“Mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında”
Azərbaycan
Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 20-ci bəndlərinə əsasən mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyəti, habelə indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. mədəni bitkilər - insan tərəfindən
ərzaq məhsulları, sənaye üçün xammal, yem,
dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən
bitki növləri, sort və formaları;
1.1.2. mədəni bitkilərin genetik ehtiyatları - ərzaq
məhsulları istehsalı, kənd təsərrüfatı,
tibbi və digər fəaliyyət üçün faktiki və
ya potensial dəyərə malik bitki mənşəli istənilən
genetik material;
1.1.3. genetik material - reproduktiv və
vegetativ-çoxalma materialı da daxil olmaqla özündə
irsiyyətin funksional vahidlərini saxlayan bitki mənşəli
istənilən material;
1.1.4. mədəni bitkilərin genetik ehtiyat nümunələri
- canlı saxlanılan bütöv bitkilər, həmçinin
onların eyni növə və ya növdaxili taksona aid olan
bitkilər almaq imkanı verən hissələri (toxum, kök
yumruları, qələmlər, soğanaqlar,
kökümsovlar, canlı bitkilər və s.),
orqanlarının toxumaları, hüceyrələri;
1.1.5. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi - mədəni bitkilərin
genetik ehtiyatlarının toplanması, təhlükəsiz
qorunub saxlanması və öyrənilməsi;
1.1.6. genbank - mədəni bitkilərin genetik ehtiyatları
nümunələrinin müvafiq saxlama şəraitində
mühafizəsi üçün xüsusi qurğu və
avadanlıqla təchiz edilmiş saxlanma yeri (otaq, bina, kamera);
1.1.7. mədəni bitkilərin genetik ehtiyatları
kolleksiyaları - bitki müxtəlifliyinin toplanmış,
sistemləşdirilmiş və sənədləşdirilmiş,
fiziki və hüquqi şəxslər tərəfindən
onların təbii həyat mühitindən (yabanı növlərin
təbii areallarından, sortların isə səciyyəvi
xüsusiyyətlərini və adaptiv xassələrini
qazandığı yerlərdən) kənarda nəzarət
edilən şəraitdə saxlanan komponentləri;
1.1.8. mədəni bitkilərin genetik
ehtiyatlarının Milli kolleksiyaları - dövlətin
mülkiyyətində və mühafizəsində olan mədəni
bitkilərin genetik ehtiyatlarının müxtəlif təyinatlı
kolleksiyaları;
1.1.9. mədəni bitkilərin genetik
ehtiyatlarının Milli kataloqu - bitki genetik
ehtiyatlarının milli kolleksiyalarında qorunub saxlanan genetik
ehtiyat nümunələrinin vahid formaya salınmış məlumat
bazası;
1.1.10. mədəni bitkilərin yabanı əcdadları
- təkamülcə və genetik cəhətdən mədəni
bitkilərə yaxın, onlarla eyni cinsə, növə aid
olan, mədəniləşdirilmə və yeni sortların
alınmasında istifadə baxımından potensiala malik
yabanı növ və formalar;
1.1.11. yerli sortlar - başlıca olaraq ənənəvi
aqrosistemlərdə istifadə edilən, kənd təsərrüfatı
istehsalından çıxarılmış, lakin müəyyən
elmi, sosial-iqtisadi, mədəni-tarixi və digər əhəmiyyət
kəsb edən yerli, əsasən elmi və xalq seleksiya
sortları;
1.1.12. bioloji müxtəliflik - yerüstü, dəniz
və digər su ekosistemləri və ekoloji komplekslər də
daxil olmaqla canlı aləmi təşkil edən bütün
orqanizmlərin növdaxili, növlərarası və ekosistem
müxtəlifliyi;
1.1.13. təbii mühitdə mühafizə -
yabanı bitki müxtəlifliyinin təbii areallarında becərilən
sort və digər nümunələrin xarakterik xüsusiyyətlərini
və adaptiv xassələrini qazandığı mühitdə
(in situ) mühafizəsi və idarə olunması;
1.1.14. genefond - bitki genetik ehtiyatlarının təbii
mühitdə mühafizə və idarə olunan müxtəlifliyi;
1.1.15. mədəni bitkilərin Milli genefondu - yerli
xalq və elmi seleksiya sort və formaları, həmçinin
ölkə ərazisinin təbii məskənlərində bitən,
onlara yaxın yabanı bitki növləri;
1.1.16. bioaraşdırma fəaliyyəti -
kolleksiyaların zənginləşdirilməsi məqsədi
ilə bitki müxtəlifliyinin toplanması, əldə olunan
hüceyrə plazmasının nəzarət edilən şəraitdə
qorunub saxlanılması, elmi-tədqiqat, seleksiya, maarifləndirmə
və digər fəaliyyətdə istifadəsi məqsədi
ilə bitkilərin genetik ehtiyatlarının təbii areallarda
axtarışının aparılması;
1.1.17. genetik aşınma - genetik ehtiyatların səmərəsiz
istifadəsi və lazımi şəraitdə
saxlanılmaması da daxil olmaqla antropogen fəaliyyət və
təbii fəlakət nəticəsində genetik müxtəlifliyin
itirilməsi.
Maddə 2. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi
haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
2.1. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, bu qanundan, "Seleksiya nailiyyətləri
haqqında", "Fitosanitar nəzarəti haqqında",
"Toxumçuluq haqqında" və "Ekoloji təmiz kənd
təsərrüfatı haqqında" Azərbaycan
Respublikası qanunlarından, Azərbaycan Respublikasının
mülki, aqrar və ekoloji qanunvericiliyindən, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdən və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
2.2. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq
müqavilələrdə mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında Azərbaycan Respublikasının
qanunvericiliyindən fərqli qaydalar müəyyən edildikdə
beynəlxalq müqavilələrin tələbləri əsas
götürülür.
Maddə 3. Qanunun məqsədi
Bu qanunun
məqsədi mədəni bitkilərin milli genefondunu təşkil
edən mədəni bitkilərin, onların yabanı əcdadları
da daxil olmaqla genetik ehtiyatlarının indiki və gələcək
nəsillər üçün zəmanətli qorunub
saxlanılmasını, onların ərzaq məhsulları
istehsalında, kənd təsərrüfatı işlərinin
aparılmasında, elmi-tədqiqat, seleksiya və digər fəaliyyətdə
istifadəsini, bitki materiallarına olan ehtiyacın davamlı
ödənilməsini, habelə dövlətin ərzaq, ekoloji
və bioloji ehtiyatlar təhlükəsizliyinin
yaxşılaşdırılmasını təmin etməkdən
ibarətdir.
