Şəhid yurdum - Xocalım

 

Gözəl Qarabağın dilbər guşələrindən biri olan Xocalı ötən əsrin əvvəllərində də erməni daşnakları tərəfindən yandırılıb, viran edilib. Amma 1992-ci ilin fevral ayındakı soyqırımının nəticələri daha ağılagəlməz, daha dəhşətli olub. İyirmi ildir ki, biz bu fəlakətin ağrı-acıları ilə nəfəs alır, onun başvermə səbəblərini araşdırır, müəmmalar qarşısında çırpınır və bir sualın cavabını axtarırıq. Bu fəlakət baş verməyə bilərdimi?

Ermənilər bütün zamanlarda millətimizə diş qıcırdanda bu başı bəlalı Xocalı coğrafi mövqeyinə görə əsas hədəflərdən birinə çevrilib. Qarabağ silsiləsinin ətəyində yerləşən Xocalı şimaldan və şimal-şərqdən Kəlbəcər, Ağdam, cənubdan və cənub-şərqdən Şuşa, Xocavənd və Laçınla həmsərhəddir. Azərbaycanın çox qədim yaşayış məskəni olan bu ərazi dəfələrlə erməni quldurları tərəfindən yandırılaraq dağıdılıb. 1905-1906-cı, 1917-1918-ci illərdə erməni işğalçıları Xocalıya divan tutublar. 1988-ci ildə Xocalının başı üstünü fəlakət almışdı, amma həmin il ermənilər bunu törətməyə cəsarət edə bilmədilər. Birinci ona görə ki, Xocalı sakinləri tərəfindən inamla qorunurdu. İkincidaşnaklar içimizdəki satqınların, xəyanətkarların sifətlərinə hələ tam bələd deyildilər. Bu, o zamanlar idi ki, yerli əhalini silahlandırmaq əvəzinə əlindəki ov tüfənglərini də alırdılar. Xocalıya qədər ermənilər millətimizin gözünü qorxutmaq üçün bir sıra ağır əməliyyatlar həyata keçirdilər. Məsələn, 1988-ci ilin fevralında ermənilərin indi dillərinin əzbəri olan Sumqayıt hadisəsini törətdilər. Həmin ilin payızında indiki Ermənistandan 300 minə yaxın soydaşımızı min bir işgəncə ilə qovdular. Respublikanın o vaxtkı rəhbərləri başda Ə.Vəzirov olmaqla bu binəsib soydaşlarımıza qarşı son dərəcə biganə və soyuq münasibət göstərdilər. Dağ şəraitində yaşamış insanların Dağlıq Qarabağda məskunlaşmasına imkan vermədilər. Oraya üz tutanları da çox kobudluqla Dağlıq Qarabağdan çıxardılar. Xocalı soyqırımına yol açan xəyanətlər isə bir-birinə bağlanaraq uzanmaqda idi.

1990-cı ilin yanvarında sovet ordusunun köməyi ilə paytaxtımızda faciə törədildi, dinc əhali qətlə yetirildi, Bakı gülləbaran edildi. Azərbaycanın başçısı Ə.Vəzirov milləti qan içində qoyub qaçdı. Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibov tökülən qanları ayaqlayaraq Moskvaya getdi, qayıdanda da heç nə olmayıbmış kimi vəzifə kreslosunda əyləşdi. Belə insanların yadına millət, vətən düşməzdi. Onları maraqlandıran ancaqancaq öz ətrafları və can atdıqları hakimiyyət, kreslo davası idi. Azərbaycan torpaqları isə ermənilər tərəfindən kənd-kənd, rayon-rayon işğal edilirdi. Xocalıdan öncə, fevral ayında onun ətrafında olan kəndlər ermənilər tərəfindən dağıdılır, yandırılır, külü sovrulurdu. Cəmilli, Meşəli, Quşçular, Qaradağlı... kimi kəndlər yandırıldı, əhalisi qətlə yetirildi. O zaman bu bölgədə olan jurnalistlər yazırdılar, qəzetlərə informasiyalar ötürürdülər: Xocalı təhlükə qarşısındadır! Təəssüf ki, bu şəhərin uzun sürən mühasirəsi, yollarının bağlanması bir kimsəni ayıltmadı, insanların harayı eşidilməz oldu, şəhərin müdafiəsi təşkil edilmədi.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarına zidd olaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə birgə fevralın 25-dən 26-na keçən gecə şəhərə hücum edərək soydaşlarımıza qarşı soyqırımı aktını törətdilər. O dəhşətli gündən 20 il keçir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" 17 yanvar 2012-ci ildə imzaladığı sərəncamda deyilir: "Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən səkkiz ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil".

