«Şpigel»
jurnalının spekulyasiyaları can üstə olan «Nabukko»ya
kömək etməyəcəkdir
Qısa müddətdə eyni nəşrin səhifələrində kəskin tənqidi ruhlu eyni tipli bir neçə məqalənin dərc edilməsi həmin məqalələrin müəlliflərinin və onların sifarişçilərinin qərəzli mövqeyi barədə şübhə doğurmaya bilməz.
Bu məqalələr, bir qayda olaraq, Qərb mediasının çox xoşladığı "insan hüquqları" mövzusuna həsr edilir. Buna baxmayaraq, həmin məqalələrdə vurğulanan məqamlar, onların dərc edilməsi vaxtı və stilistikası daha praqmatik məqsədlər güdülməsinə dəlalət edir.
Deyə bilərik ki, Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin finalı yaxınlaşdıqca bəzi xarici nəşrlər bu mövzudan daha tez-tez sui-istifadə edirlər. Qeyd etmək lazımdır ki, siyasətdən uzaq bir müsabiqə olan "Eurovision" qəsdən misli görünməmiş dərəcədə siyasiləşdirilir, bu isə haqlı olaraq belə məqalə müəlliflərinin qərəzli spekulyasiyaları barədə şübhələnməyə əsas verir.
Almaniyada nəşr edilən "Şpigel" jurnalı belə davranışa nümunə sayıla bilər. "Eurovision" mövzusunda aşkar spekulyasiya xarakterli, kəskin antiazərbaycan ruhlu materiallar dərc edən bu nəşr, sözün hərfi mənasında, xarab qrammofon valı kimi israrla Bakını şantaj edir. Hərçənd, bu mənada həmin nəşr tək deyildir. Almaniyanın ARD ictimai telekanalı da "Şpigel"in səsinə səs verməyə başlamışdır.
Şərqi Avropanın və Cənubi Qafqazın enerji xəritəsində baş vermiş bəzi mühüm dəyişikliklərlə "Şpigel"in fəallaşmasının heyrətamiz dərəcədə eyni vaxta düşməsi də çox maraqlıdır.
Diqqətli müşahidəçi fikir verə bilərdi ki, "Nabukko" layihəsinin reallaşması şansları bədbinləşdikcə bəzi Avropa mediaları (özü də təkcə onlar yox) Azərbaycana daha sərt "təzyiq göstərməyə" çalışırdılar. Belə təsəvvür yaranırdı ki, bəzi qüvvələr Avropa ilə Azərbaycanın arasına ciddi nifaq salmaq istəyir, Köhnə Dünyanın siyasi liderləri isə gözləyirlər ki, onların problemlərini Azərbaycan, özü də öz hesabına həll etsin.
Bu məsələyə belə münasibət nə dərəcədə əsaslıdır. Bu barədə irəlidə daha ətraflı söhbət açacağıq.
"Mürgü səltənəti"
"Nabukko"
İlk
növbədə onu qeyd edək ki, "Nabukko" layihəsi
lap əvvəldən Avropa üçün Mərkəzi
Asiyanın zəngin qaz ehtiyatlarına yol açmalı olan
qaz kəməri layihəsi hesab edilirdi (İran qazından
istifadə edilməsi məsələsi, bu ölkənin
nüvə proqramı barədə fikir ayrılıqları
üzündən, tezliklə gündəlikdən
çıxarılmışdır). Əlavə mənbələr
kimi İraqdakı qaz yataqlarının adı çəkilirdi,
lakin "Şahdəniz" yatağının İkinci
fazasından hasil edilən qaz daha real mənbə
sayılırdı.
