Milli iqtisadi
inkişaf modeli Azərbaycanı uğurla irəliyə
aparır
Keçid dövrü kimi səciyyələnən ictimai-iqtisadi formasiya dəyişikliyi mərhələsini geridə qoyan müstəqil Azərbaycanın bütövlükdə regionun ən aparıcı dövlətlərindən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.
Ölkədə elmi əsaslar üzərində həyata keçirilən siyasət son illərdə inkişaf prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ölkə iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Bir çox Qərb dövlətinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın 2008-2010-cu illərdə dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında yüksək tempi qoruyub saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanmışdır.
Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə əsas məqsədin Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılması olduğunu Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir daha bəyan etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamı bunun bariz təcəssümüdür. Belə bir konsepsiyanın siyasi, iqtisadi və sosial əhəmiyyəti təkcə ölkəmizin müasir dövrünə ünvanlanmamış, eyni zamanda yaxın onillikdə dövlətimizin, xalqımızın inkişafında əsaslı müsbət keyfiyyət dəyişikliklərinin əldə olunmasına yönəlmişdir. Hazırlanacaq konsepsiya Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmağa imkan yaradan tarixi sənəd olacaqdır.
Dövlət başçısının sərəncamında bu gün ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması xüsusi vurğulanır. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə qabaqcıl inkişaf məzmununun təmin olunması və əhalinin maddi-mənəvi rifahının yüksəldilməsi, qabaqcıl beynəlxalq standartlar səviyyəsinə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasına hesablanıb. Başqa sözlə isə, insan kapitalının hər vasitə ilə canlandırılmasıdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu 2020-ci il gələcəyə baxış İnkişaf Konsepsiyasının əsas məqsədi haqlı olaraq uzunmüddətli perspektivdə vətəndaşların maddi və mənəvi rifah halının davamlı şəkildə yüksəldilməsi, ölkənin milli təhlükəsizliyinin gücləndirilməsi, sosial-iqtisadi inkişafın dinamikliyinə nail olunması və Azərbaycanın müstəqil dövlət kimi dünya arenasındakı mövqeyinin möhkəmləndirilməsidir.
Müvafiq konsepsiyanın hazırlanması barədə cənab İlham Əliyevin sərəncamının əhəmiyyəti öz tarixiliyi və zəruriliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamın əhəmiyyətindən danışarkən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması və qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması, aparılan islahatlarda zamanın çağırışlarının nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi vacibdir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi qaçılmazdır. Buraya dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması; siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi; dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi; qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi; iqtisadi sahədə, ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsi işinin böyüdülməsi; ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin reallaşdırılması üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi aiddir. Eyni zamanda, mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi; ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması; sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi; aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təminatı, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına, təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması; insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması prioritet istiqamətlərdir. Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması; qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin edilməsi; bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün dövlətimizin səylərinin artırılması yönümündə tədbirlərin həyata keçirilməsi və s. amillər konsepsiyanın əsas istiqamətləri kimi götürülməlidir. Buna görə də konsepsiyanın hazırlanmasında onun məqsədinə uyğun olaraq bir sıra mühüm vəzifələrin nəzərə alınaraq əsas kimi götürülməsi zərurət təşkil edir. Bunlar hansılardır? İlk növbədə ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının əsas istiqamətlərinin, hədəflərinin müasir dövrün və gələcəyin çağırışları nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Daha sonra qarşıya qoyulmuş konsepsiyanın strateji məqsədlərinə nail olunması üçün onun istiqamət və mərhələləri dəqiqləşdirilməlidir. Dövlətin, özəl sektor və cəmiyyətin qarşılıqlı əlaqəsinin strateji forma və mexanizmləri müəyyənləşdirilməlidir. Dövlətin uzunmüddətli konseptual siyasətində sosial sferanın, elm, təhsil və innovasiya sahəsinin, həmçinin iqtisadiyyatda əsaslı struktur dəyişikliklərinin vəzifə və prioritetlərinin, məqsəd indikatorlarının seçilməsi aparılmalıdır. Ölkə iqtisadiyyatının inkişaf hüdudlarının konkretləşdirilməsi, uzunmüddətli regional inkişaf istiqamətlərinin əsasları müəyyənləşdirilməlidir. Ən nəhayət, prosesdə dayanıqlı iqtisadiyyatın təmin edilməsi diqqət mərkəzində olmalı, intellektual baza formalaşdırılmalı, informasiya texnologiyalarından daha geniş istifadə edilməlidir. Konsepsiyanın hazırlanması zamanı iqtisadiyyatdakı hansı meyillərin daha da gücləndirilməsi müəyyən edilməli, qarşıdakı on ildə bu sahədə səmərəlilik amili ön plana çəkilməlidir. Həmçinin hazırlanacaq konsepsiya praqmatik, praktiki və tətbiqi baxımdan seçilməlidir. Burada regional və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə xüsusi önəm verilməli, sənəd hazırlanarkən vətəndaş-hakimiyyət-cəmiyyət arasında dialoqun daha da gücləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Konsepsiyada ölkəmizin uzunmüddətli inkişafının vəzifə və prinsipləri konkretləşdirilməli, müəyyən edilmiş müddət ərzində bu sənəd icra ediləcək dövlət proqramları üçün də, bir növ, istiqamətləndirici xarakter daşımalıdır.
Burada Azərbaycan Respublikasının uzunmüddətli perspektiv istiqamətinin müəyyənləşdirilməsində, qeyd etdiyimiz kimi, müasir inkişaf meyillərinin qiymətləndirilməsi xüsusilə zəruridir. Bu mühüm amil uzunmüddətli inkişafın əsası, bazisi rolunda çıxış edir. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında 1991-2010-cu illərdə əldə olunan nəticələri ümumi baxımdan belə xarakterizə etmək olar: Azərbaycan müstəqilliyini əldə etdiyi 20 il ərzində çox çətin, keşməkeşli və həmçinin dövlətçiliyin möhkəmləndirilməsi zəminində şərəfli yol keçmişdir. Azərbaycanın bir dövlət kimi formalaşmağa başladığı dövrdə o, artıq 1990-cı illərin əvvəllərində böyük təhlükələrlə üzləşmiş, hərbi təcavüzə məruz qalmış, torpaqlarımızın 20 faizi işğal edilmiş, bir milyon azərbaycanlı yurdundan vəhşicəsinə qovulmuşdur.
Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ilin ortalarından hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atılmağa başlamışdır. Bu dövrdə ilk növbədə dövlət müstəqilliyimizin dayanıqlığı təmin edilmiş, ölkə daxilində siyasi sabitliyə nail olunmuş, makroiqtisadi tarazlığın yaradılması və mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində təsirli tədbirlər görülmüş, ağır yüklü sosial məsələlərin həllinə başlanmışdır. Azərbaycanın karbohidrogen ehtiyatlarının ölkənin və xalqın maraqlarına sərf olunmasının əsası məhz həmin dövrdə "Əsrin müqaviləsi"nin bağlanılması ilə qoyulmuş, eyni zamanda düşünülmüş şəkildə genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə başlanmışdır.
Sonrakı dövrdə - 2003-cü ildə ölkə Prezidenti seçilən cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin düzgün və məqsədyönlü siyasətini daha inamla və geniş müstəvidə həyata keçirməyə başlamışdır. Ölkə başçısının rəhbərliyi altında aparılan genişmiqyaslı islahatların dərinləşdirilməsi sürətli tərəqqinin təmin olunmasına əlverişli imkanlar açmış, respublikanın daha ciddi sosial-iqtisadi inkişafına şərait yaratmışdır. Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi sistemi müasir meyarlara uyğun yenidən qurulmuşdur. Bu illərdə sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişə nail olunduğu, əhalinin sosial müdafiəsi sisteminin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulduğu aydın görünməkdədir. Eyni zamanda, qeyri-neft sektoruna diqqətin artırılması, bu sahədə yeni istehsal obyektlərinin işə düşməsi və yeni iş yerlərinin yaradılması, istehsal, sosial, nəqliyyat və kommunal infrastrukturun əsaslı şəkildə inkişaf etdirilməsi, o cümlədən müasir təhsil, səhiyyə, idman obyektlərinin inşası həmin dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin təcəssümü kimi qiymətləndirilməlidir.
