«Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilmişdir

 

BMT-nin Narkotiklərə və Cinayətkarlığa Qarşı Mübarizə Ofisi, Avstriya hökuməti, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisibaşqa maraqlı tərəflərin birgə təşəbbüsü ilə ötən il təsis edilmiş təşkilatın - Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir.

Akademiyanın beynəlxalq keçid heyətinin və beynəlxalq məşvərət şurasının rəhbəri Martin Kreutnerin rəhbərlik etdiyi bu səfərin məqsədi ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində aparılan işlərlə, eləcə də dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində dövlət siyasəti ilə tanış olmaq və "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda iştirak etməkdir.

Səfərin ilk günü Martin Kreutnerin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədov, vergilər naziri Fazil Məmmədov və baş prokuror Zakir Qaralovla görüşmüşlər. Görüşlərdə Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı həyata kecirilən tədbirlər, onların səmərəliliyi, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı məsələləri müzakirə edilmişdir.

Dünən isə Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Beynəlxalq Antikorrupsiya Akademiyasının, Prezident Administrasiyasının, Milli Məclisin, Respublika Baş Prokurorluğunun, Vergilər Nazirliyinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Konfransı giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov qonaqları və tədbir iştirakçılarını salamlamış, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılan işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin korrupsiyaya qarşı mübarizə ilə bağlı strateji kursunun əsasları ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu sahədə bir sıra qanunvericilik sənədləri qəbul edilmişdir. Hazırda korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu deyən nazir bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə hökumət qarşısında yeni tələblər irəli sürüb. Qarşıya qoyulan məsələlərin icrasını təmin etmək üçün "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunu, bununla bağlı Dövlət Proqramı və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya qəbul edilmişdir.

F.Məmmədov həmçinin qeyd etmişdir ki, dövlət tərəfindən korrupsiyaya qarşı həyata kecirilən tədbirlərin səmərəliliyi bu prosesdə müxtəlif tərəflərin, o cümlədən beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin bütün təbəqələrinin fəal iştirakını tələb edir. Korrupsiyaya qarşı mübarizənin Vergilər Nazirliyinin də diqqət mərkəzində olduğunu vurğulayan F.Məmmədov onun əsas istiqamətlərini vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılmasında, vətəndaş-məmur təmaslarının minimuma endirilməsində, nəzarət mexanizmlərinin gücləndirilməsində və kadrların bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsində gördüklərini bildirmişdir. Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasının ən səmərəli üsulu kimi müasir informasiya texnologiyalarından istifadə edilməsi və elektron xidmətlərin tətbiqi olduğunu bildirən nazir bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsi məqsədilə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə danışmış, vergi sistemində şəffaflığın təmin edilməsinə imkan verən elektron xidmətlər barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət tərəfindən korrupsiyaya qarşı həyata kecirilən tədbirlər, bu prosesdə beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti ilə aparılan işlər barədə danışmışdır. Natiq qeyd etmişdir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində kifayət qədər güclü normativ hüquqi baza yaradılmış və dövlət qulluqçularının etik davranış kodeksləri qəbul edilmişdir. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və müxtəlif beynəlxalq konvensiyalara qoşulmuşdur.

 

Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyətinin rəhbəri Martin Kreutner Azərbaycanda keçirilən konfransın əhəmiyyətini vurğulayaraq beynəlxalq antikorrupsiya hərəkatı barədə danışmış, korrupsiyanın cəmiyyətin inkişafına mane olduğunu, ciddi sosial-iqtisadi, mənəvi-hüquqi problemlər və vətəndaşlarda dövlət orqanlarına inamsızlıq yaratdığını bildirmişdir. M.Kreutner korrupsiyanın qarşısının alınmasında profilaktik tədbirlərin mühüm rol oynadığını, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin korrupsiya ilə mübarizə üzrə fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsinin də çox vacib olduğunu qeyd etmişdir.

M.Kreutner həmçinin akademiyanın beynəlxalq, innovativ mərkəz kimi tanındığını və bu sahədə peşəkar mütəxəssisləri birləşdirdiyini qeyd etmiş və bildirmişdir ki, akademiya BMT-nin Korrupsiyaya Qarşı Konvensiyasının məqsədlərini rəhbər tutur, ölkələrə, təşkilatlara, korporasiyalara və digər maraqlı tərəflərə yardım və texniki dəstək göstərir.

Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynli, QHT-lərin Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura və Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisi Aysu Məmmədova çıxış etmişlər.

Konfransın sonunda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınmasını birgə təşviq etmək və korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Beynəlxalq Antikorrupsiya Akademiyası və Azərbaycan Republikası Vergilər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.

 

 Azərbaycan.- 2012.- 16 fevral.- S. 3.