"Nabukko" kəmərinin layihə gücü ildə təqribən 30 milyard kubmetr "mavi yanacaq" həcmində planlaşdırılırdı. Ona görə də təkcə "Şahdəniz" yatağı hesabına buna nail olmaq, sadəcə qeyri-real olardı. Azərbaycan dəfələrlə vurğulamışdır ki, bu yatağın ixrac potensialı başlanğıc mərhələdə ildə təqribən 16 milyard kubmetr həddindədir. Bu zaman Azərbaycan tərəfi həmin qazın Köhnə Dünyaya ixrac ediləcəyi marşrutlar barədə avropalı tərəfdaşların bütün təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bəyan etmişdir. Dəfələrlə vurğulandığı kimi, bu məsələ öyrənilərkən əsas diqqət yalnız kommersiya məsələsinə yönəldiləcəkdir - Azərbaycan tərəfi milli maraqlarının ziyanına olaraq heç bir güzəştə getməyə hazırlaşmır.
"Nabukko" boru kəmərinin tikintisi üzrə 2002-ci ildə yaradılmış konsorsium layihə gücü ildə 30 milyard kubmetr qaza bərabər olan bu kəmərin hansı mənbələr hesabına doldurulacağı və ilkin dəyəri təqribən 8 milyard avroya bərabər olan, lakin əgər bp şirkətinin "Guardian" qəzetində dərc edilmiş hesablamalarına inansaq, real dəyəri 14 milyard avroya çata biləcək bu kəmərin tikintisi layihəsini kimin maliyyələşdirəcəyi barədə suala anlaşıqlı cavab verən planı hələ də təqdim etməmişdir.
Qazın mənbələri və layihənin maliyyələşdirilməsi məsələləri ilə əlaqədar qeyd etmək lazımdır ki, vahid Avropanın müvafiq siyasi iradəsi olmadan bu məsələlərin həll edilməsi sadəcə qeyri-mümkündür.
Mərkəzi Asiyada çıxarılan qazın Xəzər dənizindən və Azərbaycan ərazisindən keçməklə nəql edilməsi layihəsinin həyata keçirilməsi üçün təkcə təchizatçıların istəyi deyil, həm də təhlükəsizliyin dəqiq siyasi təminatı zəruri idi. Çünki qonşu dövlətlərlə Xəzər dənizi ilə əlaqədar müəyyən ziddiyyətlər olması göz qabağındadır. Lakin Avropa hələ də Avropa İttifaqının məmurları səviyyəsində bir neçə ümumi frazadan artıq irəliləyişə nail olmamış, ötən əsrin 90-cı illərinin ortalarında buna oxşar vəziyyətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşdırılmasının gedişində ABŞ-ın mövqeyinə oxşar dəqiq mövqe nümayiş etdirə bilməmişdir.
Konsorsium nə "Şahdəniz" yatağının verməyə hazır olduğu 10 milyard kubmetrdən əlavə qaz mənbələri tapa bilmişdir, nə də "Nabukko" kəmərinin tikintisi üçün maliyyə vəsaiti. Xərclər büdcəsinin artması ehtimalı öz yerində, konsorsium hətta 8 milyard avronun məsələsini də heç cür həll edə bilməmişdir. Gözlənildiyinə görə, zəruri məbləğin təqribən yarısını maliyyələşdirməli olan Avropa bankları təminatlı resurs bazasının olmadığı şəraitdə bunu etməyə tələsmirdilər. Vəsaitlərin ikinci yarısı ilə əlaqədar müəyyən problemlər də yaranmışdır.
Nəticədə konsorsiumun ən
iri iştirakçılarından biri olan Almaniyanın RWE
şirkəti bəyan etmişdir ki, layihənin baha başa gəlməsi
səbəbindən, çox güman ki, şirkət həmin
konsorsiumdan çıxacaqdır. Şirkətin baş direktoru Yurgen Qrossman bu fikri "The
Wall Street Journal Deutschland"ə verdiyi müsahibədə
söyləmişdir.