Azərbaycan artıq sürətlə inkişaf edən ölkələr sırasına aid edilməkdədir. Dövlət büdcəsi müstəqilliyin ilk illəri ilə müqayisədə min dəfə artmışdır. Daxili imkanlar hesabına həyata keçirilən investisiya layihələri, iqtisadi fəaliyyət istiqamətlərinin genişlənməsi iqtisadiyyatın çoxşaxəli inkişafına xidmət etməkdədir. Azərbaycan dövlətinin həyata keçirdiyi proqramlar, layihələr, proqram xarakterli sənədlər, tədbirlər və istifadə etdiyi iqtisadi mexanizmlər nəticəsində respublikamızın həyatında köklü müsbət dəyişikliklər baş vermişdir. Ən əsası, iqtisadi sahədə keçid dövrü başa çatmış, istehsal, bölgü, mübadilə və istehlak sahəsində bazar münasibətləri hökmran xarakter almağa başlamışdır. Artıq ÜDM-in 80 faizdən çoxu, əhalinin pul gəlirlərinin 70 faizdən və təsərrüfatda çalışan işçilərin 73 faizdən çoxu özəl sektorun payına düşür. Azərbaycanda ərzaq təhlükəsizliyi, yoxsulluq (46,5 faizdən 9,1 faizə düşüb) və işsizlik problemi həll edilməkdədir. 2004-2010-cu illərdə 960 mindən çox iş yeri açılmışdır ki, bunun da 27,3 faizi Bakı şəhəri ilə birlikdə Abşeron iqtisadi rayonunun, 72,7 faizi digər iqtisadi rayonların payına düşür. Hazırda işsizlik sahəsində əsas vəzifə iş yerlərinin sayını artırmaqla yanaşı, onların əhalinin ixtisas, yaş, cins tərkibinə və əməkhaqqının kəmiyyət etibarilə tələbatına uyğunlaşdırılmasıdır.
Ümumiyyətlə, son illərdə respublikada sosial-iqtisadi inkişaf sahəsində həqiqətən də köklü inqilabi nəticələr əldə edilmişdir. Konkret proqramlar əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycanda müasir dövlət və cəmiyyət formalaşmaqdadır. Ölkədə yol, nəqliyyat, kommunal təchizat, elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, qısası, bütün sosial-iqtisadi, mədəni və digər sahələri əhatə edən nəhəng infrastruktur layihələri reallaşdırılıb, Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilib. Bu dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 50 milyard dollar həcmində valyuta ehtiyatı formalaşıb. Hazırda ölkənin enerji potensialı güclənib, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Respublikada makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. Ötən dövrdə minlərlə müəssisə, 2 mindən artıq müasir məktəb, çoxsaylı səhiyyə ocaqları, olimpiya idman kompleksləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilib. Azərbaycanın şəhər, qəsəbə və kəndlərində irimiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, onların siması müasirləşib.
Müvafiq dövrdə Azərbaycanda əhalinin rifahının yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili iqtisadi və sosial siyasətin əsas məqsədlərindən birini təşkil edib. Artıq işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq isə 50 faizdən 7,6 faizə enib. Ölkədə 500 mindən artıq adamı əhatə edən Ünvanlı Sosial Yardım Proqramı həyata keçirilir, 112 min ailə hər ay orta hesabla 130 dollara yaxın vəsait alır. 2011-ci il də daxil olmaqla, hər il maaşlar, pensiyalar artırılır və bu göstəricilərə görə Azərbaycan MDB məkanında liderlər sırasındadır. Digər tərəfdən, Azərbaycan demokratiya yolu ilə inkişaf edir, ölkədə insan haqları qorunur, fikir plüralizmi, söz və mətbuat azadlığı mövcuddur, vətəndaş cəmiyyəti institutları müstəqil, sərbəst fəaliyyət göstərirlər.