Maddə 4. Mədəni bitkilərin genetik ehtiyatlarının
obyektləri
4.0. Mədəni
bitkilərin genetik ehtiyatlarının obyektlərinə
aşağıdakılar aiddir:
4.0.1. mədəni bitkilərin yabanı əcdadları
və onların yaxın növləri və növdaxili
müxtəlifliyi;
4.0.2. ərzaq, bəzək və dərman təyinatlı
yabanı bitki materialları;
4.0.3. yerli. xalq seleksiyası
sortları;
4.0.4. becərilən, istifadədən
çıxarılmış və ya tövsiyə olunan sortların Milli kataloquna daxil edilməmiş
elmi seleksiya sortları;
4.0.5. seleksiya xətləri, təsərrüfat əhəmiyyətli
əlamətlərin mənbəyi və donorları;
4.0.6. məxsusi genetik materiallar (mutantlar, hibridlər,
nişanlanmış xətlər, biotexnologiya üsulları
ilə yaradılmış bitki formaları);
4.0.7. genetik məlumatın əsas
daşıyıcıları olan nuklein turşuları (DNT və
RNT);
4.0.8. mədəni bitkilərin genetik
ehtiyatlarından istifadə hüquqları.
Maddə 5. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
fəaliyyətin əsas prinsipləri
5.0. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində fəaliyyətin əsas prinsipləri
aşağıdakılardır:
5.0.1. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinin təmin edilməsi məqsədi ilə ekoloji,
iqtisadi və sosial maraqların elmi əsaslarla
uzlaşdırılması;
5.0.2. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi ilə əlaqədar fəaliyyətin
planlaşdırılması zamanı aqroekosistemlərin təbii
və sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə
alınması;
5.0.3. aqrofitomüxtəlifliyin qorunub saxlanması və
istifadəsi üzrə fəaliyyətin bu sahədə
mövcud qanunvericiliyin tələblərinə uyğun həyata
keçirilməsi;
5.0.4. aqroekosistemlərdə təsərrüfat və
ya digər fəaliyyətin səbəb olduğu antropogen
çirklənmənin müəyyən edilməsi və onun
qarşısının alınması;
5.0.5. gen mühəndisliyinin və yeni
texnologiyaların tətbiqindən alınmaqla, mədəni
bitkilərin genetik ehtiyatlarının sonrakı istifadəsinə
maneə törədən və (və ya) onların
azalmasına səbəb olan genetik modifikasiya olunmuş bitkilər
və digər məhsulların aqroekosistemlərə mənfi
təsirinin qarşısının alınması;
5.0.6. Azərbaycan
Respublikasının bir sıra bitkilərin ilkin və ikinci əmələgəlmə
və mədəniləşdirmə mərkəzi
olmasının sübut edilməsi və Azərbaycan alimləri
tərəfindən və xalq seleksiyası nəticəsində
yaradılmış bitki sortlarının mənşəyini
təsdiq etmək məqsədi ilə genetik
pasportlaşdırmanın həyata keçirilməsi;
2-ci fəsil
Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində idarəetmənin əsasları
Maddə 6. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
dövlətin vəzifələri
6.1. Azərbaycan
Respublikasında mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində dövlətin vəzifələri
aşağıdakılardır:
6.1.1. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində dövlət siyasətini və
strategiyasını müəyyən etmək və onun həyata
keçirilməsini təmin etmək;
6.1.2. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində dövlət orqanlarının səlahiyyətlərini
müəyyən etmək;
6.1.3. mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
hüquqi bazanı formalaşdırmaq;
6.1.4. mədəni bitkilərin genetik ehtiyatları
üzərində sahiblik hüququnu və əqli mülkiyyət
hüququnu müəyyən etmək və bu hüquqların
qorunmasını təmin etmək;
6.1.5. mədəni bitkilərin genetik ehtiyatları
sahəsində dövlət proqramını (Milli Proqramı)
təsdiq etmək və bu proqramda nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsini təşkil etmək;
6.1.6. bitki müxtəlifliyinin təbii areallarında
monitorinqlər keçirmək və mədəni bitkilərin
genetik ehtiyatlarının Milli kolleksiyalarını yaratmaq;
6.1.7. mədəni bitkilərin genetik
ehtiyatlarının Milli kataloqunun yaradılmasını təşkil
etmək;
6.1.8. mədəni bitkilərin genetik
ehtiyatlarının Mərkəzi Məlumat Bazasını və
Milli Genbankını yaratmaq;
6.1.9. mədəni bitkilərin genetik
ehtiyatlarının yerli sortlarını canlı halda qoruyub
saxlayan qeyri-hökumət təşkilatlarını, kənd
təsərrüfatı və digər məhsul
istehsalçılarını stimullaşdırmaq;
6.1.10. Azərbaycan
alimləri tərəfindən və xalq seleksiyası nəticəsində
yaradılmış bitki sortlarının Azərbaycan
Respublikasına məxsus ənənəvi mədəni bitki
brendlərinin siyahısını təsdiq etmək,
onların ölkə daxilində və beynəlxalq miqyasda
mühafizəsinə və təbliğinə hüquqi, elmi
və texniki səviyyələrdə dəstək vermək.
Bu siyahıya daxil olan bitki nümunələrinin öz
xarakterik xüsusiyyətlərini və adaptiv xassələrini
qazandıqları ərazilərdə becərilməsini
stimullaşdırmaq;
6.1.11. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi üzrə fəaliyyətə dövlət nəzarətini
təşkil etmək;
6.1.12. mədəni bitkilərin genetik
ehtiyatlarının toplanması, qorunub saxlanması, öyrənilməsi
və istifadəsi problemləri üzrə tətbiqi və
fundamental elmi tədqiqatları, bioaraşdırma fəaliyyətini
ölkə səviyyəsində əlaqələndirmək,
elmi tədqiqatların və mütəxəssislərin
hazırlanmasını maliyyələşdirmək;
6.1.13. mədəni bitkilərin genetik
ehtiyatlarının Milli genefond nümunələrinin əldə
edilməsi şərtlərini və onların istifadəsindən
alınan gəlirlərin ədalətli
bölüşdürülməsi mexanizmlərini, həmçinin
bu ehtiyatların toplanması, təhlükəsiz qorunub
saxlanması, öyrənilməsi və istifadəsi
qaydalarını müəyyən etmək;
6.1.14. mədəni bitkilərin genetik ehtiyatları
üzrə beynəlxalq konvensiya, müqavilə və
sazişlərə qoşulmaqla bağlı dövlətin
öhdəliklərini müəyyən etmək və
onların həyata keçirilməsini təşkil etmək.
