Sinəsi
dağlı, yolları bağlı şəhər
Xocalı! Bu ad çəkiləndə sinələr dağlanır, yollar bağlanır...
Xocalı - bağrı yarılan qız-gəlin!
Xocalı - baxışlarından məsumluq yağan qızcığaz, yaşmaqlı ağbirçək nənə!
Qarabağın qanlı-qadalı illərində daha dəhşətli qırğınlar törədilən, yer üzündən silinən bir isti yurd idi Xocalı. Qucağında, qundağında körpəsi boğulan, yurd-yuvası dağıdılan bir ana idi - fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan balalarına əli yetməyən!
Qarabağdakı yeganə hava limanı da Xocalıda idi. Ermənilərin Xocalıya əsas maraqları da onun bu cür strateji mövqeyə malik olması idi. Xocalıdakı qədim tarixə malik adibələr işğala qədər qalmaqda idi. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşirdi. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən abidələr - daş qutular, kurqanlar və nekropollar tapılıb. Burada memarlıq abidələrindən dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardı. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək, gildən ev əşyaları aşkar edilib. Tapılmış muncuq dənələrinin birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdı.
Burada əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olub. Şəhərdə toxuculuq fabriki, 2 orta və 2 səkkizillik məktəb fəaliyyət göstərib. Son illər baş vermiş hadisələrlə əlaqədar Fərqanədən (Özbəkistan) qaçqın düşmüş Mesheti türklərindən ibarət 54 ailə, həmçinin Qərbi Azərbaycanla Xankəndidən qovulmuş soydaşlarımız da şəhərdə məskunlaşmışdı.
Sonralar erməni tərəfi "etiraf" etmişdi ki, silahlı daşnak dəstələrinin əsas vəzifəsi Xocalı plastdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, hava limanının ələ keçirilməsi idi. Bunun üçünsə Xocalı bir gecənin içərisində yerlə yeksan edildi, xocalılılar süngülərə taxıldı... Bütün bu dəhşətlərdən dünya xalqlarının xəbəri olsa da, cinayətkarlar cəzalandırılmadı. Bəşəriyyət hələ də susur, yaxud saxta erməni soyqırımından danışılır...
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olan Xocalı qətliamı Xatın, Xirosima, Lidsa, Oradur soyqırımları ilə eyni dərəcədə qəbul edilib. 1991-ci ilin oktyabrından mühasirə şəraitində olan Xocalıya əsas nəqliyyat xətti havadan idi. Sonuncu dəfə vertolyot 1992-ci il yanvarın 28-də bu istiqamətə uçub. Şuşa səmalarında həmin vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində 40 nəfərin faciəli şəkildə həlak olmasından sonra Xocalı havadan da mühasirəyə alınıb. Şəhərə yanvar ayının 2-dən elektrik enerjisi verilməyib. Şəhərin müdafiəsi əsasən yerli özünümüdafiə dəstəsi və Milli Ordunun təlim keçmədən ön cəbhəyə yollanan əsgərləri tərəfindən həyata keçirilib.
Xocalıya hücum fevralın 25-də axşam 366-cı motoatıcı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması və toplardan, tanklardan, "Alazan" tipli "zenit"lərdən açılan 2 saatlıq atəşdən sonra başlanıb. Şəhərə üç istiqamətdən hücum edildiyi üçün əhali Əsgəran tərəfə qaçmağa məcbur olub. Amma bu, qurulmuş bir tələ olduğundan Naxçıvanik kəndi yaxınlığında dinc əhalinin qarşısı erməni silahlıları tərəfindən kəsilərək gülləbarana tutulub. Qarlı dağ aşırımlarında və meşələrdə onlar tamamilə əldən-ayaqdan düşənləri, şaxta donduranları, "sağ qalanlar"ı xüsusi qəddarlıqla qətlə yetiriblər. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının meyiti gətirildiyi barədə məlumatlar verilib, həmin cəsədlərin amansızcasına təhqirə məruz qalması faktları aşkar edilib.
Fevral ayının 28-də tərkibində yerli jurnalistlərdən olan 2 qrup vertolyotla azərbaycanlıların qətlə yetirildikləri yerə çatıb. Oradakı mənzərə hamını dəhşətə gətirib. Düzənlik cəsədlərlə dolu olub. İkinci vertolyotun havadan mühafizə olunmasına baxmayaraq, ermənilərin güclü atəşləri altında ancaq 4 cəsədi götürmək mümkün olub. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha acınacaqlı faktlar aşkarlanıb. Meyitlərin skalplarının götürülməsi, cəsədlərin qulaq, burun və digər orqanlarının kəsilməsi, gözlərinin oyularaq çıxarılması, ətraflarının kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılmalar və digər belə vəhşiliklər bir daha ermənilərin vandalizm siyasəti yeritdiyini təsdiqləyirdi.