RWE
şirkətinin əsas prioriteti indi mümkün qədər
az pul xərcləməklə qazdan istifadə
imkanı əldə etməkdir. Almaniyanın
hakim dairələrinin nüvə energetikasından imtina etmək
xətti RWE şirkətinin maliyyə vəziyyətini zəiflətmiş,
onu ciddi qənaət yolu seçməyə və hətta
öz aktivlərinin bir hissəsini satmağa məcbur
etmişdir, çünki qaz ilə yanaşı atom
energetikası da bu şirkət üçün mühüm
gəlir mənbəyidir.
WSJ
yazırdı ki, Qrossmanın bəyanatı "Nabukko"nun
təsisçilərindən biri tərəfindən ilk real
siqnal olmuşdur ki, o, Avropanın Rusiya qazından
asılılığını Xəzər yanacağı
hesabına azaltmalı olan layihədən imtina edə bilər.
Qrossman RWE şirkətinin başqa kanallar vasitəsilə də
yanacaq almağa şad olacağını qeyd edərək
demişdir: "Xəzər qazı Avropaya bizə lazım olan
miqdarda və bizə lazım olan yerə gəlməlidir".
"Bu qaz kəmərinin "Nabukko", yoxsa
"Turandot" adlanacağı bizim üçün o qədər
də vacib deyil", -deyən top-menecer sözünü belə
tamamlamışdır: "Əksinə, bizdən ciddi maliyyə
vəsaiti tələb etməyən bütün variantlara
şad olacağıq".
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin
Avrasiya enerji məsələləri üzrə xüsusi
nümayəndəsi Riçard Morninqstar da bir qədər əvvəl
təxminən oxşar bəyanatla çıxış
etmişdir. O
vurğulamışdır ki, Birləşmiş Ştatlar Xəzər
hövzəsindən çıxarılan qazın Avropaya nəqlini
təmin edə biləcək "Cənub qaz dəhlizi"
layihələrindən hər hansı birini dəstəkləyəcəkdir.
Beləliklə, Avropa "Nabukko" kəmərinin
tikintisi üçün çox zəruri olan ciddi siyasi əzmkarlıq
göstərməmiş, bu layihəyə zəruri təkan
verə bilməmişdir. Lakin bütün
bunlarla yanaşı, avropalı rəsmilər davamlı şəkildə
israr edirdilər ki, Azərbaycan bu layihənin
reallaşmasını dəstəklədiyini nümayiş
etdirsin. Lakin nəyin bahasına?
"Şahdəniz" yatağının İkinci
fazasında qaz hasilatının 2016-2017-ci illərdə başlanması
nəzərdə tutulur. Bununla əlaqədar, "Nabukko" kəmərinin
tikintisinin (bu işləri hələ 2011-ci ildə
başlamaq planlaşdırılırdı, lakin onun perspektivləri
bu günə qədər çox dumanlıdır) daim ləngidilməsi
elə bir vəziyyət yarada bilərdi ki, ixrac edilməyə
hazır olan Azərbaycan qazı sadəcə olaraq
satış bazarından və onun müştərilərə
çatdırılması üçün müvafiq
infrastrukturdan məhrum olardı.
Azərbaycan mümkün bazarların hamısını
təhlil edərək lap əvvəldən alternativ layihələri
nəzərdən keçirməyə hazır olduğunu bəyan
edirdi. Bu layihələr
arasında TAP (Transadriatik Qaz Kəməri), İTGİ
(Türkiyə-Yunanıstan-İtaliya İnterkonnektoru),
AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnector), sonra isə bp tərəfindən
təklif edilmiş Cənub-Şərqi Avropa Qaz Kəməri
(SEEP) də vardı.
"...Məhəmməd
dağın yanına gəlir"
Azərbaycan Dövlət Neft Şirkəti dəfələrlə
vurğulamışdır ki, Avropa qaz bazarı ölkəmiz
üçün prioritetdir - burada artan tələbat və dəqiq
oyun qaydaları vardır. Bu şəraitdə 2011-ci il
dekabrın 26-da Azərbaycan və Türkiyə Azərbaycan
qazının Avropa İttifaqı sərhədlərinə nəql
olunmasını təmin etmək üçün dəyəri
7 milyard avro və nəqletmə gücü ildə 16 milyard
kubmetr olan, Türkiyə ərazisindən keçən
Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə
konsorsium yaradılması barədə qərar qəbul edirlər.
