Korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu tədbirlər həyata keçirilmişdir

 

 Müsahibimiz Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Kamran ƏLİYEVdir

 

 - Rəhbərlik etdiyiniz struktur tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində digər hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti institutları ilə həyata keçirilən əməkdaşlıq tədbirləri barədə nə deyə bilərsiniz?

- İdarə tərəfindən Azərbaycan Respublikasının üzv olduğu "Korrupsiya cinayətləri ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyanın 21-ci maddəsinə müvafiq olaraq milli orqanlarla və onların arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi ilə əlaqədar olaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşəbbüsü ilə Baş Prokurorluqla Daxili İşlər Nazirliyi arasında "Korrupsiya ilə mübarizə sahəsində prokurorluqdaxili işlər orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında" və Baş Prokurorluqla Vergilər Nazirliyi arasında "Korrupsiya ilə mübarizə sahəsində prokurorluqvergi orqanları arasında qarşılıqlı əməkdaşlıq haqqında" birgə əmrlər imzalanmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti, Auditorlar Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə razılaşma memorandumları imzalanmışdır. Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də korrupsiyaya qarşı mübarizənin daha kəsərli aparılması üçün bütün dövlət orqanlarının birgə səylərinin tələb olunmasını nəzərə alaraq prokurorluq digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etmişdir.

Belə ki, ötən il ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə digər hüquq-mühafizə orqanlarından cinayət xarakterli 30 məlumat daxil olmuşdur. Onlardan Fövqəladə Hallar Nazirliyindən 9, Ədliyyə Nazirliyindən 9, Məhkəmə Hüquq Şurasından 1, Daxili İşlər Nazirliyindən 1, Dövlət Miqrasiya Xidmətindən 1, Milli Təhlükəsizlik Nazirliyindən 4 və digər hüquq-mühafizə orqanlarından 5 məlumat olmuşdur. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanmış, onlardan 15 müvafiq məhkəmələrə göndərilməklə 5 cinayət işi üzrə ittihamedici hökmlər çıxarılmış, 10 isə məhkəmə baxışındadır. 10 cinayət işi üzrə hazırda ibtidai istintaq davam etdirilir. Eyni zamanda, korrupsiya cinayətlərinin aşakar edilməsi istiqamətində Milli Təhlükəsizlik, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları ilə bir neçə birgə əməliyyat tədbirləri keçirilərək cinayət törətmiş şəxslər cinayət başında yaxalanmışlar.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması, qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və digər tərəfdaşların cəlb edilməsi kimi vəzifələrin həyata keçirilməsi istiqamətində müvafiq işlər görülməklə bu sahədə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilir. Bu əməkdaşlığın təzahürü kimi 2011-ci il aprelin 15-də Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyası, Baş Prokurorluğunkorrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə ilə bağlı forum keçirilmişdir.

Vətəndaş cəmiyyətinin üzvləri idarənin təşkilatçılığı ilə keçirilən tədbirlərə daim dəvət olunur, eyni zamanda, idarənin əməkdaşları, onların təşkil etdikləri beynəlxalq tədbirlərə, seminarlara, treninqlərə qatılırlar.

25 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsi arasında Əməkdaşlıq Memorandumunun rəsmi imzalanması mərasimi keçirilmişdir.

 

Münasibətlərin genişləndirilməsində qarşılıqlı maraqlara əsaslanan memorandumda korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq barədə razılıq əldə edilmişdir. Memorandumda o cümlədən davamlı əlaqələr çərçivəsində vətəndaşlarda korrupsiyaya qarşı dözülməz münasibətin - vətəndaş mövqeyinin formalaşdırılması üçün antikorrupsiya biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin həyata keçirilməsi, o cümlədən korrupsiyaya qarşı mübarizəyə dair nəşrlərin və sosial reklam məqsədi daşıyan digər əyani vəsaitlərin birgə hazırlanması, yayılması, birgə səylər nəticəsində vətəndaşlarda korrupsiyanın qarşısının alınması, aradan qaldırılmasının, bu sahədə nailiyyətlər əldə edilməsinin mümkünlüyünə inam hissinin formalaşdırılması üçün səylərin gücləndirilməsi nəzərdə tutulmuşdur. Sənəddə həmçinin kütləvi informasiya vasitələrinin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış və təhqiqat jurnalistikası ilə məşğul olan nümayəndələri üçün təlim, seminar və treninqlərin keçirilməsi, birgə dövri maarifləndirici veriliş və proqramların hazırlanması və keçirilməsi kimi məsələlər də öz əksini tapmışdır.

- İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində hansı qabaqlayıcı tədbirlər həyata keçirilir?

