Azərbaycan Prezidenti İlham Əliyevin
və NATO-nun baş katibi Anders Foq
Rasmussenin mətbuata birgə bəyanatı
Fevralın
15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və NATO-nun
baş katibi Anders Foq Rasmussen
Alyansın Brüsseldəki mənzil-qərargahında mətbuat
nümayəndələri qarşısında birgə bəyanatla
çıxış etmişlər.
Baş katib Anders Foq Rasmussenin bəyanatı
- Sizi
salamlayıram. Azərbaycan Prezidenti
cənab İlham Əliyevi burada, NATO-nun mənzil-qərargahında salamlamaqdan
olduqca məmnunam.
NATO Azərbaycan ilə tərəfdaşlığını
yüksək dəyərləndirir.
Biz, Əfqanıstanda Azərbaycanın verdiyi töhfəsinə görə
olduqca minnətdarıq.
Bizim bir çox siyasi prioritetlərimiz və təhlükəsizlik
sahəsində maraqlarımız
üst-üstə düşür.
Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz Avropa və
Avratlantik təhlükəsizliyinə
töhfə verir.
Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik.
Cənab Prezident, Sizin bugünkü səfəriniz Çikaqo
sammiti ərəfəsində
NATO-nun tərəfdaş ölkələrlə
apardığı məsləhətləşmələrə
verdiyi əhəmiyyəti
nümayiş etdirir. Çox yaxşı və məhsuldar görüşümüz
baş tutdu. Əməkdaşlığımızı və regional, eləcə
də beynəlxalq səviyyədə bizi narahat edən məsələləri müzakirə
etdik. Biz, həmçinin gələcəkdə
hansı şəkildə
birgə işləmək
imkanlarını da müzakirə etdik. İşimizi birgə müzakirə
etmək məqsədi
ilə bir azdan sonra NATO-nun bütün 28 müttəfiq
ölkəsi ilə birgə toplantı keçirəcəyik və
bizi narahat edən məsələləri
dinləyəcəyik. Bu, NATO-nun tərəfdaşları
qarşısında götürdüyü
öhdəlikdir. Biz bu öhdəliyi çox ciddi qəbul edirik. Xüsusilə də mən,
Əfqanıstanda apardığımız
əməliyyatları müzakirə
etmək istərdim.
Azərbaycan həmin əməliyyatlara
həm hərbçiləri
ilə, həm də hava məkanından
istifadə etmək hüququ kimi töhfə verir. Biz bu dəstəyi
yüksək dəyərləndiririk.
Əməkdaşlığımız digər sahələri də əhatə edir. Dekabrda biz Fərdi Tərəfdaşlığın
Əməliyyat Planı
üzərində razılığa
gəlmişik. Bu yeni
plan qarşıdakı 2 ildə
əməkdaşlığımızın
daha da inkişaf
etdirilməsi üçün
yaxşı zəmin yaradacaqdır. Bir sözlə, əməkdaşlığımız
yaxşıdır və
genişlənir.
Azərbaycan mühüm regionda əhəmiyyətli
tərəfdaşdır və
gələcəkdə mən
Sizinlə apardığım
işin davam etdirilməsini səmimiyyətlə
arzulayıram.
Prezident İlham Əliyevin bəyanatı
- Cənab
baş katib, çox sağ olun. Ölkəmiz haqqında söylədiyiniz
xoş sözlərə
və dəvətə
görə minnətdaram.
NATO-nun mənzil-qərargahında
yenidən olmağıma
və ikitərəfli
münasibətlərimizə aid olan bir çox
mühüm məsələləri
müzakirə etməkdən
çox şadam.
NATO ilə Azərbaycan
arasında münasibətlərin
çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət
tarixdir. 1990-cı illərin əvvəllərindən
Azərbaycan Avratlantik
strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərəçarpan
irəliləyişi əldə
etmişik. Biz Silahlı Qüvvələrimiz
daxilində islahatlar aparırıq və mən çalışıram
onları NATO standartlarına
uyğunlaşdırım. Buna görə də
əməkdaşlığımızın
bu hissəsinin Silahlı Qüvvələrimizə
çox böyük təsiri vardır. Eyni zamanda, NATO-nun dünyanın
müxtəlif yerlərində
aparılan əməliyyatlarındakı
iştirak hərbi qulluqçularımıza öz
bacarıqlarını artırmaqda
yardımçı olmuş
və onlar NATO-dakı həmkarlarından
bir çox məsələləri öyrənmişlər.
Biz Əfqanıstanda ilk vaxtlardan
olmuşuq. Cənab baş katibin
qeyd etdiyi kimi, biz hava məkanından və ərazimizdən keçmək
imkanını yaradırıq.
Çox
şadam ki, Əfqanıstana daşınan
yüklər baxımından
Azərbaycanın tranzit
ölkə kimi əhəmiyyəti artır.
Bu gün biz bu
sahədə gələcək
əməkdaşlığımızı
müzakirə etdik.
Əməkdaşlığımızı bu sahədə
genişləndirmək məqsədilə
yeni təklifləri müzakirə etməyə
hazırıq.