"Şahdəniz" layihəsinin İkinci fazası
çərçivəsində inşa ediləcək TANAP kəmərinin
80 faizi Azərbaycan Dövlət Neft Şirkətinə, qalan
20 faizi isə Türkiyənin BOTAS şirkətinə məxsus
olacaqdır. Gələcəkdə boru kəmərinin
gücü ildə 24 milyard kubmetrə qədər
artırıla bilər.
Təəccüblü deyildir ki, TANAP boru kəmərinin
tikintisi haqqında xəbər Avropada "Nabukko" layihəsinin
perspektivlərinə qələm çəkilməsi kimi qəbul
edildi (anonslardan belə məlum olur ki, həmin kəmər
üçün sadəcə olaraq qaz qalmayacaqdır). Heç
şübhəsiz, vəziyyətin bu cür dəyişməsi
Avropada, o cümlədən "Nabukko" layihəsinin siyasi
isteblişmentin bəzi nümayəndələri tərəfindən
yetərincə fəal lobbiləşdirildiyi Almaniyada əsəbiliyə
səbəb olmaya bilməzdi - Azərbaycan hər işdə
yalnız özünün strateji maraqları mövqeyindən
çıxış edirdi.
Mötəbər
mənbələrin verdiyi məlumatlardan bəlli olur ki, vəziyyətin
bu cür dəyişməsindən "qüssələnmiş"
qərbli məmurlar son vaxtlar Azərbaycanın rəsmi
nümayəndələri ilə görüşlərdə
getdikcə təkidlə çalışırdılar ki,
ölgün vəziyyətdə olan "Nabukko" layihəsinin
həyata keçirilməsi məsələsində Azərbaycan
onları dəstəkləsin. Halbuki Azərbaycan
əvvəllər bu layihə barəsində heç vaxt kəskin
tənqidi mövqedən çıxış etməmiş,
yalnız avropalı tərəfdaşlara vaxtaşırı
müraciət edərək onları fəallıq göstərməyə
çağırmışdır.
Lakin Bakı emosiyaya qapılmır, yalnız milli mənafeləri
və iqtisadi baxımdan məqsədəuyğunluq
meyarlarını əsas götürür.
Transanadolu boru kəməri layihəsinə dair qərar
qəbul ediləndən dərhal sonra Almaniya KİV-lərinin
səhifələrində ölkəmizə qarşı mənfi
çıxışlar məhz bununla izah edilir.
Buna baxmayaraq, belə qıcıqlandırıcı
mövqeni hamıya aid etmək olmaz. Türkiyə ilə
Aİ-nin sərhədlərində Avropa qaz bazarı ilə əlaqə
yaradılmasını nəzərdə tutan TAP və
İTGİ layihələri Transanadolu qaz kəməri
tikintisinə dair sazişi alqışlamışlar. Bu
layihələrin nəqletmə gücünün TAP
üçün 10-20 milyard kubmetr və İTGİ
üçün 10 milyrad kubmetr olmasını nəzərə
alaraq güman etmək olar ki, TANAP kəmərinin tikilməsi
onlar üçün problem yox, Azərbaycan qazı uğrunda
"Nabukko" ilə mübarizədə rəqabət
üstünlüyü olacaqdır. Çünki
həmin layihələrdən birinin Avropada TANAP kəmərinin
davamı olması tamamilə mümkündür.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın öz
milli mənafelərini üstün tutması Almaniyada bəzi
dairələrin mənfi reaksiyasına səbəb
olmuşdur. Almaniya mətbuatında, o cümlədən
"Şpigel" jurnalında Azərbaycanın
ünvanına heyrətamiz dərəcədə tez-tez kəskin
tənqidi məqalələr dərc edilməyə
başlamışdır.
