti orqanları, eləcə də, vətəndaş cəmiyyəti qurumları olan QHT-lər və KİV-lərlə birgə Milli Fəaliyyət Proqramının təbliği istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Bölgələrdə əhalinin müxtəlif kateqoriyaları ilə görüşlər keçiriləcək, vətəndaşların insan hüquqları sahəsində maarifləndirilməsi işinə, onları öz hüquqlarını öyrənməsinə dair həvəsləndirmək məqsədilə müxtəlif məzmunlu müsabiqələr təşkil olunacaq və digər silsilə tədbirlər keçiriləcəkdir. Vətəndaş cəmiyyəti institutlarını və media nümayəndələrini cəlb etməklə Proqramın implementasiyasının birgə monitorinqləri həyata keçiriləcək və nəticələri ictimaiyyətə çatdırılacaqdır.

Yeri gəlmişkən, bu proseslərin həyata keçirilməsi, demək olar, Proqramın təsdiq olunmasının ilk günlərindən başlamışdır. 2011-ci il dekabrın 28-də Bakı Dövlət Universitetinin hüquq fakültəsində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul olunmasının 10-cu ildönümü günündə ilk dəfə olaraq Milli Fəaliyyət Proqramı ictimaiyyətə təqdim olunmuş, mətbuat səhifələrində işıqlandırılmışdır.

Bu il isə yanvarın 25-də ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasının 11-ci ildönümü günündə Ombudsman Aparatında Milli Məclisin deputatlarının, müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti və KİV-in iştirakı ilə "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra mexanizmləri" mövzusunda "dəyirmi masa"da müzakirə olunmuşdur.

Müzakirə zamanı müvəkkil tərəfindən Proqramın icrasına məsul dövlət orqanları tərəfindən bu sənədin icrası istiqamətində tədbirlər planının hazırlanması, fəaliyyətin əlaqələndirilməsi məqsədilə bir nəfər məsul şəxsin müəyyən edilməsi, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə yaradılacaq İşçi qrupunun Əsasnaməsinin hazırlanaraq müvafiq qaydada təsdiq edilməsi, mütəmadi olaraq Proqramın təbliği və səmərəli icrası məqsədilə yerli icra hakimiyyəti, bələdiyyələr, məhkəmə, daxili işlər və prokurorluq orqanlarının, yerli QHT və KİV-in, icma nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr, seminarlar, "dəyirmi masa"lar, konfranslar, habelə teleradio verilişlərinin təşkil edilməsi, Milli Fəaliyyət Proqramının icrası sahəsində tərtib olunmuş məlumatların, bununla bağlı yaradılmış xüsusi internet səhifəsində (mfp.ombudsman.gov.az) yerləşdirilməsi, həmçinin, kitab şəklində nəşr olunaraq bu sənədin icrasına məsul dövlət qurumlarına, QHT-lərə təqdim olunması vacib sayılmışdır. Eyni zamanda bölgələrdə əhalinin müxtəlif kateqoriyaları ilə görüşlərin keçirilməsi, vətəndaşların insan hüquqları sahəsində maarifləndirilməsi işinə, insanları öz hüquqlarını öyrənməsinə dair həvəsləndirmək məqsədilə müxtəlif məzmunlu müsabiqələrin təşkili və digər silsilə tədbirlərin keçirilməsi,  insan hüquqları sahəsində qanunvericiliyin və qüvvədə olan bütün dövlət proqramlarının insan hüquqları baxımından birgə monitorinqin təşkili, əhalinin müxtəlif kateqoriyalarının hüquqlarının müdafiəsi, o cümlədən hazırda bütün dünyanın diqqət yetirdiyi prioritetlərdən olan ahılların hüquqlarının müdafiəsi üzrə fəaliyyətin daha da genişləndirilməsi, hüquq-mühafizə orqanları əməkdaşları üçün seminarların, habelə ayrı-ayrı problemlər, o cümlədən ədalət mühakiməsi, məhkəmə qərarlarının icrası ilə əlaqədar müzakirələrin aparılması, vətəndaş cəmiyyəti institutları və media nümayəndələrini cəlb etməklə birgə monitorinqlərin həyata keçirilməsinin əhəmiyyəti xüsusi qeyd olunmuşdur.