Eyni zamanda, biz Əfqanıstanda qulluq etmək məqsədi ilə hərbçilərimizi
oraya ezam edirik. Bu, Əfqanıstanda beynəlxalq sülh qüvvələrinin apardıqları
əməliyyatlar baxımından
üzərimizə götürdüyümüz
öhdəliyin bir hissəsidir. Bu gün, həmçinin mən cənab baş katibə məlumat verdim ki, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən
keçiririk. Gələcəkdə bu cür maliyyə
töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə
bilərik. Eyni zamanda,
biz Diplomatik Akademiyamızda
və Sərhəd Qoşunları Akademiyamızda
əfqan diplomatları
üçün təlim
kursları təşkil
edirik. Biz, həmçinin istehkamçı
və digər humanitar məsələlər
üzərində işləyirik
və əməkdaşlığımızı
genişləndirməyə hazırıq.
Bu gün biz, həmçinin
regional təhlükəsizlik məsələləri, xüsusən
də Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə
etdik. Mən cənab
baş katibi bu danışıqların
hazırkı durumu ilə tanış
etdim və bir daha ümidvar
olduğumuzu bəyan etdik ki, bu
münaqişə mümkün
qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü
bərpa ediləcəkdir.
Bunun üçün yaxşı
hüquqi əsas vardır. Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası
erməni qoşunlarının
Azərbaycanın işğal
olunmuş ərazilərindən
qeyd-şərtsiz və
dərhal çıxarılmasını
tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl
edəcəkdir.
Bu gün apardığımız
müzakirələrin müəyyən
hissəsi enerji təhlükəsizliyinə həsr
olunmuşdu. Bu, bütün ölkələrin - həm
hasilatçı, həm
istehlakçı ölkələrin
milli təhlükəsizliyinin
olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji
təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir
və əminəm ki, çevriləcəkdir.
Avropadakı istehlakçılarımız,
həmçinin NATO-nun üzvü
olan dövlətlərdir.
Bu mövzu müzakirələrimizin
və məsləhətləşmələrimizin
bir hissəsidir.
Baş katibə etdiyi dəvətə görə bir daha minnətdarlığımı
bildirmək istəyirəm. Münasibətlərimizin inkişaf etməsindən
və dəyişməsindən
məmnunluğumu bildirirəm.
Ümidvaram ki, əlaqələrimiz
uğurla inkişaf edəcəkdir və qarşılıqlı maraqlara
və ortaq dəyərlərə əsaslanacaqdır.
Çox sağ
olun.
Sonra jurnalistlərin sualları cavablandırılmışdır.
Şaiq Məmmədov, Azərbaycan Televiziyası:
Sualım baş katibədir. Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatlarına hərbçilər,
təlimlər və xüsusən də tranzit baxımından mühüm töhfə verir. Cənab baş katib,
Sizin fikrinizcə, əməliyyatların uğurlu
olmasında Azərbaycanın
iştirakı nə dərəcə vacib və əhəmiyyətlidir?
Baş katib Anders Foq RASMUSSEN: Bəli, əlbəttə ki, Azərbaycanın Əfqanıstanda
apardığımız əməliyyatlara
verdiyi töhfə çox vacibdir. Bu, həm hərbçilər,
həm təlim və qeyd etdiyiniz
kimi, tranzit baxımından vacibdir.
Biz Əfqanıstanda Azərbaycan hərbçiləri
tərəfindən görülən
işi çox yüksək dəyərləndiririk.
Bu gün Prezident
və mən tranzit məsələləri
ilə bağlı gələcəkdə əməkdaşlığımızın
hansı mümkün
şəkildə genişləndirilməsi
yollarını araşdırdıq.
Biz Əfqanıstandakı əməliyyatlarımızın perspektivlərini müzakirə
etdik. Bildiyiniz kimi, biz təhlükəsizlik
üzrə əsas məsuliyyəti bu gündən etibarən
2014-cü ilin sonunadək
tədricən Əfqanıstanın
təhlükəsizlik qüvvələrinə
həvalə edəcəyik.
Mən bu gün çox
məmnun oldum ki, Azərbaycan Prezidenti ölkəsinin Əfqanıstanın təhlükəsizlik
qüvvələrinin formalaşmasına
maliyyə töhfəsini
verəcəyini elan etdi. Bu, həmin
qüvvələr üçün
çox əhəmiyyətlidir.
Çünki biz Əfqanıstanı tərk etdikdən sonra əmin olmalıyıq ki, bu ölkənin təhlükəsizlik qüvvələri
tam məsuliyyəti öz
üzərinə götürə
bilər. Bu məqsədlə onlara pul vəsaitləri lazımdır. Biz onları maliyyələşdirməliyik.
Mən bu gün verilən
bəyanatı səmimi
qəlbdən alqışlayıram.
Mən Azərbaycan tərəfinin
humanitar əməliyyatlara
verdiyi töhfəni də yüksək dəyərləndirirəm. Bir sözlə, Azərbaycan öz hüdudlarından kənarda, Əfqanıstanda
çox mühüm rol oynayır.
AzərTAc
Azərbaycan.-2012.- 16 fevral.- S.1-2.