Abşeron dinamik inkişafın yeni mərhələsindədir

 

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq  ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətdə regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, respublikanın bölgələrinin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa  əsaslanmışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi də ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Proqram regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd olmuşdur.

Bu gün sosial-iqtisadi sahədə dinamik inkişaf dövrünü yaşayan Azərbaycan qazandığı müvəffəqiyyətləri davamlı şəkildə genişləndirməkdədir. Artıq dünya miqyasında da Azərbaycanın iqtisadi inkişafının fenomenal xarakter daşıdığı qəbul olunmaqda, onun səciyyəvi xüsusiyyətləri geniş rakursdan öyrənilməkdədir. Sözügedən sferada mövcud tərəqqinin ən mühüm cəhətlərindən biri onun geosiyasi şəraiti, dünya iqtisadiyyatının inkişaf meyilləri və milli mənafelər, eləcə də ölkənin potensial imkanlarının nəzərə alınaraq müəyyən edilməsidir. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının qarşıdakı dövrdə də Azərbaycana yeni möhtəşəm uğurlar qazandıracağını şərtləndirməkdədir.

İqtisadi tərəqqinin Azərbaycanın bütün regionları üzrə proporsional qaydada baş verməsi, bunun ölkə vətəndaşlarının həyatında öz əksini tapması respublikamızı daha qüdrətli dövlətə çevirir. Bütün bunlar həm də onun göstəricisdir ki, ümumi iqtisadi inkişafda regionların payı artan xətt üzrə inkişaf edir, ümumi daxili məhsul istehsalında onların xüsusi çəkisi getdikcə yüksəlir. Bu, eyni zamanda, qeyri-neft sektorunun inkişafına da, vacib töhfələr verir. Ölkəmizin iqtisadi tərəqqisinə davamlı şəkildə  töhfə verən, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan rayonlardan biri də Abşerondur.

Ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını da genişləndirir. İqtisadiyyatın liberallaşdırılması, müasir standartlara cavab verən yeni  texnika və texnologiyaların tətbiq olunması nəticəsində rayonda bazar iqtisadiyyatının tələblərinə uyğun, rəqabətədavamlı məhsulların istehsal həcminin artması ilə müşayiət olunub. Rayonda böyük tikinti kompleksi, nəqliyyat və xidmət sahələri fəaliyyat göstərir. Ümumiyyətlə, son bir neçə il ərzində Abşeron rayonunda çoxsaylı səhiyyə və təhsil müəssisələri, yolötürücülər və yol qovşaqları, piyada keçidləri, parklar, istehsalat müəssisələri, yeni inzibati binalar inşa olunaraq istifadəyə verilib və onların bir çoxunun açılışında Prezident İlham Əliyev iştirak edib. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov əldə edilən nailiyyətlərin ən önəmli səbəbini Prezident İlham Əliyevin Abşerona göstərdiyi diqqət və qayğısında görür: "Bütün regionlar kimi Abşeron da ölkə başçısının diqqət və qayğısı nəticəsində öz simasını dəyişir. Ümummilli lider Heydər Əliyevin ideyalarından rövnəqlənən və respublika Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü inkişaf strategiyasından qaynaqlanan Abşeron regionda liderliyini həmişə olduğu kimi yenədə qoruyub saxlayır".

Respublikamızda həmişə seçilənlər sırasında yer almağı bacaran, iqtisadi artım göstəricilərinə görə öndə gedən rayonlarından olan Abşeron bu gün inkişafının sürətli mərhələsini yaşayır. Ötən dövrün sosial-iqtisadi yekunlarına nəzər yetirməklə də bunun real mənzərəsini aydın görmək olar. Bu kontekstdə ölkə başçısı tərəfindən "Turizm ili" olan 2011-ci il də abşeronlular üçün uğurlu illərdəndir. Bakı və Sumqayıtın əhatəsində yerləşən Abşeronun iqtisadiyyatı daha da inkişaf etdirməkdə, öz yüksəliş tempini iqtisadiyyatın bütün sahələrində qoruyub saxlamaqdadır.

Rayonda iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada yüksəliş, nailiyyət  əldə edilməsin. Abşeronda kənd təsərrüfatı rayonu üçün ənənəvi sahələri olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 57 layihə üzrə ayrılmış 8,9 milyon manat vəsait, eləcə də fermerlərə güzəştli şərtlərlə satılan yanacaq və gübrə hesabına heyvandarlıq məhsullarının istehsalı artırılmışdır. "Aqrolizinq" tərəfindən verilən texnika, avadanlıqlar, müxtəlif ölkələrdən gətirilən yüksək məhsuldar cins mal-qara istehsalın əhəmiyyətli dərəcədə artmasına imkan vermişdir.