- Korrupsiya cinayətlərinin qarşısının alınmasında preventiv tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində işlər 2011-ci ildə də davam etdirilmiş, bu zaman əsas diqqət daha cox korrupsiya cinayətləri və hüquqpozmaları yayılmış sahələrin müəyyənləşdirilməsipreventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinə verilmişdir. Belə ki, idarə tərəfindən müvafiq təhlillər aparılmaqla korrupsiyaya daha çox məruz qalan sahələr müəyyənləşdirilmiş, həmin sahələrdə korrupsiyanı doğuran səbəb və şərait, onların aradan qaldırılmasına dair təkliflər hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərilmişdir. Həmçinin bilavasitə məmur-vətəndaş təmas nöqtələrinin aradan qaldırılması, dövlət orqanlarının elektron xidmətlər göstərməsi imkanlarına dair təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti üzrə təqdim edilmişdir.

Yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış müraciətlər, cinayət xarakterli materiallar və cinayət işlərinin istintaq təcrübəsi ümumiləşdirilərək daha çox rast gəlinən xarakterik qanun pozuntuları, onlara şərait yaradan hallar müəyyənləşdirilmiş və onların aradan qaldırılmasına dair bir sıra təkliflər hazırlanmışdır. Həmin məlumat təkliflər üzrə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün müvafiq təşkilati və zəruri tədbirlərin görülməsi məsələsinin nəzərdən keçirilməsi və məsələyə münasibət bildirilməsi üçün müvafiq qurumlara göndərilmişdir.

Bakı şəhəri ərazisində bir sıra məktəblərin tikintisi və təmiri zamanı sui-istifadə, standartlara uyğun olmayan işlərin görülməsi və mövcud normaların tələblərinin pozulması hallarına yol verilməsi faktları üzrə aparılmış araşdırmaların nəticələri üzrə bu sahədə qanunsuzluqların, onların baş verməsinə şərait yaradan halların təxirəsalınmadan aradan qaldırılması və gələcəkdə bir daha təkrar olunmaması üçün təsirli tədbirlər görülməsi barədə Təhsil Nazirliyinə təqdimat göndərilmişdir. Eyni zamanda, təhlillər aparılmaqla bu sahədə işin yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması məqsədilə konkret təkliflər hazırlanmışdır.

Qeyd olunanlarla yanaşı, il ərzində aparılmış təhlillər nəticəsində sərnişin və yük daşımaları ilə məşğul olan fizikihüquqi şəxslərin vergiyə cəlb edilməsi ilə əlaqədar yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə müvafiq təqdimatlar göndərilmiş və həmin təqdimatlarda sürücülərə qarşı qanun pozuntularına yol vermiş müfəttişlərin intizam məsuliyyətinə cəlb edilmələri ilə yanaşı, nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsini təmin edən tədbirlər görülməsi sahəsində nəqliyyat müfəttişlərinin fəaliyyətinin nizama salınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi üçün aidiyyəti üzrə tədbirlər görülməsi də təklif olunmuşdir. İdarənin təklifləri nəzərə alınaraq Nəqliyyat Nazirliyində müzakirələr aparılmış, nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsini təmin edən tədbirlərdən biri kimi vergidən yayınan sürücülərin Nəqliyyat Nazirliyinin müfəttişlərinin göstərişinə tabe olmamasına görə inzibati məsuliyyətin müəyyənləşdirilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinə təklif göndərilməsi təmin edilmişdir.

Həmin təkliflər nəzərə alınaraq 2011-ci ilin fevral ayında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə cərimə cəzasını nəzərdə tutan maddə 326-5 əlavə edilmişdir.

25 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən hazırlanmış "Korrupsiya cinayətləri: aşkar edilməsi, istintaqı və ittihamın müdafiə edilməsi" adlı kitabın təqdimetmə mərasimi keçirilmişdir. İdarə tərəfindən nəşr edilmiş və xidməti istifadə üçün nəzərdə tutulan bu kitab idarənin fəaliyyətində inzibati tədbirlərlə yanaşı, qabaqlayıcı, önləyici tədbirlərin yerinə yetirilməsi istiqamətində hüquqi maarifləndirmə baxımından atılmış növbəti addımdır. Bu kitabda korrupsiya cinayətlərinin aşkar edilməsində yeni informasiya texnologiyalarının rolu, beynəlxalq təcrübə, ayrı-ayrı korrupsiya cinayətlərinin istintaq xüsusiyyətləri və sair məsələlərlə bağlı yazılar və analitik təhlillər öz əksini tapmışdır.

Kitab idarə tərəfindən əvvəlki illərdə nəşr edilmiş "Korrupsiya cinayətlərinin istintaqına dair metodik tövsiyələr", "Korrupsiyaya dair icraat" "Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı" kitablarının davamı olaraq korrupsiyaya qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkarlıq səviyyəsinin artmasında mühüm rol oynayacaqdır.

