Azərbaycan və
Argentina arasında turizm sahəsində əlaqələrin
inkişafı hər iki ölkə üçün
mühüm əhəmiyyət kəsb edir
Argentina Respublikasının turizm naziri Karlos Enriki Meyer Azərbaycana səfəri çərçivəsində fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyində olmuşdur.
AzərTAc xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilmişdir.
Argentinalı həmkarının ölkəmizə səfərini yüksək qiymətləndirən Ə.Qarayev bildirmişdir ki, Azərbaycan Latın Amerikası ölkələri ilə əlaqələrin genişlənməsində maraqlıdır.
İki il əvvəl Kubada və Meksikada Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini xatırladan nazir Argentinada da belə bir tədbirin təşkilinin respublikamızın bu ölkədə tanıdılmasına təkan verəcəyini söyləmişdir. Bildirmişdir ki, gələcəkdə turizm şirkətləri arasında işgüzar əlaqələrin və xüsusi infoturların keçirilməsi də nəzərdə tutulur.
Əbülfəs Qarayev argentinalı həmkarına Azərbaycanda turizmin bugünkü inkişaf səviyyəsi ilə bağlı geniş məlumat vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ötən ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdıran nazir dövlətimizin başçısının müvafiq fərmanı əsasında bundan sonra hər iki ildən bir paytaxtımızda bu mötəbər beynəlxalq məclisin reallaşacağını vurğulamışdır. Ə.Qarayev Argentina nümayəndə heyətinin 2013-cü ildə Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları arasında görmək istədiyini bildirmişdir.
Argentinanın turizm naziri Karlos Enriki Meyer ölkəmizə səfərin onda və rəhbərlik etdiyi nümayəndə heyətində xoş təəssüratlar yaratdığını qeyd etmişdir. Argentinalı nazir Azərbaycanın istər iqtisadi, istərsə də mədəni əlaqələr səviyyəsində Latın Amerikası ölkələri ilə əməkdaşlığından məmnunluğunu bildirmişdir. Nazir turizm sahəsində əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini nəzərə çarpdırmışdır.
Görüşdə turizm sahəsində ikitərəfli
əməkdaşlıq, Azərbaycandan yüksək
alıcılıq qabiliyyətinə malik turistlərin cəlb
edilməsi, turizm agentlikləri üzrə
qarşılıqlı təcrübə mübadiləsi və
digər məsələlər ətrafında işgüzar
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.-12 fevral.- S. 7.