İnsanlığa və bəşəriyyətə qarşı yönəlmiş amansız cinayət

 

Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları müəyyən xarici havadarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Təcavüzkar erməni millətçilərinin və sərsəm "böyük Ermənistan" ideoloqlarının etnik ?təmizləmə və soyqırımı siyasətinin fəsadlı nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

Ötən əsrin sonlarına doğru Azərbaycana qarşı yenidən torpaq iddiası ilə çıxış edən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20 faizi işğal edilmiş, 20 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. İşğal nəticəsində Azərbaycanın 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmişdir. Həmçinin ümumi yaşayış sahəsi 9 milyon kvadratmertrdən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, eyni zamanda, 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tamamilə sıradan çıxarılmışdır.

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Kəlbəcər tarix diyarşünaslıq muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır. Şuşadakı Tarix muzeyinin, Ağdamdakı Çörək muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinintaleyi belə olmuşdur. Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamışdır.

Ümumiyyətlə, 1990-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına 22 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir əyani nümunəsi olmuşdur. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.

Həmin gün azğınlaşmış erməni quldur birləşmələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı işə saldılar: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmdən də betər olduqlarını nümayiş etdirdilər.

Xocalının işğalına dair istintaq materialları göstərir ki, hücumda mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriysayeviçalayda xidmət edən 50-dən artıq erməni zabitgiziri iştirak etmişdir. Xocalı əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda çalınçarpaz atəşə tuş gələrək qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı faciəsinin 20-ci ildönümünün qeyd olunması haqqında sərəncamında deyildi kimi: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün zorakılıqdan qaçıb qurtarmaq istəyən xocalılıların ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Şəhərdən çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomatbaşqa atıcı silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar həm də ermənilərin 20 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin  dayandığını üzə çıxarır.

BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 9 dekabr 1948-ci il tarixli konvensiyasında soyqırımı cinayətinin mahiyyəti tam olaraq öz əksini tapmışdır. 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş bu konvensiyada ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmışdır. Eyni zamanda, bu konvensiyaya qoşulan dövlətlərin üzərinə belə cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyulmuşdur. Konvensiyanın 2-ci maddəsinə görə, soyqırımı hər hansı milli, etnik, irqidini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tamya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi.

Konvensiyanın 3-cü maddəsinə görə, soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa iştirak və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımda iştirak cəzalandırılan əməllər sırasındadır. Bu meyarlar baxımından Xocalı qətliamının soyqırımı kimi tövsif olunması üçün ciddi hüquqi əsaslar mövcuddur. Ümumən Azərbaycan hakimiyyəti bu məsələdə həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statutusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 104-cü maddələrini əldə əsas tutur. Azərbaycanlılara qarşı tarixən tətbiq olunan soyqırımı, deportasiya, işgəncələr və qeyri-insani rəftar, eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının, İşgəncələrə Qarşı BMT və Avropa Şurası konvensiyalarının və digər aktların kobud şəkildə pozulması deməkdir.

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə əsasında diktə olunan əməllərdir. Həmin əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur.

Azərbaycan 1996-cı il 31 may tarixdə BMT-nin 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" konvensiyasını ratifikasiya etmiş, milli qanunvericiliyini bu sənədə uyğunlaşdırmaq istiqamətində tədbirlər görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölməsinin fəsillərə bölünməsində bu konvensiyanın tələbləri nəzərə alınmış, 16-cı fəsil "Sülh və insanlıq əleyhinə cinayətlər", 17-ci fəsil "Müharibə cinayətləri" adlandırılmışdır. Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə "Soyqırımı", (maddə 103), "Soyqırımının törədilməsinə təhrik etmə" (maddə 104) maddələri daxil edilmişdir.

Erməni silahlı qüvvələri və keçmiş SSRİ-nin Xankəndiyə dislokasiya olunmuş 366-cı alayının hərbçiləri ilə birlikdə Xocalıda törətdikləri qətliamda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası CM-in 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistan hərbi birləşmələri və MDB-nin Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına da riayət edilməmişdir. 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarının müvafiq maddələrində nəzərdə tutulan - döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərə qarşı onların həyatına və şəxsiyyətinə qəsd etmək, o cümlədən hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və işgəncə vermək, girov götürmək, insan ləyaqətinə toxunmaq, o cümlədən təhqiramiz və alçaldıcı tərzdə rəftar etmək kimi qadağalar kobud surətdə pozulmuşdur.

Xatırlatmaq lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də  "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində hər il dövlət səviyyəsində digər tədbirlər də həyata keçirilir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları öz tərəflərindən bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda, səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Türk və Azərbaycan diasporlarının bu istiqamətdə birgə fəaliyyətini də yeni dövrün siyasi reallıqları tələb edir.

İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun son 6 ildə milli həqiqətlərin, ilk növbədə, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər. Bu baxımdan fondun prezidenti, Milli Məclisin deputatı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələri xüsusi xatırlatmaq lazımdır. Fond soyqırımının 15-ci ildönümü ilə 2007-ci il fevralın 19-dan 26-dək Türkiyənin İstanbul şəhərində və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmişdir. Tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil olunmuşdur. Bundan başqa, Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirilmiş, erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır.

Fondun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Xocalıya ədalət!" kampaniyasına start verməsi də bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata kecirilir. Tunisdə İSESKO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsini və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi - beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Bu məqsədlə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" veb-saytının təqdimetmə mərasimləri keçirilir.

Dünyada sivil birgəyaşayış və əməkdaşlıq prinsiplərinin getdikcə daha çox uğur qazandığı, hərtərəfli inteqrasiya proseslərinin geniş yayıldığı bir zamanda ermənilərin "böyük dövlət" ideoloqları beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, xalqları bir-birinə qarşı qoyur, millidini əlahiddəlik, ayrı-seçkilik siyasəti və təbliğatı aparırlar. Lakin Ermənistanın və onun havadarlarının təcavüzkar siyasəti iflasa məhkumdur, çünki bu xətt hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə kəskin ziddiyyət təşkil edir. Bu siyasətə qarşı geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən-günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclümüasir Azərbaycan ordusu dayanır.

 

 

Elnur HACIALIYEV

 

Azərbaycan.- 2012.-12 fevral.- S.  6.