Azərbaycanda əcnəbi
iş adamlarının təhlükəsiz
və əmin-amanlıq şəraitində
yaşayıb-işləmələri üçün
əlverişli şərait vardır
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Piter Beytman fevralın 14-də daxili işlər naziri general-polkovnik Ramil Usubovla görüşmüşdür.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ramil Usubov qonağa DİN-in strukturu, fəaliyyət istiqamətləri barədə məlumat vermiş, dövlət müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyəti xatırlatmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğu həmin dövrdə xalqın təkidli tələbi ilə müdrik dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ölkəni məhv olmaq təhlükəsindən xilas etmişdir. Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, kriminogen durum nəzarətə götürülmüş, vətəndaşlarımızın, eləcə də əcnəbi iş adamlarının təhlükəsiz və əmin-amanlıq şəraitində yaşayıb-işləmələri üçün əlverişli şərait yaranmışdır.
Daha sonra Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla insan hüquq və azadlıqlarının önə çəkildiyi, demokratik prinsiplərə söykənən və polisin fəaliyyətini tənzimləyən qanunların qəbulu, şəxsi heyətin yeni qanunvericiliyə riayət etməsi istiqamətində görülmüş işlər barədə məlumat verilmişdir. Eyni zamanda, bəzi problemlərin olduğu da nəzərə çatdırılmış, bütün dünyanı narahat edən transmilli mütəşəkkil cinayətkarlığa, onun ayrı-ayrı növlərinə qarşı birgə mübarizənin zəruriliyi vurğulanmışdır.
Nazir R.Usubov Avropa Şurası ilə əməkdaşlıq proqramı çərçivəsində "Polis və insan hüquqları" mövzusunda Azərbaycanın ayrı-ayrı regionlarında keçirilən seminarlarda Böyük Britaniyadan olan ekspertlərin, bu ölkədə keçirilən tədbirlərdə və təcrübə mübadilələrində isə rəhbərlik etdiyi qurumun əməkdaşlarının fəal iştirakını xatırlatmışdır.
Səmimi qəbula və ətraflı
məlumata görə minnətdarlıq edən səfir Piter Beytman dünyanın bir çox qabaqcıl
ölkələrində belə iqtisadi böhran yaşandığı halda Azərbaycanın, onun
paytaxtı Bakının sürətli inkişafının şahidi olduğunu qeyd etmişdir. O, diplomatik fəaliyyəti dövründə
ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsi
üçün səylərini əsirgəməyəcəyini
bildirmişdir.
Azərbaycan.- 2012.- 15 fevral.- S. 4.