Məsələyə bu cür yanaşmaq belə bir fərziyyəni
bir daha təsdiq etmişdir ki, avropalı siyasətçilərin
öz iqtisadi məqsədlərinə nail olmaq
üçün siyasi təzyiq metodu onların arsenalında
xüsusi yer tutur. İnsan hüquqları, demokratiya və sair dəyərlər
mövzusunda spekulyasiyalar, bəzən isə xoşlarına gəlməyən
ölkələrin, hətta öz tərəfdaşlarının
da daxili
işlərinə açıq müdaxilə edilməsi,
onlara təzyiq göstərilməsi bu gün Qərbdə yetərincə
çox dəbdə olan metoddur. Nə deyəsən,
"makiavellizm" əsrlər boyu Almaniyanın xarici siyasətində
hökmranlıq etmişdir, Almaniyadakı müxtəlif qaz
lobbiçiləri isə özlərinin geoiqtisadi məqsədlərinə
nail olmaq xatirinə hər kəsə dərs verməyə
hazırdırlar ki, "məqsəd vasitələrə bəraət
qazandırır".
Lakin Azərbaycana qarşı belə nömrələr
keçməyəcəkdir. "Ərəb küçəsinin"
əhval-ruhiyyəsini buraya ixrac etmək üçün Qərbdə
müəyyən qüvvələrin təşəbbüsü
ilə göstərilmiş süni cəhdlər (yeri gəlmişkən,
orada bəzən iqtisadi maraqlara nail olmaq üçün
bombalama praktikası da tətbiq edilmişdir) hələ
keçən il fiaskoya uğramış,
spekulyativ xarakterli siyasi təzyiq isə hər dəfə
adekvat cavab almışdır. Təhlükəsizlik məsələlərinə
dair Münxen konfransında Misir ilə Azərbaycan arasında
uydurma paralellər aparan iştirakçılardan birinin
sualına Prezident İlham Əliyevin verdiyi birmənalı
cavab buna əyani sübut ola bilər:
"Kimlərinsə maraqlarından asılı olmayaraq Azərbaycanda
Misir ssenarisi təkrarlanmayacaqdır".
"Geoiqtisadi çalarlı"
siyasi spekulyasiyalar
Bu kontekstdə tanınmış hüquq müdafiəçisi,
əvvəllər Almaniya kansleri olmuş, hazırda isə məşhur
qaz layihələrinin fəal lobbiçisi olan Gerhard
Şröderin sosial-demokrat partiyası üzrə
silahdaşı Kristofer Ştrasserlə əlaqədar hadisəni
xatırlatmaq lap yerinə düşərdi.
Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri
və insan hüquqları üzrə komitəsi hələ
2009-cu ilin mart ayında Kristofer Ştrasseri Azərbaycanda
"siyasi məhbuslar" məsələsi üzrə məruzəçi
təyin etmişdi.
Azərbaycan buna cavab olaraq öz mövqeyini
bildirmişdir.
Bu mövqe isə ondan ibarət idi ki, ölkə üzrə
məruzə hazırlamaqdan əvvəl yalnız ayrıca
götürülmüş bir dövlətə deyil, Avropa
İttifaqının üzvü olan bütün dövlətlərə
tətbiq edilə biləcək "siyasi məhbuslar"
anlayışının müəyyən edilməsi
üçün dəqiq meyarlar hazırlamaq lazımdır. Azərbaycan tərəfinin fikrincə, bu məsələyə
hər hansı başqa yanaşma yolverilməzdir,
çünki bu, Avropa İttifaqının fəaliyyətində
ikili standartlar demək olacaqdır. Bu,
mövqe bu gün də dəyişilməz qalır.