Ölkədə qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli surətdə icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. Bütün bu mühüm hüquqi-normativ və proqram sənədlərinin yeni konsepsiya ilə əsaslı şəkildə əlaqələndirilməsi əldə olunacaq nailiyyətlərin təminatçısına çevriləcəkdir.
Müasir və perspektiv inkişaf meyillərini nəzərə alsaq, yeni qəbul olunan konsepsiyaya əsasən ölkənin uzunmüddətli inkişafı istiqamətini aşağıdakı kimi sistemləşdirmək məqsədəuyğun olardı.
Birincisi - güclənməkdə olan qlobal rəqabət təsirləri yalnız ənənəvi əmtəə, kapital, texnologiya və əmək bazarlarını əhatə etməməli, həmçinin milli idarəetmə və innovasiya sisteminə, insan potensialının inkişafına da nüfuz edərək Azərbaycanın yenicə formalaşan özünəməxsus sosial-iqtisadi inkişaf modelinin keyfiyyətcə mükəmməlliyinə gətirib çıxarmalıdır.
Çox güman ki, qlobal iqtisadi rəqabət mühitinin inkişafı özünü geopolitik rəqabətin güclənməsinin davam etməsində, o cümlədən xammal-material, energetika, su ehtiyatları və ərzaq resursları potensialının nəzarətinin artmasında göstərir. Azərbaycan üçün dünya iqtisadiyyatına nüfuzetmə, beynəlxalq inteqrasiyaya qoşulma yeni və daha səmərəli beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı, tədricən texnologiya və kapital bazarlarına sürətli çıxış imkanlarının artmasını yaradır.
İkincisi - dünya iqtisadiyyatında texnoloji inkişafın və dəyişkənliyin yeni dalğasının güclənməsi, sosial-iqtisadi inkişafda innovasiyaların rolunun yüksəldilməsi və çoxsaylı ənənəvi artım amillərinin təsirlərinin aşağı düşməsi və s. amilləri nəzərə almağı zəruri edir.
Tədqiqatlar göstərir ki, yaxın onillikdə dünyada və ölkədə inkişaf meyilləri iqtisadi sistemin yeni texnoloji bazasının formalaşmasına istiqamətlənəcəkdir. Əsasən bu inkişaf özünü biotexnoloji, informatika, nanotexnologiyalar, səhiyyə və iqtisadiyyatın daha çox elmtutumlu sahələrində büruzə verəcəkdir. Azərbaycan üçün elmi-texniki, tədqiqat potensialının və yüksək texnologiyalı istehsalın mövcudluğu bir çox şərtlərin nəzərə alınmasını və müvafiq şəraitin yaradılmasının vacibliyini önə çəkir:
- ilkin və həlli mümkün olan istiqamətlərdə texnoloji liderliyin təmin edilməsi;
- yüksək texnologiyalı komplekslərin, sahələrin yaradılması, beynəlxalq bazarlara daha mütərəqqi elmtutumlu məhsulların çıxarılmasına nail olunması;
- Azərbaycanın yüksək texnologiyalı məhsul və intellektual xidmət bazarlarında iştirak mövqeyinin güclənməsi;
- ənənəvi iqtisadiyyat sahələrinin perspektiv inkişaf istiqamətləri əsas götürülməklə daxili maliyyə mənbələri hesabına və inkişaf etməkdə olan qlobal, beynəlxalq bazarlara uyğunlaşan subyektlərin modernləşdirilməsi.
Eyni zamanda, son texnologiya nəslinin tətbiqindən və inkişafından geri qalan müəssisələr ümumilikdə ölkənin iqtisadi baxımdan rəqabət qabiliyyətini zəiflətməklə, idxaldan asılılığı yüksəltməklə artmaqda olan geopolitik rəqabət mühitində mövqelərimizin itirilməsinə gətirib çıxara bilər. Başqa halda çağırış - əsas siyasi və iqtisadi inkişaf amili kimi insan kapitalının rolunun artmasını nəzərdə tutur.
