Azərbaycan
mədəniyyəti və turizm
imkanları İtaliyada keçirilən
görüşlərdə geniş təbliğ
edilmişdir
Azərbaycan
Respublikasının mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev
İtaliyaya səfəri çərçivəsində
bu ölkənin turizm
və idman naziri Pyero Nyudi ilə görüşmüşdür.
Azərbaycanın
İtaliyadakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, nazir Ə.Qarayev italiyalı həmkarına Azərbaycan
hökumətinin turizmin inkişafına verdiyi prioritet əhəmiyyət,
turizm infrastrukturunun inkişafı istiqamətində
görülən tədbirlər və İtaliya tərəfi
ilə əməkdaşlığa dair məlumat vermişdir.
O, iki ölkə arasında turizm sahəsində mövcud olan
zəngin əməkdaşlıq imkanlarının
reallaşdırılması məqsədi ilə nazir P.Nyudini
Azərbaycana səfərə, eləcə də bu ilin
aprelində Bakıda keçiriləcək 11-ci Azərbaycan
Beynəlxalq turizm və səyahət sərgisinə dəvət
etmişdir.
Nazir
Ə.Qarayev İtaliyanın turizm operatorlarının və
turizm materiallarının naşirlərinin Azərbaycana səfərlərinin
təşkil olunması təşəbbüsü ilə
çıxış etmişdir. Səfərlərin nəticəsi
olaraq, digər məsələlərlə
yanaşı, italyan dilində Azərbaycan
turizmi ilə bağlı müxtəlif
informasiya-təbliğat materiallarının nəşr
etdirilməsi də nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycanın
turizm sahəsində təhsil istiqamətində
İtaliya ilə əməkdaşlıqda
maraqlı olduğu qeyd
edilmişdir.
Azərbaycana
səfərlə bağlı Ə.Qarayevin dəvətini məmnunluqla
qəbul edən P.Nyudi turizm operatorları və nəşriyyat
şirkətlərinin səfərlərinin təşkili
istiqamətində səylərini əsirgəməyəcəyini
bildirmişdir. O, turizm sahəsində təhsil istiqamətində
İtaliyanın zəngin təcrübəsini
bölüşməyə hazır olduğunu diqqətə
çatdırmışdır.
Həmin
gün nazir Ə.Qarayev İtaliyanın mədəniyyət
naziri Lorentso Ornaqi ilə görüşmüşdür. Ə.Qarayev iki ölkə
arasında tarixən mövcud olan mədəni əlaqələrin
inkişafına mühüm əhəmiyyət
verildiyini qeyd etmişdir. O, mədəniyyət infrastrukturunun bərpasında İtaliya
şirkətlərinin və mütəxəssislərinin
iştirakından məmnunluğunu bildirmişdir.
Nazir
Ə.Qarayev həmkarına cari ildə İtaliyada
keçiriləcək Azərbaycanın mədəniyyət
günləri və Heydər Əliyev Fondu
tərəfindən İtaliyada təşkil
ediləcək ölkəmizin müasir
incəsənət sərgisi haqqında məlumat vermiş, həmkarını Azərbaycana səfərə
dəvət etmişdir. O, yaxın illərdə
İtaliya ilə həyata keçirilməsi
nəzərdə tutulan incəsənət,
musiqi və kinematoqrafiya
sahələrində bir sıra əməkdaşlıq
layihələri ilə bağlı məlumat vermişdir.
Nazir
L.Ornaqi Romada "Azərbaycan: İpək yolu üzərində
Odlar Yurdu" sərgisinin açılmasından məmnunluğunu
bildirmiş, İtaliyada Azərbaycan mədəniyyətinə,
xüsusilə də sivilizasiyalararası dialoq, mədəni-dini
müxtəliflik və tolerantlıq kontekstində dərin
maraq göstərildiyini vurğulamışdır. O,
incəsənət, musiqi, kinematoqrafiya,
mədəni abidələrin bərpası və digər sahələrdə
əməkdaşlığın vacibliyini
bildirərək bu istiqamətlərdə
Azərbaycan ilə birgə işləməyə davam edəcəklərini diqqətə
çatdırmışdır.
Azərbaycan.- 2012.- 16 fevral.- S.3.