2012-ci il 30 yanvar tarixində Ombudsman Aparatında ölkədə fəaliyyət göstərən aparıcı QHT-lər və KİV nümayəndələrinin iştirakı ilə Proqramın vətəndaş cəmiyyəti ilə birgə müzakirəsinə həsr olunmuş növbəti "dəyirmi masa" keçirilmişdir.

Müzakirələr zamanı qarşıya qoyulmuş vəzifələri daha səmərəli yerinə yetirməkdən ötrü Proqramın təbliği və icrası prosesində paytaxt və regionlarda vətəndaş cəmiyyəti və yerli QHT-lərin də cəlb olunduğu ictimai dinləmələr, seminarlar, "dəyirmi masa"lar, konfransların keçirilməsi, insan hüquqları sahəsində qanunvericiliyin və qüvvədə olan bütün dövlət proqramlarının insan hüquqları baxımından birgə monitorinqi prosesinə Forumun üzvü olan və digər QHT-lərin də cəlb olunması, əhalinin müxtəlif kateqoriyalarının hüquqlarının müdafiəsi üzrə fəaliyyətin daha da genişləndirilməsi, valideyn himayəsindən məhrum olmuş və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara qayğının artırılması, şəffaflığı təmin etmək üçün ictimai nəzarət institutunun fəaliyyətində, digər hüquqlarla yanaşı, vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı müvafiq qanunvericiliyin monitorinqində, dövlət qurumlarında yaradılmış ictimai şuralarda QHT-lərin daha geniş təmsil olunması, hüquq klinikalarının fəaliyyətinin genişləndirilməsi, ixtisaslaşdırılmış hüquq klinikalarının yaradılması, yuvenal ədliyyə ilə əlaqədar müzakirələrin keçirilməsi, vəkillik institutunun təkmilləşdirilməsi, mediasiya institutunun formalaşması, uşaq hüquqları üzrə işçi qrupunun yaradılması, aliment fondunun yaradılmasının sürətləndirilməsi irəli sürülmüşdür.

İlk ictimai dinləmələr həm dövlət qurumlarının, həm vətəndaş cəmiyyəti institutlarının, həm də medianın bu Proqrama böyük maraq göstərdiyini və bu sahədə ictimai fəallığın yüksək olduğunu təsdiqlədi. Tədbirlərdə irəli sürülmüş maraqlı təklif və tövsiyələr ümumiləşdirilərək saytda yerləşdiriləcəkdir.

Belə tədbirlər davamlı olaraq Bakıda, regionlarda əhalinin müxtəlif qrupları və KİV nümayəndələri ilə də keçiriləcəkdir. Proqramın gənclərlə müzakirə edilməsi üçün Gənclər və İdman Nazirliyi ilə qadınların iştirakını təmin etmək məqsədi ilə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi də planlaşdırılmışdır. Eyni zamanda Təhsil Nazirliyi ilə razılaşdırılmaqla Proqrama dair xüsusi mövzular ali məktəblərin proqramlarına salınacaq və təhsil müəssisələrində tədris olunacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Polis və Ədliyyə akademiyalarına müraciət edilmiş və Proqramla bağlı mövzuların həmin təhsil müəssisələrinin tədris proqramına da daxil edilməsi razılaşdırılmışdır.  

Proqramın monitorinqi və qiymətləndirilmə zamanı əldə olunmuş uğurlarla yanaşı, mövcud çatışmazlıqlar, çətinliklər aşkarlanacaq, qarşıya qoyulmuş məqsədlərə çatmaq yolları və vasitələri barədə təkliflər isə müzakirə edilib səlahiyyətli qurumlara təqdim olunaraq onların icrasına nəzarət ediləcəkdir.

Hazırda vacib məsələlərdən biri də Proqramın vaxtında səmərəli implementasiyasıdır. Odur ki, yaxın zamanda Proqramın təbliği və təşviqi məqsədilə regionlarda Ombudsmanın regional mərkəzlərinin əhatə etdiyi ətraf rayonlar da cəlb olunmaqla ictimai dinləmələr keçiriləcəkdir.

Dövlətin digər hüquq-müdafiə mexanizmləri ilə bərabər, üzərimizə qoyulan vəzifələrin icrası istiqamətində birgə fəaliyyət göstərərək, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını uğurla həyata keçirəcəyik.

 

 

Elmira SÜLEYMANOVA,

Azərbaycan Respublikasının İnsan hüquqları

üzrə müvəkkili (Ombudsman), professor

 

Azərbaycan.- 2012.-11 fevral.- S.  6.