Həmin qanlı, qırğınlı günlərdə xocalılılar yalnız qətlə yetirilmədilər. Onlardan 1275-i (qoca, qadın və uşaq) isə əsir aparılaraq dəhşətli təhqir, zülm və həqarətlərə məruz qalıb, min nəfər isə əlil və şikəst olub.
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu, beynəlxalq norma və prinsiplər əsasında həlli, işğal edilmiş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında hələ 1993-cü ildə dalbadal 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Lakin Ermənistan nəinki həmin rəsmi qərarlara məhəl qoymadı, üstəlik, Azərbaycanın digər ərazilərini də zəbt edərək oradakı insanları məcburi köçkünə çevirməklə bu çirkin siyasətindən əl çəkməyib, o yerlərdəki tarixi, dini və mədəniyyət abidələrinin izini belə sildi. Bütün bunlar yalnız bir məqsəd daşıyırdı: Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaqla "Böyük Ermənistan" xülyasını reallaşdırmaq. Onlar bunu açıq-aşkar, çəkinmədən bəyan ediblər. Təəssüf ki, həmin siyasət 20 ildir davam etməkdə, dünyanın supergücləri isə bu "oyunun tamaşaçıları"na çevrilməkdədir.
Xocalının, daha doğrusu, Azərbaycan torpaqlarının erməni vandallarının təcavüzündən qorunmasında vətənpərvərlik nümunəsi göstərən və şəhid olan xocalılılardan on nəfər (9-u ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ulu öndər Heydər Əliyev 1 mart 1994-cü il tarixdə bu barədə fərman verib. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 26 fevral Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunub, bütün beynəlxalq təşkilatlara məlumat verilib. 25 fevral 1997-ci il tarixində "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" ulu öndər Heydər Əliyev tərəfindən fərman imzalanıb.
Hadisələrin şahidlərinin dilə gətirdikləri təkcə dəhşətlərdən deyil, vəhşiliklərdən xəbər verir. Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin dediklərindən: "Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini vəhşicəsinə öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kəndin yaxınlığındakı "Bəylik bağı" adlanan yerdə "silos quyusu"na töküb üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular. Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki nəfərin başını toxmaqla yararaq onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb piyada Xankəndiyə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq".
İlqar Əliyev Xankəndidə yerləşən həbsxanada 8 nəfər Qaradağlı sakininin acından öldüyünü bildirib: "Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhərisi gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".
Qaradağlı kənd sakini Oruc Əliyev də şahidi olduğu işgəncə və qətliamlar barədə bunları deyib: "Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər".
O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını da dilə gətirib: "Həmin il martın 17-də dəyişdirildim. Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi".
Xocalı dəhşətləri, qırğınları dünyanın nüfuzlu mətbu orqanlarının o zamankı aparıcı mövzusuna çevrilsə də, davam etdirilən ikili siyasət nəticəsində dünya birliyi bu faciəyə ciddi reaksiya vermədi. "Krual 'Eveneman" jurnalı (Paris, 25 fevral 1992-ci il) yazır: "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər". "Sandi Tayms" qəzetindən sətirlər (London, 1 mart 1992-ci il): "Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər",E"Faynənşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il: "Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir". "Tayms" qəzeti (London), 4 mart 1992-ci il: "Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır".
O günlərin acı mənzərəsinə Rusiya mətbuatı da səhifələrində yer ayırdı. "İzvestiya"dan (Moskva, 4 mart 1992-ci il) oxuyuruq: "Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. Kişilərin skalpları götürülmüşdü". "İzvestiya" (Moskva), 13 mart 1992-ci il: "Mayor Leonid Kravets: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü".
"Faynənşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: "General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır". "Le Mond" qəzeti (Paris), 14 mart 1992-ci il: "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır". "Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər".
Göründüyü kimi, o dövrdə Fransa mətbuatı Xocalı qətliamından daha çox yazırdı, nəinki digərləri.
İngiltərənin "Fant men nyus" teleşirkətinin müxbiri R.Patrik hadisə yerində olub və gördüklərini qısaca belə ifadə edib: "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".
Bu qətliamı törədənlər isə bununla sanki öyünürmüşlər kimi danışırdılar. Qarabağ hadisələrinin iştirakçışı, erməni ideoloqlarından olan Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci il fevralın 26-da Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Daha bir müəllif (milliyyətcə erməni), Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi müsibətləri "Xaç uğrunda" kitabında xatırlayır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim".
"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olanlar) türklərin cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən on yaşlı bir qız uşağını gördüm. O, yavaş-yavaş nəfəs alırdı. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan sızıltı və imdad səsləri gəlirdi".
366-cı alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. Alaydan qaçmış hərbiçilərin ifadələri də bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edirdi. Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatıb ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilməyiblər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli olub. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçısi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qalıblar. Alayın komandanlığının cinayət sövdələşməsi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verilib.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobudcasına pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 15 fevral.- S. 7.