6.2. Mədəni
bitkilərin milli genefonduna aid edilən bitkilərin və
onların genetik ehtiyat nümunələrinin Azərbaycan
Respublikasının gömrük ərazisindən
çıxarılmasına yalnız müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada və şərtlərlə
yol verilə bilər.
Maddə 7. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və istifadəsində vətəndaşların,
elmi-tədqiqat müəssisələri və qeyri-hökumət
təşkilatlarının, kənd təsərrüfatı
və digər məhsul istehsalçılarının
iştirakı
7.0. Vətəndaşlar,
elmi-tədqiqat müəssisələri və qeyri-hökumət
təşkilatları, kənd təsərrüfatı və
digər məhsul istehsalçıları mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulan qaydada, mədəni bitkilərin
genetik ehtiyatlarının təbii areallarında qorunub
saxlanması, bərpa edilməsi və səmərəli
istifadəsi üzrə fəaliyyətdə iştirak edir və
aşağıdakı hüquqlara malikdirlər:
7.0.1. müvafiq orqanlardan yerli aqroekosistemlərin vəziyyəti
və onlarda baş verən genetik aşınma dərəcəsi
haqqında məlumatlar almaq, yerli aqrofitomüxtəlifliyin vəziyyətinin
dövlət monitorinqinin aparılmasında iştirak etmək;
7.0.2. yerli aqrofitomüxtəliflik komponentlərinin
toplanması və qorunub saxlanması sahəsində fəaliyyətə
ictimai nəzarəti həyata keçirmək və
müvafiq qaydada icazə verilməmiş bioaraşdırma fəaliyyətinin
qanuni yollarla qarşısının alınmasında
iştirak etmək;
7.0.3. mədəni bitkilərin genetik
ehtiyatlarının əldə edilməsi və onların
istifadəsindən alınan gəlirlərin ədalətli
bölüşdürülməsində iştirak etmək;
7.0.4. yerli mədəni bitkilərin genetik
ehtiyatlarının toplanması, qorunub saxlanması və
öyrənilməsi sahəsində müvafiq dövlət və
elmi proqramların işlənib hazırlanmasında və həyata
keçirilməsində bilavasitə iştirak etmək;
7.0.5.
yerli əhali tərəfindən ərzaq məhsulları
istehsalı, kənd təsərrüfatı işlərinin
aparılması və digər fəaliyyətdə istifadə
edilən nadir və nəsli kəsilməkdə olan bitki
növləri, eləcə də xalq seleksiyasının yerli
sortlarının becərildiyi və mədəni bitkilərin
yabanı əcdadlarının təbii bitdiyi ekosistemlərin
mühafizəsi üçün xüsusi qorunan ərazilərin
təşkil edilməsinin məqsədəuyğunluğu
haqqında müvafiq orqanlara təkliflər vermək;
7.0.6. mədəni bitkilərin və onların
yabanı əcdadlarının genetik ehtiyatlarının təbii
areallarında mühafizəsi, bərpası,
çoxaldılması, reintroduksiyası və səmərəli
istifadəsi üzrə fəaliyyəti həyata keçirmək.
Maddə 8. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
dövlət proqramı (Milli Proqram)
8.1. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində müvafiq icra hakimiyyəti
orqanı tərəfindən Azərbaycan Respublikasının
dövlət proqramı (Milli Proqram) qəbul edilir.
8.2.
Dövlət proqramında (Milli Proqramda) mədəni bitkilərin
genetik ehtiyatlarının toplanması, təhlükəsiz
qorunub saxlanması, hərtərəfli öyrənilməsi və
istifadəsi üzrə aşağıdakı tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur:
8.2.1. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində dövlət siyasətinin istiqamətlərini
və bu siyasətin həyata keçirilməsini təmin edən
uzunmüddətli fəaliyyət planı;
8.2.2. mədəni bitkilərin Milli genefond nümunələrinin
təbii areallarından kənarda (ex situ) nəzarət edilən
şəraitdə təhlükəsiz və uzunmüddətli
qorunub saxlanması və onun hərtərəfli öyrənilməsi
üçün yaradılacaq şərait;
8.2.3. nəzərdə tutulmuş planların səmərəli
surətdə həyata keçirilməsi üçün
prioritet fəaliyyət istiqamətlərinin, ehtiyac və
imkanların müəyyən edilməsi;
8.2.4. nadir və nəsli kəsilməkdə olan
bitki növləri və sortlarının genetik
ehtiyatlarının bərpası və mühafizəsinə
dair tədbirlər;
8.2.5. mədəni bitkilərin genetik ehtiyatları
kolleksiyalarından məhdud aqroekosistemlərdə genetik
aşınmaya məruz qalmış yerli bitki
materiallarının bərpa edilərək kənd təsərrüfatının
davamlı inkişafının təmin edilməsi, yeni
bazarların yaradılması və inkişafında istifadə
olunması məqsədi ilə kənd təsərrüfatı
ilə məşğul olan fiziki şəxslərə verilməsi;
8.2.6. təbii və texnogen fəlakətlər
zamanı yerli ənənəvi aqroekosistemlərin bərpası
məqsədi ilə yerli əhaliyə, kənd təsərrüfatı
məhsulları istehsalçılarına yerli bitki müxtəlifliyinin
reintroduksiyası yolu ilə yardım göstərilməsi;
8.2.7. müxtəlif istifadəçi qruplarına
elmi-tədqiqat, maarifləndirmə və seleksiya
proqramlarında istifadə məqsədi ilə keyfiyyətli
genetik material və müvafiq informasiyanın vaxtında təqdim
olunması;
8.2.8. mədəni bitkilərin genetik ehtiyatları
sahəsində fəaliyyətə cəlb edilən dövlət
təşkilatlarının sistemli idarə olunmasının təmin
edilməsi;
8.2.9. mədəni bitkilərin genetik ehtiyatları
üzrə milli informasiya mübadiləsi sisteminin dəstəklənməsi;
8.2.10. milli, regional və beynəlxalq səviyyələrdə
əlaqələndirmə fəaliyyətinin həyata
keçirilməsi;
8.2.11. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında Azərbaycan Respublikası
qanunvericiliyində nəzərdə tutulan digər tədbirlər.
