Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə sürətli inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı   əlaqələrimizin qarşıdakı illərdə də möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın regionda sülhə və sabitliyə xidmət edəcəyini dedi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini vurğuladı.

Xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin dövlət başçısının Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnun olduğunu dedi. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın rəhbərliyi altında əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nahyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısına çatdırmağı  xahiş etdi.

 

 AzərTAc

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 1.