Ömür şərəflə yaşananda

 

 Heç cür inana bilmirəm ki, gözlərimə həmişə cavan, gümrah görünən, cəld yerişli, iti baxışlı, uzun illərdən bəri səmimi dostluq və qardaşlıq hissləri ilə bağlı olduğum İzzət müəllimin 80 yaşı tamam olur. Xəyalım  məni bir anlıq  keçmişə - keçən əsrin 60-cı illərinə çəkib aparır.

1968-ci ildə Bakı Dövlət Universitetinin  fizika fakültəsini əla qiymətlərlə bitirib fizikanın fəlsəfi problemləri ixtisası üzrə aspiranturaya qəbul imtahanları verirdim. Fəlsəfə fənnindən imtahan verərkən komissiya üzvlərindən biri diqqətimi daha çox çəkdi: bənizli, gülərüzlü, xoş simalı bir gənc. Qəbul olunmaq istədiyim ixtisas üzrə ayrılmış yerə bir neçə adam ərizə verdiyindən seçimin obyektivliyini təmin etmək məqsədilə imtahanlar olduqca ciddi, heç bir ayrı-seçkiliyə yol vermədən aparılır, imtahan iştirakçılarının bilikləri hərtərəfli yoxlanılırdı. Komissiya üzvləri məni də sual yağışına tutmuşdular. Ən çox sual verən isə daha bilikli və məntiqli görünən həmin adam idi. Bu insan respublikamızın fəlsəfə ictimaiyyətinin 80 illik yubileyini qeyd etməyə hazırlaşdığı görkəmli filosof, böyük pedaqoq, ictimai xadim, adı xalqımıza yaxşı məlum olan fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri İzzət Əşrəf oğlu Rüstəmov idi.

Mən aspiranturaya qəbul olunub İzzət müəllimlə eyni kafedrada işləməyə başladım. Aramızda əvvəlcə yaxınlıq, sonra isə dostluq münasibəti yarandı və bu dostluq 40 ildən artıqdır ki, davam etməkdədir. İllər ötdükcə İzzət müəllimi daha yaxından tanıdım, öyrəndim və bu yaxınlıq mənə onun mənəvi keyfiyyətlərini, insani xüsusiyyətlərini, elmi potensialını daha dərindən dərk etməyə imkan verdi. Onun gözəl bəlağəti, geniş və əhatəli dünyagörüşü, güclü təfəkkürü, dəyərli fikirləri məni həmişə valeh etmişdir. İzzət müəllim elmi keyfiyyətlərini, natiqlik qabiliyyətini indiqoruyub saxlamaqdadır. İzzət müəllimlə keçən əsrin 60-cı illərində yaranmış olan dostluğumuz həm də fikir, əqidə dostluğudur.

Namizədlik dissertasiyam XX yüzilliyin dahi fiziki Albert Eynşteynin "Nisbilik nəzəriyyəsi"nin irəli sürdüyü məkan-zaman probleminin fəlsəfi-metodoloji təhlilinə həsr olunmuşdu. Dissertasiya üzərində işləyərkən Rusiyanın görkəmli elm xadimləri ilə əməkdaşlıq əlaqələri yaratmışdım. Tez-tez Moskva alimləri ilə görüşür, həll etmək istədiyim mürəkkəb problemlər barəsində onlarla məsləhətləşirdim. Respublikamızda isə ən yaxın məsləhətçim İzzət müəllim idi. Hər dəfə onunla rastlaşdıqda özünəməxsus tərzdə ifadə etdiyi "Xoş gördük" ifadəsindən sonra dissertasiyam barəsində suallar verir, məni işləməyə, elmi axtarışlarımı davam etdirməyə ruhlandırırdı. Bəzən yerində deyilən bircə kəlmə sözinsanda müsbət emosiya, ruh yüksəkliyi, işləmək əzmi yaradır. Bu həqiqəti dərk etmiş İzzət müəllimin dissertasiyam ilə bağlı mənə ünvanladığı hər şirin kəlmə işləmək həvəsimi gücləndirir, tədqiqatın gedişində qarşıma çıxan çətinlikləri aradan qaldırmağa kömək edirdi. Tədqiq etdiyim relyativist effektlərin yeni fəlsəfi şərhini verərkən filosoffizik həmkarlarımın və birinci növbədə, professor İzzət Rüstəmovun mənə göstərdiyi qayğını həmişə minnətdarlıq hissilə xatırlayıram. Ümumiyyətlə, kafedramızın əməkdaşlarından elə birini tanımıram ki, dissertasiya müdafiə edərkən İzzət müəllimin böyük ürək açıqlığı ilə ortaya qoyduğu köməkdən bəhrələnməsin. O, dissertasiyaları oxuyur, müzakirələrdə çıxış edir, avtoreferatlara düzəlişlər verir, Azərbaycan və rus dillərini mükəmməl bildiyindən dissertantların elmi əsərlərini təmənnasız redaktə edirdi. İlahi sanki onu insanlara kömək etmək üçün yaratmışdı.

Başqaları kimi mənim də boynumda İzzət müəllimin haqqı böyükdür. Elmi Şura İzzət Rüstəmovu doktorluq dissertasiyama rəsmi opponent təyin etmişdi. Bu ərəfədə o, Baş nazirin müavini vəzifəsinə təyin olunmuşdu. İşinin başından aşmasına baxmayaraq, dissertasiyama yazdığı rəyin əlyazması 23 səhifə idi. Böyük bir təfəkkürün məhsulu olan bu rəyin özü, demək olar ki, müstəqil və orijinal bir tədqiqat əsəri idi. İzzət müəllimin xeyir-duası ilə tezliklə fəlsəfə doktoru alimlik dərəcəsi aldım. Aradan uzun illər keçməsinə baxmayaraq, ona bir daha səmimi və dərin minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

 

Hazırda İzzət müəllim Bakı Dövlət Universitetində Sosiologiya kafedrasına rəhbərlik edir. Dəqiqliyi, nizam-intizamı sevən İzzət müəllimin incə təbiəti, həssas qəlbi, zəngin mədəniyyəti, əməkdaşlarına qayğıkeş münasibəti rəhbərlik etdiyi kafedraya həmişə həvəs və işgüzarlıq gətirir.

