Tanınmış bəstəkar Elza İbrahimova son mənzilə yola salınmışdır

 

Fevralın 11-də tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elza İbrahimova son mənzilə yola salınmışdır.

Vida mərasimində tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Azərbaycan İncəsənət Gimnaziyasının binasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.

Mərhumun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdür.

Elza İbrahimovanın həmkarları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun bənzərsiz yaradıcılığının pərəstişkarları axın-axın İncəsənət Gimnaziyasının binasına gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Matəm mitinqində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi və əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək Elza İbrahimovanın mənalı ömür yolu və zəngin yaradıcılığından danışmışlar.

Bildirilmişdir ki, böyük bəstəkarımız Qara Qarayevin sinfində təhsil alan Elza İbrahimova hələ tələbəlik illərindən özünü tanıda  bilmişdir. Onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları daim öz orijinallığı ilə diqqəti cəlb etmişdir. E.İbrahimova müasir Azərbaycan musiqisində mahnı janrının inkişafına da əvəzsiz töhfələr vermişdir. Onun müxtəlif illərdə bəstələdiyi və korifey sənətkarlarımızın repertuarında xüsusi yer tutan mahnıları müəllifinə daim şöhrət gətirmişdir.

Diqqətə çatdırılmışdır ki, Elza İbrahimova ölkəmizdə musiqiçi kadrların hazırlanması işinə də böyük əmək sərf etmişdir.

Elza İbrahimovanın musiqi mədəniyyətinin inkişafı sahəsində nailiyyətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının və o cümlədən Dağıstan Respublikasının xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Vurğulanmışdır ki, hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə qoymuş Elza İbrahimova Azərbaycan musiqisi yaşadıqca yaşayacaqdır.

Mərhumun ailəsi adından çıxış edən qardaşı Çingiz İbrahimov bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.

Sonra böyük sənətkarın cənazəsi son mənzilə yola salınmışdır.

Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

 

Azərbaycan.- 2012.-12 fevral.- S.  5.