Maddə 9. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi üzrə
idarəetmə sistemi
9.1. Azərbaycan
Respublikasında mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində idarəetmə sistemi mədəni
bitkilərin milli genefondunun etibarlı qorunub saxlanması və
hərtərəfli öyrənilməsinin, elmi, seleksiya və
digər proqramlarda səmərəli və davamlı istifadəsinin
təmin edilməsi, mədəni bitkilərin genetik
ehtiyatlarının dağıdılmasının, məhv
edilməsinin, qanunsuz əldə edilməsinin
qarşısının alınması, beynəlxalq əməkdaşlığın
həyata keçirilməsi məqsədi
ilə yaradılır.
9.2. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinin idarəetmə sisteminə
aşağıdakılar daxildir:
9.2.1. mədəni bitkilərin genetik
ehtiyatlarının öyrənilməsi, toplanması və
mübadiləsi sahəsində fəaliyyət göstərən,
o cümlədən bu ehtiyatların kolleksiyalarına malik olan
subyektlər (elmi-tədqiqat müəssisələri, genbank,
seleksiya mərkəzləri, qeyri-hökumət təşkilatları
və s.) və onların strukturuna daxil olan qurumlar;
9.2.2. mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi sahəsində
dövlət proqramının (Milli Proqramın) həyata
keçirilməsinə cəlb edilən subyektlər;
9.2.3.
Elmi-Texniki Şura;
9.2.4.
Milli əlaqələndirici institut və onun nəzdində fəaliyyət
göstərən Milli Genbank;
9.2.5. ixtisaslaşdırılmış ekspert
şuraları və prioritet fəaliyyət istiqamətləri
üzrə işçi qrupları;
9.2.6. mədəni bitkilərin genetik ehtiyat sahibləri.
9.3. Bu
qanunun 9.2.3-cü maddəsində nəzərdə tutulmuş
Elmi-Texniki Şura müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır. Şura dövlət orqanı
deyil və onun üzvləri öz səlahiyyətlərini
ictimai əsaslarla həyata keçirirlər. Elmi-Texniki Şuranın Əsasnaməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
9.4. Bu
qanunun 9.2.4-cü maddəsində nəzərdə tutulmuş
Milli əlaqələndirici institutunun müəyyən edilməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
9.5. Bu
qanunun 9.2.5-ci maddəsində nəzərdə tutulmuş
ekspert şuraları və işçi qruplarının əsasnamələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir.
Maddə 10. Mədəni bitkilərin genetik ehtiyatlarının
bankları, onların yaradılma qaydaları, hüquq və vəzifələri
10.1. Mədəni
bitkilərin genetik ehtiyatlarının aşağıdakı
istiqamətlər üzrə bankları (bundan sonra
genbankları) yaradıla bilər:
10.1.1. müəyyən tədqiqat, təlim, seleksiya
proqramlarında istifadə və qanunvericiliklə qadağan
edilməmiş digər məqsədlərlə kolleksiya
sahibləri tərəfindən öz vəsaitləri
hesabına yaradılan genbanklar;
10.1.2. məqsədli layihələr əsasında
elmi-tədqiqat müəssisələri tərəfindən
yaradılan genbanklar;
10.1.3. müvafiq elmi-tədqiqat müəssisələrinin,
seleksiya mərkəzlərinin, mülkiyyət formasından
asılı olmayaraq toxumçuluq və bitkiçilik sahəsində
fəaliyyət göstərən kənd təsərrüfatı
müəssisələrində qanunda nəzərdə tutulan
maliyyə mənbələri hesabına yaradılan
ixtisaslaşmış genbanklar;
10.1.4. Azərbaycan
Respublikasının Milli Genbankı.
10.2. Mədəni
bitkilərin genetik ehtiyatları banklarının hüquq və
vəzifələri aşağıdakılar da daxil edilməklə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir:
10.2.1. mədəni bitkilərin genetik
ehtiyatlarının hüceyrə plazması nümunələrinin
xüsusi təyinatlı kolleksiyalar üzrə toplanması, həmçinin
elmi mübadilə və introduksiya yolu ilə bitkilərin
genefondunun zənginləşdirilməsi;
10.2.2. bitki nümunələrinin müvafiq saxlanma
şəraitinin təmini, onların mövcud vəziyyətinin
mütəmadi monitorinqi, təhlükə altında olan
nümunələrin müvafiq standartlar əsasında bərpası
və çoxaldılması;
10.2.3. mədəni bitkilərin genetik
ehtiyatlarının səciyyələndirilməsi, qiymətləndirilməsi,
istifadə üçün tövsiyələrin verilməsi;
10.2.4. mədəni bitkilərin genetik
ehtiyatlarının qeydiyyatı,
pasportlaşdırılması, kolleksiyalar üzrə kompyuter
məlumat bazasının yaradılması, saxlanması, idarə
olunması, ölkədaxili və beynəlxalq şəbəkələrə
qoşulması;
10.2.5. hüceyrə plazması nümunələrinin
əvəzediciləri ilə mübadiləsi;
10.2.6. kolleksiyalarda saxlanılan nümunələrin
istifadəçilər tərəfindən əldə edilməsinin
təmini.
10.3. Azərbaycan
Respublikasının Milli Genbankında (bundan sonra Milli Genbank)
ümummilli dəyərə malik mədəni bitkilərin
genetik ehtiyatları kolleksiyaları, genetik eroziya və nəsli
kəsilmək təhlükəsində olan növlər,
növmüxtəliflikləri, formalar, xalq və elmi seleksiya
sortları, seleksiya proqramları üçün əhəmiyyət
daşıyan hüceyrə plazması nümunələri,
sabit seleksiya xətləri, qiymətli əlamətlərin
daşıyıcıları olan tədqiqat materialları
toplanır, orta və uzunmüddətli saxlama şəraitində
etibarlı mühafizə edilir, bərpa olunur,
çoxaldılır, elmi və digər məqsədlər
üçün yayılır, hərtərəfli öyrənilir,
səmərəli istifadə üçün tövsiyələr
hazırlanır, sənədləşdirilir, məlumat
bazası yaradılır.
10.4. Milli Genbank müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır. Milli Genbankın Əsasnaməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir. Milli Genbank dövlət vəsaiti,
fiziki və hüquqi şəxslərin ianələri,
qrantlar, genbank nümunələrinin istifadəsi və
paylanması, göstərdiyi xidmətlər müqabilində
əldə edilən gəlirlər və qanunda nəzərdə
tutulan digər mənbələr hesabına maliyyələşir.
