Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli
287 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının
Müəllif Hüquqları Agentliyi
haqqında Əsasnamə»də dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"ni "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1079-IIIQD nömrəli Qanununa və "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 124-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 719; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 8, maddə 630, ¹ 10, maddə 789, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85, ¹ 6, maddə 496) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci və 8.30-cu bəndlərdə ismin müvafiq hallarında "folkloru nümunələri" sözlərindən, 8.28-ci bənddə hər iki halda və 8.31-ci bənddə ismin müvafiq hallarında "folklor nümunələri" sözlərindən sonra ismin müvafiq hallarında "(ənənəvi mədəni nümunələr)" sözləri əlavə edilsin.
2. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
"5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.".
3. Aşağıdakı məzmunda 8.28-1-ci bənd əlavə edilsin:
"8.28-1. digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verir;".
4. 9-cu bənd ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
7 fevral 2012-ci il
Azərbaycan.- 2012.-12 fevral.- S. 2.