Azərbaycanın nümayəndə heyəti Qadınların rolunun gücləndirilməsi üzrə Qoşulmama Hərəkatının üçüncü nazirlər görüşündə iştirak etmişdir

 

 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 12-dən 14-dək Qətərin Doha şəhərində keçirilən Qadınların rolunun gücləndirilməsi üzrə Qoşulmama Hərəkatının üçüncü nazirlər görüşündə iştirak etmişdir.

Komitədən AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri H.Hüseynova Qadınların rolunun gücləndirilməsi üzrə Qoşulmama Hərəkatının bürosunun sədr müavini seçilmişdir. Bu fakt ölkəmizin beynəlxalq təşkilatlarda artan nüfuzunun növbəti əməli ifadəsidir.

Tədbirdə çıxış edən H.Hüseynova qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti qadın hüquqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Komitə sədri "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası qanununun icrasının bu prosesin daha da intensivləşməsinə təkan verdiyini bildirmişdir. Qeyd edilmişdir ki, bu sahədə qəbul edilmiş bir sıra dövlət proqramları reallaşdırılan siyasətin gender komponentini əks etdirməklə, qadınların qərar qəbul etmədə iştirakının yüksəldilməsinə imkan yaradır.

Ölkəmizdə Heydər Əliyev Fondu başda olmaqla qeyri-hökumət təşkilatları tərəfindən dövlət qadın siyasətinin reallaşdırılmasına böyük əməli töhfə verildiyini diqqətə çatdıran H.Hüseynova bu sahədə beynəlxalq təşkilatlarla birgə uğurlu layihələrin həyata keçirildiyini vurğulamışdır. Bu baxımdan Minilliyin İnkişaf Məqsədlərinin reallaşdırılması prosesində Azərbaycanın fəal iştirakına yönəlmiş səylər daha da genişləndirilir. "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun qəbul edilməsi bu sahədə əməli tədbirlər görülməsi üçün etibarlı hüquqi baza yaradır və preventiv fəaliyyətin intensivləşməsinə təkan verir.

AQUPDK sədri çıxışında üzv ölkələrin qadınların ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi ilə bağlı qarşılıqlı faydalı təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd edərək bu istiqamətdə yeni addımlar atmağa çağırmışdır. Bütün üzv dövlətlərin qadın sahibkarları haqqında ümumi məlumat bazasının formalaşdırılması və gələcəkdə bunun əsasında geniş əməkdaşlıq şəbəkəsinin qurulması haqqında təklif toplantı iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Tədbir çərçivəsində H.Hüseynova Qətərin ailə məsələləri üzrə Ali Şurasının fəaliyyətdə olan sədri Juhaina Sultan Əl Aissa, Misir Ərəb Respublikasının sığorta və sosial məsələlər naziri Naqva Xalel, Kuba Qadınları Federasiyasının baş katibi və Dövlət Şurasının üzvü Yolanda Qomez ilə görüşlər keçirmişdir. Görüşlərdə  müvafiq sahədə qarşılıqlı əməkdaşlığın inkişafı yollarına dair geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 5.