2011-ci
ilin oktyabr ayında AŞ PA komitəsi Ştrasserin məruzəsinin
adını dəyişdirərək həmin məruzəni
"Azərbaycanda ehtimal edilən siyasi məhbuslar məsələsinə
baxılması" deyil, "Siyasi məhbuslar məsələsinə
baxılması" adlandırmaq barədə qərar qəbul
etmişdir.
Lakin məruzəçinin
mandatının adının dəyişdirilməsinə,
habelə AŞ PA tərəfindən qəbul edilmiş qətnamələrdə
başqa ölkələrdə bir sıra şəxslərin
ədalətli məhkəmə araşdırması
hüququnun pozulması və bu pozuntuların məhkumların
siyasi fəaliyyəti ilə əlaqədar olması barədə
fərziyyələr olmasına baxmayaraq, məruzəçi
Ştrasser əsib-coşur və tərsliyindən dönməyərək
bəyan edirdi ki, o, yalnız Azərbaycan barəsində məruzə
hazırlayacaqdır.
2012-ci il yanvarın 26-da AŞ PA-nın Hüquq məsələləri
və insan hüquqları üzrə komitəsi Strasburqda
ehtimal edilən "siyasi məhbuslar" məsələsinə
dair dinləmələr keçirmişdir. Azərbaycandan
üç hüquq müdafiəçisinin - Eldar Zeynalov,
Eynulla Fətullayev və Murad Sadəddinovun iştirak etdiyi həmin
dinləmələrin məqsədi bundan ibarət idi: Azərbaycan
tərəfi məruzənin hazırlanması
üçün məruzəçini ölkəyə gəlməyə
dəvət etməkdən imtina edəcəyi təqdirdə
Ştrasser Azərbaycana gəlmədən, hüquq müdafiəçilərinin
mövqeyinə istinadla məruzə hazırlamağın zəruriliyini
əsaslandıra bilər.
Lakin dinləmələrin
gedişində hüquq müdafiəçiləri Avropa
Şurasının istənilən ölkəsinə tətbiq
edilə biləcək "siyasi məhbuslar"
anlayışı üçün universal meyarlar hazırlamağın
zəruri olmasını bəyan etmiş və belə bir
fikir söyləmişlər ki, məruzəçinin
mövqeyi heç də qərəzsiz deyildir. Dinləmələr
nəticəsində komitənin üzvləri bu qənaətə
gəlmişlər ki, Ştrasser öz mandatını səmərəli
şəkildə yerinə yetirmək iqtidarında deyildir və
bu vəziyyət bütövlükdə AŞ PA-nın
nüfuzuna xələl gətirə bilər. Dinləmələrin gedişində belə bir təklif
irəli sürülmüşdür ki, Ştrasser "siyasi
məhbuslar"a dair məruzəçi vəzifəsindən
getməlidir. Həmçinin məruzənin
iki hissəyə bölünməsinin
mümkünlüyü barədə təkliflər səslənmişdir.
Məruzənin birinci hissəsi "siyasi məhbuslar"
anlayışı üçün universal meyarlar
hazırlanması məsələsini əhatə etməlidir.
Məruzənin ikinci hissəsi isə Avropa
Şurasının üzvü olan bütün ölkələrdə
"siyasi məhbuslar"la bağlı vəziyyətə
aid ola bilər. Bu halda qeyd
edilmişdir ki, məruzənin ikinci hissəsi yalnız
universal meyarlar yaradıldıqdan sonra hazırlana bilər.
Beləliklə, yanvar ayında AŞ PA komitəsində
aparılmış dinləmə əyani şəkildə
göstərdi ki, almaniyalı deputat Kristofer Ştrasser başqasının
"çaldığı havaya oynamaqdan" imtina edən Azərbaycana
münasibətdə üçüncü ölkələrin
geosiyasi maraqlarının reallaşdırılması naminə
qeyri-konstruktiv və qərəzli mövqe tutur.
