Bəzi antiazərbaycan
dairələrin və ermənipərəst qüvvələrin
ölkəmizin ev sahibliyi
edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsindən özlərinin
çirkin məqsədləri üçün istifadə etmək cəhdləri
siyasi əxlaqsızlıqdır
Azərbaycanda fəaliyyət göstərən müstəqil gənclər təşkilatları son vaxtlar bəzi antiazərbaycan dairələrin, o cümlədən bir sıra ermənipərəst qüvvələrin bu ilin mayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinin əhəmiyyətinə kölgə salmaq, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun daha da genişlənməsinə yeni töhfə verəcək bu möhtəşəm yarışmadan özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmək cəhdləri ilə bağlı etiraz bəyanatı yaymışlar.
Azərbaycanda və respublikamızın hüdudlarından kənarda yaxşı tanınan 25 müstəqil gənclər təşkilatının imzaladığı bəyanatda deyilir: "Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar ölkəmizin dünya miqyasında istər siyasi, istərsə də mədəni müstəvidə imicinin daha da artmasına yol açmışdır. Qısa müddətdə yerləşdiyi regionda lider dövlətə çevrilən Azərbaycanın iqtisadi yüksəlişi, o cümlədən müstəqil xarici siyasət yürütməsi bir sıra maraqlı dairələrin ölkəmizə qarşı çirkin kampaniyalara başlamasına rəvac vermişdir.
Azərbaycanın dünya mədəniyyətinin, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilməsi, beynəlxalq ictimaiyyət tərəfindən mədəni, tolerant bir ölkə olaraq qəbul edilməsi, eyni zamanda, əhəmiyyətli beynəlxalq layihələrdə aparıcı tərəfdaş olması həmin dairələri daha çox qıcıqlandıran məqamlardır.
Ölkəmizin 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsində əldə etdiyi qalibiyyət isə bu mənada xüsusi əhəmiyyətə malikdir. Bu il Bakıda keçiriləcək mahnı yarışması artıq dünya mətbuatının diqqətindədir və bu mötəbər müsabiqə həm də ölkəmizdə əldə edilən inkişafın, demokratik dəyərlərə hörmətin dünyaya təqdim olunması üçün mühüm bir vasitədir. Çünki ölkəmizə gələcək əcnəbilər, o cümlədən dünyanın aparıcı media təmsilçiləri Azərbaycanda gedən inkişafla daha yaxından tanış olmaq, həyata keçirilən işləri və onların nəticələrini görmək imkanı qazanacaqlar.
Qeyd olunan məqamlar antiazərbaycan dairələrin, o cümlədən bir sıra ermənipərəst qüvvələrin yeni bir çirkin kampaniyaya əl atmasına yol açmışdır. Həmin dairələr ölkəmizdə baş tutacaq bu möhtəşəm tədbirə kölgə salmaq, Azərbaycanın siyasi imicinə xələl yetirmək üçün səfərbər olmuşlar. Bu işdə isə həmişəki kimi yenə də ön sırada hər zaman xarici dairələrin maraqlarını ölkəmizdə reallaşdıran işbazlar yer almışlar. Konkret desək, onlar fəaliyyətləri ancaq Azərbaycana nifrət üzərində qurulan Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansı, Demokratik Jurnalistika Məktəbi, "Nida" Vətəndaş Hərəkatı, "Azad gənclik" təşkilatı və başqa adlar altında fəaliyyət göstərən təşkilatlarda birləşmişlər.
Hazırda onların əsas hədəfi bu il ölkəmizdə keçiriləcək "Eurovision-2012" mahnı yarışmasına qara yaxmaqdan ibarətdir. Leyla Yunus adlı qadının başçılığı ilə hərəkət edən bu insanlar Azərbaycanda guya azad sözün, azad fikrin olmadığını təbliğ edir, "Eurovision" kimi beynəlxalq əhəmiyyətli bir yarışmaya ölkəmizin ev sahiblik etmək iqtidarında olmadığı barədə car çəkirlər. Çox təəssüf ki, onların səsləndirdiyi yalan iddialar məhz ermənipərəst qüvvələrin Azərbaycana qarşı irəli sürdükləri əsassız ittihamlarla üst-üstə düşür.
Biz Azərbaycanda fəaliyyət göstərən müstəqil gənclər təşkilatları olaraq ölkəmizin inkişafına və beynəlxalq uğurlarına kölgə salmaq və ləkələmək istəyən Leyla Yunus və onun ətrafındakı insanların əməllərini qətiyyətlə pisləyirik. Təəssüflənirik ki, onlar "Eurovision-2012" mahnı müsabiqəsinin mədəni və ya siyasi hadisə olduğunu hələ də anlaya bilmirlər. Müxtəlif beynəlxalq təşkilatlardan maliyyə dəstəyi almaq üçün ölkəmiz haqqında həqiqətə uyğun olmayan informasiyalar yaymaq, uğurlarımıza kölgə salmaq, ermənipərəst mövqe nümayiş etdirmək heç bir Azərbaycan vətəndaşına yaraşmır.
Biz Azərbaycan gənclərini belə qüvvələrə qarşı bir olmağa, ölkəmizin inkişafında və uğurlarının artırılmasında səylərini əsirgəməməyə çağırırıq.
Həmin qüvvələrə isə tövsiyə edirik ki, belə iyrənc əməllərdən əl çəkib Azərbaycanın ərazi bütövlüyünün bərpası, Xocalı faciəsinə beynəlxalq ictimaiyyətin hüquqi qiymət verməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüzün hüquqlarının qorunması, onların öz ev-eşiklərinə qayıtması istiqamətində iş aparsınlar.
Sonda bəyan edirik ki, sağlam düşüncəli Azərbaycan gəncləri və onların birləşdikləri təşkilatlar ölkəmizin inkişafı istiqamətində görülən bütün işləri hər zaman dəstəkləyəcək və "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər".
AzərTAc
Azərbaycan.- 2012.- 15 fevral.- S. 11.