10.5. Milli Genbank Azərbaycan
Respublikasının milli sərvətidir və bütün
infrastrukturu ilə birlikdə xüsusi mühafizə olunan
dövlət təbiət obyekti statusuna malikdir.
10.6. Azərbaycan Respublikasında mədəni
bitkilərin genetik ehtiyatları banklarının hüquq və
vəzifələri nəbatat bağları və dendroloji
parklara da şamil olunur.
Maddə 11. Mədəni bitkilərin genetik ehtiyatlarının Milli
kolleksiyaları
11.1. Mədəni
bitkilərin genetik ehtiyatlarının Milli kolleksiyaları
öz təyinatına uyğun olaraq aşağıdakı
istiqamətlər üzrə formalaşdırılır:
11.1.1. milli baza kolleksiyalar. Bu kolleksiyalar milli sərvət
statusuna malik olmaqla mədəni bitkilərin genetik
ehtiyatlarının milli kataloquna daxil edilən, bu
ehtiyatların qiymətli və nadir nümunələrindən
ibarət olmaqla müvafiq müxtəlifliyi mümkün qədər
tam əhatə edən, əlaqələndirici institutun
strukturunda yaradılmış Milli Genbankda beynəlxalq
standartlara uyğun olaraq xüsusi təchiz edilmiş orta və
uzunmüddətli təhlükəsiz saxlanma şəraitində
mühafizə edilən, həmçinin dövlət tingliklərində,
ixtisaslaşmış genbanklarda saxlanılan çoxillik mədəni
bitkilərin genetik ehtiyatlarından və onların yabanı əcdadlarından
ibarət olan kolleksiyalardır;
11.1.2. aktiv işlək kolleksiyalar. Bu kolleksiyalar mədəni
bitkilərin genetik ehtiyatlarının nümunələrindən
ibarət olan, orta müddətli saxlanma şəraitində
mühafizə olunan, öyrənilmək, elmi, seleksiya və
maarifləndirici proqramları təmin etmək, eləcə də
müxtəlif istifadəçilərlə mübadilə və
başqa məqsədlər üçün nəzərdə
tutulmuş bitki ehtiyatları kolleksiyalarıdır;
11.1.3. əvəzedici (dublikat) kolleksiyalar. Bu
kolleksiyalar mədəni bitkilərin genetik ehtiyatlarının
öyrənilmək və müxtəlif proqramlarda istifadə
olunmaq məqsədi ilə müəyyən təşkilatların
istifadəçilərinə verilən, həmçinin
"qara qutu" prinsipi ilə gözlənilməz hadisələr
və təbii kataklizmlər vaxtı təhlükəsiz
qorunub saxlanma üçün başqa genbanklara (beynəlxalq
və xarici genbanklar da daxil olmaqla) verilən əvəzedici
(dublikat) nümunələrinin qorunduğu kolleksiyalardır;
11.1.4. genetik kolleksiyalar. Bu kolleksiyalar seçmə və
ya təcrübi metodlarla yaradılan, bir və ya bir neçə
əlamətə görə irsi fərqləri aşkara
çıxaran növdaxili formaların genetik
ehtiyatlarının nümunələrindən ibarət olan
kolleksiyalardır;
11.1.5. özək kolleksiyalar. Bu kolleksiyalar
növün əsas genetik müxtəlifliyini minimum miqdarda əhatə
edən nümunələrdən ibarət kolleksiyalardır;
11.1.6. herbari kolleksiyalar. Bu kolleksiyalar bitki aləmi
müxtəlifliyinin öyrənilməsinin mühüm vasitəsi
olmaqla yabanı və mədəni bitkilərin və
onların yabanı əcdadlarının herbari nümunələrindən
ibarət kolleksiyalardır;
11.1.7. DNT
və RNT kolleksiyalar. Bu kolleksiyalar yüksəkmolekulyar
genom və (və ya) klonlaşdırılmış formada
saxlanan, bitki mənşəli genetik ehtiyatların nuklein
turşuları nümunəsindən ibarət olan
kolleksiyalardır.
11.2. Mədəni
bitkilərin genetik ehtiyatlarının Milli
kolleksiyalarının formalaşdırılması, mühafizəsi
və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 12. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsinin elmi təminatı
12.0. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinin elmi təminatı aşağıdakılardan
ibarətdir:
12.0.1. mədəni bitkilərin genetik
ehtiyatlarının kolleksiyalarında saxlanılan nümunələrin
ölkə üzrə inventarlaşdırılmasının
aparılması, mədəni bitkilərin genetik
ehtiyatlarının Milli kataloqunun yaradılması və dəstəklənməsinin
elmi-texniki təminatı;
12.0.2. mədəni bitkilərin genetik ehtiyatları
sahəsində elmi-texniki və fundamental tədqiqat
proqramlarının həyata keçirilməsi, elmi fəaliyyətlərin
milli və beynəlxalq səviyyələrdə əlaqələndirilməsinin
təmin edilməsi;
12.0.3. Azərbaycan
Respublikası ərazisində və həmsərhəd
regionlarda bioaraşdırma fəaliyyətinin elmi-texniki təminatı,
təşkili və aparılması;
12.0.4. prioritet iş planları və fəaliyyət
istiqamətlərinin işlənib hazırlanması
üçün zəruri elmi əsaslandırma
aparılması və müvafiq materialların
hazırlanması;
12.0.5. mədəni bitkilərin genetik ehtiyatları
kolleksiyalarında nümunələrin yaradılması, bərpası,
zənginləşdirilməsi, təhlükəsiz
saxlanması və hərtərəfli öyrənilməsi ilə
bağlı şəraitin müəyyən edilməsi;
12.0.6. mədəni bitkilərin Milli genefondu ilə
iş üzrə qaydalar və tövsiyələrin, eləcə
də metodik göstərişlər və digər sənədlərin
işlənib hazırlanması;
12.0.7. Azərbaycan
Respublikasına məxsus ənənəvi mədəni bitki
brendləri siyahısına daxil olan bitki nümunələrinin
mənsubiyyətini təsdiq etmək məqsədilə tədqiqat
proqramlarının hazırlanması və həyata
keçirilməsi;
12.0.8. genetik pasportlaşmanı tam şəkildə
həyata keçirmək üçün tələb olunan
elmi-texniki təminatın yaradılması;
12.0.9. aqrofitomüxtəlifliyin mühafizəsi və
səmərəli istifadəsi üzrə elmi və innovasiya
fəaliyyətlərinin maliyyələşdirilməsi
üzrə hesablamaların və təkliflərin
hazırlanması;
12.0.10. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində beynəlxalq əməkdaşlığın
həyata keçirilməsi.
