Mərkəzi Seçki Komissiyası nüfuzlu beynəlxalq qurumlar, o cümlədən ATƏT ilə sıx əməkdaşlıq edir

 

Fevralın 14-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Mərkəzi Seçki Komissiyasının (MSK)  sədri Məzahir Pənahov ilə görüşmüşdür.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən M.Pənahov qeyd etmişdir ki, komissiya nüfuzlu beynəlxalq qurumlar, o cümlədən ATƏT ilə sıx əməkdaşlıq edir. Bugünədək MSK-nın Azərbaycanda keçirilmiş seçkilər ilə bağlı ATƏT-in Bakı ofisi ilə birgə bir çox layihələrə imza atdığını diqqətə çatdıran sədr bu tədbirlərin seçki subyektlərinin maarifləndirilməsində böyük rol oynadığını demişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını bildirmişdir. Diplomat vurğulamışdır ki, ATƏT-in Bakı ofisi MSK ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsindən məmnun olardı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 5.