Professor İzzət Rüstəmov geniş diapazonlu biliyə, yüksək erudisiyaya, dərin və hərtərəfli dünyagörüşünə malik filosof alim, vətənimizi, elimizi, yurdumuzu, ana dilimizi böyük məhəbbətlə sevən Vətəndaşdır. Onun fəaliyyətini müxtəlif ipostasiyalarda səciyyələndirmək olar: görkəmli alim, böyük pedaqoq, ömrü boyu həyata boyun əyməyən, cəmiyyətə xələl gətirməyən nadir bir şəxsiyyətdir. Vətənimizin dilbər  guşələrindən biri olan Gədəbəy torpağında doğulub boya-başa çatmış İzzət müəllimin başı Qoşqar dağı kimi uca, mənəvi dünyası Gədəbəy bulaqlarının suyu qədər təmiz və safdır.

İzzət müəllim tədqiqatçı alimdir. Xalqımızın XIX əsr fəlsəfi fikir tarixi onun elmi yaradıcılığından qırmızı xətlə keçir. Böyük ziyalı, XIX əsr Azərbaycan ictimai fikir tarixinin yaradıcılarından biri olan Həsən bəy Zərdabinin fikir dünyası İzzət müəllimin namizədlik və doktorluq dissertasiyalarının tədqiqat obyekti olub. Görkəmli alimin keçən əsrin 70-ci illərində  doktorluq dissertasiya müdafiəsində etdiyim çıxışımda söylədiyim bir cümləni indi də xatırlayıram: "İctimai fikir tarixindən əsər yazan müəllifin təbiəti ilə yaradıcılığını tədqiq etdiyi şəxsiyyət arasında bir bənzərlik olduqda əsər daha canlı, inandırıcı, silqətli alınır. Həsən bəy Zərdabi XIX əsrin, İzzət Rüstəmov kimi filosoflar isə XX əsrin nəhəng elm daşıyıcılarıdır".

İzzət müəllimin elmi tədqiqatının daha bir cəhətini qeyd etmək istəyirəm. Məlumdur ki, elmin inkişaf yolu problemlərin həllindən keçir. Problemlərin həlli isə naməlumdan məluma aparan yoldur. Əsl alim, əsl həqiqət axtarıcısı yalnız məlum biliklərə deyil, naməlum biliklərə baş vurmağa, elmə gizli qalan məsələləri araşdırmağa, yəni elmi problemləri həll etməyə çalışır. Elmi axtarışlarında bu prinsipə ciddi əməl edən İzzət müəllim elmdə həmişə həqiqət dalınca qaçaraq naməlumlara baş vurmağa, yeni söz deməyə, fikir söyləməyə çalışır. Onun elmi tədqiqatlarının özəyini XIX əsr Azərbaycan ictimai fikrində təbii-elmi elementlərin araşdırılması təşkil edir. Son dərəcə mürəkkəb və ziddiyyətlə zəngin olan bu problemə dialektik prinsip əsasında yanaşan İzzət müəllim bizi Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin təbii-elmi baxışlar dünyasına çəkib apararaq arada kristallaşan və xalqımızın milli mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən biliklərlə tanış edir.

Professor, görkəmli alimpedaqoq, fəlsəfi fikrimizin öyrənilməsində tarixin arxivində qalan bir sıra məchul həqiqətlərin aşkara çıxarılmasında öz dəsti-xətti olan tədqiqatçı olmaqla yanaşı, o, həm də fəal ictimaiyyətçidir. Yaşının bütün dövrlərində o, Bakı Dövlət Universitetinin ictimai-siyasi həyatında fəal iştirakçı olmuşdur. Universitetdə elə bir tədbir olmur ki, İzzət müəllim onun təşkilində və ya aparılmasında iştirak etməsin. Onun məzmunlu, məntiqli çıxışları yalnız tələbə auditoriyalarından deyil, həm də universitetdə keçirilən dövlət tədbirlərinin tribunalarından da tez-tez eşidilir.

Qeyd etdiyim kimi, İzzət müəllimin təqvim yaşı 80-ə çatmışdır. 80 il bioloji baxımdan heç az deyil. Lakin unutmayaq ki, insan ömrünün mənası yaşanmış illərin sayı ilə deyil, bu illərin necə hansı məqsədlərlə yaşanması, hansı əməllərə xidmət etməsi ilə müəyyən olunur. Əgər İzzət müəllimə bu kontekstdən yanaşsaq, onu xoşbəxt bir insan adlandıra bilərik. Çünki bu həyat, sözün əsl mənasında, şərəflə ləyaqətlə yaşanmışdır. İzzət müəllim həyatımızı gözəlləşdirən, zənginləşdirən, ona rövnəq verən insanlardandır. Belə insanlar  qocalmır, zaman keçdikcə yalnız yalnız müdrikləşirlər. Fəlsəfə müdriklik haqqında elm, İzzət müəllim isə müasir dünyamızda müdrikliyin simvoludur. Qoy ona Böyük Yaradan uzun ömür bəxş etsin, biz isə onun müasirləri olmağımızla fəxr edək.

 

Əziz MƏMMƏDOV,

 

Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının

 

professoru, fəlsəfə elmləri doktoru

Azərbaycan.- 2012.- 15 fevral.- S. 10.