Beynəlxalq Antikorrupsiya Akademiyası korrupsiyaya
qarşı mübarizə sahəsində Azərbaycanda həyata
keçirilən tədbirləri yüksək qiymətləndirmişdir
Azərbaycanda səfərdə olan Beynəlxalq Antikorrupsiya Akademiyasının keçid qrupunun rəhbəri Martin Kreutnerin başçılıq etdiyi nümayəndə heyəti fevralın 14-də baş prokuror Zakir Qaralovla görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Z.Qaralov korrupsiyaya qarşı mübarizənin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır. Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahədə kompleks şəkildə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazasının formalaşdırılması və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat vermişdir.
Xüsusi olaraq vurğulanmışdır ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, idarənin strukturunda edilmiş köklü dəyişikliklər və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, o cümlədən idarə ilə korrupsiyaya qarşı mübarizə aparan Qeyri-Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında imzalanmış Anlaşma Memorandumu bu sahədə prokurorluq orqanlarının qarşısında mühüm və məsuliyyətli vəzifələr qoymuşdur.
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyası ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması da Azərbaycan prokurorluğu qarşısında yeni və mühüm vəzifə qoymuşdur.
Baş prokuror bildirmişdir ki, Akademiyanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi, kadrların nəzəri və peşə hazırlığının artırılmasında əhəmiyyətli rolu nəzərə alınmaqla ölkəmizin sözügedən qurumun "Beynəlxalq Təşkilat kimi təsis edilməsi haqqında" Sazişi imzalaması barədə qərar qəbul edilmişdir.
Söhbətdə həmin sazişin ikitərəfli əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə və korrupsiyaya qarşı mübarizə işinə layiqli töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Martin Kreutner korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Qonaq Akademiyanın "Beynəlxalq təşkilat kimi təsis edilməsi haqqında" Sazişin 55 ölkə tərəfindən imzalandığını bildirmişdir. O, təmsil etdiyi qurumun korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində Azərbaycan Prokurorluğuna daim yardım göstərməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
ətrafında səmərəli fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 15 fevral.- S. 8.