Maddə 13. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsinin məlumat
və maarifləndirmə təminatı
13.0. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinin məlumat və maarifləndirmə təminatı
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
13.0.1. mədəni bitkilərin genetik ehtiyatları
üzrə milli informasiya mübadiləsi sisteminin
yaradılması və beynəlxalq sistemlərə
inteqrasiyası;
13.0.2. Azərbaycan
Respublikasına məxsus ənənəvi mədəni bitki
brendlərinin beynəlxalq miqyasda təbliği;
13.0.3. kənd təsərrüfatı və digər
məhsul istehsalçılarının əkin sahələrində,
fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə,
şəxsi təsərrüfat və bağlarda mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinə yönələn proqramların
hazırlanması;
13.0.4. əhalinin ərzaq təminatı və
rifahının yaxşılaşdırılmasında
aqrofitomüxtəlifliyin əhəmiyyəti barədə
materialların çap edilərək yayılması, müxtəlif
tədbirlərin (seminar, konfrans, görüşlər və
s.) keçirilməsi;
13.0.5. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinə dair kütləvi informasiya vasitələrində,
o cümlədən teleradiokanallarda mütəmadi olaraq
müvafiq verilişlərin və məlumatların
yayılması;
13.0.6. orta və ali təhsil müəssisələrinin
tədris proqramlarında və dərsliklərdə bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi barədə geniş məlumatların əks
olunması.
Maddə 14. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinin iqtisadi stimullaşdırılması
14.1. Azərbaycan
Respublikasında dövlət və yerli özünüidarə orqanlarına, sahibkarlıq fəaliyyəti
subyektlərinə, qeyri-hökumət təşkilatlarına,
eləcə də kənd təsərrüfatı məhsulları
istehsalçılarına, ailə-kəndli təsərrüfatlarına,
fərdi təsərrüfatlara, həyətyanı və
bağ sahələri sahiblərinə mədəni bitkilərin
genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsində iştirakları üçün zəruri
iqtisadi və sosial şərait yaradılır.
14.2.
Dövlət mədəni bitkilərin yetişdiyi müxtəlif
kateqoriyalı torpaqların sahiblərinin və istifadəçilərinin
məsuliyyət və marağının artırılması
məqsədi ilə bu bitkilərin genetik ehtiyatlarının
toplanması, qorunub saxlanması, öyrənilməsi, bərpası
və səmərəli istifadəsi sahəsində fəaliyyətin
iqtisadi stimullaşdırılmasına istiqamətlənmiş
müxtəlif tədbirlər həyata keçirir.
14.3. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsində fəal iştirak edən fiziki və
hüquqi şəxslərin stimullaşdırılması
dövlət vəsaiti, xüsusi fondlarda nəzərdə
tutulan ayırmalar və qanunda nəzərdə tutulan digər
vəsaitlər hesabına həyata keçirilir.
3-cü fəsil
Mədəni
bitkilərin genetik ehtiyatları ilə bağlı fəaliyyətə
dövlət nəzarətinin təşkili
Maddə 15. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinə dövlət nəzarəti
15.1. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində fəaliyyət göstərən
fiziki şəxslər və mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxslər tərəfindən
qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə
dövlət nəzarəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
15.2. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinə dövlət nəzarətinin təşkili
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
15.3. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsinə dövlət nəzarətini həyata
keçirən orqanın qərarı mülkiyyət
formasından asılı olmayaraq bütün təsərrüfat
subyektləri üçün məcburidir.
Maddə 16. Mədəni bitkilərin genetik ehtiyatları
kolleksiyaları sahiblərinin dövlət uçotu və
qeydiyyatı
16.1. Mədəni
bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin
dövlət uçotu və qeydiyyatı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən bu kolleksiyaların,
onlarda toplanmış qiymətli və nadir nümunələrin,
kolleksiyaların elmi, sosial-iqtisadi, maarifləndirici və mədəni-tarixi
əhəmiyyətinin aşkarlanması və onların
statusunun müəyyən edilməsi məqsədi ilə həyata
keçirilir.
16.2. Tərkibində
mədəni bitkilərin və onların yabanı əcdadlarının
genetik ehtiyatlarının qiymətli və nadir nümunələri
saxlanılan kolleksiyalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qeydiyyatdan keçirilərək mədəni bitkilərin,
onların yabanı əcdadları da daxil olmaqla genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi sahəsində dövlət proqramına (Milli
Proqrama) daxil edilir.
Belə
kolleksiyaların sahibləri öz fəaliyyətlərini mədəni
bitkilərin Milli genefondu ilə iş üzrə qayda və
tövsiyələrə, eləcə də metodik göstərişlərə və digər sənədlərə
riayət etməklə həyata keçirirlər. Bu kolleksiyalarda saxlanılan mədəni bitkilərin,
onların yabanı əcdadları da daxil olmaqla genetik
ehtiyatlarının nümunələri mədəni bitkilərin
genetik ehtiyatlarının Mərkəzi məlumat bazasına və
Milli kataloquna daxil edilir.
16.3. Mədəni
bitkilərin genetik ehtiyatları kolleksiyalarının
yaradılması, qeydiyyatdan keçirilməsi, fəaliyyət
göstərməsi və ləğv edilməsi zamanı
qanunvericiliyə riayət edilməsinə dövlət nəzarəti
həyata keçirilir.
Maddə 17. Mədəni bitkilərin genetik ehtiyatlarından istifadə
edilməsi qaydası
17.1.
Bioaraşdırma, toplama, mübadilə, öyrənilmə,
elmi-tədqiqat, seleksiya, təhsil və digər fəaliyyətdə
istifadə məqsədi ilə mədəni bitkilərin
genetik ehtiyatlarından istifadə hüququ bu ehtiyatların
istifadəçilərinə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən ikitərəfli və ya
çoxtərəfli müqavilələr çərçivəsində
hazırlanmış material verilməsi haqda xüsusi saziş
əsasında verilir.
17.2.
Material verilməsi haqda xüsusi sazişdə, mədəni
bitkilərin genetik ehtiyatlarının donoru və onu alan tərəflərin
hüquq və vəzifələri, sazişin qüvvədə
olma müddəti, verilən materialın miqdarı və
keyfiyyəti, materialın nəzərdə tutulan istifadə
sahəsi və onun sonrakı istifadəsindən əldə
ediləcək gəlirlərin donor və istifadəçi
arasında ədalətli bölgüsü haqqında məlumatlar,
habelə donordan alınan nümunələrin onun icazəsi
olmadan başqasına verilməsinin qadağan edilməsi əks
olunur.