Bu baxımdan, Azərbaycan parlamentinin sabiq spikeri,
hazırda İnterpol xətti ilə cinayət
axtarışında olan Rəsul Quliyevin Almaniyaya səfəri
də çox qəribə görünür. R.Quliyev Berlində Almaniya
parlamentinin (Bundestaqın) həddən artıq iddialı
üzvü, ermənipərəst "yaşıl", Ermənistana
səfər etmiş və ən müxtəlif səbəblərə
görə bu ölkəyə valeh olduğunu bildirmiş
Viola fon Kramon ilə
görüşmüşdür. Həmçinin fon Kramon, qonşu Ermənistandan fərqli olaraq
onu hansı səbəblərə görəsə möhkəm
narahat edən və qıcıqlandıran Azərbaycanı tənqid
etmək imkanlarını əsirgəmir. Etibarlı mənbələrdən
verilən məlumata görə, hazırda fon
Kramon Bundestaqın Azərbaycana münasibətdə mənfi əhval-ruhiyyəli
müxtəlif üzvləri ilə R.Quliyevin görüşlərinin
təşkil edilməsi ilə fəal məşğul olur.
Bu məqamda qondarma "lobbiçiləri"
xatırlamaq yerinə düşər. Belə bir fikir
yayılmışdır ki, Almaniyanın mətbuat bazarına
faktiki nəzarət edən solçu partiyalar, daha dəqiq
desək, yuxarıda adları çəkilən
sosial-demokratlar (ASDP) və "yaşıllar"
Almaniyanın siyasətinə ciddi təsir göstərirlər.
Almaniyalı jurnalistlərin təqribən 80
faizi (o cümlədən formal "sağçı" nəşrlərin
redaktorları da) məhz onlara səs verirlər. Bütövlükdə televiziyada da oxşar vəziyyət
yaranmışdır - ölkənin ən iri telekanalları
olan ZDF və ARD, habelə onlara məxsus olan onlarca xırda
telekanallar bu iki partiya arasında, necə deyərlər,
bölünmüşlər.
Göründüyü kimi, Almaniyanın siyasi məkanında
müəyyən antiazərbaycan qüvvələrin aşkar
fəallaşması göz qabağındadır. Bəziləri
yarımcan vəziyyətdə olan layihənin "dirçəldilməsi"
problemini başqasının hesabına həll etməyə,
digərləri isə əksinə, Azərbaycanın
yalnız öz milli maraqlarını əsas götürməsi
səbəbindən, onun "iblis" obrazını
yaratmağa çalışır. Gördüyümüz
kimi, müxtəlif qüvvələrin gündəliyi də
müxtəlifdir.
Lakin bu siyasətin Avropanın iqtisadi maraqlarının
dünyada yayılmasına real xidmət edə bilib-bilməyəcəyi
o qədər də mürəkkəb məsələ
deyildir.
Dünyanın
hansı guşələrində siyasəti praqmatik, yalnız milli mənafeləri
əsas götürən liderlər müəyyən edirsə,
orada bu cür manevrlər kömək etməyəcəkdir. Xəzər
hövzəsinin enerji ehtiyatlarının Avropaya nəqlinin
şaxələndirilməsinin təmin edilməsi kimi konkret məsələyə
gəldikdə isə, əminliklə deyə bilərik ki, bu
cür "gedişlər" Azərbaycanın qəti qərar
qəbul etməsinə təsir göstərməyəcəkdir.
Son nöqtə yalnız ölkənin milli mənafelərinə
uyğun olaraq qoyulacaq, müxtəlif spekulyasiyalar isə, hətta
onlar Azərbaycan üçün çox vacib olan
"Eurovision" kimi mövzularla bağlı olsalar belə,
nəzərə alınmayacaqdır.
Rəhman HACIYEV,
"Bakinski raboçi" qəzetinin
baş redaktoru
Azərbaycan.-
2012.- 14 fevral.- S. 8.