Almaniyada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab çap olunmuşdur

 

Almaniyanın nüfuzlu beynəlxalq "Peter Lang" nəşriyyatında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Qurucu. Heydər Əliyev şəxsiyyət və dövlət adamı kimi" adlı kitab çapdan çıxmışdır.

Alman alimi Johannes Raunun müəllifi olduğu kitabda dahi şəxsiyyət Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu kimi xarakterizə edilir, ulu öndərin böyük siyasi və dövlət xadimi kimi fəaliyyətinə nəzər salınır.

Nəşrdə ümummilli lider Heydər Əliyevin böyüdüyü mühit təhlil olunur. Bu mühitin ulu öndərin böyük şəxsiyyət və siyasətçi kimi formalaşmasına təsirindən bəhs edilir. Müəllif Heydər Əliyev şəxsiyyətinin formalaşması, onun sıravi bir azərbaycanlı ailəsindən çıxaraq keçmiş sovet elitasının zirvəsinədək yüksəlməsi və bu çətin yolda əldə etdiyi uğurlardan geniş söhbət açır. Bundan əlavə, kitabda ulu öndər Heydər Əliyevin böyük siyasət xadiminə xas olan möhkəm iradə, uzaqgörənlik, xalqın böyük etimadına nail olması kimi xüsusiyyətləri  oxucunun diqqətinə çatdırılır.

Kitabda ümummilli lider Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyində fəaliyyəti dövründə ölkəsi  üçün göstərdiyi xidmətlər, Azərbaycanın müstəqilliyi naminə hazırladığı zəmindən bəhs edilir. Müəllif, eyni zamanda, alman ictimaiyyətinə məlum olmayan yeni arxiv materiallarına və sənədlərə əsaslanaraq ulu öndər Heydər Əliyevin müsəlman ölkəsindən çıxan bir lider kimi Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunda yüksək nüfuza malik olmasından, digər büro üzvlərində ona qarşı qısqanc münasibətdən yazır, Qərbdə "qəhrəman" kimi qələmə verilən Mixail Qorbaçovun əməllərindən danışır, onun Siyasi Büronun üzvü Heydər Əliyev ilə apardığı ədalətsiz intriqalardan söhbət açır.

Nəşrdə dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından, bu istiqamətdə gərgin siyasi mübarizədən və ulu öndərin Azərbaycan dövlətçiliyinin formalaşması istiqamətində gördüyü işlərdən bəhs olunur.

 

Vüqar SEYİDOV,

 

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2012.- 16 fevral.- S. 3.