- "Azərbaycan Respublikası Prokurorluğunun müasirləşdirilməsinə dair Dövlət Proqramı"nın icrasi istiqamətində hansı işlər görülmüşdür?

- Ulu öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevin dövlət quruculuğu sahəsində davam etdirdiyi islahatlar prokurorluq orqanları sistemində də işin müasir dövrün tələblərinə uyğun keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri etmişdir. Ölkə Prezidentinin 27 sentyabr 2008-ci il tarixli 3065 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci il üçün Dövlət Proqramı da məhz bu məqsədə yönəlmiş və prokurorluq orqanları sistemində həyata keçirilən islahatların məntiqi davamı olmuşdur.

Dövlət proqramı prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığın artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsini bir vəzifə kimi qarşıya qoymuşdur.

Ötən müddət ərzində Azərbaycan Respublikası Prokurorluğunun, o cümlədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin müasirləşdirilməsi istiqamətində Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Belə ki, korrupsiyaya qarşı mübarizə sahəsində normativ-hüquqi aktlar kifayət qədər modernləşdirilmiş və beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazası yaradılmışdır. Qanunvericilik sahəsində qeyd olunan islahatlar Azərbaycan Respublikası Prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 28 iyul 2007-ci il tarixli 2292 nömrəli sərəncamına, dövlət başçısının 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi göstərişlərə müvafiq olaraq Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 2011-ci ilin yanvar ayının 27-də keçirilmiş geniştərkibli iclasında müəyyən edilmiş vəzifələrə uyğun olaraq, habelə Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə üzrə Dövlətlər Qrupu (GRECO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycan Respublikasına verilmiş tövsiyələri əsasında formalaşdırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2010-cu il tarixli 33s saylı sərəncamına müvafiq olaraq Bakı şəhəri Binəqədi rayonu İ.Dadaşov küçəsi, 60 ünvanında yerləşən, ümumi ərazisi 3450 kvadratmetr olan ərazidə sahəsi 1700 kvadratmetr olmaqla müasirmilli ornamentlərlə zəngin olan iki hissədən ibarət inzibati binanın tikintisi uğurla davam etdirilir və yaxın vaxtlarda binanın tikintisinin başa çatdırılması planlaşdırılır. Ötən müddət ərzində maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə idarənin balansına xidməti avtomobillər, müasir kompyuter avadanlıqları, habelə idarəyə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsindən sonra bu sahədə müasir texnikanın alınması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilmişdir.

İdarənin kadr potensialının gücləndirilməsi və işçilərin peşəkarlıq səviyyəsinin artırılması məsələləri hər zaman diqqət mərkəzində olmuşdur. O da xüsusi vurğulanmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarına müsabiqə yolu ilə işə qəbul olunmuş gənc mütəxəssislərdən 13-ü xidməti vəzifələrini hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində davam etdirirlər.

Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 5 sentyabr 2008-ci il tarixli əmrlə idarədə Korrupsiya Cinayətləri üzrə Vahid Məlumat Bazası təsis edilmişdir. Əmrlə təsdiq edilmiş korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasına dair təlimatla müəyyən edilmiş qaydada Baş Prokurorluğun qurumları tərəfindən ölkə üzrə korrupsiya cinayətləri, onları törətmiş şəxslər barədə məlumatlar informasiya texnologiyaları vasitəsilə Vahid Məlumat Bazasına ötürülür. Həmin məlumatlar bütün aidiyyəti qurumlar tərəfindən cinayət xarakterli məlumatların baxılması üzrə icraatın, korrupsiya cinayətləri üzrə istintaqın və məhkəmə baxışının nəticələrini əks etdirən göstəriciləri əhatə edir. 2009-cu ilin əvvəlindən fəaliyyət göstərən vahid informasiya bazası korrupsiya cinayətlərinin, onları törətmiş şəxslərin və bu növ cinayət işlərinin istintaqı və məhkəmə baxışının nəticələri barədə məlumatların mərkəzləşdirilmiş qaydada qeydiyyata alınmasına xidmət edir, 100-dən artıq meyarlar üzrə təhlillərin aparılmasına imkan yaradır.

