Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın turizm naziri Karlos Enriki Meyeri qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Argentina Respublikasının turizm naziri Karlos Enriki Meyeri qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında son illər ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Argentinada Azərbaycanın səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Argentinanın turizm naziri Karlos Enriki Meyerin Azərbaycana səfərinin münasibətlərimizin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Argentinanın turizm naziri Karlos Enriki Meyer ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dedi. Əməkdaşlığın inkişafında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayan qonaq bu baxımdan rəhbərlik etdiyi nazirlik tərəfindən Azərbaycanın turizm sektoru nümayəndələrinin Argentinaya təşkil olunacaq səfərinin önəmini qeyd etdi. O, Azərbaycanda hər il keçirilən ənənəvi turizm sərgisində ölkəsinin turizm şirkətlərinin də iştirak etmək arzusunda olduğunu bildirdi.
Görüşdə əlaqələrimizin möhkəmlənməsində 2013-cü ildə Argentinada keçiriləcək Azərbaycan mədəniyyəti günlərinin önəmi qeyd olundu.
AzərTAc
Azərbaycan.- 2012.-12 fevral.- S. 1.