Azərbaycan ilə İordaniya arasında parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin Parlamentinin Deputatlar Palatasının sədri Abdulkərim Duğmi ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, qanunverici orqanların nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən iki ölkənin parlamentləri arasında mövcud dostluq qruplarının fəaliyyətlərinin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

E.Araslı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası başda olmaqla, digər beynəlxalq təşkilatların da bu məsələ ilə bağlı qəbul etdikləri qətnamə və qərarlar barədə ətraflı məlumat vermişdir. Azərbaycanlı diplomat vurğulamışdır ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişə hələ də öz həllini tapmamışdır.

Azərbaycanı dost deyil, qardaş ölkə hesab etdiklərini deyən A.Duğmi İordaniyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini beynəlxalq miqyasda daim dəstəklədiyini, bundan sonra da dəstəkləyəcəklərini birmənalı vurğulamışdır. İordaniya Parlamentinin Deputatlar Palatasının sədri ölkəmizə səfər etmək arzusunda olduğunu bildirmişdir.

Görüşdə bölgədə cərəyan edən hadisələr, həmçinin İordaniyada siyasiictimai vəziyyət, hazırda ölkə parlamentində müzakirə olunan yeni qanun layihələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sonda E.Araslı A.Duğmiyə Xocalı faciəsinin dəhşətlərini əks etdirən toplunu və Azərbaycan haqqında İordaniyada çap olunmuş kitabı təqdim etmişdir.

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 10.