Müasir innovasiyalı iqtisadiyyatın rəqabət qabiliyyətinin inkişafı yüksək ixtisaslı və peşəkar kadr potensialının keyfiyyət, korporativ əlaqə səviyyəsindən əhəmiyyətli şəkildə asılıdır. Burada demoqrafik situasiya da hökmən saxlanılmalıdır. Müasir inkişaf şəraitində MDB ölkələrində olduğu kimi, Azərbaycan da beynəlxalq iqtisadi mühitdə, bazarlarda kadr və işçi qüvvəsinin keyfiyyət səviyyəsinə görə hələ ki yüksək mövqe tuta bilmir. Buna səbəb daha çox həmin kadr və işçi potensialının əmək qabiliyyətinin aşağı səviyyədə olması, ölkədə qismən təhsil və səhiyyə sisteminin müasir tələblərə cavab verməməsidir. Azərbaycan üçün bu məsələ yaxın üç-beş ildə öz həllini əksərən tapmalı, bu sahədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Bu baxımdan bəzi amillərin nəzərə alınması xüsusi zərurətdən irəli gəlir:
- ənənəvi iqtisadiyyat sahələrində fəaliyyət göstərən işçilərin sayının azaldılması (məsələn, aqrar sektorda və s.), onların peşə-ixtisas səviyyəsinin artırılması vasitəsilə daha mütərəqqi sahələrdə işlə təmin olunmasına şərait yaradılması;
- yerli kadr və işçi potensialının daxili və xarici bazarlarda rəqabət qabiliyyətli sahələrdə fəaliyyət göstərməsinə imkan yaradan zəruri tədbirlər sisteminin həyata keçirilməsi;
- idarəetmə, elm, təhsil və səhiyyə sisteminin işinin tədricən beynəlxalq tələblərə uyğun qurulması və bu sahələrdə davamlı inkişafın təmin edilməsi və s;
- iqtisadi inkişafda xammal və resurslara, xüsusilə də yanacaq və energetika potensialına əsaslanan ixracda əsaslı dəyişikliklərə nail olunması;
- daxili bazarın qorunması, davamlı iqtisadi inkişafın keyfiyyət dəyişikliklərinin təmini, milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması;
- perspektivə ünvanlanmış və qlobal iqtisadi dəyişkənliyə uyğunlaşan maliyyə-kredit və fiksal siyasətinin yeridilməsi, ölkənin maliyyə bazarının səmərəliyinin və çevikliyinin daha da artırılması;
- ölkənin regional siyasətində tarazlı inkişafın təmini, regionların sosial-iqtisadi inkişafında əməli müsbət dəyişikliklərə nail olunması;
- ölkədə informasiyalı cəmiyyətin, elektron hökumətin qurulması, sosial və siyasi arenada sabit və dayanıqlı siyasətin yeridilməsi;
- dövlət-özəl sektor-cəmiyyət qarşılıqlı əlaqələrinin gücləndirilməsi, özəl sektorun inkişafı üçün yaradılan mühitin getdikcə təkmilləşdirilməsi;
- aqrar sektorun inkişafına səmərəli dəstəyin artırılması, ölkədə ərzaq təhlükəsizliyi probleminin həllinin təmin edilməsi;
- ölkədə təkmil infrastruktur sisteminin formalaşması və sosial sahələrdə mütərəqqi nailiyyətlərə nail olunması;
- Azərbaycanın iqtisadi və hərbi təhlükəsizliyinin daha da gücləndirilməsi.
Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı işlər həmişə dövlətin diqqət mərkəzində olub. Müstəqilliyin ilk illərindən başlayaraq bu istiqamətdə ciddi iş aparılır. Digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması da təkcə sözdə deyil, əməli işdə də əksini tapır. Hökumətin bu sahədə həyata keçirdiyi tədbirlər konkret proqramlarla tənzimlənir. Ölkə Prezidentinin təsdiqlədiyi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı da bu məqsədə xidmət edir.
Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarkter daşıyır və bu "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilməlidir. Konsepsiya hazırlanarkən sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması xüsusi əhəmiyyət kəsb edir.
