İstedadlılar
və haqqı olanlar qələbə
qazansın
Ötən əsrin ortalarından başlayaraq "Eurovision" müsabiqəsi dünya musiqisevərlərini bir araya gətirir. Bu təntənəli musiqi bayramının yaratdığı xoş ovqat müxtəlif ölkələrdə böyük əks-səda tapıb. Bu səbəbdən də müsabiqənin coğrafiyası genişlənib. 1956-cı ildən başlayaraq indiyədək hər il bu yarışma keçirilir. Azərbaycan dörd dəfə "Eurovision" yarışmasında iştirak edib. Həmişə də ilk onluqda olub. Ötənilki qələbənin isə sevincini hələ də yaşamaqdayıq. "Eurovision" yarışmaçıları Eldar Qasımov və Nigar Camalın qazandığı birincilik ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirdi. Doğrudan da musiqinin dili yoxdur. O, möhtəşəm olanda ünsiyyəti daha da möhkəmlənir.
Məhz bu qələbənin nəticəsidir ki, bu ilin may ayında dünya musiqiçiləri paytaxtımıza gələcəklər. "Eurovision-2012"-nin Bakıda keçirilməsi mədəniyyət tariximizin mühüm mərhələlərindən biridir. "Eurovision" yarışmasının Bakı büsatını yüksək səviyyədə keçirmək üçün ötən il dövlət başçısının sərəncamı əsasında təşkilat komitəsi yaradıldı. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNECKO və İSECKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci ledisi Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu təşkilat o beynəlmiləl tədbirin yüksək səviyyədə keçirilməsi üçün səmərəli işlər görür.
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar seçilən şəhərcikdə - Bayraq meydanının ətrafında hər cür şərait yaradılır. Almaniya şirkəti tərəfindən inşa edilən 23 min yerlik "Baku Cryastal Hall" tikilməkdədir. Həmin ərazidən keçən Bakı-Ələt avtomobil yolunun abadlaşması, burada yeni infrastrukturun yaradılması və digər mühüm işlər ardıcıllıqla yerinə yetirilir.
"Eurovision-2012" müsabiqəsinə hazırlıq işləri son günlər dünya mediasının, xüsusilə elektron KİV-lərin aparıcı mövzularından biridir. Paytaxtımızda gedən işlərlə əlaqədar müxtəlif rəylər var. Görülən möhtəşəm quruculuq işlərinin əhəmiyyətindən, ardıcıl davam etməsindən müsbət ruhlu yazılar da var, müsabiqənin baş tutmamasına qısqanclıqla yanaşıb onu qara fikirlərindən keçirənlər də. Serbiyanın, Moldovanın, Türkiyənin, Rusiyanın və bir sıra Avropa ölkələrinin "Eurovision-2012" ilə bağlı çap etdirdiyi, səsləndirdiyi fikirlərdə yarışma ərəfəsində Bakıda görülən işlərin möhtəşəmliyindən yazırlar. Hətta belə bir fikir də var ki, "Eurovision"nun 57 illik tarixində bəlkə də Bakı büsatı daha da möhtəşəm olacaq. Hazırlıq işləri təsdiqləyir ki, bu beynəlxalq yarışma bir sıra diqqətçəkən məqamları və zənginliyi ilə dünyanı mütləq heyrətə gətirəcək.
57-ci "Eurovision" mahnı
müsabiqəsi bu dəfə "Öz məşəlini alovlandır"
şüarı altında musiqisevərləri bir
araya gətirəcək. Müsabiqə iki yarımfinal və bir final mərhələdən ibarətdir. Bütün mərhələlərdə təmsil
olan iştirakçıların
çıxışlarının
ardıcıllığı püşkatma
ilə müəyyən edilir. On səkkiz ölkə təmsilçisinin
mübarizə aparacağı birinci
yarımfinal - mayın 22-də baş tutacaq. Onlardan daha çox səs toplamış on ifaçı finala vəsiqə qazanacaq. Tamaşaçı və münsiflərin səsverməyə təsiri
yarıbayarıdır. Telesəsvermə pəncərəsi bütün mahnılar ifa edildikdən sonra açılacaq və seyrçilər öz SMS-lərini göndərə biləcəklər.
İkinci yarımfinal mayın
24-də reallaşacaq. Bu yarışmada da on doqquz ölkənin təmsilçisi mübarizə
aparacaq. Yenə də on ifaçı finala vəsiqə qazanmalıdır. Tamaşaçı
və münsiflərin
nəticəyə təsiri
yenə də əvvəlki prinsip üzrədir - əlli əlliyə. Final mərhələsinə
isə mayın 26-da
start veriləcək. Burada
hər iki yarımfinalların qalibləri
və çıxış
hüququna malik olan ölkələr yarışacaqlar. Müsabiqənin
şərtlərinə əsasən
Fransa, Böyük Britaniya, İtaliya, Almaniya, İspaniya və müsabiqənin sonunda qalib olan
ölkə - Azərbaycan
birbaşa final mərhələsində
yarışacaq. Səsvermədə
bütün ölkələrdən
olan münsif və tamaşaçılar
iştirak edəcəklər.
2011-ci ilin noyabrın sonlarından başlayaraq
"Eurovision-2012"yə qatılacaq yarışmaçılar seçiminə
başlandı. Yarımfinal
mərhələsində səkkiz
ifaçı finala keçmək uğrunda öz istedadlarını nümayiş etdirdilər.
Seyrçilərin SMS səs
verməsi və münsiflər heyətinin
rəyi əsasında
bu gənclər finala qatılacaqlar: Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılov. İstər musiqiçilərin,
istər münsiflərin,
istərsə də onların ifaçılıq
məharətini müntəzəm
izləyən seyrçilərin
fikirləri üst-üstə
düşür. Bu uşaqların
beşi də istedadlıdır. Onlar milli seçim turunun ən layiqli qalibləridir. Bəs "Eurovision-2012"də Azərbaycanı kim təmsil edəcək? Bu sualın cavabı fevralın 12-də Heydər
Əliyev Sarayında keçiriləcək möhtəşəm
milli final gecəsində
məlum olacaq. Maraqlıdır ki, biz həmişə hansı ölkədəsə keçirilən
yarışmaya qonaq kimi qatılmışıq.
Beşinci dəfə
üz tutacağımız
bu yarışmada isə biz həm də ev sahibiyik.
Ona görə də paytaxtımıza təşrif buyuranlar bizim həm istedadımızdan, həm
də onlara göstərəcəyimiz diqqətdən,
qayğıdan, qonaqpərvərlikdən
razı qalmalıdırlar.
Sözsüz ki, bu, belə olacaq.
Çünki illərdir
Bakı beynəlxalq tədbirlərə, konfranslara,
simpoziumlara məharətlə
ev sahibliyi edir. Həmişə də əcnəbilər Azərbaycan xalqının
böyüklüyündən, humanistliyindən, qonaq qarşılamaq mədəniyyətindən
ağızdolusu danışırlar.
Bir dəfə gələn yenə də ölkəmizə qayıtmaq arzusunda olur. Bir məsələni
də qeyd edək ki, "Eurovision"un harada keçirilməsindən asılı
olmayaraq yarışmanın
öz qanunları var.
Hər kəs qalib olmaq istəyir.
Hər bir ölkə öz qalibini alqışlamaq arzusundadır. Qoy istedadlılar və haqqı olanlar qələbə qazansın!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.-12 fevral.- S. 7.