Rayonda əsas sahələrdən biri də əkinçilikdir. Təkcə respublikamızda deyil, dünyada məşhur olan zeytunçuluq və zəfərançılığın mənbəyi Abşerondur, desək, səhv etmərik. Dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnən rayon istehsalçıları zeytun sahələrinin artırılması, yeni üzümlüklər salınması, örtülü yerlərdə tərəvəz yetişdirilməsi və digər yöndə öz fəaliyyətlərini genişləndirmişlər. Bu gün daxili imkanlar hesabına genişləndirilən sahələr siyahısında zeytunçuluq və zəfərançılıq öndə gedir. Dünyanın onlarla ölkəsinə ixrac edilən bu nadir bitkinin istehsalı növbəti ildə də artırılacaqdır.

Rayonda quşçuluğun inkişafına göstərilən dəstək nəticəsində üç özəl - "Pirəkəşkül", "Beyləqan-Q" və "Nəzər" təsərrüfatları fəaliyətə başlamışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının, əkin sahələrini digər sənaye obyektlərini və yarımadanın yaşıllıqlarını texniki su ilə təmin etmək üçün Abşeron Suvarma  Sistemləri İdarəsinin 73 kilometrlik magistral kanalı, hidrotexniki qurğuları əsaslı qaydada təmir edilmişdir. Əsasən küləkli ərazi sayılan Abşeronda su ən vacib məsələlərdəndir. Hazırda rayon ərazisində içməli su ilə bağlı heç bir problem yoxdur. Əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə daxili imkanlar hesabına 14 kilometr uzunluğunda yeni xətt çəkilmiş, 10 kilometrə yaxın xətdə isə bərpa işləri görülmüşdür. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq rayonun yaşayış ərazilərindəki sosial və ictimai obyektlərin təbii qazla, içməli su ilə təminatında xeyli iş görülmüşdür. Ümumilikdə il ərzində əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatında irəliləyişlər əldə edilmiş, problemlər aşkarlanaraq onları yaradan səbəblər müəyyənləşmiş və neqativ hallar aradan qaldırılmışdır. Belə ki, Saray qəsəbəsində hər birinin tutumu 5 min kubmetr olan iki, Mehdiabad və Digah yaşayış massivlərində 2500 kubmetrlik daha iki su anbarının tikintisi aparılır. Rayonun digər yaşayış məntəqələrində də müxtəlif tutumlu su anbarlarının tikilməsi, kanalizasiya şəbəkələrinin yenidən qurulması, sayğacların quraşdırılması davam etdirilmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi Abşeronda aqrar sahənin köklü şəkildə inkişafına təkan vermişdir. Sahibkarlığa verilən dəstək, onlara yaradılan şərait təsərrüfat subyektlərinin azad və sağlam rəqabətini yaradır ki, bu da öz növbəsində son nəticənin ürəkaçan olmasına gətirib çıxarır. Rayon üzrə aqrar sahədə özəl sektorun payının artması buna canlı sübutdur.

Rayonda sənaye məhsullarının ümumi həcmi artaraq 97,6 milyon manata çatdırılmışdır. Rayonun sənaye müəssisələrində məhsul istehsalının 7 faiz artımı əsasən qeyri-dövlət sektorunun hesabına olmuşdur. Bu da Abşeronda özəl sektor üçün yaradılan münbit şəraitdən irəli gəlir.

Azərbaycanın son illərdə qazandığı nailiyyətlər dövlətin iqtisadi əsaslarının daha da möhkəmləndirilməsinə, işgüzar fəallığın yüksəldilməsinə, əhalinin məşğulluq səviyyəsinin artmasına imkanlar yaradır. Abşeronun timsalında bu məqama toxunan Zakir Fərəcov bildirir: "Bu gün əhali tərəfindən inkişaf proqramı kimi qəbul olunan dövlət proqramları regionlara yeni həyat gətirir. Yeni fəaliyyətə başlayan müəssisələr sənaye istehsalını yüksəltməklə yanaşı, orada çalışanların ailə büdcəsinin artması deməkdir. Ötən il yaradılan 1718 iş yeri bu baxımdan çox önəmlidir. Yeni müəssisələrin işə salınması, istehsalın genişləndirilməsi hesabına  son səkkiz ildə açılmış iş yerlərinin sayı 11657-yə çatdırılmışdır. Bu da öz növbəsində əhalinin sosial vəziyyətinin yaxşılaşması ilə  nəticələnmişdir.".