Konsepsiyada siyasi, iqtisadi, ictimai və sosial sahələrdə yüksək inkişaf səviyyəsinə qatılması üçün əsas strateji məqsədlərə Azərbaycanın qlobal iqtisadi rəqabət şəraitində müvəffəqiyyətlər əldə etməsi, dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulması, milli təhlükəsizliyini qoruyan dövlətlərdən olması, insanların konstitusion hüquqlarının tam qorunmasının təmin edilməsi zəruridir. Getdikcə Azərbaycan iqtisadiyyatı yalnız xammal və resurslar ixrac edən ölkələr sırasında qalmamalı, o, eyni zamanda bilik və yüksək texnologiyalara əsaslanan iqtisadiyyata malik olan bir dövlətə çevrilməlidir. Ölkədə 2020-ci ilə istiqamətlənmiş konsepsiyanın əsas vəzifəsi bununla bağlı olmalıdır. Müvafiq dövr ərzində iqtisadiyyatın bütün sahələrində geniş şəkildə yeni innovasiyayönümlü müəssisələrin, subyektlərin yaradılması, onların səmərəli fəaliyyət mexanizminin əsaslarının formalaşması bu baxımdan xüsusi zərurətdən irəli gəlir.
Yeni regional - ərazi mərkəzlərinin yaradılması, burada xammal və resursların axtarışı, hasilatı mövcud regionlardan əldə olunan ənənəvi xammal və resurslar səviyyəsinə çatdırılmalı, bütün bu resursların beynəlxalq tələbat nəzərə alınmaqla emalı, onlardan rəqabətqabiliyyətli məhsul istehsal edib ixrac edilməsi ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, regionlararası disbalansı aradan qaldırmağa əsaslı şəkildə yardım göstərmiş olardı.
Azərbaycan Respublikasının innovasiyayönümlü sosial-iqtisadi inkişaf meyli bir sıra kəmiyyət və keyfiyyət xüsusiyyətləri ilə müşahidə olunacaq. Belə ki, ilkin olaraq milli iqtisadiyyatın ənənəvi sahələrinin modernləşdirilməsi 2020-ci ildə həmin sahələrdə məhsul istehsalının həcminin artmasına, ÜDM-in yüksəlməsinə əməli təsir göstərəcək. İkincisi, innovasiya tədbirlərinin genişlənməsi və tətbiqi iqtisadiyyatda əmək məhsuldarlığının artımına, istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabət qabiliyyətinin güclənməsinə şərait yaradacaq. Daha sonra yeni iqtisadi sistemin formalaşması daha çox bilik iqtisadiyyatına və yüksək texnologiyalara əsaslanacaqdır ki, bu da ölkənin beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirəcək. Bilik iqtisadiyyatı və yüksək texnologiyalar isə elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və infrastruktur sahələrinin fəaliyyətində ciddi irəliləyişlərin əldə olunmasını təmin edəcək.
Bir sözlə, yeni konsepsiya əsasən innovasiya ssenarisinə uyğun olmaqla həm ənənəvi iqtisadiyyat sahələrində rəqabət qabiliyyətini, həm də yenicə formalaşmağa başlayan elmtutumlu, yüksək biliklərə arxalanan sahələrdə inkişafı təmin etməklə hər iki sahədə mövcud olan ciddi kənarlaşmaların, fərqlərin tədricən aradan qaldırılmasına istiqamətlənmişdir. Burada başlıca istiqamət insan kapitalının təkmilləşməsinə, istehsal və xidmət sahələrində yüksək texnologiyalardan istifadə nəticəsində innovasiya amilinin iqtisadi inkişafın başlıca mənbəyini təmin edəcək modelin yaradılmasına yönəlmişdir.
