Argentina və Azərbaycan arasında turizm sahəsində əlaqələrin perspektivləri müzakirə olunmuşdur

 

Fevralın 11-də "Hilton Bakı" mehmanxanasında Azərbaycanda səfərdə olan Argentinanın turizm naziri və Argentina Turizmə Həvəsləndirmə Milli İnstitutunun direktoru Karlos Enriki Meyerin iştirakı ilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov ölkəmiz ilə Argentina arasında mövcud  siyasi, iqtisadi və mədəni əlaqələrdən söhbət açmışdır. Demişdir ki, ölkələrimiz arasında inkişaf edən iqtisadi əlaqələr turizm vasitəsilə  daha da möhkəmlənəcəkdir. Bu sahədə əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatına öz müsbət təsirini göstərəcəkdir.

Bildirilmişdir ki, Argentina yeni bir turizm ölkəsi kimi Azərbaycan turistlərinin maraq dairəsinə daxil olmuşdur. Təsadüfi deyil ki, son illər Azərbaycandan Argentinaya gedən turistlərin sayında artım müşahidə edilir. Nahid Bağırov demişdir ki, biz, eyni zamanda, bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasında maraqlıyıq. Hesab edirəm ki, reklam xarakterli tədbirlərin intensivləşdirilməsi, həm Argentinada, həm də Azərbaycanda  qarşılıqlı turizmyönümlü sərgilərin təşkili xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Tədbirdə çıxış edən Karlos Enriki Meyer Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişaf səviyyəsini yüksək dəyərləndirərək təmsil etdiyi ölkənin bu istiqamətdə işlərin daha da genişlənməsinə çalışdığını söyləmişdir.

Nazir demişdir ki, həm Azərbaycanın, həm də Argentinanın zəngin turizm imkanlarına malik olmaları hər iki ölkənin vətəndaşlarının bu şəraitdən qarşılıqlı surətdə yararlanmaları üçün  geniş perspektivlər açır.

Qonaq qeyd etmişdir ki, 2011-ci ildə Argentinaya gələn turistlərin sayı 6 milyon olmuş, xarici ölkələrə isə bundan da çox argentinalı səfər etmişdir. Turistlərin çox olması ölkə büdcəsinin mədaxil hissəsinin artmasına da öz müsbət təsirini göstərmişdir.

Argentinalı nazir yaxın gələcəkdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini vurğulamışdır.

Tədbirdə Argentina Turizmə Həvəsləndirmə Milli İnstitutunun əməkdaşı Laura Rojo geniş təqdimatla çıxış etmişdir. O, ölkəsinin turizm imkanları haqqında virtual görüntülər vasitəsilə ətraflı məlumat vermişdir.

Argentinanın turizm imkanlarından bəhs edən videomaterial nümayiş olunmuşdur.

Tədbirdə Argentina Turizm Nazirliyinin təmsilçisi Hamurabi Noufouri iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

 

 

Azərbaycan.- 2012.-12 fevral.- S.  7.