Yer üzündən silinmiş bir şəhərin acı taleyi 20 ildir ki, çəkilməz ağır bir dərdlə bizi sızlatmaqdadır. Bu ölmüş şəhərin dərdini heç hara yazmaq olmur. Ruha dönmüş, ruhlara qoşulmuş şəhərin başına gətirilən müsibətin, vəhşətin, dəhşətin ağrısından qurtula bilmirik. O günümüzə, güzəranımıza şeirləri ilə ağı deyən Şahmar Əkbərzadənin misraları iliyimizə işləyərək dərdimizi dilə gətirib:

 

Yerlərə, göylərə sığmaz bu günah,

Vətən güllələndi, müsibətə bax.

Öləni torpağa gömərlər, Allah,

Bəs ölmüş torpağı hara basdıraq?

 

Dağlarımızın başına od yağdırıldı, torpağımıza kül töküldü, çaylarımızdan qan axdı. Qanlı göz yaşımız hər yanı tutdu, harayımıza yetən olmadı. Xocalı namərd qonşularımızın sayəsində şəhid yurduna döndü, özü də şəhid oldu.

1996-cı il fevralın 24-də xocalılılarla görüşən ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının xalqımızın mübarizə tarixində xüsusi yeri olduğunu bildirərək demişdi: "Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür... Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanəti nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik".

Şair Nüsrət Kəsəmənlinin "Xocalı" adlı şeirinin son bəndindəki haray varlığımızı titrədir:

 

Xocalı xocam mənim!

Ölümdən ucam mənim!

Bir gün öpəm torpağın,

Daşını qucam sənin.

 

Ruhlar şəhərinə çevrilən Xocalının harayı yanaqlarımızdan mirvari kimi tökülsə də, qolları binədən yaralı, yolları bağlı dağların həsrətinə necə dayandıq, təəccüblüdür?! Nənələrin deyimindən keçib gəlmiş bir bayatıda olduğu kimi: "Daş olsaydıq əriyərdik, insan idik dözə bildik". Xocalı yolunda Aqilin, Əlifin qəhrəmanlığı, mərdliyi namərdə tuş gəldi. Haqsızlıq yeri-göyü bürüdü, igidlər işıqlı sabah üçün yanıb külə döndülər. Qəhrəman oğullarımız ölümə ölməzlik gətirdilər. Qarabağın qara düyünə düşmüş bəxti Xocalının taleyinə bu qədəri yazdı:

 

Ruhlar oda döndü, cəsədlər buza,

Qırılıb qaldıqca dağda, dərədə.

Ölüm elə qıydı el-obamıza,

Əlimiz yetmədi şəhidlərə də.

 

İyirmi ildir bu soyqırımı törədilib. Onun həyata keçməsində qara niyyəti və əli olan Serj Sarkisyan, Robert Köçəryan və digərləri bu soyqırımının baiskarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. İyirmi ildir onların cinayəti cəzasız qalıb. Dünya ictimaiyyəti tərəfindən Ermənistanın hərbi-siyasi təcavüzü ittiham edilməlidir. Tarixin pas tutmuş arxivlərində uyuyan əsl həqiqəti araşdırmadan "erməni soyqırımı"nı tanıyanlar bütün faktları, dəlilləri ilə göz önündə olan ruhlar şəhəri Xocalı qətliamını görmürlər, ya görmək istəmirlər?! Tarixi bilmək çox yaxşıdır. Onu təkrarlamaq isə faciədir. Təəssüf ki, millətimizin taleyinə yazılan amansızlığın  bəlkə də ən birincisi onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Məşhur tarixçi V.L.Veliçko yazırdı: "Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz, bu, əsassız deyildir. Ona görə ki, əsas olmasaydı, bütöv bir xalq haqqında həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi". Məhz belə bir mənfur təbiətə malik olan ermənilər həmişə xalqımıza, millətimizə qarşı müxtəlif soyqırımıları, terror aktları, repressiyalar həyata keçiriblər.

Xocalı fəlakəti də məhz Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırımı siyasətinin tərkib hissəsidir. Bu faciə zamanı şəhid olmuş, əsir və girov düşmüş, qətlə yetirilmiş insanların rəqəmlə ifadə olunmuş siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülmüş məqamları da sadəcə seyr etmək mümkün deyildir. Çünki türkürpədici "mənzərələr" adamın varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır?

Ölkə Prezidenti İlham Əliyevin qətiyyətli fikri bizi inandırır ki, "Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi siyasi qiymətini mütləq alacaqdır".

Bu gün hər birimiz Xocalı uğrunda döyüşməliyik. Bəşər onun sinəsində qara ləkəyə dönmüş Xocalı soyqırımının ağır yarasına məlhəm çəkməlidir. Güllələnmiş insanların, güllələnmiş torpağın, güllələnmiş körpələrin harayını eşidin! Bunu bizdən və sizdən zaman tələb edir! Bunu bir də qanları Xocalı düzlərinə yayılmış igidlərimizin - Aqil Quliyevin, Əlif Hacıyevin, Tofiq Hüseynovun, İnqilab İsmayılovun, Hikmət Nəzərlinin... eləcə də adları bəlli olmayan, süngülərə taxılmış məsum körpələrin ruhu tələb edir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.-14 fevral.- S.  7.