Polad Bülbüloğlu “2011-ci ilin səfiridir”
gaynar.info milli informasiya portalının keçirdiyi
illik rəy sorğusunun nəticələrinə
görə, Azərbaycan
Respublikasının Rusiya
Federasiyasındakı səfiri
Polad Bülbüloğlu
"2011-ci ilin səfiri"
nominasiyasında qalib gəlmişdir.
Azərbaycanın Moskvadakı səfirliyində Fəxri fərmanın təqdim edilməsi mərasimi keçirilmişdir. Portalın baş redaktoru Fərid Şahbazlı mükafatı təqdim edərkən demişdir ki, Azərbaycan səfiri Polad Bülbüloğlu bu ada aktiv fəaliyyətinə və xarici siyasət sahəsində qazandığı müvəffəqiyyətlərə görə layiq görülmüşdür.
Polad Bülbüloğlu portalın rəhbərliyinə və ona səs verənlərin hamısına minnətdarlığını bildirmişdir. O xüsusilə vurğulamıışdır ki, bu yüksək qiymət təkcə onun fəaliyyətinə deyil, həm də Rusiyadakı diplomatik nümayəndəliyin bütün əməkdaşlarının fəaliyyətinə verilən qiymətdir və nümayəndəlik öz ölkəsinin rifahı naminə bundan sonra da fəal çalışacaqdır. Onun sözlərinə görə, ölkənin müstəqilliyinin və mənafeyinin qorunması mühüm vəzifədir və Azərbaycan diplomatiyası bütün ölkələrdə bu missiyanı müvəffəqiyyətlə yerinə yetirir. Diplomat demişdir: "Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi buna parlaq misaldır".
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 15 fevral.- S. 5.