Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında 2011-ci il noyabrın 11-də Bakı şəhərində imzalanmış sənədlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası və Macarıstan Respublikası arasında 2011-ci il noyabrın 11-də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar zamanı əməkdaşlıq və qarşılıqlı yardım sahəsində Saziş;

1.2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Macarıstan Respublikası Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş;

1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Macarıstan Respublikasının Milli İqtisadiyyat Nazirliyi arasında vergi inzibatçılığı sahəsində əməkdaşlığa dair Memorandum;

1.5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Macarıstan Respublikasının Dövlət İdarəçiliyi və Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.6. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Macarıstan Respublikasının Ticarət və Lisenziyalaşdırma İdarəsi arasında metrologiya sahəsində texniki əməkdaşlığa dair Anlaşma Memorandumu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmanın 1.1-1.6-cı bəndlərində göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 12 fevral.- S. 4.