Bu gün Abşeronun dost ölkələrlə beynəlxalq əlaqələri durmadan davam etdirilir. Abşeronda vaxtaşırı xarici ölkələrdən gəlmiş nümayəndələrlə görüş keçirilir, yerli adamları, sakinlər, təhsildə fərqlənən gənclər dünyanın müxtəlif  şəhərlərinə göndərilir. Misir Ərəb Respublikasının Qalyubiyyə şəhərində Azərbaycanın birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın adını daşıyan orta məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi missiyası ilə dost ölkəyə səfər zamanı rayonun nümayəndə heyəti 25 dəst kompyuteri, respublikamıza aid guşənin ekspozisiyasının yenidən tərtibatı üçün əlavə əyani vasitələri təhsil ocağına hədiyyə etmişdir. Həmçinin Xırdalan şəhərinin nümayəndə heyəti Türkiyənin Yıldırım Bələdiyyəsinin dəvətilə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın ərazisində mədəni istirahət mərkəzinin açılışında iştirak etmişlər.

Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da tikinti-quruculuq işlərinə diqqət artırılmışdır. Ötən il rayonun yaşayış məntəqələrinin abadlaşdırılması, yol infrastrukturunun inkişafı və bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Bakı-Sumqayıt magistral avtomobil yolu boyunca Xırdalan şəhər qəbiristanlığının hərəkətə yaxın ərazisində üç metr hündürlüyü olmaqla 650 metr uzunluğunda daş hasarın tikintisi başa çatdırılmışdır. Avtomagistralın rayon ərazisindən keçən 12 kilometrlik hissəsinin hər iki tərəfinin abadlaşdırılması məqsədilə milli ornamentlərlə bəzədilmiş hasarın hörgüsünə başlanmış, yaxın aylarda işin yekunlaşdırılması nəzərdə tutulmuşdur.

Mənzil fondunun saxlanması, yeni yaşayış evlərinin təmiri və tikintisi ötən ildavam etdirilmişdir. Xırdalan şəhərindəki bütün çoxmərtəbəli yaşayış binalarının əsaslı təmiri tamamlanmış, iki ədəd hündürmərtəbəli çoxmənzilli yaşayış evi, maliyyə idarəsinin, dəmir yolu stansiyasının, bir neçə təşkilatın inzibati binaları istifadəyə verilmişdir. Son illər genişləndirilib əsaslı surətdə yenidən qurulan Heydər Əliyev prospekti boyunca hörgü işi aparılmış, tikili və hasarların fasadları qaya daşı, qranitlə üzlənmiş, küçələrə müasir üslubda elektrik dirəkləri quraşdırılmışdır. Həmin ərazidə minlərlə xan çinar,  dekorativ kol və qızılgül tingləri əkilmişdir. Yaşayış məntəqələrini birləşdirən yolların kənarında, küçə və meydançalarda, parkxiyabanlarda 15 mindən çox ağac, bəzək kolları və dekorativ güllər əkilmişdir.  

Ötən il 1130 fərdi evin və qeyri-yaşayış obyektlərinin tikintisi başa çatdırılmış, 64 hündürmərtəbəli, çoxmənzilli binalarda işlər davam etdirilməklə onlardan beşi istismara verilmişdir. Xırdalan şəhərində, MehdiabadCeyranbatan qəsəbələrində 576 mənzilli 28 yaşayış evi əsaslı təmir olunmuşdur.

Şəhərin küçələrinin abadlaşdırılması, xüsusilə, yeni yaradılan yaşayış məhəllələrindəki yolların salınması məqsədilə ötən il Abşeronda küçə və yollara  ümumilikdə 92,8 min  kvadratmetr əraziyə çınqıl döşənib bərkidilmiş, 149,5 min kvadratmetr sahəyə isə yüksək keyfiyyətli asfalt döşənmişdir.