Maddə 18. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və istifadəsi üzrə fəaliyyətə
qoyulan məhdudiyyətlər
18.1.
Müvafiq icra hakimiyyəti və yerli özünüidarə
orqanları qanuna
uyğun olaraq mədəni bitkilərin və
onların yabanı əcdadlarının genetik
ehtiyatlarının toplanması, qorunub saxlanması, öyrənilməsi
və istifadəsi ilə bağlı fəaliyyət ətraf
mühitə zərər vurduğu, aqroekosistemə mənfi təsir
göstərdiyi, bu ehtiyatların azalması və ya tamamilə
itməsinə gətirib çıxardığı hallarda həmin
fəaliyyətə məhdudiyyətlər qoymaq hüququna
malikdirlər.
18.2.
Müvafiq icra hakimiyyəti və yerli özünüidarə
orqanları qanuna uyğun olaraq Azərbaycan
Respublikasının ərzaq təhlükəsizliyinin təmin
edilməsi və ətraf mühitin mühafizəsi, tarixi-mədəni
irsin qorunması, fiziki və hüquqi şəxslərin
qanuni maraqlarının müdafiəsi məqsədi ilə vətəndaşların,
qeyri-hökumət təşkilatlarının mülkiyyətində
olan mədəni bitkilərin, onların yabanı əcdadları
da daxil olmaqla genetik ehtiyatları ilə işləmək fəaliyyətinə
məhdudiyyətlər və qadağalar qoymaq hüququna
malikdirlər.
18.3. Mədəni
bitkilərin genetik ehtiyatlarının dövlətin
inkişafı və ərzaq təhlükəsizliyi
üçün xüsusi dəyərə və ya
mühüm sosial-iqtisadi əhəmiyyətə malik kolleksiya
nümunələrinin əldə edilməsi müvafiq icra
hakimiyyəti orqanı
tərəfindən qanuna uyğun olaraq məhdudlaşdırıla
bilər.
Maddə 19. Kənd
təsərrüfatı təyinatlı nadir və nəsli kəsilməkdə
olan bitki növlərinin (populyasiyalarının) mühafizəsi
19.1. Azərbaycan Respublikasında aqroekosistemlər
üçün potensial əhəmiyyətə malik olan nadir
və nəsli kəsilməkdə olan bitki növlərinin
(populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsi
üzrə xüsusi dövlət tədbirləri həyata
keçirilir.
Bu bitkilərin mühafizəsi həm təbii
areallarında, o cümlədən kənd təsərrüfatı
müəssisələrində və fərdi kəndli təsərrüfatlarında,
həm də mədəni bitkilərin genetik
ehtiyatlarının Milli kolleksiyalarında təşkil edilir.
19.2. Kənd
təsərrüfatı təyinatlı nadir və nəsli kəsilməkdə
olan bitki növlərinin (populyasiyalarının) mühafizəsi
ilə bağlı tədbirlər mədəni bitkilərin
mühafizəsi və səmərəli istifadəsinə
dair dövlət proqramına (Milli Proqrama) daxil edilir.
Maddə 20. Azərbaycan
Respublikasına məxsus mədəni brend bitkilərin
mühafizəsi
20.1. Azərbaycan Respublikasına məxsus mədəni
brend bitkilər Azərbaycan xalqının milli sərvətidir
və qanunla qorunur.
20.2. Azərbaycan Respublikasına məxsus ənənəvi
mədəni brend bitkilərin və onların
areallarının siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunaraq təsdiq
edilir.
20.3. Azərbaycan Respublikasına məxsus ənənəvi
mədəni brend bitkilər kənd təsərrüfatı,
dərman və bəzək bitki formaları üzrə müəyyən
edilir.
20.4. Azərbaycan Respublikasına məxsus ənənəvi
mədəni brend bitkilərin yayıldığı areallarda
bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və
sahələrin genişləndirilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada
stimullaşdırılır.
20.5. Azərbaycan Respublikasına məxsus ənənəvi
mədəni brend bitkilərin yayıldığı areallarda
başqa növ bitki nümunələrinin əkilməsi
qadağan olunur.
20.6. Azərbaycan Respublikasına məxsus ənənəvi
mədəni brend bitkilər Azərbaycan Respublikasının
təmsil olunduğu bütün sərgilərdə,
yarmarkalarda və digər tədbirlərdə müvafiq
qaydada təbliğ və təşviq olunur.
20.7. Azərbaycan Respublikasına məxsus ənənəvi
mədəni brend bitkilərin daha da təkmilləşdirilməsi,
əkin sahələrinin genişləndirilməsi istiqamətində
elmi-tədqiqat işlərinin aparılması və
onların genetik ehtiyatlarının mühafizəsi müvafiq
qaydada təsdiq edilmiş proqramlar əsasında həyata
keçirilir.
Maddə 21. Genetik modifikasiya olunmuş bitkilərlə davranma
21.1. Azərbaycan Respublikasının ərazisinə
genetik modifikasiya olunmuş bitkilərin genetik
materiallarının gətirilməsi,
rayonlaşdırılması və dövlət reyestrinə
daxil edilməsi qadağandır.
21.2.
Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin
mövcudluğu və yayılma zonası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydaya uyğun aşkarlanır, bu bitkilərdən
yarana biləcək təhlükənin təyin edilməsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
21.3. Azərbaycan Respublikasına idxal olunan bütün
genetik materialların ölkənin gömrük sərhədindən
keçirilərkən genetik modifikasiyaya məruz qalması
yoxlanılır və genetik modifikasiya olunmuş
materialların hərəkətinə qanuna uyğun qaydada
icazə verilmir.
21.4.
Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də
müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə
yaradılmış kənd təsərrüfatı bitki
materiallarının elmi-tədqiqat, sınaq və sərgilərdə
nümayiş etdirmək məqsədi ilə Azərbaycan
Respublikasına idxalına yalnız müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada yol verilə bilər.
4-cü fəsil
Mədəni
bitkilərin genetik ehtiyatları üzərində mülkiyyət,
qanunvericiliyin pozulmasına görə məsuliyyət və
mübahisələrin həlli
Maddə 22. Mədəni bitkilərin genetik ehtiyatları üzərində
mülkiyyət formaları
22.1. Mədəni
bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla
genetik ehtiyatları dövlət, bələdiyyə və
xüsusi mülkiyyət formasında ola
bilər.
