Tarixi görüşün unudulmaz təəssüratları

 

 24 dekabr 2011-ci il Ağcabədi rayonunda məskunlaşmış laçınlı məcburi köçkünlərin yaddaşından uzun müddət silinməyəcək. Həmin gün Prezident İlham Əliyevin Taxtakörpü qəsəbəsinə gəlməsi, bu ərazidə yaşayan laçınlılarla görüşü, onlar üçün salınmış 552 evlik qəsəbənin açılışında iştirak etməsi, sözün əsl mənasında, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində laçınlılar üçün dəyərli töhfə oldu.

"Laçın rayonu təkcə təbiətinə görə yox, həm də insanlarına görə Azərbaycanın ən dəyərli güşələrindən biridir". Ulu öndər Heydər Əliyevin bu sözləri iştirakçısı olduğum görüş zamanı dəfələrlə səsləndirilib. Olduqca gərgin iş qrafikinə malik olan ölkə Prezidentinin vaxt tapıb laçınlı məcburi köçkünlərin görüşünə gəlməsi sübut etdi ki, laçınlılar doğma yurdlarından, təbiətlərindən ayrı düşsələr də, öz dəyərlərini, ləyaqətlərini və qürurlarını qoruyub saxlamışlar və bu keyfiyyətləri ölkə rəhbərinin də diqqət mərkəzindədir.

Açığını deyim ki, görüşün əvvəlində digər iştirakçılar kimi, məndə də müəyyən qədər həyəcan və gərginlik var idi. Ancaq Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın sadə və səmimi rəftarı, diqqət və qayğıkeşliyi tezliklə bu hissləri unutdurdu. Açıq və səmimi söhbət zamanı dövlət başçısı bildirdi ki, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası və digər zəruri infrastruktura malik olan qəsəbənin istifadəyə verilməsi müvəqqəti də olsa, sizlərin həyat şəraitini yaxşılaş-dırmaq məqsədini daşıyır. Bütün işğal olunmuş rayonların azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması dövlətimizin daxili və xarici siyasətinin bir nömrəli vəzifəsidir və biz buna istənilən vasitə ilə nail olacağıq. Ancaq mən bilirəm ki, siz vaxtilə müharibədən, xaosdan, maddi və mənəvi çətinliklərdən xeyli əzab-əziyyət çəkmisiniz. Bu gün ölkəmizin kifayər qədər imkanları var ki, müəyyən işlər görməklə bu əzab-əziyyəti bir qədər unutdursun. Artıq respublikamızda məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərciyi qalmamışdır. Bu gün fin qəsəbələrinin də sakinləri müasir evlərə köçürülürlər. Bu proses axıra qədər davam etdiriləcəkdir. Məqsədimiz ondan ibarətdir ki, böyük və güclü dövlətlərin maliyyə böhranından çətinlik çəkdikləri bir vaxtda ölkəmizin qayğıya və köməyə ən çox ehtiyacı olan bir kateqoriyası - məcburi köçkünlər bu böhrandan mümkün qədər az zərər çəksinlər.

Rayon ictimaiyyəti adından Prezident İlham Əliyevi salamlayan Əmirxan Zeynalov laçınlı məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə onların minnətdarlıq və təşəkkürlərini dövlət başçısına çatdıraraq həm də onu ad günü münasibətilə təbrik etdi. Ölkə rəhbərinin cavabı təkcə görüş iştirakçılarının deyil, bütün laçınlı məcburi köçkünlərin ürəklərində dərin hisslər oyatdı: "Mən adətən ad günlərimi qeyd etmirəm. Ancaq bu il qərara aldım ki, ad günümü öz ailəmlə və yaxınlarımla bir yerdə keçirim. Mənim ailəm və yaxınlarım isə sizsiniz".

Bu sadə və səmimi etiraf İlham Əliyevin həm dövlət başçısı, həm də adi bir insan kimi məcburi köçkünlərə nə qədər yaxın olduğunu göstərdi. Heydər Əliyevin ailə tərbiyəsini almış və siyasi məktəbini keçmiş cənab İlham Əliyev bu sözlərlə sübut etdi ki, o, məcburi köçkünlərin maddi köməkdən daha çox mənəvi qayğı və diqqətə ehtiyacı olduqlarını gözəl bilir, eyni zamanda, bu diqqət və qayğını onlardan heç vaxt əsirgəmir. Eyni sözləri ölkənin birinci xanımı Mehriban Əliyeva haqqında da demək olar. Çünki onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun geniş və çoxşaxəli fəaliyyətində məcburi köçkünlərə diqqət və qayğı, onların təhsil, sağlamlıq və digər məsələlərlə bağlı problemlərinin həlli əsas yer tutur.

Yeni qəsəbə ilə tanış olan Prezident İlham Əliyev burada evlə təmin olunmuş laçınlı məcburi köçkün, əmək veteranı Cənnət Əliyevin mənzilində ev sahibləri ilə səmimi söhbət etdi. Dağlıq Qarabağ probleminin həllinin ölkəmiz üçün taleyüklü bir məsələ olduğunu bir daha qeyd edən cənab İlham Əliyev onu da əlavə etdi ki, bu məsələnin beynəlxalq normalar çərçivəsində, ədalətli həlli üçün zəruri hüquqi baza var. Ancaq qonşu Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi danışıqlar prosesinə ciddi əngəl olub. Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun artması, ən başlıcası, ordumuzun güclənməsi gec-tez Ermənistanı bizimlə hesablaşmağa məcbur edəcək. Bu, artıq reallıqdır və Ermənistan da bunu qəbul etməlidir.

Doğma yurd-yuvalarından ayrı düşən laçınlılar rayonumuzda əhalinin məişətinə xas olan bir sıra xüsusiyyətləri bu gün də qoruyub saxlamışlar. Bu baxımdan nehrə çalxalanması, səbət balının emalı cənab İlham Əliyevin və onun xanımının marağına səbəb oldu.

Prezident İlham Əliyevin Taxtakörpü qəsəbəsində görüşü laçınlı məcburi köçkünlərin həyatında və yaddaşlarında dərin iz qoyan bir hadisə oldu. Mənim kimi digər görüş iştirakçıları da uzun illər boyu bu görüşün xoş təəssüratlarını öz yaddaşlarında yaşadacaqlar.

 

Şahlar XƏLİLOV,

 

Laçın rayonu təhsil şöbəsinin müdiri

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 9.