Ötən il Heydər Əliyev adına mədəniyyət və istirahət parkında musiqili fəvvarə quraşdırılmış, oturacaqlar yenilənmişdir. Şəhər mədəniyyət sarayının 400 nəfərlik tamaşa zalı əsaslı şəkildə yenidən qurulmuşdur.  Rayonun qəsəbə və kəndlərində musiqi məktəbləri və  kinoteatrlar  əsaslı təmir olunmuş, yaşayış evlərinin fasadları suvanaraq alkapon təbəqələrlə üzlənmişdir. Ceyranbatan qəsəbəsində tərkibində uşaq incəsənət məktəbi, kitabxana və 220 tamaşaçı yerlik mədəniyyət mərkəzi tikilib başa çatdırılmış, Fatmayi kəndində kütləvi oxu zalı sakinlərin ixtiyarına verilmişdir. Hazırda digər yaşayış məntəqələrində bərpa və quraşdırma işləri davam etdirilməkdədir.

Respublikanın hər yerində olduğu kimi, Abşeronda da məcburi köçkünlərə böyük diqqət və qayğı ilə yanaşılır.  Bakı şəhərinin müxtəlif rayonlarından Xırdalan şəhərinin yeni yaşayış massivinə "Abşeron gənclik" şəhərciyinə 105, Mehdiabad qəsəbəsinin "Binəqədi gənclər" yaşayış məntəqəsinə 170 məcburi köçkün ailəsi köçürülmüşdür.

Müasir dövrdə ən vacib məsələlərdən biri təhsil və səhiyyənin inkişafıdır. Cəmiyyətin tərəqqisi aparıcı qüvvə olan insanların təhsilindən və sağlamlığından keçir. Rayon sosial obyektlərin geniş şəbəkəsinə malikdir. Burada elmi-tədqiqat institutları, ali məktəblər, böyük idman mərkəzləri, ölkə əhəmiyyətli səhiyyə müəssisələri və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir.

Gələcəyin aparıcı qüvvəsi olan gəncliyin təhsili dövlətin diqqət mərkəzindədir. Abşeron rayonunda da bu sahədə xeyli görülmüş, təhsilin inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Ötən il Abşeron məktəblərinin məzunlarından 18 nəfəri 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuşdur. Ötən tədris ilində məktəblərin çoxunda təmir işləri aparılmış, uşaq bağçalarında normal şərait yaradılmışdır.   

Abşeron rayonunun səhiyyə sahəsində də uğurlu işlər görülür.  Rayonda 155 çarpayılıq üç stasionar müalicə müəssisəsi, mərkəzi və rayon poliklinikaları, 11 həkim məntəqəsi, iki tibb ambulatoriyası, bir feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir. Abşeronda xəstələrin müalicəsi üçün hər bir şərait yaradılıb. Bir neçə il bundan öncə abşeronlular yaxınlıqdakı şəhərlərə üz tuturdular. Əvvəlki illərdən fərqli olaraq hazırda rayonda müalicə olunanlar arasında abşeronlularla birlikdə Sumqayıt və Bakıdan gələnlər də var.

Azərbaycan Prezidenti tərəfindən 2012-ci il "İdman ili" elan edilmişdir. Abşeronlular ölkə başçısının 2011-ci ilin 27 may tarixində verdiyi sərəncamı məmnunluqla xatırlayırlar. Məhz həmin tarixdən Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin tikintisi qərara alınmışdır. Hazırda nəzərdə tutulan ərazidə tikinti işi aparılır. Yaxın zamanda Abşeron beynəlxalq yarışlara ev sahibliyi edən məkana çevriləcəkdir. 

Respublikamızın mövcud iqtisadi potensialı qarşıdakı dövr ərzində ölkəmizin dinamik inkişaf tempini qoruyub saxlayacağını daha sürətli hala gətirəcəyini qətiyyətlə deməyə əsas verir. Ölkəmizin əsas iqtisadi rayonlarından olan Abşeronda inkişaf göstəricilərinin daim yüksələn xətlə inkişaf edəcəyi  şübhəsizdir. Qəbul edilən dövlət proqramları çərçivəsində rayonda görülən işlərin miqyası daim artmaqdadır. Abşeronda həyata keçirilən işlər dinamik inkişaf dövrünün real ifadəsidir. Respublikamızın ardıcıl sürətli inkişafı gələcəkdə ölkəmizdə, həmçinin onun gözəl guşələrindən olan Abşeronda qazanılacaq uğurların möhkəm təməlini qoyub. Bu isə yeni uğurlar vəd edir.

 

 

 Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 16 fevral.- S..4.