22.2.
Dövlət mülkiyyətində olan ərazilərdə təbii
məskənlərdə bitən mədəni bitkilərin və
onların yabanı əcdadlarının genetik ehtiyatları
dövlət mülkiyyətindədir.
22.3.
Bioloji müxtəliflik üzrə Konvensiya qüvvəyə
minənə qədər Azərbaycan Respublikası ərazisindən
toplanmış və (və ya) mədəni bitkilərin
genetik ehtiyatları kolleksiyalarında saxlanılan bitki
nümunələri dövlət mülkiyyəti hesab edilir və
onların əldə edilməsi qaydaları mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyi
ilə müəyyən edilir.
22.4.
Bioloji müxtəliflik üzrə Konvensiya qüvvəyə
mindikdən sonra digər dövlətlərin ərazilərindən
və (və ya) xarici kolleksiyalardan (beynəlxalq kolleksiyalar da
daxil olmaqla) qorunub saxlanma üçün alınmış mədəni
bitkilərin genetik ehtiyatlarının milli kolleksiya nümunələri,
onları verən dövlətlərin və ya donorların
mülkiyyətidir və onların əldə edilməsi
şərtləri materialın verilməsi haqda xüsusi
sazişlə müəyyən edilir.
22.5.
Fiziki və hüquqi şəxslərin mülkiyyətində
olan torpaq sahələrində bitən bitkilərin genetik
materialları, həmçinin üzərində fiziki və
hüquqi şəxslərin əqli mülkiyyət hüququ
olan mədəni bitkilərin genetik ehtiyatları qanunun tələbləri
nəzərə alınmaqla xüsusi mülkiyyətdə ola bilər.
22.6. Bələdiyyə
mülkiyyətində olan ərazilərdə təbii məskənlərdə
bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının
genetik ehtiyatları bələdiyyə mülkiyyətindədir.
22.7. Bələdiyyə
və xüsusi mülkiyyətdə olan ərazilərdə
bitən mədəni bitkilərin və onların yabanı əcdadlarının
genetik ehtiyatları üzərində dövlət mühafizəsi
tələb olunduğu hallarda həmin ərazilər
"Xüsusi mühafizə olunan təbiət əraziləri
və obyektləri haqqında" və "Ətraf
mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası
qanunlarına uyğun olaraq
mühafizə olunur.
Maddə 23. Mədəni bitkilərin genetik ehtiyatları sahiblərinin
hüquqları
23.1. Mədəni
bitkilərin və onların yabanı əcdadlarının
genetik ehtiyatları sahiblərinin hüquqları
aşağıdakılardır:
23.1.1. mədəni bitkilərin və onların
yabanı əcdadlarının genetik ehtiyatlarının
kommersiya məqsədi ilə istifadəsindən alınan gəlirlərin
bölüşdürülməsində iştirak etmək;
23.1.2. yerli mədəni bitkilərin və onların
yabanı əcdadlarının genetik ehtiyatlarının
mühafizəsi, qiymətləndirilməsi,
artırılması və səmərəli istifadəsi
üzrə tədqiqatlara yardım göstərmək;
23.1.3. mədəni bitkilərin və onların
yabanı əcdadlarının genetik ehtiyatlarının
qorunub saxlanması və səmərəli istifadəsində iştirak etmək;
23.1.4. milli qanunvericilik çərçivəsində
mədəni bitkilərin və onların yabanı əcdadlarının
genetik ehtiyatlarının qorunub saxlanması və səmərəli
istifadəsi üzrə fəaliyyətlə bağlı beynəlxalq
proqram və layihələrdə iştirak etmək;
23.1.5. Mədəni
bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun olaraq, aqrobiomüxtəlifliyin
qorunub saxlanması və istifadəsi ilə məşğul
olan beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq və
həmçinin müştərək tədqiqatlar, mütəxəssis
və texnologiya mübadiləsi aparmaq.
23.2. Mədəni
bitkilərin və onların yabanı əcdadlarının
genetik ehtiyatları sahiblərinin hüquqları dövlət
tərəfindən qorunur.
Maddə 24. Mədəni bitkilərin genetik ehtiyatları sahiblərinin
vəzifələri
24.0. Mədəni bitkilərin və
onların yabanı əcdadlarının genetik ehtiyatları
sahiblərinin vəzifələri
aşağıdakılardır:
24.0.1. mülkiyyətlərində olan qiymətli
genefond nümunələrinin lazımi şəraitdə
mühafizəsini təmin etmək;
24.0.2. mülkiyyətlərində olan mədəni
bitkilərin və onların yabanı əcdadlarının
genetik ehtiyatlarını tükəndirmədən səmərəli
istifadəsinə görə məsuliyyət daşımaq;
24.0.3. mədəni bitkilərin və onların
yabanı əcdadlarının genetik ehtiyatları sahəsində
ənənəvi təsərrüfat sistemlərini qoruyub
saxlamaq;
24.0.4. qarşılıqlı razılıq əsasında
yeni bitki sortlarının yaradılması və mövcud
bitki sortlarının yaxşılaşdırılması
üzrə tədqiqat işlərinə dəstək vermək;
24.0.5. sahib olduqları mədəni bitkilərin və
onların yabanı əcdadlarının genetik ehtiyatları
nümunələrini mühafizə, tədqiqat və seleksiya
məqsədləri üçün tələb edildikdə
Milli Genbanka və müvafiq elmi-tədqiqat institutlarına təqdim
etmək;
24.0.6. mədəni bitkilərin və onların
yabanı əcdadlarının genetik ehtiyatlarının
mühafizəsi, qiymətləndirilməsi, inkişaf etdirilməsi,
istifadəsi və təbliği sahəsində tədris və
təlim işlərinin təşkilində iştirak etmək;
24.0.7. mədəni bitkilərin genetik
ehtiyatlarının mühafizəsi və səmərəli
istifadəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyi
ilə müəyyən olunmuş digər vəzifələr.
Maddə 25. Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi
haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi
haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər
qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 26. Mübahisələrin həlli
Mədəni bitkilərin genetik ehtiyatlarının
mühafizəsi və səmərəli istifadəsi ilə əlaqədar
mübahisələr qanunla müəyyən edilmiş qaydada
həll olunur.
İlham ƏLİYEV, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr
2011-ci il
Azərbaycan.-
2012.- 15 fevral.- S. 2; 3.