Rusiya Dövlət Kitabxanasının
nümayəndələri Prezident
Kitabxanasında olmuşlar
Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıyın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində fevralın 14-də Prezident Kitabxanasında olmuşdur.
AzərTAc xəbər verir ki, kitabxana ilə yaxından tanış olan qonaqlarla geniş fikir mübadiləsi aparılmışdır.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov qonaqlara kitabxanada görülən işlər haqqında ətraflı məlumat vermişdir.
M.Əhmədov Rusiya Dövlət Kitabxanası ilə əməkdaşlığın Prezident Kitabxanasına böyük fayda gətirdiyini vurğulamış və gələcəkdə əməkdaşlıq formalarının daha da genişləndirilməsi üçün razılıq əldə edildiyini bildirmişdir.
Rusiya Dövlət Kitabxanasının tarixi, strukturu, zəngin fondları haqqında məlumat verən Aleksandr Vislıy müəllif hüquqlarının qorunması şərti ilə elektron resursların yaradılması sahəsində görülən işlərdən danışmışdır.
Prezident Kitabxanasının əməkdaşlarının elektron kitabxana, elektron resurslar, kitabxana işinin avtomatlaşdırılması, nadir kitab nümunələrinin elektron variantının hazırlanmasına dair maraqlı sual və təklifləri qonaqlar tərəfindən hərtərəfli cavablandırılmışdır.
Sonda Mayıl Əhmədov
qonaqlara Azərbaycan Respublikasının Prezidenti haqqında nəfis şəkildə
nəşr olunmuş kitab
və xatirə hədiyyəsi təqdim etmişdir.
Azərbaycan.- 2012.- 15 fevral.- S. 4.