Xarici jurnalistlərə Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir

 

 Fevralın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Türkiyənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri və "France 24" kanalının əməkdaşları ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotolardan ibarət stend, maket və 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritə ilə tanış olmuşlar.

Görüşdə Ə.Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat vermişdir.

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışan komitə sədri vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,7 milyard dolları büdcə, 1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bundan əlavə, indiyədək ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 70 müasir qəsəbə salınmışdır.

Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini qeyd etmişdir ki, son dövrlərdə Azərbaycanın iqtisadiyyatı daha da inkişaf etmiş, hərbi qüdrəti güclənmiş, beynəlxalq əlaqələri möhkəmlənmişdir. Bunun əksinə, Ermənistanın siyasi, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşmış, təcavüzkar ölkənin tutduğu qeyri-konstruktiv mövqe onun həm daxili, həm də xarici siyasətdə iflasına gətirib çıxarmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Ermənistanda vəziyyəti daha da çətinləşdirmiş, yeni problemlər yaratmışdır.

Fransa Senatında qondarma erməni soyqırımının inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul olunmasına münasibət bildirən Ə.Həsənov bu addımın təkcə Türkiyəyə deyil, bütün türk dünyasına qarşı yönəldiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, belə bir qanunun qəbulu Fransa xalqının da mənafeyinə ziddir.

Baş nazirin müavini Xocalı soyqırımı ilə bağlı məlumat verərək bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər qadın, uşaqqoca demədən qarşılarına çıxan hər kəsi qətlə yetirmişlər. Həmin gün Xocalıda 106-sı qadın, 63-ü uşaq olmaqla 613 dinc sakin öldürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu faciə nəticəsində 8 ailə tamamilə yox edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti yeritməkdə davam etdiyini diqqətə çatdıran Ə.Həsənov bu problemin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır.

Baş nazirin müavini jurnalistlərin suallarını cavablandırmışdır.

Sonra qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmin diski də təqdim edilmişdir.

Sonda Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı, qaçqınlar və məcburi köçkünlərlə bağlı "France 24" telekanalının müxbirinə müsahibə vermişdir.

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 7.