Bundan əlavə, idarədə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış işçi yeri üzrə məlumat-axtarış sistemi quraşdırılaraq "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində quraşdırılan "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış işçi yeri üzrə məlumat-axtarış sisteminin istismarının təşkili haqqında" Təlimatın təsdiq edilməsi barədə" Baş Prokurorluq üzrə müvafiq əmrə əsasən fəaliyyətə başlamışdır. "Elektron hökumət" layihəsi çərçivəsində elektron sənəd dövriyyəsini təmin edəcək şəbəkənin formalaşdırılması istiqamətində işlərin sürətləndirilməsi, həmin proqramın mərhələ-mərhələ istifadəyə verilməsi, əməkdaşlarda müvafiq istifadə vərdişlərinin hazırlanması məqsədi ilə Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin mütəxəssislərinin iştirakı ilə idarənin əməliyyat və texniki heyəti üçün bir neçə xüsusi hazırlıq kursları keçirilmiş, bu istiqamətdə zəruri tədbirlərin görülməsi təmin edilmişdir. Eyni zamanda, idarənin fəaliyyətini tənzimləyən daxili inzibatçılıqla bağlı əmr, təlimat və qaydalar hazırlanaraq Baş prokuror tərəfindən təsdiq edilmişdir. Qeyd olunan və müsahibənin əvvəlində sadalanan, idarənin fəaliyyət istiqamətləri və strukturu ilə bağlı həyata keçirilən digər tədbirlər korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icrasını təmin etmək baxımından uğurlu olmuşdur.

- Kamran müəllim, son günlər bəzi müxalifətyönlü kütləvi informasiya vasitələrində korrupsiyaya qarşı mübarizənin lazımi səviyyədə aparılmaması və bu istiqamətdə real nəticələr əldə olunmadığı barədə fikirlər yer alır. Bunlara münasibətiniz?

- Bu yazılar qərəzli olmaqla ucuz sensasiya yaradılmasına hesablanmışdır. Görülmüş işlərin əhəmiyyətini azaltmaq və əldə edilən nəticələrə kölgə salmaq istiqamətində uğursuz cəhdlər mütəmadi olsa da, bu, bizi ruhdan salmır. Korrupsiyaya qarşı mübarizə sahəsində aparılan genişmiqyaslı işlərin nəticəsi göz qabağındadır və görülmüş tədbirlər barədə ictimaiyyətin mütəmadi olaraq ətraflı məlumatlandırılması təmin edilir. Müqayisə üçün qeyd etmək yerinə düşər ki, çox az ölkə tapılar ki, Azərbaycan Respublikasının siyasi rəhbərliyinin təşəbbüsü ilə son dövrlərdə korrupsiyaya qarşı mübarizə sahəsində bu miqyasda məqsədyönlü, qətiyyətli, düşünülmüş addımlar atmış olsun. Bunun məntiqi nəticəsi və sübutu kimi ölkədə həyata keçirilən qanunvericipraktiki tədbirlə yanaşı, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin cinayətkarlığa qarşı mübarizə sahəsində statistik göstəricilərinə nəzər salmaq kifayət edər. İdarə fəaliyyətə başladığı vaxtdan - 2005-ci il ərzində 35 nəfər şəxs barəsində 12 cinayət işinin, 2006-cı il ərzində 79 nəfər şəxs barəsində 39 cinayət işinin, 2007-ci il ərzində 69 nəfər şəxs barəsində 41 cinayət işinin, 2008-ci il ərzində 121 nəfər şəxs barəsində 70 cinayət işinin, 2009-cu il ərzində 114 nəfər şəxs barəsində 72 cinayət işinin, 2010-cu il ərzində 188 nəfər şəxs barəsində 104 cinayət işinin istintaqı tamamlandığı halda 2011-ci il ərzində 229 nəfər şəxs barəsində 142 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir. Həmçinin bu, təkcə cinayət işlərinin sayında deyil, keyfiyyətində də özünü göstərmiş, belə ki, məhkəməyə göndərilən ağır və xüsusilə ağır cinayətlərin sayı əvvəlki illərlə müqayisədə çoxluq təşkil etmişdir. Məhz ölkə başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin kəsərinin artması real nəticələrdə öz əksini tapmışdır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə sıx və işgüzar əlaqələrin qurulması sayəsində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupuİqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər müsbət qiymətləndirilir. Artıq beynəlxalq təşkilatlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumun Azərbaycan modeli müsbət qəbul edilməklə bir nümunə kimi təqdim olunur.

Xüsusi vurğulamaq istərdim ki, 2012-ci il yanvarın 25-29-da İsveçrənin Davos şəhərində keçirilmiş ənənəvi Ümumdünya İqtisadi Forumunda ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hortmats Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşündə evin ölkəmizdə gedən inkişaf proseslərini, xüsusilə də iqtisadiyyat və sənaye sahələrində həyata keçirilən uğurlu islahatları yüksək qiymətləndirdiyini xüsusi vurğulamış, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində görülən tədbirlərin, eləcə də qeyri-neft sektoruna qoyulan sərmayələrin müsbət nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqına təbriki və Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin məqsədyönlü olmasının tam ciddiliyi ilə davam etdirilməsinə dair tapşırıqlarına, ölkə başçısı tərəfindən prokurorluğa göstərilən yüksək etimada müvafiq olaraq bundan sonra da respublikamızın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya cinayətlərinin qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcəkdir.

 

Müsahibəni apardı:

 

Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 8.