Konsepsiyaya əsaslanaraq qeyd etmək olar ki, innovasiya ssenarisinin tətbiqi sosial-iqtisadi inkişafda ciddi keyfiyyətli dönüşün baş verməsinə səbəb olmaqla inkişaf etmiş ölkələrə xas bir çox dəyişikliklərə - iqtisadiyyatda, elmdə, təhsildə, yüksək texnoloji və digər sahələrdə müqayisəli üstünlüklər nəzərə alınmaqla inkişaf meyillərinin yüksəlməsinə; özəl sektorun, rəqabətqabiliyyətli müəssisələrin və investisiya aktivliyinin dinamik inkişafını təmin edən institutların yaranmasına; istehsal, emal, hasilat və xidmət sektorlarında innovasiyaların təkmilləşdirilməsinin intensivliyinin, sonda əmək məhsuldarlığının keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlməsinə; infrastruktur sisteminin inkişafına; insan kapitalının intensiv inkişafının keyfiyyət dəyişikliyinə, ölkədə ortabab təbəqənin səviyyəsinin və əhalinin maddi rifah halının yüksəlməsinə; beynəlxalq əlaqələrin coğrafiyasının genişlənməsinə gətirib çıxaracaq.
Ölkədə müvafiq konsepsiyanın həyata keçirilməsi uzunmüddətli sosial-iqtisadi inkişaf proqnozlarının verilməsi ilə bağlı hazırlanacaq kompleks proqram və modellər tərtibini tələb edir ki, onların da tərkibinə aşağıdakı istiqamətlər daxil edilməlidir:
- sosial-iqtisadi inkişafın uzunmüddətli strateji istiqamətləri;
- uzunmüddətli proqnozların sahələr üzrə hazırlanması seçiminin əsaslandırılması və onun ssenarisinin müəyyənləşdirilməsi;
- istiqamətlərin müəyyənləşdirilməsinin məqsədliliyi və məqsədyönlülüyü;
- innovasiya və elmi-texniki tərəqqi yönümlü inkişafa keçidin istiqamətləri;
- uzunmüddətli proqnozlaşdırmada dövlət-cəmiyyət-özəl sektor birgə əlaqəliliyinin təmin olunması;
- elmi-texniki tərəqqi və innovasiyayönümlü inkişaf mərhələlərinin konkretləşdirilməsi;
- iqtisadi institutların rolunun artırılması, institusional dəyişikliklərin həyata keçirilməsi və makroiqtisadi stabilliyin qorunması;
- iqtisadi idarəetmə sisteminin səmərəliyinin artırılması;
- iqtisadi inkişafda milli rəqabətqabiliyyətliliyin yüksəldilməsi;
- Azərbaycan Respublikasının 2012-2020-ci illər ərzində sosial-iqtisadi inkişafına təsir edəcək amillər və bu dövr ərzində dəyişkən mühit;
- sosial-iqtisadi inkişafa təsir edəcək daxili mühitin müəyyən edilməsi (alternativ variantlarla);
- sosial-iqtisadi inkişafa təsir edəcək xarici mühitin müəyyən edilməsi (alternativ variantlarla);
- Azərbaycan Respublikasının 2012-2020-ci illər üzrə (hətta 2030-2050) sosial-iqtisadi inkişafının əsas prioritet istiqamətləri;
- müvafiq dövrlərə uyğun iqtisadi inkişaf amilləri.
Azərbaycan Respublikasının uzunmüddətli dövr üzrə konsepsiyasının hazırlanmasında sosial-iqtisadi inkişaf proqnozlarının sahələr üzrə istiqamət və meyarlarının müəyyən olunması mərhələliyində ardıcıl sistemin əsas götürülməsi zəruridir. Ölkənin uzunmüddətli proqnozlarının həyata keçirilməsinin hüquqi və iqtisadi inkişaf təminatı hazırlanmaqla müvafiq proqnozların son hədəfləri üzrə gözlənilən nəticələrin əldə olunması üçün bu prosesin də mərhələli həlli zəruridir.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Məhz bu amillər Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixdə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının həyata keçmə imkanlarını daha da reallaşdırır. Bütün bu mühüm amillər həm də özlüyündə Azərbaycanın məcburi cəlb olunduğu Ermənistanla münaqişənin, Dağlıq Qarabağ probleminin bu dövr ərzində ölkəmizin xeyrinə həll olunmasına müsbət təsir göstərəcək.
İsa ALIYEV,
AMEA-nın İqtisadiyyat
İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor
Azərbaycan.-
2012.- 15 fevral.- S. 6.