«Heydər Əliyev. Müstəqilliyimiz əbədidir» çoxcildliyinin 38-ci cildi çapdan çıxmışdır

 

"Bizim ölkəmiz, xalqımız indi rahat yaşayır. Bizi narahat edən problemin həlli, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması qarşıda duran vəzifəmizdir. Mən əminəm ki, biz bu vəzifəni yerinə yetirəcəyik. Ölkəmiz dünya miqyasında, beynəlxalq aləmdə özünə layiq yerini tutur. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir və biz buna görə xalqımıza, millətimizə minnətdarıq".

AzərTAc xəbər verir ki, bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 38-ci cildindən - Prezident Heydər Əliyevin 2002-ci il mayın 27-də Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə təntənəli mərasimdəki nitqindən götürülmüşdür.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.

Çoxcildliyin 38-ci cildində ulu öndər Heydər Əliyevin respublikamızın sürətli iqtisadi tərəqqisi və yüksəlişi, xalqımızın rifahının yaxşılaşdırılması naminə sahibkarlığın inkişafı ilə bağlı çıxışları, nitqləri dərc olunmuşdur. Kitabda ümummilli lider Heydər Əliyevin Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad Zirvə görüşündə dövlət və hökumət nümayəndələri ilə apardığı danışıqları, bəyanat və müsahibələri, Türkiyə, Azərbaycan, Gürcüstan dövlət başçılarının Trabzon Zirvə görüşündə Qafqaz bölgəsində sabitliyin yaradılmasına, Bakı - Tbilisi -Ceyhan, Bakı - Tbilisi - Ərzurum neftqaz kəmərlərinin mühafizəsinin, təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə üçtərəfli əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş fikir və tövsiyələri toplanmışdır.

Bu cilddə, həmçinin ulu öndər Heydər Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı prezident Seyid Məhəmməd Xatəmi və digər yüksək vəzifəli şəxslərlə apardığı danışıqlarında söylədiyi nitqlər, çıxışlar, İran ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair materiallar, sənədlər, mətbuat orqanlarına verdiyi bəyanat və müsahibələr, ayrı-ayrı dövlət və hökumət başçılarına məktubları, teleqramları da öz əksini tapmışdır.

Əvvəlki cildlərdə olduğu kimi, 38-ci cilddə də ümummilli lider Heydər Əliyevin keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı prinsipial mövqeyinə dair materiallar kitabda yer almışdır.

Kitabda əks olunan rəsmi sənədlər, çıxışlar, müsahibələr, fərmanlar, müraciətlər, bəyanatlar, məktublar, məruzələr 2002-ci ilin martından mayınadək olan dövrü əhatə edir.

"Azərnəşr" tərəfindən çap olunan çoxcildliyin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) materiallarından istifadə edilmişdir.

 

 

Azərbaycan.- 2012.-17 fevral.- S.  3.